Hörümçəyə
bağışladım ov tüfəngimi
QIRX DOQQUZ YAŞIM
14 oktyabr - qırx
doqquz yaşım...
Görüşdük
onunla xəstəxanada.
Əyləşib
dərmanım, dərdim yanaşı,
Təklikdən
qorxanda təklənir adam.
İl qaldı bir
əsri yarı bölməyə,
Bəs sonra? -
Sonranın sonu
görünməz.
İşığın qəfildən
dönər kölgəyə,
Od elə donar ki,
donu görünməz.
Çaylara qol olan çağlarım
hanı,
Gəzəm,
görməyim yox, baxmağım qalıb.
Üfüqlər dalında qovum,
qovdanım,
Üfüqlər
qaşında çaxmağım qalıb.
Hər səsi eşitmir əsrin
qulağı,
Özümə
yağışam, özümə çətir.
Fikrimin çəkisi çəkimdən
ağır,
Dartmaq da çətindi,
Atmaq da çətin...
Yolumu gözləyir bir donqar yoxuş,
Arxada uçrum var, qarşıda qala,
Dur, daha qələm də, söz də
yorulmuş,
Dur, azca qurdalan, azca xırdalan!..
Baxıram bu aləm öz aləmində,
Mən açan çiçəyəm,
Solan
yarpağam.
Nə vaxtsa, dünyanın duru
dəmində
Yenidən
dünyaya qayıdacağam.
Hardasa, nə vaxtsa tökülən dolur,
Qum üstə
arzular göyərir onda.
Bir ömrü axırdan əvvələ
doğru
Yaşayan
olacaq mən olmayanda.
Ömrün öz tufanı
ömrümü didir,
Yox ayrı
dərmanım dözümdən özgə.
Qırx doqquz yaşıma əlvida dedim,
Bir kimsə
bilmədi özümdən özgə.
14 oktyabr, 1982
Fevral, 1983
XATİRƏLƏR
Axır yetişəcək ayrılıq
çağı,
Mən
səndə, sən məndə alışasıyıq.
Hələ bu görüşü bir-iki
yaxın
Dosta da arabir
danışasıyıq.
Xeyli susmayacaq yaddaşın səsi,
Sözün olmayacaq əvvəli, ardı:
"Sinəmdə bu odda kişi
nəfəsi..."
"Qəlbimdə bu adda qadın
yaşardı..."
Hələ deyəcəyik:
"Dönə o günlər,
Onu
istəyimcə görə bilmədim.
O mənim qəlbimə girdiyi qədər
Mən onun qəlbinə girə
bilmədim..."
Sonra bu ülfətin,
gülüşün, sözün
Odu
yavaş-yavaş soyuyacaqdır.
Bu səslər, bu sözlər
ürəyimizin
Gizli bir
küncündə uyuyacaqdır.
Qalacaq bir uzaq, bir şirin nağıl,
Yollar yormayacaq
nə məktub, nə zəng.
Ya məndən bir təbrik-bayramqabağı
-
Ya
səndən bir barmaq kağız gələcək.
Axır fikrimizə bir iti caynaq
Girib bunları
da didişdirəcək.
Ən məhzun, kədərli anlarda ancaq
Bizi
xatirələr görüşdürəcək.
Ta heç nə demirəm, heç nə
demirəm,
Alışır
sinəmdə söz aram-aram.
Mən sənə bir kövrək,
yaddaşı möhkəm,
Vəfalı
xatirə bağışlayıram.
Yalta, yanvar 1968
QAYTAR MƏNİ
Gönül, bu gün nağıl
danış,
Dünənimə
qaytar məni.
Ələnməmiş,
üyünməmiş
Öz
mənimə qaytar məni.
Mamırına dolu yatan
Bir dağ döşü -bir daş otaq...
Nə əl dəyən, nə zəng
çatan
Ünvanıma
qaytar məni.
Nədir itən, nədir qalan?..
Beş-on
sözdür ümid - qalam.
Baş aparsam, başsız qallam,
Yüyənimə
qaytar məni.
Aramızda tufan yaşar,
Sahillərdən
punhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma
qaytar məni.
1980
DAĞLARA QAR DÜŞDÜ
Dağa qar düşdü, qar
düşdü
Yada yar düşdü, yar
düşdü...
(El sözü)
Dağlara qar düşdü, qar
düşdü yenə,
Məhzunluq
ələndi oda-ocağa.
Çaylar vida deyib
gülüşlərinə,
Başladı
aramla gumuldanmağa.
Dağlara qar düşdü, uyudu
dağlar,
Dağlar
həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu
bulaqlar
Daşların
dibində yetim qaldılar.
Sanki bir-birindən küsdü
zirvələr,
Qayalar necə də boynu buruqdur!
Kiminsə yolunda quyu qazdı şər,
Kiminsə
qəsdinə hicran durubdur.
Dəli uçurumlarda ütülü görkəm,
Qartal qıyıltısı itib
dərində,
Hamilə qadın tək yuxusu
möhkəm,
Qucağı
doludur dərələrin də.
Dağlara qar düşdü,
deyirəm yəqin:
Adamlar bu saat
kövrəkdir, mumdur.
Hamı cızığından
çıxıb fitnənin,
Hamı
bir-biriylə hal-əhval tutur.
Dağlara qar düşdü...
görüşlər, ahlar,
Vidalı
baxışlar yadıma düşdü.
Çoxdan görmədiyim dostlar, qohumlar,
Simsarlar,
tanışlar yadıma düşdü.
Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı...
Sürüşə-sürüşə
dağlardan enib
Gəlirdi
elə bil qocalıq çağım.
Dağlara qar düşdü, elə
qəmginəm...
Dağlara qar düşdü... bilirəm
bu dəm
Anamın qəbri də qar
altındadır,
Anamın
qəlbi də qar altındadır.
Neçə demədiyi əfsanə,
nağıl
Onun
sinəsində - qar altındadır.
Neçə oxunmamış bayatı,
ağı
Donub sinəsində - qar altındadır
Tək bircə başdaşı tənha,
mükəddər
Qardan baş qaldırıb yolumu
gözlər...
Dağlara qar düşdü,
qəribsəyirəm,
Qəlbimə bir həmdəm qəlb
istəyirəm...
Yalta 1968
KİMLİYİM,
NƏÇİLİYİM...
Qəfil düşdüm bəd taleyin
kəməndinə mən,
Axır
dönüb bu halımla barışan oldum.
Daha tənqid biçinində az itilənən,
Daha tərif xırmanında az daşan oldum.
Dib bucaqda beli bükük,
Lüləsi donuq, -
Hörümçəyə
bağışladım ov tüfəngimi.
Günün çoxu yuxuludur ev telefonu,
Günün
çoxu diksinməyir qapı zəngimiz.
Yox, ürəyim, daş qulazla
ötəri dərdə,
Qəm
üstünə sevincini hörməyi bacar.
Ön cərgədən son
cərgəyə adlayıb hərdən
Görünməyən
məqamları görməyi bacar.
Öz vaxtında ayırmadın şahini
sardan,
Az qoşmadın
boş xarallar şəninə dastan.
Qaranquşa, sığırçına
meylimi sallam,
Ürəyimdə
yuva qurmaz köçəri dostlar.
Bir də üzməm yalan vədlər
cəzirəsinə,
Köpüklərə
ip atmağın faydası nəymiş?
Bir vəzifə kürsüsünün
cazibəsi nə,
Bir telefon dəstəyinin ədası
nəymiş!
Mən bu hala gülə bildim,
Ağlaya bildim:
Əhd-ilqar da "baxarıq"lı,
"görək"li imiş;
Mən ömrümün
aşrımında anlaya bildim:
Nəçiliyim kimliyimdən
gərəkli imiş...
1981
***
Dünya böyük, ömür yolu bir
addım,
Bir balaca
eşq adası yaratdım.
Bir uçrumdan fırtınaya tor
atdım,
Bu cürəti görən, duyan olmadı,
Səndən
mənə gün ağlayan olmadı.
Sığalını görsə idi
kəhərim
Yarıyolda
büdrərdimi hünərim?
Göz yaşından nə barlanım,
nə dərim...
Günün mənə gün bağlayan
olmadı,
Səndən
mənə gün ağlayan olmadı.
Taleyinin hökmü oldu, nə deyim,
Tez doğuldum, gec doğuldun, nə deyim...
Zaman keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan od saxlayan olmadım,
Səndən
mənə gün ağlayan olmadı.
İki çırpı bir ocaqda gün
ağlar,
Od səngiyər,
köz sızıldar, kül ağlar.
Yaş ötəndə yada
düşər günahlar:
Kim yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan
olmadı...
1981
DİQQƏTİM
Deyirsən: qadınlar diqqət
sevəndir,
Diqqətim
keşikçin, diqqətim qulun.
Hələ istəyirsən bir adam nədir,
Yüz adam diqqətli diqqətcil olum.
Adi eyhamını gözündə
görər
Mənim
göz diqqətim, xəfif diqqətim.
Səni sancağından
çəkmənə qədər
Tərifə
bələyər tərif diqqətim.
Baxmaz bir gözucu özgə qadına,
Ehtiras
diqqətim sadiqdir yaman.
Ad günü yaşını salmaz
yadına,
Mənim
yaş diqqətim ayıqdır yaman.
Duyğu diqqətim də küləyə
dönər,
Qapıb
hər qəmini didər dişində.
Qayğı diqqətim də
mələyə dönər,
Səni
çimizdirər nəvazişində.
Mənim yol diqqətim min bir qanadlı
Sözsüz,
lətifəsiz, gülüşsüz olmaz.
Əyləncə diqqətim şit
zarafatlı,
Ayrılıq
diqqətim öpüşsüz olmaz.
Çox diqqət dərsini o hələ
bilmir,
Çox
görüb-götürə gərək diqqətim.
Bircə məhəbbətə
çevrilə bilmir
Bu ütük
diqqətim, zirək diqqətim.
Yanvar 1968
NƏ GÜNAH
Bu ömürdü, öz baharı, öz
qışı;
Gələn
yazda, gedən qışqa nə günah.
Xirtdəyəcən günahlara
batmışı
Yuya bilməz,
qar-yağışda nə günah.
Göylər qala buludları axımlı,
Yer
körpəli, yer cavanlı, ahıllı.
"Dəli" - deyib daşlayanda
ağıllı
Xəncər
qapan ağlıçaşda nə günah.
Yekə-yekə xırdalanan
"addılar"
Heç bilinməz çapardılar,
atdılar;
İki itə para sümük atdılar;
Qarabaşda,
Alabaşda nə günah.
Qara külək tumanını qaldıra,
Xırmançının
samanını qaldıra.
Dəyirmançı dabanını
qaldıra,
Bir-birini
yeyən daşda nə günah.
Hər havaya çiyninə baş qoymayan:
Fırfıra tək fırlanmaqdan
doymayan...
Bu başlarla aşıq-aşıq oynayan
Çevik
əldə, ayıq başda nə günah.
Bəlkə əlli misrası yox
əllimin,
Bu titrəyiş günahıdır
əlimin...
Qollarında dost əli var əlli min,
Məmməd Araz, əlli yaşda nə
günah...
1982
BİR İNSANA
İNAMIMI İTİRDİM
Ağ yol idi... ikimiz bir qaraltı
Nağıl kimi: işıq yandı, it
hürdü...
Yarı yolda qədəmləri daraldı,
Yarı yolda
inamımı itirdim.
A yalquzaq, tək deyilsən bu dəfə
Sizin olsun -
bizim olmaz bu cığır.
İkiliyi yarıtmadı bu səfər,
Görək
indi tənhalıqdan nə çıxır.
Elə bildim göy meşələr
axnadı,
Ağ bulaqlar bir də nə vaxt durula...
Bu gün uçan quşlara da baxmadım,
"Məni görüb qanadları
qırılar"...
Çox yaxşılar yamanlaşdı
gözümdə,
Çox vədələr dumanlaşdı
gözümdə,
Düz əhd-ilqar yarğanlaşdı
gözümdə,
Bir insana
inamımı itirdim.
Elə bildim küsdürmüşəm
səhəri,
Dan yerini
kilidlədim dan üzü.
Qara yelkən, qanadını çək
bəri,
Bu
dəryanın dalğasında dağ üzür.
Ümid yolu köhnə yoldu, bilirəm,
Ayaq geri,
göz irəli səslədi.
Dönüşünə ümid yoxdu,
bilirəm,
Ancaq yenə
ümidimi kəsmədim.
Bir ömürdən bir-ikicə yaz
qalıb,
Öz qorumdan öz tayamdı od alan.
Mənim kimi uduzanlar az qalıb,
Özgə
bəxti haqlamasın o talan.
Yamaq tutan qəlbə bölük
deyərlər,
Dostdan gələn dərdə
"böyük"- deyərlər
Belə dosta İsmi Dönük
deyərlər,
Bir insana
inamımı itirdim.
Pitsunda, 7 sentyabr, 1981
GÖYƏRDİ
Bu
dünyanın qara daşı göyərməz.
Musa Yaqub
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin
qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə
dən,
Savalanın
qara daşı göyərdi.
Bu dünyanı
hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə
neçə naşı göyərdi.
Kim işığı
ürəklərə doğrayar,
Kim işığı
ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər
şivindən oğrubaşı göyərdi.
Çox gözlü var torpağına kor
baxır,
Dan yerinə
bəbəyində tor baxır.
Yüz də çevir, min də
ələ torpağı,
Namərdinən
mərd yanaşı göyərdi.
Mən Arazda şaxələnən
çinardım,
Ömrü
boyu tufan əydim, su yardım.
Xətainin qılıncını
suvardım,
Məmməd
Araz karandaşı göyərdi.
Pitsunda, avqust 1981
KÜR ÜSTÜNDƏ TƏK AĞAC
Ə.Kürçaylının
xatirəsinə
Kür üstündə tək
ağacdı,
Sağı-solu
düzən idi.
Küləklərin
əndərinə-döndərinə
dözən idi.
Sinəsində od soyudan,
Buz
əridən gücü vardı.
Baxışları üfüqlərin
tərs üzünü
oxuyardı.
Nəğməsində Kür harayı,
Nəfəsində
Muğan duzu.
Ömrü boyu oxuduğu kitab idi
Muğan
düzü.
Söz yolunda fəhlə idi
əli qabar,
çiyni qabar.
Şum yerindən
yığılmışdı
misraları
damar-damar.
O, şerinin, şeri onun özü idi,
əsli idi,
Bərkliyi də,
sərtliyi də
mərdliyinə təslim idi.
Danışanda deyərdin ki:
Kürsü onun qatarıdı,
Yer şarının bu qütbündən
o qütbünə
aparırdı.
Yol gedəndə deyərdin ki:
Günəşəcən
gedəcəkdi,
Öz qəlbinin tufanında
təkbaşına avar
çəkdi.
Ürəyində itirdiyi
səsi gəzdi son
anında,
Əridi səs,
qeyb oldu səs
ürəyinin vulkanında.
Səsləyəni itirdi səs,
Dönüb getdi Kür üstünə,
Qondu qərib bülbül kimi
boynu bükük
gül üstünə.
Gördü həmən məcra boyu
həzin-həzin ötən su
var;
Tənhalaşan ağacların
qəfil sınmaq
qorxusu var...
1980
SƏN MƏNİ SEVSƏYDİN...
Sən məni
sevsəydin nolardı görən?
Görən
olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə
sən
Dünyanı
piyada gəzərdim onda.
Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları
bəlkə,
Təzə haşiyələr alardı
bizdən
Dünyanın
məhəbbət tacları bəlkə.
Bizim başımıza hey
ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə
səpələnərdi
Ən duru,
ən təmiz şüalar-bizim.
Ləpələr göz alıb baxar
dənizdən,
Sular
mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol
pəncərəmizdən
İçəri
baxmağa həsrət çəkərdi.
Dedim ki, göyərər bir Leyli
pöhrə,
Məcnun bir
səhərin gözündə gələr.
Saçını tor elər sahildə
Zöhrə,
Tahir
ləpələrin üzündə gələr.
Sən məni sevsəydin... sevsəydin
əgər...
Kim olub
bəxtiyar quru ad ilə.
Həyatda "ürəkləş",
"sevləş" demirlər,
Ayaqlaş
deyirlər bu həyat ilə.
Dekabr, 1968
TƏƏSSÜF
Bu görüş nə acı
qismətmiş bizə,
Elə bil bir
kədər gölünə düşdük.
Salamsız, kəlamsız durub
üz-üzə,
Bir xeyli
baxışla, gözlə görüşdük.
Əsdi ürək kimi ovcumda əlin,
Sən
əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban,
həlim,
Sən
əzəl bu qədər qəşəng deyildin.
Hanı ömrümüzün o
keçən günü,
Hanı öz əhdinə o dönük
andım...
Sənin "gəl barışaq"
təbəssümünü
Mən o vaxt
əl açan dilənçi sandım.
İndi dayanmışıq
üz-üzə, yaxın:
Təəssüf
çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın
olmağın
Cazibə gücündən tez aşır adam.
Bir eşqin dolaşıb itən yoluna
Tutma
çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy
işıq olasan bu görkəmdə sən.
Bəlkə də yüz dəfə
görüşdük belə,
Yenə
xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf,
təəssüf ilə
Qayıda bilməyən günə
təəssüf!..
Dekabr, 1967
QAR
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd
düşüb qara...
Yadıma düşür ki, bəzən
hissimiz
Nə qədər aldanır bu
ağlıqlara...
Qayğılar görürük,
bürüncək kimi --
Tikandan
astarı, ipəkdən üzü.
Vədələr görürük,
kəpənək kimi
Dalınca
uşağa döndərir bizi.
Uzaqdan baxıram ağappaq,
qəşəng;
Yaxına gəlirəm: qar kif
atıbdır.
Qəlbim inciməsin gözümdən
gərək,
Qəlbim
də gözümü çox aldadıbdır.
Kəlbəcər - İstisu
İyul 1968
QOLTUQ AĞACI
Qoltuq ağacına yazığım
gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın
çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı, tezmi
qırıldı...
Vüqarı
qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından acığım
gəlir,
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara
qoltuqdan baxır.
Nəğmə də oxuyur o,
cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana
getməyir səsi.
Nədir
oxuduğu? -- "qoltuq nəğməsi"
Özü bu vərdişi
ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir
ayaqsızın,
Kiməsə üçüncü
ayağa dönər...
Daş kaha yaxşıdır bir uçuq
damdan,
Duyar eyhamımı bir qoltuq acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır
bir sınıq qoltuq ağacı.
1967
QONŞU ÇƏPƏRİ
Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə
çəpərə,
Bizə tərəf əyilməkdən
tikan quruyub,
Pozma onun
yatımını hədərcə yerə.
Bizim bağa su axıdır
açdığın bərə,
Bizim tutdan sizin
bağa kölgə düşəcək.
Gözümüzü
gözümüzdən qorusaq belə,
İtlərimiz
macal tapıb həvirləşəcək.
Tüstü qalxar iki evin
həndəvərindən,
İki
tüstü bir havada əriyəcəkdir.
"Sizin", "bizim" dediyimiz
sədd çəpərində
Qarışqalar
eyni yüklə yeriyəcəkdir.
Sənin baban
bulaq çəkdi, ya mənim babam?
Nə fərqi
var? - Su - çəkənin, su -
içənindir?
Yol boyunca cərgələnən bu qoz, bu
badam,
Əkənindi? Yeyənindi? - Nə deyək indi?
Olmasaq da bir süfrədə bir
dəmə ortaq,
Günümüzün
gəlişi bir, axarı birdir.
Dağa çıxaq, düzə enək,
göyə dırmanaq,
Yolumuzun kilidi
bir, açarı birdir.
Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə
bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan - biri
sənindi,
Dünyagirlər
yemədilər quyruq dünyanı.
Mən Təbrizli, Naxçıvanlı,
mən Gəncəliyəm,
Çox
görmüşəm hasar üstdə ölənləri
də.
Mən torpağı
bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm
bölənləri də...
Pitsunda, 30 avqust, 1981
DÜZ YOL QURTARAN
YERDƏ
Qorxuram uzana qədəmlərin
Düz yol
qurtaran yerdə.
Uçurumu güllü yaylıq,
İlğımı
at biləsən.
Dərəni selələyən
Seli qanad
biləsən.
Qorxuram utana qədəmlərin,
Düz yol qurtaran yerdə;
Geriyə qayıtmağa
yol ola, üz
olmaya;
Yalanı ha dartasan
Ortası
üzülməyə.
Büdrəmək
öz əlində.
Dikəlmək çətin peşə!
Andını saxla daha,
Yazıqsan, dilin şişər...
22 oktyabr, 1982
OD KİMİ, SU KİMİ...
Hələ yeriyirəm qəlbimlə
qoşa,
Hələ çoxlarına
örnəyəm, bala!
Qoca büdrəyəndə
büdrəyən qoca,
Körpə ağlayanda
körpəyəm, bala!
Ömürsüz ömürdən
çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!
Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax indi pətəyi suya tutulmuş
Arı topasından köynəyəm, bala!
Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köhlən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!
1981
Ədalət.-2016.-14 oktyabr.-S.3.