Şairlər "yaxşı"
şeirlər yazmırlar
Adalet.az Herman Hessenin
"Şeirlər haqqında”
essesini təqdim edir:
Mənim on yaşım var idi. Məktəbdə oxu dərsində
bir şeir keçmişdik. Deyəsən, adı belə idi - "Şpekbaxerin oğlu". Şeir müharibə
vaxtı giliz toplayan bir balaca
qəhrəman oğlan
haqqında idi. Biz heyran olmuşduq.
Səsində qəribə istehza
olan müəllim bizdən şeir haqqında rəy soruşanda bəyəndiyimizi
söylədik. O isə
gülümsəyərək başını yellədib
dedi: "Xeyr, uşaqlar, bu pis və zəif
şeirdi". Müəllimimiz haqlı idi. Şeir bizim dövrün zövqünə və ədəbiyyatına görə
yaxşı deyildi, saxta, mənasız və maraqsız idi. Lakin bütün bunlara
baxmayaraq bizi heyran etmişdi.
On ildən sonra,
artıq iyirmi bir yaşım olanda mən elə ilk oxunuşdanca düşünmədən bu
şeirin yaxşı
və ya pis olduğunu duya bildim. Bundan ötrü
bir neçə sətrə göz gəzdirmək yetərli idi.
O vaxtdan daha bir
neçə on illiklər
keçib. Oxuduğum şeirlərin sayı-hesabı
yoxdur. Lakin yenə də
şeirə düzgün
qiymət verə biləcəyimə əmin
deyiləm. Müəlliflər mənə tez-tez şeirlərlə müraciət
edirlər. Onlar adətən
şeir haqqında rəy almaq və naşir tapmaq arzusunda olan gənclər olur. Və həmin o gənclər
səriştəli sandıqları
yaşlı həmkarların
əslində, təcrübəsiz
olduğunu, əlyazmalarını
tərəddüd içində
səhifələdiyini görəndə
pərişan olurlar.
İyirmi yaşındaykən iki dəqiqəyə edə biləcəyim işi indi etməyə
çətinlik çəkirəm.
Hətta
bu mənə mümkünsüz görünür.
Gənc çağlarımda düşünürdüm
ki, "təcrübə"
özü-özünə yaranır. Lakin bu heç də belə deyil. Təcrübə baxımından istedadlı
insanlar var. Bu istedad onlarda məktəb yaşlarından, hətta
ana bətnindən yaranıb. Lakin başqaları da var. Onlar "təcrübənin"
nə olduğunu anlamadan altmış il, yüz
il ömür sürə bilərlər.
Mən də belələrindənəm.
İyirmi yaşındaykən mənim
şeir haqqındakı
rəylərim müəyyən
şeirlərə və
şairlərə olan
sevgimə əsaslanırdı. O sevgi elə böyük idi ki, demək
olar hər bir kitabı, hər bir şeiri
məhz onlarla müqayisə edirdim. Əgər onlar arasında uyğunluq, oxşarlıq
olurdusa, deməli yaxşıydı, yoxuydusa
heç nəyə yaramırdı.
İndi də mənim xüsusilə rəğbət
bəslədiyim, sevdiyim
şairlər var. Onlardan
bəziləri elə
əvvəllərdən xoşuma
gələnlərdir. Bu gün isə o şairlərdən hər
hansı birini xatırladan şeirləri
dinləyəndə, artıq
onlara şübhə
ilə yanaşıram.
Şairlərdən və şeirlərdən danışmayacağam. Mən ancaq öz müəllifindən başqa hamının orta səviyyəli, zəif, mənasız, kasad hesab etdiyi "pis" şeirlərdən söhbət açacağam. Yaşadığım illər boyunca bu cür şeirlərdən xeyli oxumuşam. Əvvəllər mən onların pis olduğunu və niyə görə pis olduğunu yaxşı bilirdim. Bu gün isə mən buna çox da əmin deyiləm. Birdən birə istənilən adətkarlıq kimi bu əminlik və biliyimə də şübhə ilə yanaşmağa başladım. Nədənsə mənə quru, darıxdırıcı, yad və zərərli göründü. Nəhayət, əhəmiyyətini itirmiş, köhnəlmiş, artıq keçmişdə qalmış, dəyərini bilmədiyim bir şeyə çevrildi.
Bəzən indi elə olur ki, "pis" şeirlərə xeyir-dua verərək, tərifləmək istəyirəm, yaxşı şeirlərisə, əksinə, tərifləməyə tərəddüd edirəm.
Eynilə həmin hissləri bəzən professora, məmura və ya hər hansı bir dəliyə qarşı hiss edirik. Axı biz cənab məmurun gözəl insan, cəmiyyətçün faydalı bir vətəndaş olduğuna, dəlininsə yazıq, çarəsiz, xəstə, hamını ona yazığı gəldiyinə və onu tam normal hesab etmədiyinə əminik. Lakin bəzən bir professorla və ya dəliylə söhbətləşəndən sonra, həqiqətin tam əksinə olduğunu görürük. Dəli dediyimiz adam sakit, özünə əmin, xoşbəxt, Allahın sevimlisi, özünəməxsus xarakterli, inamlı bir adam, professor isə aşağı səviyyəli, simasız, marionet biri olur.
Bax elə eyniylə bu cür hissləri bəzən mən pis şeirləri oxuyanda duyuram. Onlar birdən-birə gözümə heç də pis görünməyib xüsusi bir ətrə, özünəməxsusluğa, uşaq həssaslığına malik olur. Məlum həmin o zəif nöqtələri, çatışmazlıqları orijinal, xoş, gözəl görür, sevimli və gözəl şeirlərlə müqayisə zamanı isə onları rəngsiz, solğun və şablon kimi qəbul edirəm.
Ekspressionizmin araya gəlməsi ilə biz buna bənzər halları bəzi gənc şairlərin də yaradıcılığında müşahidə edirik. Həmin şairlər daha qəsdən "yaxşı" şeirlər yazmırlar. Onlar kifayət qədər gözəl şeirlərin olduğunu düşünürlər. Bu dünyada öz-özünə doğulduğunu zənn edib gözəl şeirlər qatarına bənd olaraq çox-çox əvvəllərdən başlamış "kim kimi üstələyəcək" oyununa qoşulmurlar. Yəqin ki, onlar tamamilə haqlıdırlar. Bəzən onların şeirləri də elə o cür təsirli səslənir.
Məsələnin nə yerdə olduğu bəllidir. Şeirin dünyaya gəlişinin məğzi birmənalıdır. O bir çağırış, hayqırtı, nəfəs, işarə, həyəcan dolu ürəyin reaksiyası, emosiyasıdır. Heç bir şeir bu başlıca, ilkin və ən vacib funksiyalara görə dəyərləndirilmir. Hər şeydən öncə o, şairin özünə müraciətdir - onun nəfəsi, səsi, xəyalı, təbəssümüdür. Kim gecə yuxularının estetik dəyərini, əl-qol hərəkətlərinin məqsədini, mimikaları və hərəkətləri mühakimə edər ki?! Ayaq və ya əl barmağını ağzına salıb sovuran körpə də qələminin başlığını gəmirən müəllif kimi, quyruğunu açan tovuzquşu kimi düzgün və ağıllı hərəkət edir. Onlardan heç biri bir-birinə nisbətən daha yaxşı və ya daha haqlı deyillər.
Bəzən müəllifə rahatlıq və yüngüllük gətirən hər hansı bir şeir bir başqasını sevindirə, həyəcanlandıra, kövrəldə bilər. Və bu bəzən gözəl olur. Bu, şeirdə hamıya aid nəsə olanda, hamının taleyində ola biləcək şeylər olanda mümkün olur. Lakin bunun da hər zaman mütləq belə olması vacib şərt deyil.
Məhz elə burda problemli dövri hərəkət başlayır. "Gözəl" şeirlər şairləri publikanın sevimlisi edir. Buna görə də şeirin yenidən zülməti başlayır - yaranışdan əvvəlki müqəddəs funksiyalarını unudaraq, hamısı ancaq gözəl olmaq istəyir. Bu cür şeirlər dinləyicilər üçün, oxucular üçün yaranır. Onlar nə şirin xəyal, nə rəqs hərəkəti, nə ruhun fəryadı, nə yaşananlara reaksiya, nə qarabasmalar, nə ovsun, cadu deyildir. Onlar publikadan ötrü uydurulmuş, əldə qayrılmış məmulat, fabrik məhsulu, konfetdirlər ki, yaymaq, satmaq üçün istehsal olunublar. Həmin məmulatlar alıcıları şənləndirmək, ruh yüksəkliyi vermək və ya əyləndirməkdən ötrü istifadəyə verilmişdir. Məhz onlar müvəffəqiyyət qazana bilir. Bu cür şeirdə ciddilik və sevgiylə yüklənmək lazım gəlmir. Onlar adamı incitmir, kədərləndirmir, əksinə şad və rahatlıq içində öz gözəl və sakit dalğalarında yelləndirirlər.
Bu "gözəl" şeirlər bəzən çərçivə boyunca qaydaya salınmış, uyğunlaşdırılmış əşyalar, professorlar və məmurlar kimi müəmmalı və xoşagəlməz ola bilirlər. O zaman ki, düzgün, ədalətli dünyadan bezib fənərləri sındırmaq, məbədləri yandırmaq istəyirsən, bütün "gözəl" şeirlər senzuraya məruz qalmış, kəsilmiş həddindən artıq münasib, əhliləşdirilmiş, ədəbli kimi görünür insana. Onda pis şeirlərə müraciət edirsən. Şeirlərin içində heç bir dənəsi də olsun pis olmur.
Lakin burada bizi məyusluq gözləyir. Pis şeirlərdən alınan zövq çox qısamüddətlidir.
Onlar tez bezdirir. Bəs bu şeirləri oxumaq nəyə lazımdır ki? Olmaz ki hər bir
kəs özü bu cür pis
şeir yazsın?
Girişin bu işə! Və görəcəksiniz ki, pis şeir
yazmaq insana ən gözəl şeir oxumaqdan belə çox zövq verir.