QAX: KEÇMİŞLƏRDƏN YOL ALAN GƏLƏCƏYİN ŞƏHƏRİ

REGİON

 

Hər zaman xüsusi

fərqlənmə rəmzləri olan

bu gözəl rayon...

 

Adətdir, hər dəfə Qax rayonundan söz düşəndə əsasən bu yurdun qədimliyindən, müasir dövrümüz üçün turizm potensialından və bu istiqamətdə görülən işlərdən, kəndlərin də abadlaşıb müasir görkəm almasından, rayon mərkəzinin - Qax şəhərinin qədim ənənələr üzərində modern inkişafından danışılır. Bütün bunlar həqiqətən elə belədir ki, var.

Ancaq gəlin unutmayaq ki, bu yerlər min illərdir həm də özünün qeyri-adi təbiət gözəllikləri ilə də görənləri ovsunlayıb, sirli-sehrli dünyasına çəkib. Uca dağları, zümrüd meşələri, gur sulu çayları, bərəkətli torpaqları, ad-ad deyilən məşhur bulaqları Qaxın şöhrətini daha da artırıb. Bir də zəhmətsevər insanları və halallığı ilə tanınıb, ucalıb bu el, bu oba. Özünəməxsusluğun çox çalarları var Qax rayonunun ::::yaşam pasportunda::::. Hətta sovet dövründə də bütün bunlarla yanaşı, xüsusi fərqlənmə simvolları vardı. Birini indinin özündə də heyrətlə xatırlayıram. Qaxdakı ticarət obyektlərində bütün mallar öz qiymətinə satılırdı. Hətta alıcılara xırda qəpiklər də qaytarılırdı...

Qax həmişə fərqlənir...

Qax rayonunun son dövrlər möhtəşəm inkişafı, eləcə respublikamızın timsalında yüksəlişin dialektikasıdır. Dövlətimizin, cənab Prezidentimizin uğurlu daxilixarici siyasətinin parlaq təzahürüdür. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev söhbətlərimiz zamanı sakinlərin hər zaman cənab Prezidentə necə böyük sevgi və rəğbət bildirdiklərini, onunla fəxr etdiklərini söyləyir.

 

Sosial-iqtisadi inkişafın Qax nümunəsi

 

Rayonda keçirilən bütün iclas və yığıncaqlarda, eləcə görüş və söhbətlərdə məhz belə bir əhval-ruhiyyə hökm sürür. 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda da məruzə və çıxışların leytmotivini elə növbəti uğurlara və yüksəlişə inam müəyyənləşdirmişdir. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev demişdir:

- Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir. Ölkə başçısı giriş nitqində 2016-cı ilin dünya iqtisadiyyatı üçün çox ağır il olduğunu, əlverişsiz iqtisadi proseslərin davam etdiyini, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyini, risklərin və təhdidlərin artdığını bildirməklə düşünülmüş siyasət nəticəsində ölkəmizdə sabitliyin qorunub saxlanıldığını, iqtisadi islahatların getdikcə dərinləşdiyini, dövlətimizin gücünün və beynəlxalq nüfuzunun durmadan artdığını qeyd etmişdir.

İclasda qeyd olunmuşdur ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi müəyyən qədər iqtisadi böhrana gətirib çıxarsa da sevindirici haldır ki, cari ilin doqquz ayı ərzində respublikamızda sənayedə 0,2 faiz artım olmuş, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı isə 2,4 faiz artmışdır. ::::Cənub Qaz Dəhlizi:::: layihəsinin icrası davam etdirilmiş, həmçinin sosial layihələrin icrası davam etdirilərək 29 məktəb tikilmiş, 485 məktəbdə təmir işləri aparılmış, 33 səhiyyə obyekti inşa və təmir olunmuşdur. Böyük yol layihələri, kənd yolları layihələri icra edilmiş, respublikanın bir neçə şəhərində içməli su layihələri başa çatdırılmışdır.

Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımların atıldığını bildirən dövlət başçısı kənd təsərrüfatı, emal və sənaye sektorlarında, eyni zamanda respublikanın şəhər və rayonlarında çox böyük fəallıq müşahidə olunduğunu, bu istiqamətdə 2017-ci ildə də çox ciddi addımların atılacağını müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Əvvəlki illərdə olduğu kimi bu il də sahibkarlığın inkişafı dövlət tərəfindən diqqət mərkəzində saxlanılmış və bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən cari ilin doqquz ayı ərzində 120 milyon manat güzəştli kredit verilmişdir.

Dövlət başçısı çıxışında 17 sentyabr 2016-cı il tarixdə Sabirabad rayonunda pambıqçılığın inkişafına dair keçirilmiş respublika müşavirəsində aqrar bölmənin inkişafı ilə əlaqədar bir sıra tapşırıq və tövsiyələr verdiyini, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və digər bu kimi sahələrin bərpa olunmasının qarşıya vəzifə kimi qoyulduğunu, bu il 70 ton barama tədarük edildiyini, ilin sonunadək 100 min ton pambıq istehsalının gözlənildiyini, növbəti illərdə isə bu sahələrdə məhsul istehsalının bir neçə dəfə artırılacağını bildirmişdir.

Ölkəyə valyuta gətirən kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində fındıqçılığın çox böyük potensialının olduğunu bildirən dövlət başçısı bu sahədə yeni təkliflərin hazırlandığını, 40 min hektar ərazidə yeni fındıq bağlarının salınacağını bildirmişdir. Qeyd olunmuşdur ki, mövcud fındıq bağlarının həcminin 2 dəfədən çox artırılması üçün iqlimi və torpağı münbit olan 12 rayon seçilmiş, hazırda dövlət xətti ilə tinglər əldə edilir, özəl sektorun da bu işlərə qoşulması istiqamətində addımlar atılır.

Son illər meliorasiyasuvarma işlərinə daha böyük diqqət göstərildiyini, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikildiyini, lakin bununla yanaşı respublika ərazisində suvarılmayan torpaqların da həcminin kifayət qədər çox olduğunu bildirən dövlət başçısı suvarılan torpaqların həcminin artırılması məqsədilə hazırda mərkəzi icra hakimiyyəti orqanları və yerli icra hakimiyyətləri ilə birlikdə müvafiq təhlillərin aparıldığını iclas iştirakçılarının diqqətinə çatdırmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDZADƏ

Ədalət.-2016.-9 noyabr.-S.3.