AĞDAMI XATIRLADAN ÜNVAN

 

Hər dəfə adı dilimə gələndə, onunla bağlı günlər yaddaşımda təzələnəndə özümdən asılı olmadan bir ağrılı-acılı durumun qoynuna düşürəm. Elə bil kimsə məni arxadan sərt bir zərbə ilə vurub qaynar qazana atır. Bax, belə bir yaşamın içərisində Ağdamı, Ağdamlı günləri xatırlamaq və o xatirələrlə yaşamaq həqiqətən də çətindi. Amma biz ümidli, inamlı olduğumuzdan bu həsrətin mütləq qələbə ilə başa çatacağına əminik. Bu əminliyin arxasında həm də çox böyük bir güc, yəni Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları durur. Hər birimizin prezidenti olan İlham Heydəroğlu özünün daxilixarici siyasəti ilə bizi hər gün daha da inamlı, daha da ümidli edir.

Söylədiklərimin bariz nümunəsi kimi ölkədə həyata keçirilən böyük iqtisadi layihələrə diqqət yetirmək zənnimcə özü-özlüyündə hər şeyi sərgiləyər. Bu mənada təkcə "Regionların İnkişafına Dair Dövlət Proqramı"nın tarixini xatırlamaq və həmin sərəncamın birinci mərhələdəki böyük çevrəsini göz önünə gətirmək, eləcə də ikinci mərhələni, yəni 2018-ci ilə qədər olan dövrü təsəvvür etmək özü-özlüyündə Azərbaycan adlı məmləkətin iqtisadi qüdrətini, gücünü, xüsusilə onun iqtidarının peşəkarlığını, qətiyyətini açıq şəkildə göstərmiş olar.

Söylədiklərimin əsas qayəsi ölkənin iqtisadi qüdrəti olsa da, mən bunu bilərəkdən, yəni anlayışlı şəkildə bir az kövrək notlarla dilə gətirdim. Çünki həqiqətən torpaq itkisi, ərazimizin 20 faizdən artığının işğal altında qalması bizim iqtisadi gücümüzə də böyük bir zərbədi. Bir anlıq təsəvvür edin ki, əgər biz zorən müharibəyə cəlb olunmasaydıq, torpaqlarımız işğal edilməsəydi, onda ölkənin iqtisadi, siyasi, hərbi gücü indikindən qat-qat çox olardı. Təəssüf ki, işğal bizi müəyyən qədər geri atdı, inkişafımızın sürətinə problem yaratdı. Amma buna baxmayaraq, Ulu öndərimizin rəhbərliyi altında Azərbaycan bir məmləkət, bir xalq olaraq özünü toparladı və bugünkü uğurlara imza atdı. Həmin uğurların sırasında həsrətini yaşadığımız Ağdamın da öz yeri var.

Hər dəfə yolumuz Ağdama, daha doğrusu, bu torpağın bu gün bizim nəzarətimiz altında olan ərazilərinə, xüsusilə Quzanlı qəsəbəsinə duşəndə yeniliklər gözümüzü, könlümüzü oxşamaqla yanaşı, bizi həm də təəccübləndirir. Bircə anlıq adama elə gəlir ki, o qədim Ağdamın, o böyük şəhərin hansısa bir hissəsi olduğu kimi Quzanlıya köçürülüb - abadlığı ilə, dükan-bazarı ilə, səliqə-səhmanı ilə. Bütün bunları isə təbii ki, ağdamlılıar Quzanlıda və bütövlükdə bu bölgədə yaşayan insanlar reallaşdırıb, gerçəkləşdirib.

Bu gün Ağdam rayon İcra Hakimiyyəti və bütövlükdə rayonun dövlət qurumları mütəşəkkil şəkildə düşmənlə üz-üzə dayananbu əraziləri bir an belə tərk etmədən qurub-yaradan insanların istəklərinə dəstək verir, onların problemlərinin çözümündə yüksək fəallıq göstərirlər. Heç də təsadüf deyil ki, ərazidə salınan yeni qəsəbələr, tikilən sosial obyektlər, açılan yerləri, xüsusilə Quzanlıda və digər yaşayış məntəqələrində keçirilən böyük miqyaslı tədbirlər, bayram şənlikləri, toplantılar adamların həm doğma yerlərə bağlılığını, həm də onların sabaha ümidlərini daha da artırır. Heç də təsadüfi deyil ki, bu bölgədə keçirilən idman, musiqi yarışları, eləcə də bölgənin tanınmış ziyalılarının sakinlərlə görüşə gəlməsi, burada dəyərli sənətçilərimizin, alimlərimizin, tanınmış elm adamlarımızın yaradıcılıq gecələrinin keçirilməsi söylədiklərimizə real bir nümunədir.

Təkcə son vaxtlarda Ağdamda musiqimizin canlı korifeyləri - xalq artisti, professor Arif Babayevin, xalq artisti, professor Mənsum İbrahimovun, eləcə də Azərbaycan tibb elmində Adilə Namazovanın yubileylərinin keçirilməsi, idman yarışlarının təşkili bu bölgədə həyatın daha da qaynar, rəngarəng olmasına böyük təkan veribdi. Birmənalı şəkildə hər kəs bu tədbirlərdə yaxından iştirak etməklə yanaşı, həm də özlərində formalaşan böyük inamın gerçəkləşəcəyinə qəlbən bağlanıblar. Təbii ki, Regionların İnkişafına Dair Dövlət Proqramında əsas məsələ kimi qarşıya yeni yerlərinin açılması, sosial obyekitlərin tikilməsi və bir də insanların təkcə maddi güzəranının yaxşılaşması deyil, həm də onların bütövlükdə həyat səviyyəsinin zamanın tələblərinə uyğunlaşdırılmasıdı. Elə bu mənada yanaşanda onda deyə bilərik ki, bu gün Ağdam rayonunda təhsil, səhiyyə, mədəniyyət sahəsinə çox böyük diqqət yetirilib. İstər poliklinika və xəstəxananın, istər kənd xəstəxanalarının, həkim məntəqələrinin normal şəraitinin olması, istər rayon mədəniyyət və turizm şöbəsinin xətti ilə fəaliyyətdə olan mədəniyyət evlərinin, klubların, kitabxanalarının normal işləməsi və burada sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi rayon icra hakimiyyəti başçısı Raqif Məmmədovun və onun komandasının daim diqqət mərkəzindədi. Xüsusilə təhsil sahəsinə həm ölkə səviyyəsində, həm də rayon səviyyəsində mütəmadi nəzarət burada yeni məktəblərin tikilməsi, yararsız məktəblərin yenidən təmiri və bərpası, həmin məktəblərin kompüterləşdirilməsi demək olar ki, birmənalı şəkildə nəzarətdə saxlanılır, hətta rayonun təhsil işçiləri bu məsələ ilə bağlı özlərinin dərs ilinin əvvəlində keçirilən konfranslarında xüsusi söhbət açmış, göstərilən diqqətə görə ölkə rəhbərinə, eləcə də yerli qurumlara öz təşəkkürlərini çatdırmışdılar. Həmsöhbət olduğum müəllimlərdən biri bildirmişdi ki, bu gün Ağdam rayonunda təhsilə çox böyük diqqət göstərilir. Ona görə də həm müəllimlərin atestasiyası, həm onların dərs yüklərinin bölünməsi, həm nizam-intizam demək olar ki, diqqətçəkən səviyyədə müsbətə doğru dəyişibdi. Xüsusilə məktəblilər arasında keçirilən müxtəlif fənlər üzrə olimpiadaların, yarışların bu işdə çox böyük rolu var. Həm də keçirilən bilik yarışlarında şagirdlərin ölkədə aparılan uğurlu siyasətə, tariximizə münasibət də bir növü ortaya çıxır, mənimsənir. Həmin müsabiqələrdə, yəni Ulu öndərimizlə bağlı, şəhidlərimizlə bağlı, tariximizlə bağlı mövzuları ürəklə, həm də öz ümidli münasibətlərilə ifadə edən məktəblilərin göstərdikləri nəticələr təhsilə olan diqqətin bariz bir nümunəsdir.

 

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2016.-6 sentyabr.-S.3.