“Yuxularımda gələcək yoxdur

 

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

Adalet.az yeni rubrikanı təqdim edir. Rubrikamızın adı "Yuxu qapısı”dır. İlk qonağımız APA Holdinqin prezidenti Vüsalə Mahirqızıdır.

Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

Sizə deyim ki, inamım olan bir şey deyil yuxu. Mütəmadi yuxu görən insan deyiləm. Olub ki, bəzi məqamlarda məsələn kimlərisə yuxuda görmüşəm, uzun müddət heç görmədiyim adamları, xüsusən yaxın adamları, ailə üzvlərini... Rayonda, xaricdə yaşayan kimisə yuxuda görmüşəm və səhər-səhər doğurdanda onunla bağlı narahat xəbərlər almışam və yaxud da müsbət xəbər almışam. Ummadığım adam da yuxuma girib. Özüm də təəccüblənmişəm ki, bu adamın yuxumdaişi var?!

Yuxuya xüsusi bir inamım yoxdur. Bəzən kiminsə haqqında düşünürsən, bəzən bir problem səni narahat edir yatanda da beyində qalır, insan da onu xatırlayır. Yadına düşür, yorğun vaxtlarda insan beyninin gərgin olduğu vaxtlarda bir film kimi görürsən yuxunu.

Mən tez-tez yuxularımda kəndimizi görürəm. Yuxuda universitet vaxtlarına qayıdıram. Ola bilər, nostalgiyadır. Beyin yaddaşında oturuşmuş, hopmuş şeylərlə doludur. Bioloji bir prosesdir yuxu.

 

Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

İnsanlar var ki, yuxuya görə həyatlarını qururlar. Bəli, var elə insanlar. Mən folklorşünasam. Bizim inanclarımız var yuxuyla bağlı. Məsələn, gördüyün yuxunu suya danışmalısan. Yuxuda gördüyünü işığa nağıl eləməlisən. Bəzi dini inanclar var ki, yuxuda zərərli bir şey görmüsənsə onunla bağlı nəzir verməlisən. Mən qəti şəkildə o cür hərəkət etmirəm həyat tərzimə yaxın qoymuram. Söhbət yuxu ilə bağlı getmir, ümumiyyətlə. Folklorda ona sınamalar deyilir. Sınamaları həyatıma yaxın qoymuram. O cümlədən yuxu ilə bağlı, yəni həyatımı onun üstünə qurum, bilim bu gün pis bir şey görmüşəm yuxuda yola çıxmayım və.s. Belə şeylər uzaqdı mənə. Təəssüf reallıq bundan ibarətdir ki, insanlar var həyatlarını bununla qururlar.

Yuxudan sonra onun yozmaları haqda baş sındırırsınız?

Yox, elə bir şey olmayıb. Ancaq bir yuxu həmişə yadımdadır. Babamı yuxumda görmüşdüm. Babam o vaxtlar ağır xəstə idi. Yuxuda gördüm ki, babamın ağzında dişi sındı, töküldü qanadı. Həmin günün axşamsı da babamın ölüm xəbəri gəldi. Bu yuxu hər vaxt yaddaşımdadır. Folklorşünas olduğumdan yuxu haqqında oxumuşam, yuxu yozmalarının olduğunu bilirəm. Yuxu yozmalarla bağlı müxtəlif inanclar var, məsələn yuxuda qızıl görmək səs deməkdir. Yuxunun sınamaları var və.s. Ancaq mən heç birini tətbiq eləməmişəm. Yəni inanmıram o cür şeylərə.

Gördüyünüz yuxular çin olurmu yoxsa əksinə?

Dediyim kimi, bir neçə dəfə olub ki, kimlərisə görmüşəm, heç gözləmədiyim anda yuxudakı adam bizə gəlib. Olub belə hallar. Adətən mənim yuxuma babam gəlir. Babamla aramızda ilahi bir sevgi vardı. Həm babamın böyük nəvəsi mən idim. Bütün yaxşı əməllərimdən, uğurlarımdan sonra babam həmişə mənim yuxuma gəlir.

Babamın yuxumda ağzı qanlı olması yuxumun çin olması ilə bağlı deyil. Bilirdik ki, ağır xəstədir. Sadəcə yuxu bu günə qədər yadımdadır. Ümumiyyətlə, yuxularımı xatırlamıram, səhərlər duranda sənə yadıma düşür, sonra unuduram. Ancaq babamı gördüyüm yuxunu detallarına qədər xatırlayıram.

Həyatınızda gördüyünüz ən yadda qalan yuxu ən gözəl yuxu hansılardır?

Epizodik olaraq kəndimizdə, evimizdə olduğumu görürəm.

Çox uzaqdadır kəndiniz?

Yox Ucar rayonudur, elə uzaqda deyil. Gedib-gəlirəm. Ancaq kənddə olduğumu görürəm yuxularımda. Uşaqlığımı görürəm. Tez-tez xatırlayıram. Ailəmizi, evdə ailə mühitində oluruq, uşaqlıqdan, keçmişdən danışırıq. Bacılarımla, atamla, anamla danışdığımızı görürəm. Bu mənim üçün yaxşı şeydir. Ancaq xüsusi olaraq həyatımı dəyişən bir yuxu görməmişəm.

Yuxu az görürsünüz deyəsən...

Bəlkədə görürəm, xatırlamıram. (gülür) Yuxu ilə aram yaxşı deyil. Yəni çox yatmağı sevən adam deyiləm. Yatanda da o deyirlər e, daş kimi yatdın, bax mən elə biri deyiləm. Narahat yatıram. Ancaq yuxuları xatırlamıram. Hər gün olmasa da yuxularda nələrsə görürəm. Beyin yatmır, film kimi keçir. Beynimin yatdığı vaxtlar isə tam olmur yuxularım. Yenə deyirəm hesab edirəm, bu bioloji bir prosesdir. Sinir sisteminin narahatlığı, gərginliyi ilə bağlıdır.

Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

Bəli, görürəm, mən o 12 faizə aidəm. (gülür) Mən o qrupa aidəm, ancaq xatırlamıram. (gülür) Kəndlə bağlıdı ağ-qara filmim, yuxularım. Mən sizə deyim ki, bəzi adamlar var, keçmişi bütün kabusdu, ancaq mən keçmişimi xoş, nostalji olaraq görürəm. Qorxulu yuxular görmürəm. İndiyə kimi də görməmişəm. Bir yuxu istisnadı ki, o da dediyim babamla bağlı yuxu. Yuxularımda müsbət şeylər görürəm. Kənddəki evimizdə balaca uşaq görmüşəm beşikdə.

Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

Dediyim kimi, babamı. Qalan yaxınlarımı hamsını bir yerdə dediyim kimi kəndimizdəki evdə, ailə mühitində görürəm.

Niyə ən yaxınlarınızı, yəni atanızı, ananızı deyil, babanızı daha çox yuxuda görürsünüz?

Təkrar edirəm: mən onun böyük nəvəsi olmuşam. Bizim aramızda izah edə bilməyəcəyim bir bağlılıq vardı. Onun üçün də mən elə idim. Babamla bir evdə, bir həyətdə böyümüşəm. Babam oxumağa aşiq olan tanınmış riyaziyyat müəllimi idi. Mən onun oxuma sevgisinə həssasla yanaşırdım. Ailədə də bilirdilər ki, babamın yanında mənim ayrı cürə yerim var. Babam mənim üçün örnək adamlardan idi. Mən hesab eləyirəm, həyatda bir neçə nəfər möhtəşəm adamlar var ki, onlar ölməz. Onlardan biribabam idi.

Onu itirəndən sonra yuxularınıza necə təsir etdi?

Müsbət təsir etdi. Daim onu yuxuda görürəm. Həmişə də müsbət şeylə gəlir yuxuma. Sadəcə yuxuma gəlir, gülümsəyir və gedir. Uşaq vaxtı məni məktəbə aparırdı. Çantamı həmişə özü daşıyırdı. Qəribə bir himayə göstərirdi mənə. Ailədən ayrı böyüməmişəm. Atam, anam da yanımda olub. Ancaq babamla münasibətim tamam fərqli olub. Alt şüurumda babamın yeri başqadır. Hələ də babamla olan bu cür sevgi bağlığını anlaya bilmirəm. Babam çox ağır adam idi. Gülməzdi, çox danışmazdı. Ancaq sevgi vardı aramızda.

Mən diplomumu aldığım gün babam rəhmətə getdi. Nənəm danışırdı ki, vəziyyəti lap ağırlaşmışdı. Həmin gün mən də univerisiteti bitirirdim. Atam zəng elədi ki, babanız rəhmətə getdi, yığışın gəlin.

 

Yuxunuza haram qatmısınız?

O qədər. Bizim işimiz yuxuya haram qatmaqdır elə. Gecə olmur, gündüz olmur, yuxunun ən şirin yerində oyadırlar. Durursan işləyirsən. Bu cür hallar ən azı hər ay olur. Peşəmizin tələbidir. (gülür) Yuxumuza haram qatmalıyıq.

Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

Yuxu sərhədsiz bir şeydir. İnsan keçə bilmədiyi sərhədləri yuxuda keçir. Düşünürsən ki, real dünyada sərhədlər, pasportlar var, amma yuxuda istədiyiniz yerə gedə, istədiyiniz cür ola, insanlara real münasibətinizi göstərə bilərsiniz. Yuxuda acılaya bilərsəniz realda gülümsədiyiniz adama. Şüuraltı bir prosesdir. Söhbət onu yaşadığından getmir, daxili, mənəvi dünyandan gedir. Müasir dünyada ağ-qara yuxu görə bilirsənsə (hansı ki, hər şeyin rəngli olduğu bir vaxtda), deməli zaman sərhəddi yoxdu. Belə deyək, real sərhədlər itib. İnsanların qorxuları alt şüurlarındadır. Bəzən ağlayaraq, qorxaraq yuxudan ayılan adamlar olur. Ancaq mən heç vaxt belə ayılmamışam. Yuxularım məni narahat etmir.

Yuxular da ölümdür. Ən gözəl ölüm yuxuda ölməkdir. Bilmirəm yuxuda ölən insanlar necə bir psixoloji sarsıntı keçirir.

Mənim bir rəfiqəm vardı. Bir dəfə söhbət əsnasında deyirdi ki, mən yatmağa daha çox çalışıram. Çünki yuxuda daha çox xoşbəxt oluram, nəyinki həyatda, realda. Yaşamaq istədikərini, xəyallarını görürdü yuxuda. Həm də alt şüuruna yeritmişdi. Həqiqətən də insan çox mürəkkəb bir məxluqdur.

Sonda, sizə görə yuxular bizi həqiqətə çatdırırmı?

Yuxular yenə deyirəm, hər fərdin alt şüuru ilə bağlıdır. Hər kəsin öz həqiqətidir.

Mən hesab edirəm ki, hər kəsin həyatı öz əlindədir. Yuxular həyatımıza o qədər də təsir etmir. Yuxular yaşadıqlarımızdır, ya da yaşamaq istədiklərimiz. Mənim yuxularımda gələcək yoxdur. Elə bir yuxu görməmişəm ki, özümü orda tapım. Yalnız xatırladığım yuxu babamla bağlıdır.

Xəyallarım yox, hədəflərim var. Xəyalları olan insanlar romantikdirlər. İnsan olaraq realistəm. Ayağı yerdə olan adamam. Hədəflərim var.

 

Ədalət.-2016.-7 oktyabr.-S.4.