ƏZAN VƏ
NAMAZ HANSI DİLDƏ İCRA EDİLMƏLİDİR?
Müsəlmanlar namaz qılarkən Qurani-Kərimin bəzi parçalarını oxumaqda
mükəlləfdirlər. Həzrət Peyğəmbər zamanından
başlayan bu üsul dil və
bölgədən asılı
olmayaraq, bu gün də qüvvədədir. Lakin bəndənin
anladığı dildə
Rəbbə qulluq etməsi daha təbii və anlamlı olduğundan bəzi çağdaş
yazarlarımız əzan
və namazın da ana dilimizdə
icra edilməsini tövsiyə edirlər.
İslam
tarixi dəfələrlə
sübut edib ki, belə cəhdlər
həm ənənəvilik,
həm də müasirlik baxımından
qüsurludur. Belə
ki, hənifəlik məzhəbinin qurucusu Əbu Hənifə
(699-767) namazda Quran surə
və ayələrin tərcüməsinin oxunmasını
caiz hesab etmişdirsə, az
sonra o, verdiyi fətvanı ləğv edib düzgün qərar vermədiyini etiraf etdi. 1932-ci
ildə Türkiyə
dövləti namaza çağırış olan
əzanın ərəbcə
oxunmasına qadağa
qoydu. Lakin qəlblərə yatmayan,
qulaqlara girməyən
türk dilindəki əzanın da ömrü az
oldu. Belə ki, o, 1950-ci ildən
yenidən ərəb
dilində icra edilir. Göründüyü
kimi, əzan və Rəbbin imandan sonra ən
mühüm əmri, dinin dirəyi, müsəlmanlığın təməl
daşı, möminin
meracı olan namazın Azərbaycan dilində icra edilməsini təbliğ edən bəzi yazılar İslam ənənəsi və
Quran hikmətinə söykənmədiyi
üçün onları
da həmin aqibət gözləyir. Tarixən yaşama haqqı olmayan bu bidətçilik
meylini aşağıdakı
arqumentlər də inkar edir.
1. Fərdi namaz baxımından. Möminin namaz xaricində
ana dilində dua etməsi yasaq deyil. Bu, fərdi məsələ
kimi qulun Xaliqi ilə vasitəsiz münasibətidir.
Namaz isə kollektiv, ümumi ibadət olduğu üçün
burada digər möminlərin də mənafeyi qorunmalıdır.
"Fətihasız namaz qəbul olunmaz" - Peyğəmbər
(ə) kəlamına görə,
namazda Fətiha surəsinin oxunması məcburidir. Bu surənin
"İyyəkə nəbudu"
(biz ancaq Sənə ibadət edirik) və sonrakı ayələrini oxuyan bəndə fərdi namaz qılmasına baxmayaraq, o, Allah kəlamı
olan "Biz" sözünü
deməklə müxtəlif
dillərdə danışan,
fəqət müştərək
bir ibadət dili ilə təşkilatlanmış
islam cəmiyyəti
- 1.5 milyard müsəlman
adından çıxış
edir. Bəndənin Kəbəyə yönəlib Quran dilində
ibadət etməsi dil, irq və
rəng fərqlərini
də aradan götürür. Bu isə müsəlmanlar arasında anlaşma, tam sevgi və qardaşlığın
bərqərarına vəsilədir.
2. Peyğəmbər (ə)-nin qıldırdığı
camaat və Quran ilə təsbit olunan cümə namazları baxımından.
İslam
hər hansı bir bölgə, irq və xalqın
dini olsaydı, şübhəsiz ki, o da iudaizm və
xristianlıq kimi məlum ərazi, xalq və onun
dilinə məxsus olardı. Quran və
Məhəmməd (ə) bütün
bəşəriyyətə göndərildiyi üçün
cümə və cəmaat namazlarında imama (namaza rəhbərlik
edənə)uyan
möminlərin də
müxtəlif dilli müsəlmanlar olması
təbiidir. Elə isə imam namazı
hansı dildə qıldırmalıdır ki,
məsciddəki müxtəlif
dilli möminlər onu başa düşsünlər?
Digər
tərəfdən, bu
növ namazlarda müxtəlif dilli möminlərin salamlaşması,
təkbir, təhmid, təhlil və təsbihləri onlara məxsus dillərdə icra edilərsə, o zaman namazın ruhu və məsciddəki
cəmiyyətin ahəngi
pozulmazmı? Məsələn:
müxtəlif səbəblərdən
Azərbaycanda olan çeçen, əfqan, ləzgi, avar, özbək, tatar, ərəblə birlikdə,
İslamı qəbul
etmiş rus, fransız, alman və ingilisin azərbaycanlının da
iştirak etdiyi cəmaat və fərz namazları hansı dildə qıldırılmalıdır ki, məsciddəki möminlərin hamısı
ibadətlərindən pazı
qalsınlar? Bəs
3-4 milyon möminin ortaq dəyərləri olsun deyə, hər il
dünyanın müxtəlif
ölkələrindən müxtəlif
dilli müsəlmanların
Məkkədə salamlaşması,
Quran ilə təsbit olunan əzan və namazlar, Allahu-Əkbər nidaları
hansı dildə aparılmalıdır? Xaos
yaranmasın deyə, sözsüz ki, Quranın nazil olduğu dildə!
3. Əzanın qeyri müsəlman ölkələrində
ilahi bir vasitə kimi Quran dilində səslənməsinin
vacibliyindən biri də, orada səfərdə olan müsəlmanlara mənəvi
arxa olmaq və onların dünyəvi çətinliklərini
dəf edilməsi üçündür. Qeyri-müsəlman ölkəsində səfərdə
olan müsəlman, əzan səsini eşidib bilir ki, hansı məhəllədə müsəlmanlar
yaşayır və imdad-ibadət üçün
oraya gedir.
4. Namazların tərkibinə
vacib element kimi daxil olan Fətiha
surəsindəki Rahmən,
Rahim, Əlhamdu, Rabb, ruki və
səcdədəki Subhanəlləh
və digər kəlamların heç bir dildə tam ekvivalent tərcüməsi
olmadığı üçün,
bu ibadətlər Rəbbin nazil etdiyi dildə aparılmalıdır.
5. Quran və ondan əvvəlki
səmavi kitabların
əsas pinsiplərini
özündə ehtiva
edən və namazda oxunan Fətiha surəsi Quran adlanan sonsuz ilahi simfoniyanın tərkib hissəsidir.
"Quranı səslərinizlə
bəzəyin", - buyurub
Peyğəmbər (ə). Quran
hüznlə endi.
O, hüznlü səs
və qırıq bir qəlblə də oxunmalıdır. Zira gözəl əda, dadlı bir səda, dəqiq təcvid və xalis niyyətlə oxunan Quran ayələrinin
müqəddəs harmoniyasını
heç bir dillə əvəz etmək mümkün deyil.
6. Əzan və namazların ana dilində (qeyri ərəb) aparılması
ibadətin ruhundan və vəhyin bərəkətindən məhrum
olmaq deyilmi? Peyğəmbər (ə) dövründə və sonralar bütpərəstlər, yəhudi
və xristianlar İslamı qəbul edərkən namazı öz dillərində qılmalarını bir şərt kimi irəli sürüblərmi?
Əlbəttə yox!
Dünya
elminə, mədəniyyət
və idmanına əvəzsiz töhvələr
verənlərdən xristianlıqdan
imtina edənlər İslamı qəbul edəndən sonra namazlarını ana dilindəmi qılırlar?
Xeyr, yalnız Quran dilində!.
7. Təqdirəlayiq bir haldır ki, müntəzəm namaz qılan möminlərin əksəriyyəti ərəb
dilini bilməsələr
də, onların çoxu həm əzan, iqamə və namaza daxil olan qüdsü
kəlamların, həm
də namazda oxunması vacib olan qısa surələrin məna və mahiyyətini kifayət qədər bilirlər. Məscid və əza
məclislərimizdə mütəmadi
olaraq istifadə olunan bu sözləri
nəinki namaz qılanlar, hətta ölkəmizdəki bütün
müsəlmanlar bilir.
Bir sözlə, əgər niyyət, istək, əzm və iradə varsa, şübhəsiz ki, dil problem yaratmaz.
Əzan və namazın orijinaldakı ifadələri
müqəddəs xatirələri
yadımıza salır. Beşikdəki körpədən cəbhədəki
qaziyə qədər
bütün müsəlmanların
qulaq və qəlbləri bu ülvi kəlamlara möhtacdır. Nəcib
millətimizi bu tarixi ilahi səs
və xatirələrdən
məhrum etməyə
çağırış olan əzan və namazı azərbaycan dilində icra etmək, ən azı bəşəriyyətin iftixar
abidəsi olan Peyğəmbər (ə)-nin
müqəddəs ruhunu
məyus etmək, İslama məxsus üsul, ədəb və dil ilə
namaz qılan milyonlarla möminin ibadət və dua haqqına kölgə salmaqdır. Allah kəlamlarının başqa dillərə olan tərcümələrinə
Quran deyilmədiyi kimi,
nazil olan dildə icra edilməyən əzan və namaza da, bəndənin meracı deyilməz.
Dili də, dilin daşıyıcısını
da yaradan O-dur. Ona hansı dildə
müraciət, dua edilərsə, o, duaları
eşidir, lazım bilsə onları qəbul edir. Həmin səbəbdən yas və digər dini mərasimlərdə
parallel olaraq orijinal və tərcümələrdən
istifadə edilməlidir.
Bu üsul maarifləndirmə
baxımından daha məqbuldur. Lakin təşkilatlanmış
bir cəmiyyət statusunu daşıyan İslamda namaz, əzan, iqamə ümumi ünsiyyət vasitəsi olan Quran-nazil olan dildə
icra edilməlidir.
Vaqif Cəliloğlu,
tex.e.üzrə fəlsəfə doktoru
Ədalət.-2016.-6
sentyabr.-S.4.