QARABAĞI XATIRLADAN ŞƏHƏRDƏ
ÜZ-ÜZƏ KÖNÜL SÖHBƏTİ
O, Ərdoğana
da, İlham Əliyevə də və Böyük
türkün uğurlu sabahına da eyni dərəcədə
inanır...
Bu şəhərə ilk ayaq basanda çox duyğulanmışdım. Bunun da iki səbəbi vardı:
Birincisi, bu şəhərin müəyyən mənzərələri
mənə doğulduğum Tuğ kəndini
xatırladırdı. Mənim də kəndim
beləcə dağ döşündədi, dağa
sığınıb. Onu da beləcə
yaşıllıq bürümüşdü, onun da
küçələrinə daş döşənmişdi.
Onun da küçələri belə
darısqal idi. Eyni zamanda mənim də kəndimin
"bir ayağı suyun içindəydi", yəni dağ
çayı axıb gedirdi kəndimin
aşağısından. İkincisi, bu
şəhər mənə Şuşamı
xatırlatmışdı, Xandəndimi, Laçını, Kəlbəcəri,
Zəngilanı, Qubadlını xatırlatmışdı.
Bütövlükdə bu şəhər məndə
Qarabağ həsrətini təkrar
alovlandırmışdı. Nəhayət,
bu şəhər mənə qucaq açmışdı,
abim, dostum, qardaşım Ahmet Varolun, İbrahim Hocanın
timsalında. Və onların çevrəsini
tanıyıb sevəndən sonra bir-birimizə qaynayıb-qarışdıq,
bir millətin övladları kimi sarıldıq bir-birimizə.
Və nəticədə mən ikinci kəndimi,
ikinci vətənimi gəlib ziyarət etmiş oldum.
Trabzon mənə kəndlə şəhərin,
keçmişlə müasirliyin sintezinin,
harmoniyasının, vahidliyinin, həmahəngliyinin... bir-birinin
içində necə gözəl olduğunu göstərdi. Mən burda
sübh çağı səs-səsə verən
quşların, xoruzların səsinə də oyandım,
aramsız şütüyüb gedən müasir avtomobillərin
siqnal səslərinə də. Bu şəhərdə
mən meyvə bağları, fındıq sahələri,
çay kolları da gördüm, karusellər də,
müasir istirahət, alış-veriş mərkəzləri
də, otellər də, təyyarə, gəmi limanları da.
Üstəlik, bu şəhərdə mən
dağdan üzüaşağı axıb gələn seli də
seyr etdim, qar üstündə sürüşən
uşaqları da, ləpələnən mavi gözlü Qara
dənizi də.
Bu məqamda da doğma bir yerdə olduğuma təkrar
inandım. Təbii ki, bu inamın kökündə mənə
qucaq açan dostlarımın, onların ailələrinin məhəbbəti,
diqqəti dayanırdı. Anladım ki,
qardaş qardaşın evində qürbətdə olmur və
sevdim Trabzonu - Tuğu, Şuşanı sevdiyim kimi. Şəninə şeirlər yazdım və nə
vaxtsa "Trabzon nəğmələri" adlı bir kitab
dünyaya gələcək.
Dostum Ahmed bəyin övladının düyünündə
Trabzon Ortahisar Bələdiyyəsinin başqanı ilə bir
süfrədə əyləşəsi olduq. Dostum bizi
bir-birimizə təqdim etdi. Başqanın
səmimiyyəti, üstəlik onun bizim Azərbaycandan gəlişimizə
olan həssas münasibəti, təbəssüm dolu məmnunluğu
bizim növbəti görüşümüzə, həmsöhbət
olmağımıza yol açdı və sabahısı
istirahət günü olmasına baxmayaraq biz
razılaşdığımız kimi, onun iqamətgahının
qapısını döydük. Üzümüzə
bir dost qapısı açıldı və biz həmsöhbət
olduq...
Elə
buradaca onu da əlavə edim ki, mətbuatda
çalışdığım 37 il ərzində kifayət
qədər dövlət adamıyla
görüşmüşəm, məmurla həmsöhbət
olmuşam, çaylarını içmişəm, amma əlimi
ürəyimin üstünə qoyub etiraf edirəm ki, ilk dəfə
gördüyüm bu insandakı səmimiyyət, qonaqpərvərlik,
özü də təkcə mənə qarşı yox, həm
də iştirakçısı olduğu məclisdə hər
kəsə münasibəti məni heyrətləndirmişdi.
Bu insan həqiqətən elə, ona səs verənlərin
biri kimi idi. Yəni, onlardan sadəcə
tutduğu vəzifəsi ilə fərqlənirdi. Davranışı da, hərəkətləri də,
hətta toydakı bütün iştirakı ilə mən
onu yaxından tanıdığım sadə trabzonlulardan biri
hesab etdim. Kimsə mənə onu təqdim
etməsəydi, mən onun bələdiyyə başqanı
olduğuna inanmazdım. Bu adam məmur
çalarlarından tamam uzaq idi. O, sadəcə trabzonlu idi,
trabzonluların seçdiyi başqan idi və sadəcə
mükəmməl bir insan idi. O, izlədiyim televiziya
müsahibələrində də belə idi, şəhərin
sadə vətəndaşları ilə söhbətlərində
də, ölkə sərhəddindən kənardan gəlmiş
jurnalistlərlə görüşündə də. O, ilk
anda yaddaşıma belə hopdu. Ona aid olan iş otağı
da bu sadəliyi, səmimiliyi aydın şəkildə
büruzə verirdi. Mən bu otaqda özümü bir mədəniyyət,
ədəbiyyat adamının iş otağındakı kimi
hiss etdim. Sadə dizayn, kitablar, müxtəlif mənzərə
təsvirləri, müsafirlərin əyləşməsi
üçün rahat oturacaqlar, başının
üstündə ay-ulduzlu bayraq, önündə bilgisayar.
Elə bu auranın içərisində də
bir stəkan çayını içə-içə Ahmet
Metin Gençlə həmsöhbət olduq.
Türkiyənin Qaradəniz sahilində yerləşən
gözəl şəhərlərindən biri də Trabzondur. İş elə
gətirib ki, sağlıq durumumla bağlı bu şəhərdə
dəfələrlə olmuşam. Və hər
səfərimdə də Trabzonun bir özəlliyini kəşf
etmişəm. Onun təkcə şəhər
kimi deyil, həm də bir torpaq, ərazi baxımından da
maraqlı tərəfləri çıxıb qarşıma.
Çünki bu şəhərin ayağı,
yəni sahildən başlayan hissəsi sakinlər tərəfindən,
daha doğrusu, şəhər rəhbərliyi tərəfindən
zaman-zaman hamarlanıb, düzənliyə çevrilib. Burda parklar salınıb, sahil bulvarı şəhərin
başlanğıcından sonuna qədər uzanıb gedir.
Eləcə də sahil boyu sosial və məişət
obyektləri tikilib. Onların arasında
ailəvi restoranlardan tutmuş, müxtəlif otellərə qədər
hər cür təyinatlı tikililər var. Eləcə də
marketlər, banklar və sairə. Sahildən
üzüyuxarı baxanda adamın gözünün
önündə dağ silsiləsi canlanır. Trabzonun daha çox hissəsi o dağların sinəsindədir.
Evlər özünü o dağlara pərçimləyib,
özü də çılpaq dağlara deyil,
başdan-başa yaşıllığa
bürünmüş dağlara...
Bu şəhərə gələndə ən çox
boylandığım da elə o dağlardı. Qaradənizin
sahilindən o dağlara baxanda mənə elə gəlir ki,
dünyanın cənnət guşələrindən birini
seyr edirəm. Bunun əsas səbəblərindən
biri coğrafi gözəllik olsa da, ikinci vacib səbəb, əslində
o, həm də zəruri səbəbdi - trabzonluların öz
şəhərlərini sevməsi, onu qoruması, onun tarixi ilə
bu gününü eyni istəklə yaşatmasıdır.
Təsəvvür edin ki, şəhərdə
tarixin sınaqlarından çıxmış, yüz illəri
arxada qoymuş abidələr, xüsusilə məscidlər,
camlər var. Onlar elə bir səviyyədə qorunurlar ki,
içəri daxil olarkən gözlərinə inana bilmirsən.
Bərpa işləri o qədər məharətlə
aparılıb ki, yalnız bu işin biliciləri anlaya bilər
ki, məscidin hansı hissəsindən hansı qəlpə
qopubmuş, onu təzələyiblər. Bax,
bu tarixə sevgidir, mədəniyyətə verilən qiymətdir.
Mən onu Trabzonda gördüm. Üstəlik mən bu şəhərdə bizim
İçərişəhər kimi küçələrə
döşənmiş çaylaq daşlarının
adamın üzünə gülməsinin də şahidi
oldum. Bu, artıq o daşların hər
gün yuyulmasından, hər gün o küçələrin
süpürülməsindən xəbər verirdi. Mən şəhərin ən yüksək nöqtəsində,
yəni dağın üstündə böyük
Atatürkün burada olarkən qalıb işlədiyi möhtəşəm
bir ev-muzeyinin (Atatürk köşkünün) də ziyarətçisi
oldum, həm də dəfələrlə. Trabzonlular bu yeri təkcə turistlər
üçün deyil, həm də özləri
üçün bir məbədə çeviriblər. Gül-çiçəyi ilə, səliqə-sahmanı
ilə.
Bax, bütün gördüklərimin kiçik
detalları olan bu məqamları hər səfərimdə
görür və trabzonluların buna necə nail
olduqlarını düşünürdüm. Düşündüklərimin
cavabını tapmaq mənə nəsib oldu.
Bəli, çox möhtəşəm bir binanın
3-cü qatında yerləşir Bələdiyyə başqanlığı. Burda elə
bir işgüzar mühit vardı ki, istirahət günü
olduğu hiss olunmurdu. Başqan
yardımçısı elə kapı önündəcə
bizdən nəzakətlə bir-iki dəqiqə gözləməyimizi
rica etdi. O müddətdə bizə çay, köfe də
təklif olundu, amma deyilən vaxtı gözləməyə
ehtiyac qalmadı, başqanın qapısı
açıldı və bizə, - buyurun içəri!- söylədilər.
Elə buradaca bildirim ki, bizim bir çox
irili-xırdalı məmurlarımızdan fərqli olaraq bələdiyyə
başqanı öz müsafirlərini ayaqda
qarşıladı. Gülər üzlə - Xoş gəldiniz! - söylədi. Üzbəüz əyləşdik.
Dərhal masaya çay, kofe, şirniyyat gətirildi.
Mən onun istirahət günündən bizə
vaxt ayırdığını bildiyim üçün vaxt
itkisinə yol vermədən qısa və konkret cavablar
almağa hazırlanmışdım. Və
xatırladım ki, görüşümüz Türkiyədəki
"Darbe olayı"ndan bir həftə sonra baş
tutmuşdu. Elə söhbətimiz də
burdan başladı. Mövzuya giriş üçün
etik bir formada hal-əhval tutduq və təbii ki, bunun
ardınca soruşdum:
-
Sayın, Ahmed bəy, bu gün təkcə Türkiyədə
yox, Azərbaycanda da son olaylarla bağlı ciddi
narahatlıqlar yaşanır. Biz bir qardaş
ölkə olaraq Türkiyədə baş verənlərdən
üzgünük. Çünki bu cür
olayların şahidi olmuşuq və vətəndaş
müharibəsinin, dövlət çevrilişi cəhdinin nə
olduğundan yaxşı xəbərdarıq. Siz bu, baş verənlərə necə
baxırsınız, məsələlərə sizin
münasibətiniz necədir?
- Öncədən
onu deyim ki, Türkiyədə baş verən olaya ilk
münasibət bildirən Azərbaycanın Cümhur
başqanı hörmətli İlham Əliyev münasibət
bildirdi. Onun baş bakana telefon açıb Azərbaycanın
Türkiyənin yanında olduğunu söyləməsi bizim
qardaşlığımızın bir daha nümunəsidir və
biz bu qardaşlıqdan qürur duyuruq. Bunun
ardınca türk dövlətlərinin və eləcə də
Rusyanın, Amerikanın açıqlamaları gəldi.
Türk xalqı hiss etdi ki, o, demokratik prinsiplərin
qorunması məqamında tək deyil, dünya
demokratiyası onun yanındadır. Sayın
baş bakanımız Erdoğan xalqa səsləndi və
türk xalqı meydanlara axışaraq öz dövlətini,
öz gələcəyini qoruyub xilas etdi. Sizin
bir ata sözünüz var, elə bidə də eynidir:
ayir-buyur. İmperialist gücləri
zaman-zaman bundan istifadə etdilər, bacarmadılar. Türkiyənin güclü olmasını istəməyən
xarici düşmənləri məhz bu yolla daxildəki xainləri
ələ alıb, onları hazırlamaqla içərimizdən
savaş açmağa çalışırlar. Təəssüf ki, içimizdə xarici
düşmənlərə satılanlar, onlara xidmət edənlər
də var. İndi düşmən illah ki, kənardan
basqın edib torpağı işqal etmir. Bizim
içimizdəki düşmənlərdən istifadə
edir. Bu gün onları tapıb
çıxarmanın nə qədər çətin
olduğunu bilirik. Bu, çox həssas bir
məsələdir. Amma buna baxmayaraq xalq onların
silahına qarşı sinəsini sipər etdi, baş kənd
Ankara, İstambul kimi böyük şəhərlərlə
yanaşı, elə burada da milli şüur, milli
oyanış hakim oldu və xalq birləşərək
Türkiyəni qorumaq üçün meydanlara
axışdı. Xalqın istəyindən, qərarından
çıxış edərək artıq çevrilişi
hazırlayanların xeyli hissəsi müəyyənləşdirilib
və istintaqa həhvil verilib, qalanları da ədalətdən
qaçıb qurtula bilməyəcəklər. Hər kəs də əmin olsun ki, bu məsələdə
geriyə yol yoxdur. Dövlətimizin,
xalqımızın düşmənləri layiq olduqları cəzaları
alacaqlar.
- Ahmet bəy, bunun daha çox nədən
qaynaqlandığını düşünürsünüz?
- Burda ən
önəmli səbəb türk torpaqlarının, o cümlədən
Azərbaycanın, Qazaxıstanın, türk
dünyasının torpaqlarının yer üzünün ən
zəngin, strateji cəhətdən önəmli
olmasıdır. Onlar, xüsusilə Amerika,
Rusiya, Çin, Almaniya və digərləri türk
torpaqları üzərində bir şahmat oyunu
planlarını cızırdılar. Hər
kəs zaman-zaman bu torpaqlara sahib çıxmağa
çalışıb, müəyyən dövrlərdə
buna nal olublar. Amma indi Türkiyənin
güclənməsi onların bu istəklərini
gözündə qoyub. Çünki biz türk
dövlətləri olaraq Türkiyə, Azərbaycan,
Qazaxıstan və digərləri öz varisliyimzi zaman- zaman hər
kəsə xatırlatmışıq. Buna
qarşılıq olaraq düşmən də müxtəlif
vasitələrə əl atır. Həmçinin
düşmən bilir ki, yeni müstəqillik qazanan digər
türk dövlətlərinin güvənc yeri möhkəmlənmiş,
oturuşmuş Türkiyə Cümhuriyyətidir. Onlar bunu qəbul edə bilmirlər və bu səbəbdən
də Türkiyəni parçalamağa
çalışırlar. Bir daşla iki hədəf
vurmaq istəyindədirlər. Onlardan biri də
sonuncu hadisə - çevriliş cəhdi oldu. Onu da deyim ki, düşmən bu cür əks zərbə
alacağını, uğursuzluğa düçar
olacağını gözləmirdi. Onlar
Türk xalqının gücünü dəqiq
hesablamamışdılar. Aldıqları əks
zərbə onları çaşqın duruma saldı.
Heç kim türk xalqının
haqqını yeyə bilməz. Bunu, 1915-ci ildə
də edə bilmədilər, indi də bacarmadılar və
heç zaman da bacarmayacaqlar. Çünki
türk xalqı bütövdür, birdir və qüvvətlidir.
- Təbii
ki, bu birlik bütün türk dünyasına aid olarsa, biz
daha güclü olarıq...
- Bəli,
mən də belə düşünürəm. Elə bu hadisələr zamanı da bizə ilk dəstək,
ilk telefon zəngi Azərbaycandan, Cümhur başqanı
İlham Əliyev cənablarından gəldi. Bu da bizim qardaşlığımızın,
dostluğumuzun bariz nümunəsidir. Biz
birik, qardaşıq, bir-birimizin yanındayıq. Azərbaycanlı qardaşlarıma, başqan
İlham Əliyevə təşəkkürümü bildirirəm.
Hər kəs bilməlidir ki, Azərbaycan-Türkiyə
qardaşlığı heç zaman sarsılmayacaq. Biz həmişə bir-birimizin yanında
olacağıq, sevincimizi, kədərimizi birlikdə
bölüşəcəyik. Dar gündə
də, xoş gündə də biz birlikdəyik. Azərbaycanın Qarabağ dərdi bizim də dərdimizdir.
İnşaallah onu da çözəcəyik.
- Ahmet bəy, son hadisələr
daxildə və xaricdə Türkiyəni sevməyənlərə
hansı mesajı verdi?
- Öncə
onu deyim ki, bu, Türkiyənin tarixində ən qələbəlik
olan bir insan axınını ortaya çıxardı. Beş
milyondan artıq vətəndaşımız meydanlara
çıxıb, xəyanətkarlara "dur!" dedi. Onlar müxalifət, iqtidar, parti, qeyri-parti
anlayışını bir kənara atdılar.
Çünki Türkiyədə Vətən, torpaq
anlayışı hər şeydən üstündür. Vətən, torpaq söz konusu olanda hamı bir yerdədir.
Bu da düşmənlərə sübut etdi ki,
türk xalqının torpaq, Vətən sevgisi bu
torpağı parçalamağa imkan verməyəcək.
Hər kəs bunu bilməli və öz yerini
tanımalıdır. Bizim
üçün torpaqdan, vətəndən önəmli
heç bir şey yoxdur. Müxalifətimiz
üçün də, iqtidarımız üçün də.
Bax, meydandakı iqtidar-müxalifət həmrəyliyi,
liderlərin çiyin-çiyinə dayanması düşmənlərimizin
arzusunu ürəklərində qoydu. Bu, həm də
Avropadan, Amerikadan idxal edilən "Ərəb baharı"na bənzəməyən gerçək bir
demokratik hərəkat, güc kimi müsəlman ölkələrinə
də nümunə oldu. Hər kəs
demokratiyanın özəlliklərini, xalqın da bu
demokratiyanın qoruyucusu kimi meydanlara çıxmasını
izləyə bildi. Aşkar şəkildə transfer edilən
"demokratya" ilə gerçək demokratiya ortaya
çıxdı. İstər Avropa, Amerika, istərsə də
müsəlman dünyası gördü ki, türk xalqı və
cümhuriyyətimiz demokratiyaya necə sadiqdir və onu
canıyla,qanyla qorumağa həmişə
hazırdı. Bu oyanış, bu təpki
bütün insanlığa, bütün dünya
barışına bir nümunə oldu. Bu
gün texnologyanın, digər inkişafın nə qədər
yüksəlişi, yeniliklər olursa olsun, bu, insan
anlayışından yuxarıda olmamalıdır. Yəni,
bu gün bizim Ağdənizin sahillərinə beş
yaşlı uşaq balıq cəsədi kimi axıb
çıxa bilirsə bu, insanlıqdan kənar bir hadisədir.
İnsanlıq adına utancvericidir. Burda demokratiyadan söhbət gedə bilməz.
- Sayın bələdiyyə
başqanı, mənim üçün maraqlıdır, nədən
Türkiyə Avropa Birliyinə üzv olmağa bu qədər
can atır və onlar da həmişə buna problem
yaradırlar. Olmazmı ki, AB özü Türkiyənin orada təmsil
olunmasını istəsin?
- Biz də
belə fikirləşirik. Lakin 1959-cu ildən
başlayaraq bu məsələ gündəmdədir və
qoyulan tələbə görə Türkiyə Cümhuriyyəti
Avropa Birliyinin bütün şərtlərini qəbul etməlidir.
Lakin biz qərbli olmaq, qərbli kimi yaşamaq
deyil, öz dəyərlərimizlə, əxlaqımızla,
mədəniyyətimizlə bərabər Qərbin inkişaf
etmiş müsbət dəyərlərinə qovuşub
yaşamaq istəyərik, özümüzdən imtina etmək
yox. Böyük Atatürk zamanında
söyləmişd ki, çağdaş mədəniyyətimizi
atıb, inkişaf etmiş mədəniyyətə sahib olaq,
deyəndə özümüzdən, mədəniyyətimizdən,
tariximizdən imtinanı tövsiyyə etmədi. O,
söylədi ki, biz öz kökümüzün, milli
kimliyimizin içində qərbin də müasirliyini,
inkişafını görməliyik, bərabər həmin səviyyəyə
qalxmalıyıq. Bizə ixrac olunan "Ərəb
baharı" və digər demokratiya pərdəsi altında
inqilablar gərək deyil. Bizim öz
gücümüz kifayət edir ki, demokratiyanı qoruyaq və
inkişaf etdirək. Bunu türk xalqı
da, onun liderləri də bacarır. Ona
görə də bizim bacarıqlı, xalqını, dövlətini
sevən, böyük siyasətə təsir etmək
gücü olan liderlərimiz həmişə baltalanıb.
Yəni, onlara qəsd olunub. Buna
nümunə kimi rəhmətlik Turqut Özalı və XXI əsrin
türk əsri olacağını söyləyən Menderesi
göstərmək olar. Bütün bunlara
baxmayaraq biz son hadisələrdə dünyaya türk
xalqının, türk birliyinin gücünü göstərə
bildik. Avropa və Amerika türkün nəyə
qadir olduğunu, demokratiyanı necə müdafiə etdiyini
açıq şəkildə gördü. Demokratiyanı bayraq edən bu dövlətlər
öz standartlarını heç kimə zorla qəbul etdirməməlidir.
Bu zor tətbiqi demokratiyadan çox-çox uzaq
bir addımdır. Hər millətin öz
milli xüsusiyyətləri var və öz dəyərlərini
demokratik istiqamətdə, təbii ki, dünyada olan demokratik dəyərlərə
uyğunlaşdıraraq inkişaf etdirir. Biz
demokratiyanın kopyasını çıxarmırıq, onu
öz milli kimliyimizin dəyərlərinə
uyğunlaşdırırıq. Yəni,
açıq söyləsəm, başqa millətlərə
robot kimi baxıb, onu idarə etmək prinsipi ilə
çıxış etmək çox böyük
yanlışlıqdı. Hər kəsin
milli varlığına sayğı ilə yanaşmaq
lazımdır. Türk və müsəlman
millətləri isə tam əksinə barışı,
sülhü öndə görür. Bilmək
lazımdır ki, güc dəyərləri əzir. Buna görə də öz dəyərlərimizi
qorumaq üçün söz sahibi olmalıyıq, daha
güclü olmalıyıq.
- Bu gün Suriyadan və digər
ölkələrdən minlərlə insan qaçqın kimi
Türkiyəyə üz tutub. İnsan
haqlarından danışan Avropa isə onları qəbul
etmir. Belə bir zamanda Türkiyə niyə Avropa Birliyinə
daxil olmağa can atır. Özü Türk
birliyi yarada bilməzmi?
- Bu
gün cümhur başqanımız müxtəlif beynəlxalq
tədbirlərdə kəskin mesajlar verir. Məsələn,
söyləyir ki, dünya beş dövlətdən
böyükdür. Və dünyanın taleyini beş
dövlət təkbaşına həll edə bilməz. Yer üzündə 1.7 milyard müsəlman
yaşayır. Onların nəinki BMT-nin beş
daimi üzvlüyündə, heç on beş
üzvünün də arasında adı yoxdur. Belə bir ədalətsizlik
ola bilərmi? Və bu barədə
cümhur başqanının söylədikləri təkcə
bir diplomat, bir siyasətçi sözü deyil, o, həm də
Türkiyə dövlətinin prezidentinin sözüdür.
İndi dünya çox dəyişib, ədalətsizliklər
aradan qaldırılmalıdır. Və
düşünürəm ki, biz addım-addım türk
birliyinə qovuşacağıq. Çünki
biz tarixdə çox şeyləri bacarmışıq, bunu
da bacaracağıq.
- Başqanım, Trabzonun Bakı ilə,
yaxud Azərbaycanın hansısa bir bölgəsi ilə
birbaşa iqtisadi əlaqələri varmı?
- Bütövlükdə Türkiyə və Azərbaycan
bir millət, iki dövlətdir. Biz qardaşıq.
Biz diplomatiyadan öncə qardaşıq. Qardaşlar da qonşulardan daha yaxın münasibətdə
olmalıdır. Amma mən çox istərdim
ki, Bakı ilə, yaxud Azərbaycanın istənilən bir
şəhəri ilə qardaşlıq əlaqəmiz olsun.
Yəni, Qardaşlaşmış şəhərlər
kimi aramızda müqavilə bağlayaq. Öz
tərəfimizdən artıq müəyyən işlər
görürük. Azərbaycan tərəfindən
də belə bir təşəbbüs olarsa, biz dərhal ona
qucaq açarıq. Düşünürəm
ki, inşallah bu arzumuz arzu olaraq qalmaz. Bir məqama
da toxunum ki, Trabzonda İranın, Gürcüstanın və
Rusiyanın baş konsulluqları var, amma Azərbaycanın
yoxdur. Bu, məni bir qardaş kimi çox
narahat edir. Bu barədə Ankarada da
söyləyəcəm, bəlkə
qardaşlaşmış şəhərlər layihəsini
gerçəkləşdirə bildik.
- Son olaraq bilmək istərdim ki, siz
bir siyasət adamı kimi Türkiyə və Azərbaycanın
gələcəyini necə görürsünüz?
- Son
yüz ildə Qərb mədəniyyəti dünyaya hakim ola bilmədi. Amma ondan üç yüz il əvvəl türk və islam mədəniyyəti
dünyaya hakim idi. Qərb də bu mədəniyyətdən
istifadə edərək irəli çıxdı. Bu gün insanlıq çıxılmaz bir
durumdadır. Çünki, bir neçə
milyon insan qalan bütün insanların haqqının sahibinə
çevrilib. Onlar dünyanı öz istəklərinə
uyğun idarə etməyə çalışırlar.
Bu da haqlı olaraq etirazlarla
qarşılanır. Bu gün Afrikada,
müharibə gedən ölkələrdə insanlar aclıq
və səfalət çəkirlər, yardımlar umuduna
yaşayırlar, xəstəliklər tüğyan edir.
Cənubi Amerikada, şərqi Asiyada baş verənlər
Avropa Birliyi kimi güclərin də yararsız olduğunu,
insanlığa xidmət etmədiyini ortaya
çıxarır. Onlara olan ümidlər
artıq tükənib. Rəhmətlik Turqut Özal
1983-84-cü illərdə söyləmişdi ki, növbəti
yüz il türk əsri olacaq. Mən millətçilik baxımından demirəm,
amma inanıram ki, mərhum başqanımızın dedikləri
gerçəkləşəcək. Azərbaycan
və Türkiyənin buna hər cür imkanı və
haqqı çatır. Yetər ki, biz daim
birlkdə olaq. Həm də bizim hər iki
dövlətin bu prosesləri idarə edə bilən
güclü prezidentləri var. Və mən hər iki
prezidentin bu işlərdə başarılı olacaqlarına
inanıram.
... Bizim söhbətimiz qısa oldu. Bunun da obyektiv səbəbi vardı. Brincisi, başqan "kabinet məmuru" deyildi. Biz söhbət etdiyimiz müddətdə də o, çoxsaylı telefon söhbətləri ilə məsələləri həll edir, münasibət bildirirdi. İkincisi, onunla biz görüşmədən öncə köməkçisi bildirmişdi ki, bu gün başqanın bir neçə ziyarəti və görüşləri var. Bu insan istirahət günündə də Türkiyədə baş verən olayda yaralanmış bir trabzonlunu evində ziyarətə tələsirdi. Sonra istifadəyə verilməsi gözlənlən caminin tikintisindəki vəziyyəti öyrənməyə gedəcəkdi. Və üstəlik o, həm də həmin gün şəhərdə təşkil olunmuş izdihamlı mitinqə də qoşulmalı idi. Mitinq Türkiyədəki bütün partiyaların təmsilçilərinin birgə son hadisələrə münasibətlə bağlı idi. Bu mitinqdə söhbət Türkiyənin varlığından, bütövlüyündən, demokratiyadan gedəcəkdi. Və mövzu vətənin varlığı olduğu üçün hər kəs bir araya gəlmişdi, hər kəs eyni şüarın altında toplanmışdı. Bunu bildiyimdən başqanın, vaxtın darlığına görə üzrxahlıq etməsin səmimi qəbul etdim. Və bir-birimizin əlini sıxıb, xatirə şəkli çəkdirdik. Trabzonla bağlı xatirə albomlarını hədiyyə kimi qəbul edərək sağollaşdıq.
Mən Trabzon Ortahisar Bələdiyyəsinin bir neçə mərtəbəli möhtəşəm binasını dostum Ahmed, həmkarım Fəridə xanımla birlkdə tərk edərkən təsadüfən bir söhbətin dinləyicisi oldum. Bir qadın qəbul otağının önündə dayanmış köməkçiyə başqanla bağlı fikir söyləyirdi və sanki öz oğlu haqqında danışırdı, öz doğmasını soruşurdu. Mənim təəccübümü hiss edən, təbiətən çox həssas olan Ahmed bəy əlini kürəyimə vuraraq dedi ki: Abi, burda başqanımızı hər kəs sevir, hər kəs onu özününkü sayır. İxtisasca hüquqşünas olan başqanımız insanlarımızın bütün hüquqlarını məharətlə müdafiə edir, ədalətlə qoruyur.
... Trabzonla, xüsusilə həmsöhbət
olduğum Ortahisar Bələdiyyə başqanı və onun
təmsil etdiyi qurumun gördüyü işlərlə
bağlı yaddaşımda neçə-neçə qəzet
səhifəsi üçün material toplamışdım.
Amma sonra düşündüm ki, mənim görüb,
eşidib, bildiklərimi "Ədalət"in oxucuları elə,
Ortahisar Bələdiyyəsinin özünün və
başqanlığın internet səhifəsində oxuyub əyani
şəkildə görə bilərlər. Müasir
texnologiyanın bu imkanını yada salmaqla mən
oxucularımı da hər gün vaxt tapıb elə internet
vasitəsiylə səyahət etdiyim, xəbər tutduğum
Trabzona dəvət edirəm: Buyurun Ortahisar Bələdiyyəsinin
internet səhifəsinə daxil olub, başqanın gündəlik
işindən özünüz xəbər tutun. Onda yəqin
ki, siz də əsl bələdiyyə işçisinin fəaliyyətinin
nədən ibarət olduğunu biləcəksiniz.
Söhbətləşdi:
Əbülfət MƏDƏTOĞLU
Qələmə
aldı: Fəridə RƏHİMLİ
Ədalət.-2016.-5 noyabr.-S.8-9.