"ALIN YAZISI"

 

Barəsində söhbət açmaq istədiyim bu kitabın müəllifini, yəni Səttar Pənah Türkeli çoxdan tanıyıram. Yevlax rayonunun Nemətabad kəndində yaşayır. Qəzetimizin daimi oxucularından biridir. Üstəlik, ruhu, özünəməxsus poetik fikri olan söz adamıdı. Dəfələrlə "Ədalət"in səhifələrində onu oxucularımızla görüşdürmüşük. Amma bu dəfə onu başqa bir görkəmdə, başqa bir halda gördüm. Əhvalı da, elə gözlərindəki kədər məni diksindirdi. Hiss etdim ki, Səttar müəllimin həyatında, dünyasında isə baş veribdi. O da bunu gizlədə bilmir... Ona əyləşməyi təklif etdim. Əyləşdi çantasından əl boyda bir kitab çıxardı. Kitabın üz səhifəsində cavan, yaraşıqlı bir oğlan portreti, həyat eşqi dolu gözlər ilə mənə baxırdı. Amma şəkil qara haşiyədə idi. Ürəyimin bir teli qırıldı. Bu şəkilin nəyi ifadə etdiyini başa düşmüşdüm. Söhbətə Səttar müəllim özü başladı:

- Oğlumdu. Vaxtsız əcəl aldı əlimizdən. Çox erkən. Bu gəlimli-gedimli dünyada anasını məni Ramin dərdin əlində qoyub getdi. Kitabı ona həsr etmişəm. Birini sizə gətirdim. Vaxtınız olsa baxarsınız...g

- Mütləq baxacam, - dedim.

O da sağollaşıb getdi...g

Xeyli müddət kitabı əlimə ala bilmədim. Sonra özümü toparlayıb götürdüm kitabı. İçərisindəki şəkillər Raminin həyatının müxtəlif fraqmentlərini əks etdirirdi. Ən dəhşətli şəkil isə Raminin boynuna sarılmış balaca qızcığazla olan şəkli idi. "Alın yazısı" adlanan poema Raminin ömür yoluna həsr olunmuşdu.

bu poemada bir atanın, bir ananın övlada olan məhəbbəti ilə yanaşı, onun itkisindən yaşadıqları acı da söz-söz qabardılmışdı. Özü Səttar müəllim bu poemanı sanki söhbətə çevirmişdi. Onu nəsrləşdirmişdi. Həm yuxu kimi, həm reallıq kimi, həm təəssürat kimi yazılmışdı bu poema. Ona görə Raminin vaxtsız ölümünün detalları ifadə olunan bu poemanı kədərsiz, acısız oxumaq mümkün deyil.

Kitabda həmçinin Səttar müəllimin məhz bu mövzuya həsr olunmuş "dördlüklər"i, eləcə ayrı-ayrı şeirləri yer alıbdı. Ümumiyyətlə, Allaha ünvanlanan müraciətdən tutmuş dualara qədər, yalvarışlara qədər hər şen bu kitabda ürək parçalayır. Amma bir məqam var ki, o da onların Raminə ittihaf edilməsidi. Bu ata duaları, ata ağrı-acısı onun ruhlar aləmindəki qapısını mütləq döyür, mütləq gedib ona çatır. Ona görə ki:

 

Dünyanın gəzməli yerləri çox,

Onları doyunca gəzmədin, oğlu!

Saldın ürəyinə bütün dərdləri,

Bu ağır dərdlərə dözmədin, oğul!

 

bunun ardınca da Səttar müəllim vurğulayır ki:

 

Sənin ölümünə inanmıram mən,

Yox, sən yaşayırsan, sən ölməmisən!

Bizimlə görüşüb, vidalaşmamış,

Heyf ki, dünyanı tez dəyişmisən!

 

Bəli, ata da inanır ki, onun oğlu öz ruhuyla, öz xatirələriylə, öz nişanələriylə onun yanında, onun ürəyində, onun həyatında var, yaşayır yaşayacaqdır.

Mən sadəcə olaraq hörmətli Səttar müəllimə ancaq bunu deyə bilirəm:

- Dözümlü olun bilin ki, ömrünü misralara köçürüb kitablaşdırdığınız Ramin həyatını sizinlə, anasıyla, sevdikləriylə yadigarlarıyla davam etdirir. Ruhu şad olsun!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2016.-22 noyabr.-S.4.