GÜNƏŞİN NARA BƏNZƏDİYİ HƏMİN O SƏHƏR...

(Göyçayda keçirilən Nar bayramından reportaj)

 

Bir aya yaxındır ki, yağır, yağır, elə hey yağır... Gah soyuq çiskin, gah selləmə yağış... Azacıq ara verəndə də göylər boz-qara buludları ilə qaş-qabaqlı, çöllər, bağ-bağçalar - hər tərəf günəşə həsrət!

Ancaq... Bu səhər bir başqa səhərdir deyəsən. Mən bu səhəri doğma Göyçayda qarşılayıram. Noyabrın 5-dir, ilıq, gözəl bir payız səhəridir. Yəqin Tanrı öz möcüzə meyvəsinə, meyvələr şahına hədiyyə edib bu xumar səhəri, günəşli səhəri.

Haralara getmişdin, ay Günəş?

... Adını min illərin uzaqlığından yol gələn o göy sulu çaydan alıb bu yerlərə işıq salan şəhərim! Qarşı dağlardan mavi bir xəyal kimi görünüb də büsatına sığal çəkən bu nəğməkar çay doğmaca anandır sənin şəhərim, alıb qoynuna...

Sabahin xeyir, gözəl şəhərim, şirin şəhərim, gün aydın olsun! Sənə sözüm var, sevgili Göyçayım! Bax, sən bu çayın, mən də sənin oğlunam axı. Ağlım kəsəndən sənin aşiqin olmuşam, səni dəlicəsinə sevmişəm, anam Göyçayım. Qəlbimin döyüntüsünü eşidirsənmi, doğma şəhər?.. Sənin bu bayram büsatını görüncə ürəyim atlanır, uşaq kimi sevinirəm. Göylərə ucalan xan çinarların, qız kimi nazlanan telli qovaqların, izdihamlı küçə və meydanların, park və bağların, yaraşığın, əzəmətin və zəhmətkeş, fədakar, vətənpərvər sakinlərin... bir gözəl bayramın eşqinə tutulub. Bütün bunlar sənə necə də yaraşır, ümidlərimin şəhəri!

Bu bir bayramdır, dünyada yalnız Azərbaycana, vətənin bir parçası olan Göyçaya bəxş edilmiş bayram... Dünyada tayı-bərabəri olmayan Göyçay narının, meyvələr şahının şərəfinə düzənlənən el şənliyidir bu.

Düz 11 ildir bu bayram, bu Nar festivalı beləcə Göyçayın sevincinə sevinc qatır, onu daha böyük zirvələrə səsləyir.

Bu il bir az fərqlidir; daha mükəmməl, daha füsünkardır Göyçayın Nar bayramı. Səbəbsiz deyil. Son 6-7 ayda Göyçay rayonunda tikinti-quruculu və abadlıq işləri, eləcə də müasirləşmə tədbirləri intensiv xarakter almaqla sanki bir yaradıcılıq nümunəsinə çevrilməkdədir. Hamısını sadalasam uzun çəkər. Ancaq bir faktı diqqətə çatdırmasam, müəyyən prinsiplərə görə jurnalistikanın özü də uduzar mənim bu fərdi yanaşmamda. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin rayona rəhbərlik etdiyi qısa vaxt ərzində bir çox məsələlərin həlli ilə yanaşı, 2500 yerlik şəhər stadionunun yenidən qurulub idmançıların və tamaşaçıların ixtiyarına verilməsi o qədər də asan və sadə bir məsələ deyil. Bu mənada ki, stadion onillərdir (!!!) natamamlığın xoşagəlməz mənzərəsi idi. Bəlkə də çoxları bilmir, ancaq bu da xoş bir təsadüfdür ki, Göyçayın bu şəhər stadionu düz 60 il bundan əvvəl tikilib istifadəyə verilmişdir. Yubiley ilində rayon rəhbərliyinin gənclərə, idmançılara gözəl hədiyyəsidir bu yaşıl arena. Yaxınlıqdakı yenidən qurumluş Əli Kərim parkı da eləcə...

Bax, bu dəfəki Nar bayramının da stadionda mərkəzləşməsi ssenari və quruluşda müəyyən yeniliklər edilməsini zəruriləşdirdi, bir çox məqamların daha effektli görüntüsü üçün ahəngdar aura yaratdı. Beləcə bu şirin bayrama qovuşub ("şirin" sözü burada həm də birbaşa məna daşıyır: Göyçay narı, şirəsi və şərabı şirin dadır, qonaqlara təklif olunan nardança, narlı şirniyyatlar, qutablar, digər məmulatlar...), bu gözəl anların sevincini yaşayıb vaxtın necə ötüb keçdiyini hiss etməzsən. Ancaq sən istədin-istəmədin vaxt da dayanmır, onda qala maraqlı anlar bir-birini əvəz edə. Təkcə xatirələrdən başqa... Bəlkə də bəşəriyyətin kino, televiziya, internet ixtirası elə insan təfəkkürünün bu nöqtəsindən başlayıb. Çünki mən indi heç bir sənədli filmə, digər görüntülərə baxmadan, təkrar-təkrar seyr etmədən rahatca xəyallarımla ötən illərə qayıda bilərəm.

Ancaq gəlin, yenidən bu günkü bayramımızı yaşayaq, bu günkü sevinclərə qoşulaq. Gəlin... Axı bütün bunlar ölkədə aparılan quruculuq işlərinin, sosial-iqtisadi inkişafın sevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik, yüksəliş bayramı kimi yaddaşlara köçür. Ulu öndər Heydər Əliyevin Azərbaycanımızın xoş gələcəyi üçün düşündükləri, arzuladıqları bu gün ölkə boyu reallaşırsa bayramların da dəyəri və qüruru artır, simvolik xarakter daşımır, daha firavan günləri nişan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, ölkəmizin inkişafı, yüksəlişi fonunda sevinc dolu belə bayramları yaşayır və iftixar hissi keçiririk.

Budur, yüzlərlə qonaq, onminlərlə rayon sakini, iştirakçı, tamaşaçı... Nar bayramı meyvələr şahını Göyçayın simvolik anlamından da yüksəkliyə qaldırır, şöhrətləndirir. Nar bu yurd üçün sanki özünəməxsus ruhundan da ayrılıb daha geniş, daha əzəmətli məna daşıyır.

... Şəhər əhalisi, rayonun yaxın-uzaq kəndlərindən gələn dəstə-dəstə sakinlər Göyçayı bütün dünyada məşhurlaşdıran, eləcə də AzNar şirkətinin bütün mənalarda brendinə çevrilərək yüksək keyfiyyətli məhsulları ilə bir daha tanıdan bu möcüzə meyvənin şəninə, şöhrətinə üz tutublar. Şəhərin giriş qapısından stadiona kimi bütün küçə və meydanlar nəhəng izdihamı xatırladır. Sakinlər respublikamızın şəhər və rayonlarından gələn nümayəndələri, ayrı-ayrı ölkə səfirliklərinin məsul şəxslərini, nazirlik və komitələrin yüksək vəzifəli təmsilçilərini, Milli Məclis üzvlərini, mədəniyyət və incəsənət xadimlərini, mətbuat nümayəndələrini və digər dəvətliləri qonaqpərvərliklə qarşılayırlar. Stadionun giriş qapısında məktəblilər qonaqları Azərbaycan, rus və ingilis dillərində salamlayırlar. Qonaqlara məcməilərdə nar şirəsi paylanır, şeirlər söylənir, nəğmələr oxunur. Bütün bunlar hər tərəfdən lentə alınır. Foto-muxbirlər də öz işlərində...

Tribunaların yaxınlığındakı geniş meydanda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları, bütün bayram iştirakçılarını salamlayır. O, çıxışında rayonun sosial-iqtisadi və mədəni yüksəlişinə xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına göyçaylıların hədsiz minnətdar olduğunu bildirir.

... Stadionun tribunaları, stadionun ətraf meydanları bayram iştirakçılarının çoxluğundan və sevincindən aşıb-daşır. Musiqi kollektivlərinin, rəqs qruplarının çıxışları bir-birini əvəz edir. Nar masalarına, digər guşələrə tamaşaçı marağı həmişəki kimi böyükdür.

Bayram tədbirləri davam edir. Eyni vaxtda proqrama uyğun tədbirlər sinxron şəkildə tamaşaçıların bayram əhval-ruhiyyəsini daha da yüksəldir.

Futbol meydanının kənarı boyunca 500 metrlik məsafədə sıralanmış sərgilərin qarşısı daha izdihamlıdır. Burada kəndlərin, müxtəlif idarə və müəssisələrin nar meyvəsi ilə bağlı sanki yaradıcılıq yarışı keçirilir. Bir-birindən gözəl və maraqlı eksponatlar. İcra başçısı Mehdi Səlimzadə əsl ev sahibi, qonaqpərvərlik nümunəsi göstərir. O, xarici ölkələrdən, paytaxtdan, respublikanın digər şəhər və rayonlarından gələnləri dəstə-dəstə həmin sərgilərə dəvət edir. Buradakı təamlardan dadmağı, lap elə istəkcə yeməyi məsləhət bilir. Bayram bayramdır, ancaq ev yiyəsi missiyasını da başçı çox sadə və həssas bir yanaşma ilə davam etdirir, hamıda sərbəstlik, mehribanlıq əhval-ruhiyyəsi yaradır.

Baxırsan ki, hər tərəf al-əlvandır. Təmtəraq və zövq bütün iştirakçıların ürəyincədir. Bayramın bütün atributları həm ənənələrə, həm də müasirliyə yönəlik düzəndədir. Stadion və ətrafı, şəhərdəki qələbəlik şahanədir. Eyni zamanda musiqi sədaları, təmkinli iştirakçılıq, birgə sevinc paylaşımı... Daha bayram necə olmalıdır ki?! Onda qala başındakı tacı bərq vuran şəhzadənin bayramı!

P.S. Nar haqqında əfsanəvi bir məluma

da xatırlayaq bu bayram günündə. Yunan mifologiyasında nar allahların ən sevimli təamı idi. Bu da çoxlarını narın ölümsüzlüyə apardığına inandırırdı. Əkinçilik ilahəsi olan Persofona isə narın dənələrini Aid (Hades və ya Pluton - qədim yunan mifologiyasında yeraltı dünya və axirət allahı. Kronsun və Reyanın oğlu, Zevsin, Demetranın qardaşı) şəklində göstərmişdi. Qiymətli daş-qaşa bənzəyən bu alqırmızı meyvəni daddıqdan sonra Persofona onu götürür və bununla da özünü bir müddət Aidin yeraltı səltənətində qalmağa məhkum edir. Qədim yunanlar ilk nar ağacını Kipr adasında sevgi ilahəsi Afroditanın yetişdirdiyinə inanırdılar.

İndilərdə isə Çində evlənən gənclərə xeyir-dua niyyəti ilə toyda şirin nar dənələri yedizdirirlər. Yetişmiş narın təsvir olunduğu şəkil (tablo) isə ən yaxşı toy hədiyyəsi hesab olunur.

 

Ədalət.-2016.-8 noyabr.-S.3.