“Həyat yoldaşım deyir ki, pul gətirməsən, çəkdiklərini yandıracam!”

 

Rəssam Şamxal Məmmədov ali təhsilini Rusiyada almışdır. Rusiyanın bir neçə şəhərində sərgiləri nümayiş edilmişdir. Əsərlərində portet, mənzərə janrına daha çox üstünlük verir.

Adalet.az rəssam Şamxal Məmmədovla müsahibəni təqdim edir:

 

- Şamxal müəllim, rəssamlıq sənətinə marağınız haradan oyandı?

- Dmanisi rayonu Başkeçid vilayətində doğulmuşam. Uşaq yaşlarımdan rəsmə marağım olub. Üçüncü sinifdə oxuyurdum. O vaxtlar mod idi. Uşaqlar rəsmə meyilli idilər. çitin üzərinə rəngli saplarlarla naxışlar tikirdilər. Biri maral rəsmi çəkdi. Gözüm təpəmə çıxdı. Məndən yuxarı sinif idi. Belə dəhşətə gəldim ki, birdən birə çitin üzərində maral yaratdı. Dəhşətə gəldim. Bu əsərin təsiri çox güclü oldu. Kuybışev rəssamlıq məktəbini bitirmişəm.

 

- Cəmiyyətin rəssama münasibəti necədir?

- Cəmiyyətin rəssama münasibəti çox aşağıdır. Ancaq müqayisə etsək, yəni 20 il bundan əvvələ baxanda fərqi var. Xalqı da günahlandırmaq olmaz. Camaat çörək tapa bilmir. Məsəl üçün əvvəllər dəvatnamə gələndə sevinirdilər. İndi yas yerinə gedə bilmirlər.

Cəmiyyətin 30% rəssamı qəbul edir. Rəsm sifarişi üçün gələnlər olur. Kimisi anası üçün, atasının yubiley günü üçün sifarişlər verirlər. İmkanım olan da təmənnasız edirəm. Amma boya, kətan haqqı deyilən bir şey var. Ödəyə bilmirlər.

 

- Təhsil aldığınız Samaranı necə xatırlayırsız?

- Əla! Əla! Çox mədəni şəhər idi. Teatra, operaya gedirdim. Oranı heç vaxt unutmuram. Tez-tez yadıma düşür. İstedadlı rəssamlar çoxluq təşkil edirdi.

 

- Dünya rəssamlarından yaradıcılığını izlədiyiniz varmı?

- Onların əsasında biz bir şeylər öyrənmişik. Nizami olmasa Səməd Vurğun olmazdı. İncəsənət, rəssamlıq müqəddəsdir. Çoxları özünü bu sənətə qurban veriblər. Van Qoq özünü güllələdi, Klodman özünü asdı. Daxili dünyalarında çox şey yaratdılar. Şedevr rəsmlər ərsəyə gətirdilər. Onlar rəssamlıq tarixinin unudulmazlarındandılar. Çoxdu belə böyük rəssamlar. Madelyani böyük rəssamdır.

 

- Rəssamlar İttifaqının tədbirlərinə qatılırsınız, ittifaqın üzvüsünüz?

- Bəli üzvüyəm. Bir dəfə dedilər ki, müsabiqə elan edilir. Məndə öz növbəm bir gördüm. Bütün rəssamlar da bəyəndi, təqdir etdi. Axırda görürsən ki, öz yaxınlarına mükafatı verirlər. Həmişə belə olub.

90-cı illərdə rəssam mühiti vardı. Yığışardıq, söhbət edər, yeni əsərlərdən danışardıq. Təəssüf ki, deməliyəm ara da qeybət edirdilər. Kimisi Səttarın yaradıcılığını bəyənmirdisə, kimisi Tahir Salahovu tənqid edirdi. Qoyun sürüsü kimi yığılırdılar. Belə olmaz. Kimi dindirirsən deyir, məndən yoxdu. Axırıda bunlara dedim ki, harada vətənpərvərlik məhv olursa, orada şəxsiyyətə pərəstiş yaranır. Hitler deyirdi ki, istəyirsən alim ol, professor ol sən alman millətinin xırda nümayəndəsisən. Niyə? Çünki sən millətin balasısan.

 

- Şamxal müəllim, Azərbaycanda örnək aldığınız rəssamlar varmı?

- Əlbəttə var. Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Mircavad Cavadov, Tahir Salahov digərlərini qeyd edərdim. Azərbaycanın böyük rəssamlarıdır. Hər birinin möhtəşəm rəsm əsərləri mövcuddur. Səttarın "Kəpəzin göz yaşıəsərini deyərdim. Tahir Salahov "Koroğluəsərini çox gözəl işləyib.

- Bu sənət sizin dolanışığınızı təyin edə bilirmi?

- Yox, yox boş şeydi. (gülür). Mədəniyyət evində uşaqlar hazırlaşdırırdım. İndi hazırlayıram. Bacarıqlı, istedadlı tələbələrim var. Dolanışığa qalsa çox aşağıdır. Kimin nəyinə lazım rəsm əsərləri. Adicə 500 manatlıq əsəri 100 manata götürmürlər, almırlar.

 

- Sərgilərə vaxt tapıb gedə bilirsinizz?

- Çox gedə bilmirəm. İşlərim olur. Ancaq vaxt tapdıqca getməyə çalışıram. Açığı o qədər bəyənmirəm sərgiklərdəki əsərləri. Xoşuma gəlmir.

 

- Yaradıcılığınızın əsasını hansı mövzular təşkil edir?

- Daha çox portret xoşlayıram. Portret, mənzərə əsaslıq təşkil edir. Məşhur adamların portretlərini işləmişəm. İndi Bəxtiyar Vəhabzadənin portretini çəkmək istəyirəm. 90-illiyi olacaq ona həsr edəcəm.

Bəzən ən sevdiyim əsərləri satmışam. Məcburiyyətdən. Peşman olsan belə geri qayıtmır. Bir dəfə Novruz bayramı ərəfəsində evdə maddi vəziyyət yaxşı deyildi. Həyat yoldaşım deyirdi ki, pul tap. Çox iri bir əsər idi. Qiyməti indiki pulnan 1000 manat olardı. Ancaq mən onu 8 şirvana satdım.

 

- Sizcə yaradıcı insana işində ən çox mane olan kömək edən nədir?

- Birinci əngəl həyat yoldaşımdır. Həyat yoldaşım məni qətiyyən başa düşmür. Deyir şəkillərini, əsərlərini yandıracam pul gətir. Məsəl üçün deyərdim, Pikassoya həyat yoldaşı ilham verirdi. Salvador Dali həyat yoldaşı ilə ömrünün axırına kimi bir yerdə yaşayıb. Sonra rus rəssamı Konçelovski vardı. Həyat yoldaşı deyirdi ki, gözəl əsərlər ərsəyə gətir sənə dadlı yeməklər bişirim. Ancaq sənin azərbaycan xanımın deyir ki, yandıracam şəkilini pul gətir. Mən çox vaxt utanıram rəssam olmağıma. Baxmayaraq ki, 1993-cü ildə sərgim olanda məni göylərə qaldırdılar. Məni orada tərif etdilər, gələcəyim olduğunu dedilər. Baxırsan ki, boş şey imiş. Kömək edən yəni məni ilhamlandıran isə rəssam dostlardı, şair, yazıçılardı.

 

- Rəssam olduğunuza görə peşmansız?

- Yox heç vaxt. Bayaq dedim utanıram yəni yaradıclıq işi görmürəmsə, işləmirəmsə o vaxt utanıram. İşləyəndə özümü insan hesab edirəm. Mən ailəmdən keçərəm ancaq sənətdən əsla.

 

Ədalət.-2016.-12 oktyabr.-S.3.