“Azərbaycan indi
xarici siyasətini özü müəyyən edir”
Eldar Həsənov:
"Yaltaqlıq, ikiüzlülük, sürüşkənlik,
məddahlıq... Bunlara nifrət edirəm”
"61 yaşımda ilk dəfə etiraf edirəm...”
Uzun zamandır barəsində milli və xarici media səhifələrində ancaq rəsmi məlumatlar oxuduğumuz Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdan müsahibə almaq sözün böyük mənasında juranalistikanın taleyimə yazdığı şanslardan biridir desəm, yəqin ki, yanılmaram.
Çünki bir qayda olaraq, Eldar Həsənov özü haqqında danışmağı sevmir. Arqumenti də budur ki, bəzi adamlar, hətta yuxuların da gördüklərini belə, yazmaqla manşetlərə çıxarıb sensasiya yaratmaq və bununla da özlərinin cəmiyyətə faydalı olduqlarını təsdiqləmək istəyirlər.
Həmsöhbətimiz isə daha çox üzərinə düşən missiyanı layiqincə yerinə yetirmək haqqında düşünən və bu barədə xüsusi bir təvazökarlıqla çox qısa danışan diplomatdır. Bir sözlə, yazanlardan məsafəli dayanır.
Milli Məclisin deputatı Cavanşir Feyziyevin rəhbərliyi ilə Bosniya və Hersoqovinaya etdiyimiz işgüzar səfər zamanı fürsətdən istifadə edib cənab Eldar Həsənovla söhbətləşə bildim. Vətəndən uzaqda söhbətimizin əzəli də, sonu da Vətən, itirilmiş torpaqlarımız, Qarabağ oldu. Müsahibimə ilk sualı peşəsi ilə bağlı verdim.
Beləliklə, Eldar Həsənovdan xüsusi olaraq Modern.azsaytı üçün aldığım müsahibəni təqdim edirəm:
- Peşəkar
bir hüquqşünas idiniz, ömrün böyük bir hissəsinin
yaşanmış bir dövründə diplomatik fəaliyyətə
başlamaq Sizin üçün nə qədər asan və
ya çətin oldu?
- Bəxtim elə gətirdi ki, institutu bitirən kimi təyinatla dövlət işində çalışmağa başladım. Ötən il dövlətə qulluğunda çalışmağımın 40 ilini tamamladım. Dövlət işində çalışmaq şərəf məsələsi olmaqla yanaşı, həm də məsuliyyət tələb edir. Dövlət məmuru kimi ömrümün bir payı sovet dövrünə düşüb, daha böyük hissəsi isə xoşbəxtlikdən müstəqillik dövrümüzə təsadüf edir və doğma vətənə qulluq edirəm. Azərbaycanın müstəqillik tarixinin səhifələri çoxaldıqca, biz də o tarixin içərisində iftixar hissi yaşadıq.
- Həm də müstəqillik tariximizin ilk səhifələrini
yazanlardan oldunuz, əlbəttə bir hüquqşünas
kimi...
- Həyatım elə gətirib ki, qismətim hər zaman başlanğıclar dövrünə yazılıb. Biz institutda oxuyanda Bəxtiyar Vahabzadənin yaratdığı "Gülüstan " poeması ilə milli şüurumuzda oyanış oldu. Sonra isə millətimizin milli oyanış dövrü başlandı. Əməli hərəkətə keçdik və o xoşbəxtlik bizim yaş dövrümüzə nəsib oldu.
- Dövlətimizin ciddi sınaqlarla qarşı-qarşıya durduğu bir vaxtda 1990-1992-ci illərdə Siz də hüquq-mühafizə orqanlarında çalışırdınız. Gəncə şəhəri Daxili İşlər Şöbəsinin rəisi idiniz. Sonra isə ölkəmizdə təsis edilən–İnterpol-un Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi oldunuz. Bu idarəni sözün əsl mənasında əlifbasından yaratdınız. Daxili işlər nazirinin birinci müavini, daha sonra Azərbaycan Respublikasının Baş prokuroru oldunuz. Bildiyim qədər, elə həmin vaxtlarda mərhum Heydər Əliyevlə söhbətlərinizin biri zamanı ondan xarici ölkələrdən birinə səfir göndərilməyiniz də rica etmişdiniz...
- Rəhmətlik Heydər Əliyevin idarəçiliyində qeyri-adiliklər, bənzərsizliklər çox idi. Hər hansı bir ağır məsələ müzakirə olunanda imkan yaradırdı ki, insanlar özlərini rahat hiss etsinlər, fikirlərini açıq-aydın ortaya qoya bilsinlər. Bir dəfə də Təhlükəsizlik Şurasının gərgin iclaslarından biri gedirdi və mən məqamdan istifadə edib gülə-gülə dedim ki, cənab Prezident, Qarabağ məsələsi həll olunsaydı Avropa ölkələrindən birinə səfir getmək istəyərdim. Cavabı belə oldu: "Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edirik və qaytaracağıq. Sənin səfir getməyin isə hələ tezdir. Görəcəyimiz işlər çoxdur”.
Zaman, tarix elə gətirdi ki, Baş Prokurorluqda vəzifəmi icra etməyimin müddəti bitdi və qanuna uyğun şəkildə mən artıq prokurorluqdan ayrılıb, elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Universitetdə dərs deməklə yanaşı, həm də "Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə” ilə bağlı doktorluq işimi müdafiə etdim. Elə bu ərəfədə BMT-dən təklif aldım. Ulu öndər Heydər Əliyevin də xeyir-duasını və məsləhətlərini alıb təşkilatın Cenevrə ofisində - Narkotklər, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirmə ofisinin rəhbəri kimi çalışmağa başladım. Fəaliyyətə başlayandan 7 ay sonra, mənə zəng edib dedilər ki, Prezidentlə danışacaqsan. Xəttin o biri başında ulu öndər Heydər Əliyev qətiyyətli bir səslə dedi ki, "sabah saat 11-də səni gözləyirəm”.
Cavabında
ona sual etdim ki, "olarmı bir gün sonra gəlim?!”. Soruşdu ki, "niyə?”.
Dedim ki. ”icazə alacağam”. Təəccüblə
yenə sual etdi: "Kimdən icazə alacaqsan?”,
cavab verdim ki, çalışdığım təşkilatın
rəhbərliyindən. Bu sözümün
qarşılığında isə "sənin
çalışdığın təşkilatın rəhbəri
mənəm” – kəlməsini eşitdim. "Doğrudur”
–deyə cavab verdim və əlavə etdim ki, bu vaxta qədər
hər bir məsələni Sizinlə məsləhətləşmişəm.
Formal baxımdan icazə alıb, gəlirəm.
Bir gündən sonra artıq Heydər Əliyevlə
oturub söhbət edirdik. O mənə dedi: "Eldar, bu
ağzıgöyçəklər boş-boş cəfəngiyyatlar
yazırlar ki, guya, sən inciyib narazı getmisən. Sən özün də "Azadlıq” qəzetinə
müsahibə verib dürüst fikrini söyləmisən.
Əslində hakimiyyət üçün də,
işdən çıxan üçün də, tənbeh
olunan üçün də dərs verdin ki, əqidə
satılmır, alınmır, kürsüylə
ölçülmür”.
Söhbətindən bildim ki, məqaləni tam oxuyub. Dedim ki, cənab Prezident, mən
həmişə olduğu kimi reallığı, həqiqəti
söyləmişəm. Sonra o, üzünü mənə
tutub: "Yadındadırmı, 1996-cı ildə iyun
ayının 19-da Təhlükəsizlik Şurasının
iclasında sən dedin ki, Qarabağ qayıtsaydı, Avropa
ölkələrindən birinə səfir gedərdin. İndi mən səni səfir təyin etmək istəyirəm”.
İsrarla xahiş etdim ki, öz işimdə qalım. Onu qəti
mövqeyindən, qərarından döndərmək çox
çətin idi. Gərək elə bir əsaslandırılmış
arqument, amil gətirəydin ki, onun fikrinə təsir etsin.
Və təbii ki, Heydər Əliyevin dediyi oldu.
Onun təklif etdiyi bir neçə ölkə
arasından mən Rumıniyanı seçdim. Bunun səbəbini
soruşanda isə dedim ki, Türkiyədən sonra, Azərbaycanın
müstəqilliyini tanıyan ölkə Rumıniya olub. Son sözü bu oldu ki, axşam televiziyada eşidərsən.
Və ulu öndər Varşava Müqaviləsi, həmin
ölkədə cərəyan edən siyasi hadisələr,
Çauşeski barədə özünün təlimatlarını
və tövsiyələrini verdi.
- Beləcə peşəkar
hüquqşünas Eldar Həsənov hüquq-mühafizə
sistemindən diplomatiyaya gəlməli oldu. Bu məqamda
peşəniz köməyinizə gəldimi?
-Əlbəttə, birmənalı şəkildə. Diplomatiyanın
özü hüquqi sənədlərlə tənzimlənir.
İstər dövlət idarəsində, istər
diplomatik sahədə çalışanda gərək insan
ilk növbədə dövlətçiliyə bağlı
olsun. Ən vacibi isə odur ki, qanınla,
canınla, varlığınla torpağını, Vətənini
sevəsən. Vətənin daşı
olmağı bacarasan. Vətəninin
tarixini, musiqisini, incəsənətini bilməyincə, ən
incə bir xalçasının əriş-arxac
naxışından xəbərin olmayınca, xarici dövlətlərdə
həmsöhbətinlə ünsiyyət yarada bilməzsən.
Öyrənmək heç zaman gec deyil. İki ay ərzində Rumıniyanı kitablardan, rəsmi
sənədlərdən, əlimin altında olan bütün
mənbələrdən daha dərindən öyrənib,
üçüncü ayın birinci ongünlüyündə
Azərbaycan Respublikasının Rumıniyada fövqəladə
və səlahiyyətli səfiri kimi o ölkəyə yola
düşdüm. Uzun müddət bu
ölkədə Azərbaycanımızı təmsil etdim.
2013 – cü ildən isə iqamətgahı
Belqrad şəhərində olmaqla Azərbaycan
Respublikasının Serbiya Respublikasında, Monteneqroda və
Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli
səfiriyəm.
- Cənab
səfir, maraqlı ömür yolunuz var. Fəlaiyyətlərinizin
əksəriyyəti sıfırdan başlayıb. Sonra o sıfırları hərəkətə gətirib,
arxada qoyub, qarşılarına rəqəm yazıb, saya, kəmiyyətə,
keyfiyyətə və uğura çevirmisiniz. Serbiya
Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada... hər
birinin özünün ayrı-ayrı oxşar xüsisiyyətləri
çox az olan dövlətlər və
onların hər biri ilə dil tapmaq, uyğun və
balanslı siyasət yeritmək... Özü də fəaliyyətiniz
haqqında eşitdiyimiz xəbərlərdən bilirik ki,
dövlətimiz adına çoxsaylı
uğurlara imza atmısınız.
- Dövlətimizin
xarici siyasət kursu mövcuddur. O kursu həyata keçirmək
üçün ətrafımda olan peşəkar
diplomatların köməyi ilə dövlətimiz, millətimiz
adına nəyəsə nail ola
bilmişik. Azərbaycan dövləti indi xarici
siyasətini özü müəyyən edir. O siyasəti
korrektə etmək, istiqamətləndirmək ölkəmizin
Prezidentinin səlahiyyətindədir. Biz sadəcə
icraçıyıq. Qalan hissəsi vicdana
yönəlir. Vicdanlı icra isə məsuliyyətli
və yaradıcı icradır. Bu işdə
prioritet olan üstün tərəflərin həyata
keçirilməsi isə xüsusi diplomatik peşəkarlıq
tələb edir. Mən də bunu bu ötən illərdə
oxuduğum kitablardan, tanış
olduğum ölkələrin diplomatik təcrübələrindən
yararlanmaqla həyata keçirməyə
çalışıram.
- Ötən
üç ildə Balkan ölkələrindəki fəaliyyətiniz
nəticəsində bu ölkədə Azərbaycanı
artıq hər addımda tanıyırlar. Bosniyada
keçirilən rəsmi görüşlərdə də
bunun şahidi olduq. Həm mədəniyyətimiz,
həm də acı tariximizi ölkənin adlı-sanlı
ictimai xadimləri hətta müzakirə müstəvisinə
çıxarırlar.
- Bu
işdə də payıma icraçılıq
düşüb. Bu məsələdə də
siyasi qərar dövlətimizə məxsusdur. Bosniyalıların dərdi bizim dərdimizə
uyğundur. Dunay çayı sahillərində Üzeyir
Hacıbəyovun adına böyük bir
abidə kompleksi ucaltdıq ki, mədəniyyətimizdən xəbərləri
olsun, necə olsa da kökümüz eynidir. Türk
kökənliyik. Bunun ardınca Musiqi Akademiyasında
Üzeyir bəyin adına təqaüd təsis
etdik. Montenoqronun Kral Parkında isə Hüseyn Cavidin heykəlini
ucaltdıq... Sarayevonın Dobrını
çayı sahilində yerləşən Dostluq parkında hər
iki millətin soyqırımını, Srebrennitsa və
Xocalı soyqırımlarını əks etdirən
baş-başa vermiş qoşa ana heykəllərinin
ucaldılması... bunların hamısı bizim kimliyimizi,
tariximizi, mədəniyyətimizi, müasirliyimizi, ən
yaxın tariximizdə baş verən faciələrimizi və
həqiqətlərimizi ortaya qoymağa imkan verir. Bir gecədə Xocalıda 838 nəfəri qəddarcasına
qətlə yetirdilər. Hətta faciələrimizin
baş verdiyi tarix də eynidir, 26-29 fevral 1992-ci il.
- Barənizdə
söhbət düşəndə sizi böyük vətənpərvər,
ədalətli və təvazökar insan kimi səciyyələndirir,
həm də liderlik xüsusiyyətlərinizdən danışırlar.
- Liderlik
məhfumu adətən müasir təhsil ocaqlarında işlədilir.
Özümü ondan çox uzaq görürəm,
hətta heç görmürəm də. Əslində daha çox məsuliyyətli
icraçılıqdan söhbət getməlidir. Üzərinə düşən vəzifəni
vicdanla yerinə yetirməyi özünə borc bilmək prizmasından
yanaşmaq lazımdır. Və bu məsuliyyət
məhfumunun içərisində Heydər Əliyevlə
çalışdığım illərin təcrübəsi
çox böyük rol oynayıb. Hüquq
- mühafizə sistemindəki o burulğanlı, tufanlı və
gərgin vaxtlarda, müstəqillik tariximizin yeni səhifələrinin
yazıldığı illərdə ən təhlükəli
dövrləri yaşadıq. Görünən
və görünməyən çox hadisələrin
şahidi oldum. İstintaq və təhqiqat
materilllarından bütün insanlara və hadisələrə
bələd olduğumdan çox şey öyrəndim.
- Mən liderlik haqqında düstur
yazası olsaydım, onu belə açıqlayardım:
liderlik, amiranəlik, ötkəmlik, mülayimlik. Bir də belə
düşünürəm ki, bu düsturun kök
altısı manevr bacarığıdır. Siz
necə düşünürsünüz? Manevr
etməyi hər zaman bacarmısınız?
- Dövlətdə
çalışan insan manevr etməyi bacarmalıdır. Bu manevr isə yalnız məsələnin mahiyyətinə
söykənməlidir. Bu manevr əgər
dövlət maraqlarına xidmət edirsə, milli
maraqlarımızla üst-üstə düşürsə, əgər
ümumi işimizə xələl gətirmirsə, bunu bacaran
fərd, məmur, diplomat xoşbəxtdir. Unutmaq
olmaz ki, uğursuz manevr dövlətə xələl gətirə
bilər, ziyan verə bilır. Az-çox
bu sahədə təcrübəm var.
-
Rumıniyada işləyərkən Macarıstanda bir manevr
etdiniz,Siz bu ölkəyə səlahiyyətli səfir təyin
ediləndən az bir müddət sonra, 2013-cü ilin 26 fevral
tarixində Bosniya və Hersoqovinaparlamenti Xocalı
soyqırımını rəsmən tanıdı. Bunlar da məncə dövlət maraqlarına xidmət
edən diplomatik manevrləriniz idi.
- Aida
xanım, bilirsiniz, üzərinə məsuliyyət qoyulan məmur
öz dövlətinin siyasətini düzgün bilməlidir. Bu siyasəti isə dövlət və onun Prezidenti
müəyyən edir. Biz məmurlar isə
düzgün bir şəkildə həmin
tapşırıqları mənimsəyib, həyata
keçirməliyik. Əlbəttə ki,
Xocalı soyqırımı kimi müsibəti olan bir məmləkətin
tanınması, tanıdılması ciddi bir tələb kimi
qarşımıza qoyulmuşdu. Bunun
dünyaya daha çox çatdırılmasının
meydanı hara idi? Balkan ölkələri.
Çünki bu ölkədə də Serebrenitsada bir gecənin
içərisində 838 nəfər qətlə yetirildi,
sonra üç il uzanan müharibə ərzində
bu qətliyamda həyatını itirənlərin sayı 10
minə çatdı. Ermənilər tərəfindən
soyqırımına məruz qalanlarımız azərbaycanlı
olduqlarına görə, Serebrenitsada da eyni mahiyyətə
görə qətlə yetirildilər. Böyük
fərq ondadır ki, BMT Təhlükəsizlik Şurası,
Haaqa Məhkəməsi, dünya ictimaiyyəti, beynəlxalq
qurumlar Serebrenitsa soyqırımını tanıdılar.
Bizdə isə belə deyil. Məlum səbəblər üzündən bu faciəni
anlada bilmirik. Baxmayaraq ki, bu işğal
planının tərtibindən həyata keçirilməsinə
qədər rus hərbi birləşmələrinin
iştirakı dəlillərlə, istintaq materialları ilə,
məhkəmə qərarları ilə sübuta yetirilib.
Və bilməmiş olmazsınız ki, həmin
istintaq materiallarının hər birini səhifə-səhifə
oxumuşam. Rusiya bizim tarixi qonşumuzdur,
starteji tərəfdaşlıq münasibətlərimiz hər
zaman qorunub saxlanılmalıdır. Ancaq tərəfdaşımız
da bunu bilməlidir ki, biz də unutmuruq ki, Azərbaycanın
müstəqilliyinin əlindən alınması
üçün süni bir problemin hazırlanması, sonradan
bunun reallaşdırılması, tarixi
torpaqlarımızın işğalı və Xocalı
soyqırımının həyata keçirilməsi, bu
işğalda rus silahlı qüvvələrinin
iştirakı faktdır, sübutdur, dəlildir. Bunlardan nəticə çıxarmaq,
keçmişdə baş verən yanlışlıqları
aradan qaldırmaq üçün belə
düşünürəm ki, Rusiyanın Minsk Qrupunda həmsədr
kimi imicinə çox mühüm təsir edərdi. Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna,
istər Gürcüstan, istər Moldova və ya Azərbaycandakı
separatçılıqda Rusiyanın rolu var. BMT Təhlükəsizlik
Şurasının məlum qətnamə və qərarlarına
əsasən işğalçı qoşunların təcili
surətdə ərazilərimizdən
çıxarılmasını təmin etmək Rusiyanın
da imicinə xidmət etmiş olar. Həm də
dövlətlərarası münasibətlərdə,
qonşuluq və qarşılıqlı etimad siyasətində,
millətlərarası münasibətlərin möhkəmlənməsində
çox böyük rol oynamış olar.
- Sizcə Rusiya bu
addımı atacaqmı?
-
Bilirsiniz, ümid sonda ölür. Mənim fərdi
fikrim belədir ki, bu addımı Rusiya atmalıdır. Çünki hadisələri araşdıran beynəlxalq
və yerli ekspertlər də, alimlər də keçmiş
sovet ölkələrində yaranan problemlərin
hamısında birmənalı şəkildə Moskvanın əli
olduğunu təsdiqləyirlər. Rusiyanın
bir də belə bir tarixi şansı olacaqmı? O,
öz maraqları baxımından, öz ölkəsinin siyasəti
baxımından, düşünürəm ki, bunu etməlidir.
Bununla sülhməramlı bir dövlət imici qazanıb
regionda da sülhə nail ola bilər. Azərbaycan
xalqı tarixdən başına gələn hadislərdən
Zəngəzurdan, Gülüstan müqaviləsindən,
Türkmənçay müqaviləsindən, Azərbaycanın
200 min kv. kilometr ərazilərinin
bölünüb, 86 min kavdart kilometrə gətirilib
çıxarılmasından artıq nəticə
çıxarıb... Azərbaycan xalqı onu dərk edib ki,
zaman-zaman tarixi ərazilərimiz Ermənistana pay verilib. Bunu Prezidentimiz də dəfələrlə
vurğulayıb. Azərbaycan xalqı
artıq o xalq deyil, ictimai şüuru o şüur deyil,
iqtisadi potensialı o zamankı deyil. Milli
ruhu, mütəşəkkil intizamlı Ordusu, dövlətin
siyasi iradəsi var. Bizim və bütün dünyanın
etibarlı münasibətlərə ehtiyacımız var.
- Milli
ruhumuzdan danışarkən, "Aprel döyüşləri”mizi
yada salaq...
- "Aprel döyüşləri” istər müstəqil
Azərbaycanımızın dövlətçilik tarixində,
istərsə də ordu quruculuğu tarixində ən şərəfli,
rəşadətli, nəyə qadir olduğumuzu ortaya
qoyduğumuz bir tarixdir. İradəmizi, haqq səsimizi dünyaya
nümayiş etditdiyimiz bir hadisədir. Bizə
qarşı ədalətsiz bir şəkildə hər
cür vasitələrdən və üsullardan istifadə
edib, bizə diqtə etməyi qarşısına hədəf
qoyanların real təhdidləri ilə
qarşılaşmışıq. Diqqət yetirsək,
görərik ki, həmin günlərdə xalq da bir imtahan verdi, şəhidlərimizi ucalara
qaldırıb, elliklə məzarlara axışdı,
kiçiyindən böyüyünə kimi cəbhə
bölgəsinə getmək üçün ayağa durdu,
qadın və ya kişi olmasından asılı olmayaraq, millətin
ruhunda bir oyanış oldu. O günlər bizim qürüur
tariximiz, qürür səhifəmizdir. Biz həmin
Azərbaycanıq, həmin komandan, həmin əsgər, həmin
dövlətik. İstənilən an
yenə gücümüzü ortaya qoyub
sözümüzü deyə biləcəyik.
- Belə məşhur bir kəlam
var: dövlət iki şeydən sarsıla bilər, cinayətkar
cəzasız qalanda və günahsız cəzalandırılanda.
Siz nə deyə bilərsiniz?
-
Hüquq-mühafizə orqanlarında
çalışdığım illərdən bu günə
qədər həqiqətin yanındayam. Ədalətli
qərarı tanıyaram, ona hörmətlə yanaşaram,
onu müdafiə edərəm. Ümummilli
liderimiz Heydər Əliyevin zamanında Azərbycan xalqı
üçün dediyi o sözlər ümumiyyətlə hüquq-mühafizə
orqanlarında işləyən hər bir kəs
üçün proqram və gündəlik fəaliyyət
prinsipi olmalıdır. Doğrudan da hər iki halda
dövlət böyük təhlükələrlə
qarşılaşar: bir cəzasızlıqda, bir də
günahsız insanlar cəzalandırıldıqda. Bunu unutmaq olmaz.
- Vətəndən
uzaqda hər zaman elinə, obasına bağlı olan bir el
oğlu Vətəndəki doğmaların qınağına
gəldimi? Çünki hər zaman elinizə,
obanıza yardım edən bir şəxs kimi dəyərləndirilmisiniz.
İndi isə bəlkə də istədiyiniz an
əliniz doğmalarınıza çatmır.
- Şübhə etmirəm ki, el-oba bir çox məqamlarda
məndən umub-küsür. Haqlıdırlar.
Lakin məsafə baxımından uzaqdayam.
Dövlət məmuru peşəsini seçən hər adam dövlətin hər bir qərarına
hörmətlə yanaşmalıdır, tabe olmağı
bacarmalıdır. Bu gün Şərqi
Avropanın şərqində Balkanlarda çalışmağım
o demək deyil ki, doğulduğum, boya - başa
çatdığım Qarabağımdan, dövlətimdən,
onun mənafeyindən uzağam. Günahsız
insanların ağrı-acısı və
torpaqlarımızın işğalı hər zaman qəlbimdədir.
Uzaqda olsam da zərərçəkmiş
insanların, dövlətimizin və dövlətçiliyimizin
yanındayam. Sadəcə zaman və məkan
məsələsi var ki, bəzən el–obanın adət ənənəsindən
irəli gələn hüzr yerlərinə çatmıram.
Sağ olsun camaatımız da, qohum-əqraba da,
anlaşıqlı yanaşdıqları üçün minnətdaram.
- Vətəndən uzqdasınız.
Vətən içəridən və xaricdən yəqin ki,
fərqli görünür?
-Bir həqiqəti
dərk etməliyik ki, Azərbaycan bizim əzəli və əbədi
yurdumuzdur, torpağımızdır, qanımız və
canımızdır. Hamımız bir adla, Azərbaycan
adı ilə o torpaqlara bağlıyıq. Əlbəttə insan xoş xəbərlər
alanda sevinir. Gündəlik mətbuatı
izləyirik. Xarici siyasət də dövlət
siyasətinin tərkib hissəsidir. Görün
bir hardan hara gəlmişik. Müstəqilliyin
ilk illərində, 1994-cü ilin ortalarına qədər
övladlarımızı dərsə göndərməyə
belə qorxurduq. O dövrü yaşayanlar bilir ki, müstəqil
dövlətçiliyin əldən getmə təhlükəsi,
qardaş qanının tökülməsi ortada idi. Əgər o zaman Heydər Əliyev hakimiyyətə
gəlməsəydi, bütün bunların
qarşısını almaq cəsarətini üzərinə
götürməsəydi... nələr olacaqdı? Heydər Əliyev o yaşda gedib oturub rahat qalan
ömrünü yaşayıb istirahət edə bilərdi.
Milləti və dövləti
qarşısında artıq öz borcunu yerinə yetirmiş
bir insan idi. Bunlara baxmayaraq o, ağır
bir yükün altına girdi. Onun dövlətçilik
təcrübəsi və zəki bir ağlı ilə bu
günləri qazandıq.
Görmə məqamında iki amil diqqətdən
qaçmamalıdır. Xaricdən görünmədə də
iki reallıq mövcuddur. Azərbaycan
bütün sahələri əhatə edən inkişaf və
islahatlar dövrünü yaşayır. Bunu
görənlər, görmək istəyənlər olduğu
kimi anladanlar, hətta bizim millətdən, dindən olmayanlar
da yetərincə var. Azərbaycan artıq bizim millətdən
olmayanların da sevdiyi bir məkana, sabitlik adasına
çevrilib. Azərbaycan bütün dinlərin
multikultural şəraitdə tolerant bir mühitdə
mövcud olduğu sərbəst bir məmləkətdir.
Bunu çoxları etiraf edir. Bir də var Azərbaycanı sevməyənlər,
burada da əsas rolu erməni diasporunun xüsusui fəaliyyəti
oynayır.
İkinci bir tərəfdən də öz millətimizdən
olan insanlarımız, bəzən bilmədən, bəzən
də bilərəkdən onların dəyirmana su
tökmüş kimi olurlar. Sözsüz ki, idarəçiliyin
müxtəlif səviyyələrində müəyyən qəbahətlərin
olması qaçılmazdır. Hansısa bir məmurun
səhvləri heç də bütövlükdə
aparılan siyasətin səhv olması demək deyil, bunu
götürüb dövlətin adına
yazmaq ədalətsizlikdir. Əlbəttə,
Prezident də səbrlə yanaşır. Öz xəbərdarlığını
edir, öz möhlətini verir, öz işini aparır,
anlayan adam məsuliyyətini anlayır,
bilir və nəticə çıxarır. Və
çıxarmalıdır. Çox
yaxşı olar ki, bu nəticə çıxarmaq daha
geniş miqyas alsın. Bu baxımdan arzu edərəm
ki, milli birliyimiz daha mötəbər və etibarlı olsun.
Coğrafi
baxımdan nəzər yetirsək görərik ki, ətrafımızda
hər yerdə qan, müharibə alovu var. Bu gün
üçün də, sabah da ölkəmiz üçün
təhdidlər var. Bu təhlükələrin
önünü almaq üçün çox çevik siyasətlə
yanaşı, Prezidentin çox
düşünülmüş bir faəliyyəti ilə
yanaşı, ölkənin daxilində milli birliyə də hər
zaman ehtiyac var. Biz umu-küsünü kənara
qoymalıyıq. Hansısa bir qəbahətimiz
varsa, bunu biri-birimizə izah edib ortadan qaldırmaqda biri-birimizə
yardım etməliyik. Milli mənafe
baxımından kürsü heç vaxt qiymətli
olmamalıdır. Azərbaycanın taleyi
baxımından, dövlət müstəqilliyinin möhkəmlənməsi,
Qarabağın taleyinin həll olunması baxımından, Azərbaycanın
çevrəsində baş verən atəşlərin,
alovların önünü almaq baxımından, bizim milli
birliyimizə böyük ehtiyac var. Əlbəttə ki,
ölkə Prezidenti bütün bu amilləri nəzərə
alıb, öz siyasətinə sadiq bir şəkildə
sistemli iş aparır. Amma etiraf edək ki, bu
siyasətin də həyata keçirilməsi sizdən, bizdən,
fərdlərdən asılıdır. Doğma-
ögeyliyə gedilərsə, müxalifət və hakim partiya
arasında hələ də "bu bizdən deyil, düşməndir”
düşüncəsi ortada qalarsa, milli birliyin əldən
getməsi təhlükəsi yarana bilər.
1988-1994-cü illərdəki qarışıq zamanları və
bu gün Azərbaycanın yaşadığı yaxın
tarixi heç kim unutmamalıdır. Biz o sabitlik və təhlükəsizliyi göz bəbəyi
kimi qorumağı özümüzə vətəndaş
borcu bilməliyik. Bu bizim
özümüzün taleyidir. Özümüzün
bu günü və sabahıdır. Həmrəylik
və sabitlik çox vacibdir.
- Balkanlarda Azərbaycan Böyük elçiliyinin fəaliyyətinizin
səmərəli olmasında Heydər Əliyev Fondunun da rolu
danılmazdır.
- "Kor və məhdud görmə qabiliyyətli
uşaq və gənclər üçün mərkəz”in
direktoru Dəmir Ovçina çıxış edəndə
özünüz şahidi oldunuz. O çıxışında
söylədi ki, bu gün Azərbaycan deyiləndə Şərqi
Avropada yeganə olan bu təhsil mərkəzi yada
düşür. O mərkəzdə təhsil alan
hər kəs Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanı səsindən tanıyır. Çünki
görmə qabiliyyəti zəif olanlar əsasən eşitmə
hissiyatı ilə anlayırlar. Bu bina
inşa olunub qurtarandan sonra, Leyla xanım o uşaqların hər
biri ilə fərdi qaydada görüşüb, hansı
şirniyyatı sevdiklərini belə, öyrənirdi. Əlbəttə çoxları düzgün
başa düşməz ki, məmur Prezidentin övladından
danışır. Ancaq hər şeyi
öz adı ilə çağırmaq lazımdır. Deməsək olmaz. Çünki
tarix həqiqətlər üzərində formalaşır.
- Eldar müəllim, dostunuz
çoxdurmu?
- Dostluq məsuliyyətli
bir məhfumdur. Dostluq üçün zəruri olan bir
sıra amillər var ki, kişi və ya
qadın olmağından asılı olmayaraq hər bir kəs
üçün çox önəmlidir. Məsələn,
mərdlik, etibarlılıq, sədaqət, güzəştlilik
və s. Mən deməzdim ki, dostlarım çoxdur, iki əldə
olan barmaqları keçməz. Saydığım
səbəblər ucbatından dediyim qədərdir. Bu da bizim keçmişimizdən, tərbiyəmizdən
gəlir.
-
Keçmişim dediniz, dəniz kimi göy gözlü Asya nənənizi
xatırladım, boy- buxunda, üz cizgilərinizdə bənzədiyiniz
Koroğlu dayınızı xatırladım.
- Biz
böyük bir ailə olmuşuq, tətilə
çıxanda, bazar günləri, biz mütləq əməklə,
təsərrüfatla məgşul olardıq. Bizi
rahat buraxmırdılar, davamlı olaraq bizi fiziki əməyə
cəlb edirdilər. 5 qardaşıq,
hamımızın həyatı Laçın kəndindəki
evimizin, təsərrüfatımızın
qayğılarından keçirdi. Balta,
bel, dəryaz götürüb valideynlərmizin, kənd
camaatının köməyində, qulluğunda durardıq.
- Hansı kənddə daha çox
olmusunuz, Bağlı Pəyə, yoxsa Laçın kəndində?
-Laçın
kəndində yaşadığımızdan orada daha
çox olmuşam. Dayım Koroğlu ədəbiyyat
müəllimi idi. Bağlı Pəyədə
yaşayırdı. Vay o günə ki,
düşəydim dayımın əlinə. Məni o qədər
işlədirdi ki... Son anda isə ancaq yolpulunu
da verərdi. O yaşda uşaqlar əmidən-dayıdan
hədiyyə aldığına sevinər adətən. Onun yanaşması başqa idi. Dayım
bizi əməyə alışdırmaq istəyirdi. Mən də həvəslə işləyirdim.
Onun da ruhu şad olsun, o, məni əməyə
cəlb elədi. Xasiyyətimiz müxtəlif olsa da, onun
sərt qələmi vardı, poeziyada, şeiriyyətdə
çox uğurlu adam idi. Mənim
qələmim yumşaq oldu ona baxanda.
- Kəlbəcəri
yuxularınızda çoxmu görürsünüz?
- Mənim
üçün ən ağır anlardır. Bu
haqda bu yaxınlarda ilk dəfə olaraq oğluma danışdım.
Hər dəfə Laçını,
Şuşanı, Kəlbəcəri, Ağdamı görəndə
dünyamdan oluram. Həmin gün əhvalım
dəyişir, özümə gələ bilmirəm. Həyatımın uşaqlığı oralarda
keçib. Mən aranlı, dağlı,
qarabağlıyam. Anam aran Qarabağlı,
atam dağ Qarabağlısıdır. Atamın
babası ikiqat qaçqınlığa məruz qalıb.
O zaman Göyçə mahalından Kəlbəcərin
Laçın kəndinə gəliblər. Babamın
tale payına düşən bu köçkünlüyün
dərd- bəlası, daha sonra atam Hümbət kişinin də
taleyinə düşüb. Bir tərəfdən
arzu edirəm ki, tez-tez o yuxuları görüm, Kəlbəcərdə
arzu etdiyim yerlərə gedim. İllərlə o yerlərdə
qalan xatirələrimə qayıdım... Vətən
yurddan başlayır. Yaşa dolduqca da
insanı daha çox çəkir yurd. Son
illərdə yuxuma dağıdılmış, viran
qalmış Kəlbəcər girir. Tarixi
torpağımızda yad dildə səslər eşiridəm,
o yuxulardan bəzən dik atılıram, özümə gələ
bilmirəm. Qarabağla bağlı mən
heç nədən çəkinmədən öz
mövqeyimi açıq şəkildə ortaya qoyuram. Görüşlərimdə, universitetlərdə
ödənişli olmayan mühazirələr deyirəm.
O auditoriyalardan da istifadə edib, gənc nəslə Qarabağ
həqiqətlərini anladıram. Başımıza
gələn müsibətləri, onun köklərini,
bugünkü ağır nəticələrini, bizə
qarşı ikili yanaşmaları ortaya qoymağa, anlatmağa
çalışıram.
- Mən bildiyim qədər həm də
yurdunuzun axırıncı nişanəsi idi atanız. Atasızlıq çox ağırdır. Eldar
müəllim yaşında bir kişi
atasız özünü necə hiss edir?
- İnsanın yaşından asılı olmayaraq ata-ana
itkisi çox ağırdı. Valideynlərimizə
ömür boyu borcluyuq, övladlarımıza da bunu
aşılamalıyıq. Atamın
çox haqqı var mənim üstümdə. Çox da səmimiyyətimiz var idi aramızda.
Bir gün namaz üstə əllərini göyə
açıb uca Tanrıdan dilək edəndə eşitdim.
Arzu edirdi ki, Kəlbəcərdə torpağa
qovuşsun, bir də rahat ölüm arzulayırdı. Mənim baba tərəfim də, ana tərəfim də
Məşədi Həsənli, Məşədi Salahlı dinə
inanclı insanlar olublar. Hər ikisi Həccə
getmişdilər. Uca Tanrı ona bu
dünyadan rahat ayrılmağı qismət elədi, o biri
arzusunu isə atam özü ilə torpağa apardı.
"Atamı –anamı əlimdən alıb, məni tək
qoydun dünya”. Ata-ana gedəndən sonra özümü yetim hiss edirəm.
Atam rəhmətə gedəndən sonra kimsəsiz
kimiyəm. Dəmir iradəli, lazım
olduğundan da iki dəfə artıq səbirli insan olsam da,
atasızlığa dözə bilmirəm. Həmişə başladığım
bütün işlərdə, uzaq səfərə
çıxanda atam da, anam da xeyir-dua verərdilər. Onların xeyir-duaları ilə
böyümüşəm. İndi bir iş görəndə,
telefondakı şəkillərinə baxıram.
-
Tanrıyla görüşsəydiniz, ondan nə
soruşardınız? Bir sözünüz
vardımı deməyə, istəməyə? (Bu məqamda
Eldar müəllim xeyli susdu... fikrə getdi, dayandı...)
- Əlbəttə, uca Tanrıyla elə
görüşmək fürsəti qismət olsa, nə
böyük xoşbəxtlik olardı. Birincisi, ondan
rica edərdim ki, atamı- anamı öz doğma
torpaqlarında dəfn etməyi qismət etsin mənə.
Qarşısında diz çöküb xahiş edərdim
Tanrımdan... O torpaqlara getməyi mənə qismət etsə,
diz çöküb o torpağın yandırılmış
külünü, daşını qucaqlayıb üzr istəyərdim
ki, ey TORPAQ, qədrini bilməmişik. Səni
itirəndən sonra anladıq... anladıq ki, Vətənsizlik
ağır dərddir.
- Baxıram ki, Balkanlarda çox yerlər
Kəlbəbəcəri xatırladır... Budamı
ovutmur Sizi?
- Eyniliklər,
bənzərliklər çoxdur. Görüşlərim
zamanı çox insanlara demişəm ki, bunlar məni bir az sakitləşdirir. Hərdən
çıxıb o yerlərə bənzəyən
küçələri, çığırları, meşələri
gəzirəm... Bir də Uca Tanrıyla
ünsiyyətdən dediniz, ona üz tutub deyərdim ki, bu ədalətsizliyə
nə zaman son qoyacaqsan, bu sualı verərdim. Biz ədalətsizliyin qurbanıyıq, Qarabağ
müsibətləri, başımıza gələnlər
hamısı ədalətsəzlikdir. Fərdi
qaydada da, milli mənafe baxımndan da, tale baxımından da ədalətsizlik
çox ağır bir şeydir. Ayrı
bir istəyim yoxdur.
- Bayaq
"Dəmir kimi adamam” dediniz. Gücü nədən
alırsınız?
- Bizim nəsil
uzunömürlü olub. Heç kim
köçməkdən xali deyil, hər kəsin vaxtı,
saatı, dəqiqəsi var. Babam 119, atam 95 il yaşayıb. Dağda təmiz su, təmiz havada böyüyblər.
Sərt, dəmir intizamla bizi əməyə
öyrədiblər, öz zəhmətimizlə
qazanmışıq hər şeyi. Həyat özü də
məni çox burulğanlara salıb, mənim
yaşadığım taleyi, dövrü təhlil edəndə,
tale qarşısında mən də az
imtahan verməmişəm...
-"Sənə bir daş
atar yerindən duran, səni sevdiklərin daş-qalaq eylər?!”
- Hə
elədir... Ədalətsiz yanaşmaların şahidi
olmuşam... Amma bütün bunlarda mən səbrə
söykənmişəm. Hər mənə
daş atanın üzərinə getməmişəm. O
daş mənə dəyibsə də, onun
ağrısına, zərbəsinə tab gətirməyi
bacarmışam. Bəlkə də xoşbəxtliyim
onda olub. Təmkində, səbirdə... İnsanın
həyatı üçün səbr və təmkin çox
vacibdir, səbr Allahdan gəlir. Mən təmkinli
olmasaydım, ya mən daş-qalaq olardım, ya da daş
atan... zaman öz saatını sayır, hesabda mən heç
bir şey itirmədim, Qarabağ torpağından başqa.
- İnsanlarda hansı keyfiyyərti
xoşlamırsınız?
-
Yaltaqlıq, ikiüzlülük, sürüşkənlik, məddahlıq...
Bunlara nifrət edirəm.
- Sizin üçün stəkan
yarıya qədər doludur, yoxsa yarıya qədər
boşdur?
- Bir bədxahların
yanaşması var, bir də xoş niyyətlilərin
yanaşması var... Mən hər şeyi
olduğu kimi görməyə çalışmışam.
Sadəcə niyyət saf olmalıdır, o
baxış, o görmə qəsdli-qərəzli
olmamalıdır. Aida xanım, Allahdan
razıyam ki, mənim düşmənim yoxdur, ermənidən
başqa. Olarsa belə, Tanrıya
yalvarasıyam ki, düşmənin də mərdini göndərsin.
Mərd adamdan qorxmaq lazım deyil, namərddən
qorxmaq lazımdır.
- Bağışlamağı
bacarırsınız?
- İlk
dəfə 61 yaşımda etiraf etməli olacam... Pisliyi
yaxınıma, çevrəmə, qohum-əqrabama yaxın götürüm,
bu pislikləri ürəyimdə illərlə saxlayım...
Yox! Bunu mən bacarmadım! Heç
yaxınıma da buraxmadım. "Keçənə
güzəşt deyərlər” məntiqi ilə
yanaşdım. Yaxşı halları daha
çox dəyərləndirib xatirimdə saxlayıram. Unutmaram yaxşılıqları. Tələbəlik illərimdə kimsə mənə
dayaq olubsa, kimsə bir kitabımı alıb gətiribsə,
kimsə mənim burnumdan axan qanı öz dəsmalı ilə
silibsə, onları heç vaxt unutmaram. Amma
pislikləri heç şüuruma yaxın buraxmıram.
Taleyim elə gətirib ki, mənə ən
çox pislik edən insanın ailə üzvü mənim
tabeçiliyimdə çalışıb. 7 il mənimlə işləyib. Mən
o uşağı oğlum Anar qədər istəyirəm.
Bunu sözlərimdə də, əməlimdə
də sübut etmişəm. Onun
inkişafında da, yüksəlişində də rolum olub.
Gedəndə göz yaşlarını saxlaya
bilmədi. Mən də onu yüksək
qiymətləndirirəm.
-Üzürlü sayın bu suala
görə. Səhv etdiyiniz oldumu?..
- Səhvsiz
işləmək olmur, elə bir ideallıq mümkün
deyil. Səhvlər də olub, səhvlərimdən
nəticə çıxarmağa
çalışmışam, səhvərimdən
utanmışam da. Hətta kimsə görməsə belə,
hiss etməsə belə.. bu
səhvlər, yanlış bir qərar, söz, bəlkə də
əməl olub. Bütün insanlar kimi,
heç birimiz bunlardan xali olmamışıq. Ən önəmlisi odur ki, özün o səhvini
görüb nəticə çıxarmağı və ya
iradı doğru qəbul etməyi bacarasan. Əgər idarəçilikdən söhbət
gedirsə, strateji dövlət qurumlarındakı fəaliyyətdən
söhbət gedirsə, orada zamanın, dövrün, tarixin
mövcud reallıqları əsasında baş verən
proseslər üzrə yanaşmalarda bəzən fərqli və
ya təzadlı bir vəziyyətlə
qarşılaşırsan. Sən öz
iradənlə öz üzərinə düşən vəzifəni
qarşı-qarşıya qoyduğun hallarda vəziyyətin tələb
etdiyi qərarı çıxarırsan. Sən o niyyətdə
deyilsən, ancaq qanun deyir ki, bunu etməlisən... Bu məqamda artıq şəxsi düşüncələrin
- təbiətin, xasiyyətin, şəxsi
görüşün, yanaşma tərzin arxa planda - qanundan
aşağı olmalıdır. Yalnız
bir həqiqət olmalıdır -QANUN ŞAHDIR.
-
Yaşıdlarınız da belə düşünürlər,
kənardan da hər zaman xarizmalı bir insan təsirini
bağışlamısınız. Ən
bahalı kostyumunuz neçəyə olub?
- Səliqəli
olmaq daha vacibdir. Uşaqlıqdan ta bu günə
qədər əsasən səliqəyə fikir vermişəm.
Köhnə paltarın təmiz olsun,
düzgün ütülənsin, bəs edər. Hansısa məşhur markadan olsun və ya bahalı
olsun, belə yanaşma düşük insanların, görməmişlərin
üslubudur. Bircə soyuq olmasın, bircə
geyindiyin paltara görə sənə gülməsinlər.
Qara kostyumunun cırılmış yeri ağ
sapla tikilməsin. Vacib olanı budur. Mən hansı halla dəbdəbədən
danışım. Buna mənim mənəvi
haqqım yoxdur. Mənim torpağım
işğal altınadır. Mən 11
şəhid vermişəm. Mənim nəsil- nəcabətim
yerlə yeksan olub... Ata Vətənim, Ana Vətənim işğal
olunub, məndən soruşun ki, mən son illərdə
gülmüşəmmi? Deyərdim ki, xeyr.
Çünki haqqım yoxdur. O ki qaldı
mən dəbdəbə ilə geyinmək haqqında
düşünüm. Yeri gəlmişkən,
maraqlı bir məqamı açıqlayım. İki il bundan əvvəl Avropada böhran yeni
başlayanda, Belqradda səfirlik üçün kirayə
olunmuş ilk rezidensiyanı təhvil verib onun dəyərinin
tam yarısına ucuz ev tapdırdım. Dünənə
qədər yaşadığım dəbdəbəli
rezidensiyadan könüllü surətdə köçüb
üç otqalı sadə bir evdə rahat yaşayıram.
Və çox xoşbəxtəm ki,
kitablarım da yanımdadır.
-Üç
övladınız var, heç biri vəzifədə deyil.
- Oğlum Anar doktoranturada oxuyur. Çox razıyam. Neyləyir ki, vəzifəni. Qoy zəkaları, qeyrətləri ilə Vətənin daşından seçilməsinlər. Vəzifədə olmağını da istəmirəm, insanın Vətənə xidməti kürsü ilə ölçülmür. Gənc yaşlarımdan rəhbər vəzifədə işləmişəm, ən gənc general, ən gənc rəhbər, milis rəisi, baş prokuror... bunların hamısı olub. Bunlar önəmli deyil. Əsas məsələ odur ki, Vətənin azad, dövlətin müstəqil, xalqın xoşbəxt olsun, qalanları təfərüüatdır...
P.S. Hər cümləsindən vətən
sevgisi, hər baxışından səmimiyyət, hər
fikrindən qətiyyət saçılan həmsöhbətimlə
vaxtın necə keçdiyini belə, hiss etmədim.Eldar
müəllimin vaxtı olsaydı, yəqin ki, söhbətimiz
daha uzun çəkərdi. Və etiraf etməliyəm
ki, söhbətimiz məni həyəcanlandırmışdı.
Eldar müəllimin dedikləri və bəlkə də demək
istəmədikləri mənim üçün bir həqiqəti
bir daha təsdiqlədi. Vətəni sevmək – qandan, candan, qəlbdən-ürəkdən
gələn bir hissdir. Belə müqəddəs hisslərə
sahib olmaq isə böyük xoşbəxtlikdir. Ana yurdu
işğal altında olan Eldar müəllim özünü
xoşbəxt hesab etməsə də...
Ədalət.-2016.-22 noyabr.-S.2.