Poetik mükalimələşmə

 

Şeir şairin oxucusuyla poetik məqamda mükalimələşməsidi...

Sabir Qaraqoyunlunun "Ürək qopub o dağlarda qalıbdı" kitabını bu ovqatla oxudum. Şeirlərin qayəsi, bədii tutumu könlümə yatdı. Müxtəlif çalarları ilə...

"Dağ" ifadəsi istər relyef kimi, istərsə müəyyən fikrin bədii şəkildə ifadəsi kimi həmişə ədəbiyyatın obyekti olub. Dağlara yazılan şeirlər həmişə duyğusallığıyla fərqlənib; sirdaş kimi dağlara könül açılıb, ovunmayan gileylər dağlara deyilib, sevdalılar dəyanəti, dözümü dağlar-dan öyrənib. Dağlar ömür dediyimiz zaman kəsimi üçün ucalıq rəmzi olmaq etibarilə ona üz tutanın ovqatını bu ucalığa kökləmə qüdrətindədi, şübhəsiz. Bu qüdrəti şairlərə şamil eləmək suc olmazdı. Sabir Qaraqoyunlunun "Dağlar"ı da fərqli, "Dağlar"dı. Təsvir var şeirdə; Qurbani bənövşənin duruşunu hansı həssaslıqla duymuşdusa, Sabir Qaraqoyunlu da zamanında müşahidə elədiyi dağları o həssaslıqla təsvir eləməyə həvəsiyib ( buna nail olub). "Başında qartallar dövrə vuran, "qoynunda kəkliklər yuva quran", "əsrlərin sirrini daş sinəsində gəzdirən" dağları xatırlayıb yazır ki:

Baharda üzümü öpməsə yellər,

Səpməsə ətrini çiçəklər, güllər,

Arandan yaylağa köçməsə ellər,

Qəribsər torpağı, daşı dağların.

Sabir Qaraqoyunlunun "Vətən marşı" şeiri səciyyəvidir:

Vətənin hər qarışını Vətən mərtəbəsində (ucalığında) görməyənlər bu kəlmənin mahiyyətini anlamır, şübhəsiz. Vətən-Vətəndi. Cənubuyla, Şimalıyla, Qərbiylə. Qaraqoyunlu Sabir İsmayıl oğluna qədər əzizdirsə, doğmadırsa, munisdirsə, işğal altında qalan ərazilərimiz o səviyyədə əzizdir. Belə olmasaydı, o həmin ərazilərə Vətən deyə müraciət eləməzdi. Şair olaraq əsgərlərə həm qəlbən əsgər olanlara xitabən

Qəsbkar düşməni gözündən vurun,

Vətən əsirlikdən qurtarsın gərək! -

müraciəti vətənsevərliyin poetik təsdiqi deyilmi?! Həm böyük bir məmləkətin "hər bir bucağını doğmadan da doğma" bilməklə... Doğrudur, daha munis, daha doğma ərazilər hamımız kimi onun da xəyallarının sultanıdı: "göy yaylaqları, buz bulaqları, qızqulaqları, nanəsi-yarısı, hələ düşüncələrində şahlıq eləyən arzusu,..." o dağlarda qalan şairin "Ana Vətənə" şeiri bu kövrəkliklə oxunur; oxuyursan, düşünürsən. Düşündürücü misralardan boy göstərən şeirlərin ünvanı oxucu ürəyidi. "Kimsənin önündə diz çökməmək" ifadəsi bədii obraz kimi şairin özünə, bədii söz-fikir kimi təmsil elədiyi xalqa şamil edilir; "inamı ədalətin, haqqın yolu" olan "insanlıq qovğaya, dara düşəndə" sızlayan ("Məni tanımaq istəsən") Sabir Qara-qoyunlunun digər "Dağlar"ı da, "Gəlmişəm" kimi şeirləri poetik dəyəriylə diqqətini çəkir...

 

Şairlik - müdriklikdir...

Şairlik - ağsaqqalıqdır...

 

Bu müdriklik, bu ağsaqqallıq öz təsdiqini şeirlərində tapırsa, şeirlərində şairin öz obrazını görürsənsə, o şeir sənin doğman, əzizin, sirdaşın olur. Şair Sabir Qaraqoyunlu günümüzün oxucularına məsləhət vermə yaşındadır onun "Gələr" şeiri məhz bu mətləbə söykənir.

Zəhmətlə qazanan heç vaxt itirməz,

Bərəkət üstündən bərəkət gələr, -

deyir şair. Nəvəsi Zahidə deyir, Zahidin yoldaşlarına deyir, Zahidin yoldaşlarının timsalında Azərbaycan yeniyetmələrinə deyir, "Bağ becər ki, bir gün barın dərəsən", "Əyri dirək yük saxlamaz" kimi ifadələr (fikirlər), müəyyən mənada, kəlam gücündədi...

Ümumiyyətlə, Sabir Qaraqoyunlunun "Ürək qopub o dağlarda qalıbdır" şeirlər kitabı çağdaş poeziyamızda "boyu görünənlər" sırasındadır.

 

Faxarlı Rəşid

ədalət.-2016.-14 oktyabr.-S.4.