Yolumuz Qarabağadır...

 

 (SƏFƏR QEYDLƏRİ)

 

Yazını ənənəvi tərzdə başlamaq istəyirdim. Hətta fikirləşirdim ki, bir neçə hissədən ibarət olsun. Amma qələm məni başqa səmtə apardı.

-Ağdama mənsiz getmək istəyirsən? - deyə yarıtəəccüb, yarızarafatla mənə baxır.

-Yox, ay qağa, - deyirəm, - məni sənsiz ora buraxmazlar.

-Yavaş-yavaş ağıllanırsan, - deyir və siqaretindən bir qullab alıb gülümsünür.

Bu, Aqil Abbasdı.

-Qarabağa!? Niyə getmirəm ki....

Bu Yunus Oğuzdur.

-Məmnuniyyətlə, ay qağa. Sənnən kim səfərə çıxmaz ki...

Bu da Əbülfət Mədətoğludur.

İndi isə başlayalım:

Layihəmizin adı "Canımız Qarabağ, yazımız Qarabağdır!", məqsədimiz cəbhə bölgəsində yaşayan insanlarla görüşmək və dərdləşməkdir.

Yol yoldaslarım: Heç bir təqdimata ehtiyacı olmayan yazar və millət vəkili Aqil Abbas, "Olaylar" holdinqin rəhbəri, yazıçı Yunus Oğuz, "Ədalət" qəzetinin baş redaktorunun birinci müavini, şair Əbülfət Mədətoğlu.

Burda mütləq qeyd edim ki, layihənin müəllifi bəndənizin sədri olduğu Azərbaycan Yazarlar Klubu, maliyyəçisi isə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

Səfərə, danışdığımız kimi, səhər saat 8-də çıxırıq.

Yolboyu Qarabağdan, onu azad etmə yollarından, hətta ABŞ prezidentliyinə namizəd Donald Trampdan danışırıq. Fikrimiz bir məsələdə üst-üstə düşür. Donald Tramp Amerikanın Jirinovskisidir. Düzü, bu versiyanı mən qızğınlıqla müdafiə edirəm.

Sonra Aqil Abbas "bu işin başını buraxın" deyir və onun danışdığı lətifələr qırışığımızı açır.

Kürdəmirdə nahar edirik.

Quzanlıya çatanda Aqil Abbas deyir ki, vaxtımız çoxdur, tədbirə üç saat var. Ona görə də bizi anadan olduğu Boyat kəndiylə tanış etmək istəyir. Amma vaxtımız Boyat kitabxanasına tanışlıqla məhdudlaşır. Onu da deyim ki, Aqil Boyatda 3-cü sinfə kimi yaşayıb, sonra Ağdama köçüblər. Cavanlığı orda keçdiyi üçün özünü daha çox ağdamlı sayır.

Boyat kitabxanasının 11 min kitab fondu var, Aqil Abbasın təşəbbüsü və vəsaiti ilə tikilib. Binanın üstündəki lövhədə də elə bu cür yazılıb. Əvvəllər Aqil Abbasın maliyyəsilə fəaliyyət göstərən kitabxana sonradan Mədəniyyət Nazirliyinin balansına keçirilib.

"İşçilərin maaşını heç cür artıra bilmirdik. Mədəniyyət naziri Polad müəllimdən xahiş elədim ki, burda bir qarovulçu və bağban ştatı da açılsın və kitabxanada işləyən xanımların ərləri ora işə götürülsün. Belə də elədilər".

Aqil Abbas maraqlı bir əhvalat da danışdı: "Füzulinin büstünü məşhur heykəltəraş, hazırda Konyada yaşayan və Konya Universitetində dərs deyən Məzahir Avşar hazırlamışdı. O da ağcabədilidir. Qonorarını alan zaman ona demişdilər ki, bu kitabxananı Aqil Abbas öz vəsaiti hesabına tikdirib. O da qayıdıb ki, onda mən də qonorar istəmirəm, ondan balaca kişi deyiləm ki!?"

Aqil sübut edir ki, Məhəmməd Füzuli Boyatdandır. Yəni Ağcabədinin Boyatından. "O dey o evi görürsən, bax o yerdə onun anası yaşayıb, sonra hansı səbəbdənsə (səbəbini deyir, amma mən unutmuşam) İraqa gediblər və uşaq orda anadan olub. Ulu babalarının məzarı da Ağcabədidədir".

Aqilin tikdirdiyi kitabxanaya kitablarımızı hədiyyə elədik.

 

Aqil Aqil Abbas

 

Qayıdaq səfərə.

Boyat kəndinə çataçatda düzənlikdəki təpəciklərə uzun-uzadı baxdıq və burda Aqillə Yunus Oğuz arasında mübahisə düşdü: bu təpəciklər nəyə xidmət edir?

Yunus deyir ki, o təpəciklər kurqandır və altını qazsan, hansısa xanın, ya bəyzadənin nəşinin qalıqları çıxar. Mən deyirəm ki, bizim şahlarımız Qarabağda qışlamağı sevirdilər və bu təpəciklərdə məşəlçilər dayanırdı ki, qoşun yolunu azmasın. Aqil qayıdır ki, hər ikiniz düz demirsiniz. Bu təpəciklər ona görəydi ki, müsafirlər yolu düz tutub getsinlər.

Yunus bu versiyayla heç cür razılaşmır, deyir ki, karvan həmişə ulduzlara baxıb gedir.

Sonra söhbət Altıağacdan düşür. Yunuz deyir ki, Altıağac ona görə deyirlər ki, həmin məsafədən, yəni 6-7 kilometrdən ağaclar tozlanır. Aqil də deyir ki, "yox elə deyil, ağacları 7 kilometrdən bir basdırırdılar ki, karvan çalaya, çaya düşməsin..." Yunus yenə də razılaşmır. Onda Aqil lap əsəbiləşir: "Nədi, o zaman karvan "vozduşnı gedirdi?!"

Nəsə. Mübahisəmiz uzandıqca uzanır.

Sonra Kəhrizli kəndinə gedirirk. Aqil burdakı dostlarıyla domino oynamağı, onlara əl tutmağı sevir. Həmidə xanımın yaşadığı ev və muzeyə baxışı saxlayırıq gələn səfərə.

Amma Kəhrizlidə Aqilin qanını bir adam qaraltdı. Nəsə köntöy söz dedi. Mirzə Cəlil demiş, çox yersiz söz dedi. Aqil də ona görə hirsləndi ki, həmin adam ağzının danışığını bilmir. Uzun müddət onun qarasınca deyindi. Soruşdum ki, onun adı nə idi. Aqil də dedi filankəs. Dedim ki, qanını niyə qaraldırsan, elə onun adına 15 il iş düşür. Aqil nətəhər bərkdən güldüsə, qanqaraçılığı tamam getdi və söz verdi ki, mütləq onu yazacaq.

Aqil Abbas çox səxavətlidir. İllərdir ki, doğma el-obasına gəlib-gedir. Hamıya əl tutmağı sevir. Kiminə pul verir, kimini işə düzəldir. Bəzən Aqildən elə şeylər xahiş edirlər ki, ay toba tanrının da ona gücü çatmaz.

Dostumuz Yusif Rza demiş, Aqil Qarabağın Səməd Vurğunudur.

Onun qəribə xasiyyətləri çoxdur. Nadir hal olar ki, Aqil olan məclisdə əlini cibinə salsın. Hər halda, mən belə görmüşəm.

Aqil hesab verməyə elə qaçır ki, sanki öz pulundan faiz alacaq...

Görürsən kimsə deyir ki, mən onu it ilindən tanıyıram. Mənsə Aqili elə Aqil ilindən tanıyıram.

Onun elə lətifələri var ki, danışsam öldürərlər, danışmasam, ölləm. Ona görə də susuram. Göydən sallanan dinməz Ay kimi.

Ağdamlı da, tərtərli də, ağcabədili də elə bilir ki, Aqil onların deputatıdır. Çünki Aqil millət vəkili olana qədər tanınmış qələm adamı idi və daim el-obasının yanındaydı. Onun məşhur bir deyimi var: Adamların içində olmaq lazımdır. Lap o məşhur şüardakı kimi: xalqın içinə getmək lazımdır.

Ağcabədi şəhərinin mərkəzində maşını saxlatdırır:

-Gedək orda bir çay içək.

Çayxananın həyətinə giririk. Aqil burda hamıyla öpüşüb-görüşür. Özü demiş, öpüşməyi xoşlayır. Dörd nəfər domino oynayır. Onlarla da görüşür və ərklə deyir ki, oynayanların ikisi qalxsın, ikisi qalsın.

-Sizinlə domino oynayacağıq, uduzan çayın pulunu verəcək.

Bəxtimiz gətirir, amma çayın pulunu özü verir.

İdman həvəskarıdır. Ən çox sevdiyi futboldur. Ağcabədidə Bayram günü münasibətliə keçirilən şahmat yarışlarına cocuqlarla şahmat da oynadı...

Aqillə bir Qarabağ səfərimiz də olacaq. İndi yazmadıqlarımı onda yazacam.

Nəhayət gələk mətləbə.

Ağdam camaatı ilə görüş saat 16.00-da Dram teatrında başladı. Onu da deyim ki, bir il öncə, elə bu vədə mənim həmin teatrda "Qaçaq Qocalar" adlı əsərim səhnələşdirilib.

Görüşü Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov açdı, sonra sözü mənə verdi. Mən layihəmizi təqdim etdim, dedim ki, bu layihənin məqsədi şair və yazıçıların cəbhə bölgələrinə səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri və hərbçilərlə görüş keçirməkdir. Onu da dedim ki, yazıçılar da dövlətimizə, ordumuza, cəbhə bölgələrində yaşayan insanlarımıza dəstək vermək, onları ürəkləndirməkdir...

Burdaca qeyd edim ki, həmin gün axşam posta getdik. Aqil Abbas Milli Məclisin Təhlükəsizlik komissiyasının üzvü olduğuna görə ora icazəsiz getməyə haqqı var. Əsgərlərlə şəkil çəkdirdik və dedik ki, bunu arxivimiz üçün çəkirik və heç yerdə paylaşmayacağıq. Hər halda, bu cür məsələləri bilirik və onun üçün xüsusi təlimata ehtiyac yoxdur.

Məndən sonra Yunus Oğuz danışdı. Amma elə ilk dəqiqədəncə, Azərbaycan bayraqlarını zalda görəndə kövrəldi... Bir qədər susdu və onun bu susqunluğundan istifadə edib bir hadisə danışım.

London səfərindəyik. Beynəlmiləl komandayıq. Aramızada erməni axçiləri və dığaları da var. Trafalqar meydanında gəzişərkən gördük ki, bir nəfər asfaltın üzərinə müxtəlif ölkələrin bayraqlarını çəkir, belə deyək ki, günün günorta vaxtı asfalt qraffitisiylə məşğuldur. Bayraqların içərisində Azərbaycan bayrağı var, amma erməni bayrağı yoxdu. Janna adlı bir erməni axçisi heyrətlənir: Bəs erməni bayrağı hanı!?

Yunus rus bayrağını göstərib deyir:

-Bu de ha!

-Bu rus bayrağıdır axı?!

Yunus Oğuz:

-Erməni bayrağı onun içindədir, - deyir...

Hamı gülüşür. Erməni axçisi əlini yelləyir... Başqa neyləyəsidi ki...

Yunusun kövrəkliyi getdi, bir xeyli türkçülükdən danışdı və sözünü belə tamamladı: O bayraqlar işğaldan azad ediləcək torpaqlarımızda dalğalanacaq. Biz Ali Baş Komandan, möhtərəm İlham Əlyevin əmrini gözləyirik!

Zaldan alqışlar qopdu...

Növbədə Əbülfət Mədətoğludur. O, adətinə uyğun olaraq qısa danışdı və öz şeirləri ilə zaldakı insanları coşdurdu.

Əbülfət Mədətoğlu gözəl yol yoldaşı və təbli şairdir. Onunla qarşıda Biləsuvara səfərimiz var. Məcburi köçkünlərlə görüşə gedirik. Bir neçə il əvvəl onunla Xocavənddə olmuşduq (Beyləqandakı şəhərcikdə) və Əbülfətin burda çox sevildiyinin şahidi oldum. Çünki o da tez-tez elliləriylə görüşlərə gedir, yazılar yazır, onları unutmur...

Nəhayət, Aqil Abbas çıxış elədi. Dedi ki, mən Zeynab Xanlarova kimi sonda çıxış eləməyi xoşlayıram. Onun özünəməxsus çıxışı zalın ovqatına bir sərinlik gətirdi.

Tədbirimiz səhərisi günü, noyabrın 8-də Tərtərdə Heydər Əliyev mərkəzində davam elədi.

Mərkəzin müdiri Səlimə Yusibovanın, konfrans zalına yığışanların müsbət aurası, eləcə də Azərbaycan bayrağına bürünmüş məkanın möhtəşəmliyi torpaqlarımızın tezliklə azad olunacağına böyük umidlər yaratdı.

Tərtər camaatı adından çıxış edən, rayon Ağsaqqallar Şurasının sədri, şair Elman Qədirli dedi ki, bu insanlar çoxdandır ki, silah, mərmi səsi eşidirlər, bu gün isə yazıçı sözü eşitdilər. Buna görə də hamınıza minnətdarıq.

Oxşar çıxışları burda da elədik, təbii, bəzi fərqli çalarlarla. Ona görə də sizi yormaq istəmirəm.

Bircə onu deyim ki, tədbir iştirakçılarına xeyli kitab bağışladıq...

Əslində səfər yoldaşlarım haqqında çox yaza bilərəm. Amma düşünürəm ki, hələ yenə də səfərlərimiz, ortaq xatirələrimiz olacaq, ona görə də bəzi qənaətlərimi, müşahidələrimi sonraya saxlayıram. İş burasındadır ki, bəzən çox sevdiyin bir adamdan yazmaq istəyirsən, aranızda böyük sayğı olsa da, ümumi xatirələriniz azdı. Bir dəfə xətrini çox istədiyim bir insana elə belə də dedim: "Dostum, səninlə bağlı xeyli qeydlərim var. Amma ortaq xatirələrimiz olmadığına görə onu yazıya çevirə bilmirəm".

Səfər xatirələr məkanı və boxçasıdır.

İndi də keçək Rayon İcra Hakimiyyəti başçılarına: Ağdam RİH rəhbəri Raqub Məmmədovla Qonaq Evində xeyli söhbət edirik. Çox mütaliəlidir. Şəhər meydanında isə özünü Şah Abbas kimi aparır. Hərəyə bir göstəriş verir. Yadınızdadır: Şah Abbas Şeyx Səfi məqbərəsinin girəcəyində bir quş zılı görür və deyir: (soruşmur, ha) A gədə gözlərin kordu sənin!?

Ağır sualdır, cavabı da eyniylə.

Raqub müəllim adi bir nöqsanı bağışlamır:

-Orda bir ləkə var, götürün onu!

Ağcabədi icra başçısı Şahin Məmmədov özünəməxsus, qurucu adamdır. Ölkədə ən böyük "Heydər Əliyev Meydanı" və fərqli abidəni orda gördüm.

Tərtərin icra başçısı Müstəqim Məmmədovun isə başı qarışıq idi: küçələri soyurdular. Ali qonağı qarşılamağa hazırlaşırdılar...

Bakıya Ağcabədidən qayıdırıq və sözləşirik ki, gələn dəfə görmədiyimiz yerləri arın-arxayın gəzəcəyik və mən də geniş bir səfər yazısı hazırlayacam...

Yenidən görüşmək ümidiylə, dostlar...

 

Elçin Hüseynbəyli

Noyabrın üçüncü beş günlüyü, 2016,

Bakı-Ağdam-Tərtər-Ağcabədi-Bakı

Ədalət.-2016.-15 noyabr.-S.3.