Əvəz Lələdağ
Əvəz Lələdağ... Hər dəfə yolum Sumqayıta düşəndə, bir ədəbi tədbirə qatılanda saçları dümağ, amma səsi, oxuduğu şeiri yaşından cavan ixtiyar bir kişinin çıxışını dinləyir, heyranlıqla ona qulaq asırdım. İştirak etdiyim toy məclislərində də bəzən evlənən cavanlara xeyir-dua vermək üçün Əvəz Lələdağa söz verirdilər. Amma ilk dəfə onu İsmayıllının uca dağlar qoynunda yerləşən İstisu kəndində görmüşdüm. Orda, bir ad günündə məclisi idarə edirdi. Sinəsi söz xəzinəsiydi Əvəz müəllimin. Ələsgərri əzbər bilirdi.
Sonralar onunla tanış oldum, bir şeir kitabını da mənə bağışladı. İstərdim ki, əsas mətləbə keçməmişdən öncə, onun kimliyini sizə tanıdım. Əvəz Lələdağ düz 81 il əvvəl, bax bu sentyabr ayında Qərbi Azərbaycanın Sisyan rayonunun Ağdü kəndində dünyaya göz açıb. Bakıda Xarici Dillər İnstitutunu (alman dili fakültəsini) bitirib, on dörd il kəndlərində müəllim və məktəb direktoru vəzifəsində çalışıb. 1972-ci ildən Sumqayıta köçüb. Yenə müəllimlik fəaliyyətini davam etdirib. Sumqayıt şəhər Ziyalılar Cəmiyyətinin sədri seçilib. İndi təqaüddədir. Amma Sumqayıt ədəbi mühitini onsuz təsəvvür eləmək mümkün deyil. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Altmış ildir ki, şeir yazır. Şeir kitablarının sayı iyirmiyə yaxındır.
Əvəz Lələdağ ustad Ələsgərin-aşıq sənətinin korifeyi saydığımız o böyük şairin XX əsrdə mənəvi varislərindən biridir. Özü bunu etiraf eləsə də, eləməsə də, araya-ərsəyə gətirdiyi qoşmalar, cəraylılar Ələsgərin nəfəsini hiss etdirir. Amma Əvəz Lələdağ təqlidçi deyil, ustadlardan təsirlənsə də, öz sözünü, öz ləfzini yaradır.
Doğma kəndlərindən ayrılıb Sumqayıta gələndə yazdığı şeirlərin əksəriyyəti həsrət qoxuyurdu. O gözəl dağları, təbiətin əsrarəngiz gözəlliklərini qoyub bir kimya şəhərinə gələsən, necə ola darıxmayasan?
Qardaş, o yerlərin gül-çiçəyindən
Mənə şehli-şehli dəstələ, göndər.
Arzu bulağının zümzüməsiylə,
Quşların səsiylə bəstələ, göndəır.
Bənövşə boynunu çöldə buranda,
Lalələr, nərgizlər məclis quranda,
Çıx Haçagədiyə alatoranda,
Sən vaxtı, vədəni üstələ göndər.
İllər keçdi. Əvəz Lələdağ kimyaçı şəhərin havasına və ovqatına alışdı, amma o dağların həsrəti korun-korun tüstüləndi sinəsində. Qərbi Azərbaycanda məlum hadisələr baş verəndə isə bu həsrətin rəngi, çaları dəyişdi. Yəni bir az da qatılaşdı. Əvəz Lələdağ üzünü buluda tutub dedi:
Ay bulud, ay bulud, bir az nəfəs dər,
Söylə Arxalıdan mənə bir xəbər.
Muştuluq verərəm istəyin
qədər,
Desən ki, o dağdan keçib gəlirsən.
Söylə yerindəmi o Sandıqqala,
Deyirlər Qoçdaşı atıblar
çaya.
Savalan eşidib gəlməyib haya,
Sən də qəm əlindən qaçıb gəlirsən.
Əvəz Lələdağ qoşma,
gəraylı şairidir. Bu qoşma və gəraylılar sadə, aydın, səlis dil incəliyini əks etdirir. Misralarında kələkötür, nahamar sözlərə, ifadələrə nadir hallarda
rast gəlirsən.
Görünür, xalq poeziyasının
təsirindəndir bu. Şeirlərinin
mövzusu da rəngarəngdir. Amma ən
çox dağlardan yazır. Mən deyərdim, dağlar
onun şeirlərinin baş qəhrəmanıdır.
Ustad Ələsgərin telli sazıdır,
Məni bu yerlərə gətirən dağlar.
Bu loğman havadı, bu sərin sudu,
Üstümdən dərd-qəmi götürən
dağlar.
Qəlbimi göynədir intizar
közü,
Dilimdən düşməyir el-oba sözü.
Gəzdim
Əyriqarı, gördüm
Ağdüzü,
Bağrıqan lalələr bitirən dağlar.
Ya qismət, bu yerə bir də
gələm mən,
Çeşmələr başında deyib-güləm
mən.
İstərəm qoynunda qalıb
öləm mən,
Əvəzi arzuya yetirin, dağlar.
Əvəz Lələdağı el şairi
də adlandırmaq olar. Onun qoşma və gəraylıları
məhz eli,
obanı yaxşı tanıyan, xalqın adət-ənənələrinə, məişətinə, folkloruna
yaxşı bələd
olan, cavanlara dəyərli nəsihətlər,
məsləhətlər verən
bir şairin arzularını ifadə edir. Elə bil, bu şeirlər Əvəzin
yox, xalqın, el-obanın dilindən səslənir. Həyatımızda, məmləkətimizdə baş
verən hadisələr,
milli-mənəvi dəyərlərimizə
hörmət, ata-anaya
ibadət etmək, pis adətlərə üz çevirmək... bax, budur el şairinin-Əvəz
Lələdağın dedikləri.
O, "Vətən sarayında
çatmasa bir daş, Əvəz ürəyini qoyasan gərək" deyir, fərsiz övladlardan şikayətlənir: "Ağır
dərddir, övlad sənə yad olsun". Həyatdakı əyri-əksikliklər, mənfi
hallar şeirlərində
tez-tez hallanır:
"Gərdiş qul eyləyib haqqı nahaqqa, Min əngəl törədir, gündə
min hoqqa", yaxud:
"Naşılar əlində
qalıbdı söz də, Qanqallar boy atır laləli düzdə. Qurunun oduna yanır
Əvəz də, Mən dərdimi kimə deyim, ay lələ".
Şeirlərində ənənəvi mövzular
olsa da, onlara öz nəfəsini qata bilir. Məsələn, "Bülbül" gəraylısında
olduğu kimi:
Səhərin gülşən çağında,
Gəl sızlama
belə, bülbül.
Üstümüzə dərd ulayıb,
Bir az gözlə
hələ, bülbül.
İstədiyim çağ gəlmədi,
Qara günüm ağ
gəlmədi,
Səndən də soraq gəlmədi,
Sar yetişdi gülə, bülbül.
Bu, gərdişin öz dərdidi,
Sənin
arzın yaz dərdidi,
Əvəzinki saz dərdidi,
Yanıb döndüm külə, bülbül.
Əvəz Lələdağ qoşmanın
ən çətin, əsl məharət tələb edən təcnis növünə
də müraciət edir. Mümkün qədər
cinas ustalığı
nümayiş etdirməyə
çalışır və
buna nail
olur.
Ürəkdə tığlanar dərd
qalaq-qalaq,
Demirəm əbədi dünyada qalaq.
Naşı əlləriylə sökülsə
qalaq,
Kasıb qurban dərdə sərini.
Asta-asta
gedib çıxdıq
biz yala,
A köhlənim, sən də bir az duz yala!
Qara köpək tamarzıdır
düz yala,
Yazaq bu gərdişin dərd əsərini.
Bugünkü süddaşın qatıdır,
qatı,
Hələ də açılmır
süfrənin qatı,
Tikməyə yaxşıdır sapın
bir qatı,
Artırma Əvəzin dərdi-sərini.
Elə güman edirəm ki, oxucularımız Sumqayıtda yaşayan bu ixtiyar şairin
yaradıcılığı ilə maraqlanacaq, şeir kitabları ilə tanış
olacaqlar. Mənim bu kiçik
yazıda deyə bilmədikdərimi onlar söyləyəcək. 81
yaşını keçmiş
bu el şairinə 100
illik ömür arzulayıram.
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət.-2016.-6
sentyabr.-S.4.