Rübai karvanı

 

Yəqin maraqlıdır Şaha nə dedim,

Məni yada sala Şah, ana, dedim.

Deyil heç bir yanda gözüm kölgəli,

Bəy kimi sözümü şəhanə dedim.

 

Könlümün özülü, himisən, Ramiz,

Mənə doğma, əziz kimisən, Ramiz,

"Odlar yurdu" boyda urəyin vardır,

Sazsan, Dədə Qorqud simisən, Ramiz!

 

Pərvanə gərəkdir odlara yana,

Biz pərvanəyik Azərbaycana.

Zakir ustadıyla qoşa dayana,

Pir kimi baxıram Vaqif Aslana.

 

Ruhu qızıl camdı, İlham Qəhrəman,

Laçındı, Ağdamdı, İlham Qəhrəman.

Seçilmiş oğludur doğma diyarın,

Qəhrəman İlhamdı, İlham Qəhrəman.

 

İlk bahar ruhumuzu oyatdı, təzələdi,

Bahar da Turan kimi əbədi, əzəlidi.

Yeri, göyü yaradan ulu Tanrıya əhsən,

Təbiət Yaradanın qənirsiz gözəlidi.

 

Görməsəm tanıtdırır səsin tonu,

Xoş sifətlə salamlayır onu-bunu.

Oqtay Rza - sadəliyin epiqrafı,

Oqtay Rza - dürüstlüyün etalonu!

 

Şair dostlarımı bir yerə yığın,

Dərdlərim qatbaqat, arzular tığın.

Şairlər içində bir qoca Pirdi,

Dolanaq başına İlyas Tapdığın.

 

Göyçə dərdi-sərim, Dərbənd göz yaşım,

Borçalı qardaşım, Kərkük sirdaşım.

Urmiya, Təbrizlə kaş qucaqlaşım,

Odlar diyarında ucalsın başım.

 

Hər işin çarəsin Haqda bilmişəm,

Yalançı adamı saxta bilmişəm.

Xaini, xəbisi, aravuranı,

Taxta düşünmüşəm, taxta bilmişəm.

 

***

Ruhum Boz Qurd kimi ulayar indi,

Çeşmim söz gülümü sulayar indi.

Şuşadan yazdığın kövrəltdi məni,

Ovut, təsəlli ver, Balayar, indi!

 

Çörək müqəddəsdi, ürək dən istər,

Müqəddəs "Quran"a onu tən istər.

Namərdi, nakəsi yaxın buraxmaz,

Könül istədiyin ürəkdən istər.

 

Kim durdu arxanda a yağı, burda,

Qol açdın, uzatdın ayağı, burda.

Utanır Xocalı qətliamından,

İllərlə söyləyir, Ay ağı, burda.

 

Əsrlərlə nələr çəkdik sarıdan,

Sarı bülbül, sarı yaxan, sarı dan.

Fələk bizə elə yara vurdu ki,

Tapılmayır bu yaranı sarıdan.

 

Dördəlli tutubdu haylar sarısın,

Qanlı caynağını "yusun", sarısın,

Məni namərdliklə ayağa verdin,

Görüm heç yarıma səni, Sarı, sın!

 

Bu qaymaq, bu baldı, bu da sarı yağ,

Bal-qaymaqla yaxşı tutur, Sarı, yağ.

Vətənimi xilas edək yağıdan,

Məlhəm olaq yarasına, sarıyaq.

 

Dünya gözlərimdə məchul adadır,

Fikrim Metexanda, Atilladadır.

Alp Ər Tonqa, Tomris ana var axı,

Xatirələr güvənlidir - bal dadır.

 

Məhsəti, Möminə, Sara Xatun var,

Yurdumun şərəfli izidi onlar.

Bir Aşıq Pəri, dərdli Natəvan,

Tarix yaddaşında nur kimi parlar.

 

Bədəsilə yaxın getmə, o dalar,

Viran qalar gül qoxulu odalar.

Hər kəs sidq ürəklə, dost kimi gəlsə,

Od püskürən ürəyimdən od alar.

 

Seyid, Xan yoludu ruhuna rəhbər,

Öyrənib, öyrədib çox tökübdü tər.

Qoruyub muğamda xırdalıqları,

Alim xanəndədir Canəli Əkbər.

 

Azadlıq şuarım, istiqlal seçim,

O tayla - bu tayla birləşsin köçüm;

Mənim yurd təşnəmi söndürə bilməz,

Lap Kürü sümürüm, Arazı içim.

 

Dərbənd dəmir qapım, zərdən bahalım,

Göyçə ağır ellim, obam, mahalım.

Təbriz güvəncimdi, Kərkük nisgilim,

Buntürk oylağıdı, ulu Borçalım.

Eldar elçi idi, elin səsiydi,

Onun öncüllüyü elin bəsiydi.

Qorxmazdı, cəsurdu, çox yerbiləndi,

Eldar mədəniyyət nümunəsiydi.

 

Onlar müəmmaydı, onlar sirdilər,

Elə pərvanətək oda girdilər.

Od idi, köz idi Yaqubla Cəfər,

Asiflər, Şirinlər, Allahverdilər.

 

Çaqqallar uladı, yüksəldi fəryad,

Bizdən ana vətən gözlədi imdad.

Topladı Seyidli cəngavərlərin,

Yurda qurban getdi "General Ərşad".

 

Olmuşam əzəldən şirindil, fağır,

Yalan söyləmirəm, Allahim baxır.

Həkimlik təxtimə qara yel əsdi,

Şairlik bəxdimə Günəşi çağır.

 

***

Cənubda qirx milyon qardaş-bacım var,

Şəfqətə, qayğıya çox möhtacım var.

Zakirəm ilhamdan başqa tacım var,

Mənim Ziyadxana ehtiyacım var.

 

Arxalı köpəklər ucalı, gördüm,

Bozqurdu təkləyib bac alı, gördüm.

Erməni faşizmi taundan da pis,

Xatından betərdi Xocalı, gördüm.

 

Ələsgəri "dara çəkdi" Güləndam,

Gülən eldi, gülən oba, gülən dam.

Ətirli saç incə belə yaraşır,

Günəş kimi içıq saçır gül əndam.

 

Qış gəldi: çovğunu, ayazı gördüm,

Örtüldü yal-yamac, bəyazı gördüm.

Qış getdi, qismətin qışı getmədi,

Bəxtimə yazılan o yazı, gördüm.

 

Rəbbin buyurduğu hər əmrə şadam,

Məddahlıq, xəsislik, hiyləyə yadam.

Satqınlar gözünə tökülsün qadam,

Şöhrət kölgəsində yatarmı, adam.

 

Dərin Tanrı hikməti var "Yasın"də,

Bəzəyidi "Quran" toyun, yasın da.

Haqq kitabın elə bilir Hafizlər,

Dolaşmayır əlif, beydə, ya sində.

 

Sən mənim könlümün dostu, yarısan,

Şad ollam taledən, bəxtdən yarısan.

Yusif gözəlliyin verib Yaradan,

Şükür sudan duru, Aydan arısan.

Zakir Ağdamlı

 

Ədalət.-2016.-11 oktyabr.-S.4.