İradə Tuncay: “Həyatımla
bağlı yanlış təsəvvürlər var”
İradə
xanımla söhbət həm də görkəmli mərhum
şair Məmməd Arazın doğum günü ərəfəsinə
–14 oktyabra təsadüf etdi. Beləliklə, ilk suallar İradə
xanıma mərhum atasıyla bağlı verildi.
Adalet.az İradə Tuncayın Teleqraf.com-a müsahibəsini
təqdim edir.
Mövlud Mövlud: İradə
xanım, Məmməd Arazın doğum gününə
planlaşdırılan tədbirin hazırlıqları necə
gedir?
-Bu,
yubiley tədbiri deyil. Bu il Məmməd
Arazın 83 illiyidir. Ancaq müəyyən ənənənin
əsasını qoymaq istəyirik. "Məmməd
Araz ədəbiyyat günləri”nə start vermək niyyətindəyik.
Sovet dövründə Sabir poeziya günləri vardı, Rəsul
Rza ilə bağlı tədbirlər keçiridilər, indi
belə mərasimlər bir az sönük
təşkil olunur... Görək layihəmiz necə
inkişaf edəcək.
Bundan başqa, anam Məmməd Arazın Qarabağla
bağlı yazılarını toplayıb. Atamın
publisistik yazılarından ibarət "Qarabağ
simfoniyası” adlı kitab çıxarmışıq.
Mövlud Mövlud: Adının
verildiyi küçə ilə bağlı məsələ
qaldırmışdınız. Xatirəsinin əbədiləşdirilməsi
gecikdirilirdi, çağırışınıza reaksiya
verildimi?
-Problem
aradan qaldırıldı. Deməzdim ki, mənim
sözümə görə reaksiya oldu. Neçə il idi prezident sərəncam
imzalamışdı, sadəcə məsələ
gecikdirilirdi. Məmməd Araz küçəsi
hələ də köhnə adıyla qeyd edilirdi.
Bilirsiniz də hansı küçədir, "Milyonerlər
məhəlləsi”ndən keçən küçə... Paradoksal bir şeydir, kasıb şairin adını
milyonçular məhəlləsinə keçən
küçəyə veriblər.
Mövlud Mövlud: Bəlkə də
müstəqil ölkənin milyonçuları bilməlidirlər
ki, onları zənginliyə aparan müstəqil ölkə o
şairlərin çiynində qurulub. Bilmirik dəyərini
bilirlər, yoxsa yox...
-Deyə
bilmərəm... Bizdə əldə silahla
istiqlaliyyət uğrunda döyüş getməyib. Döyüşümüz ədəbiyyat müstəvisində
olub, döyüşçülərdən biri də Məmməd
Araz idi.
Qurban
Yaquboğlu: Məmməd Arazın təvəllüd
günü məncə, 14 oktyabr deyil...
-Əslində yazda doğulub.
Qurban
Yaquboğlu: "14 oktyabr 49 yaşım...” Belə bir
şeiri var...
-"Görüşdük
onunla xəstəxanada..."Hə,var, elə
bir şeiri var. Əvvəllər kənddə doğulan
uşaqların doğum gününü vaxtında
yazdıran adam yox idi, ümid anaların yaddaşına
qalırdı. Analar da deyirdi ki, məsələn,
sel gələndə anadan olmusan, yaxud biçin vaxtı
doğulmusan. Məmməd Arazın
böyük qardaşı xatirələrində bu barədə
yazıb.
Yazır ki, dedilər, qardaşın olub, sevindim. Çünki
qardaşım yox idi deyə kənddə uşaqlar məni
döyürdülər, fikirləşdim nə yaxşı mənim
də qardaşım olacaq. Xatirələrində kəndi
də təsvir edib:"Qardaşımı qucağımda
çölə çıxardım, yaz vaxtı idi,
baxdım ki, balaca qara uşaq...Mənə nə
qardaşlıq edəcək? (Gülür)
Qurban
Yaquboğlu:Məmməd Arazın şeirləri
mənim şeir anlayışımda xüsusi rol oynayıb.
Bir şeirinin misraları hələ də qulaqlarımda
cingildəyir: "Sizə yetim deyən olsa, qızlarım...”
-Siz məni söhbətin əvvəlindən
ağlatmaq istəyirsiniz?
Qurban
Yaquboğlu: Bu şeir necə yaranmışdı, yəqin
tarixçəsi vardı...
-Atam məlumat
vermirdi axı,filan şeir niyə
yazılıb, necə yazılıb. Yadımdadır,
o şeiri oxuyanda tələbə idim.
Qurban
Yaquboğlu: Səhv eləmirəmsə, 80-ci illərin
şeiriydi.
-1976-77-ci illərdə yazmışdı.
Qurban
Yaquboğlu: Tarixini də xatırlayırsınız...
-Atama aid
hər şeyi bilirəm. Şeiri oxudum...(Kövrəlir).
Qurban
Yaquboğlu: Görünür, kritik məqamda
yazılıbmış... Bəs siz nə vaxt
yazmağa başladınız?
-Məktəbdə
oxuyanda yaxşı inşalar yazırdım. Elə
inşalar yazırdım, indi heç jurnalistlər elə
yaza bilmir. (Gülür). Çox mütaliəli olmuşam. Hərfləri öyrənəndən əlimdən
kitab düşməyib. Oxuduğum kitablar
beynimə həkk olunurdu, oxuduqlarımla dünyanın
etnoqrafik mənzərəsini, toponimikasını, tarixini əxz
eləyirdim. Qəribədi, balaca uşaq
idim, amma eşitdiyim yad sözün hansı dilə mənsub
olduğunu ayırd edə bilirdim. İndi
asan görünə bilər, 12 yaşında hansısa kinoda
ad, söz eşidəndə onun mənşəyi mənə
aydın olurdu. İnanın, indi heç
böyüklər onu bilmir.
Qurban
Yaquboğlu: Oxuduğunuz kitablar atanızın
kitabxanasından idi? Məmməd Araz, səhv etmirəmsə,
coğrafiyaçı idi...
-Hə, atamın
kitabxanasından idi. Məmməd Araz o vaxtkı
APİ-nin coğrafiya fakültəsini bitirmişdi, kənddə
müəllim çatışmazlığından kimya,
riyaziyyat dərslərini deyib. O vaxt təyinatla öz kəndlərinə
göndəriblər, 2 il kənddə
işləyib. Bakıya qayıdanda çox yerdə
çalışıb. Gecə məktəbində
də dərs deyib.
Qurban
Yaquboğlu: Daxili dramanız sakitləşsin, Məmməd
Arazın qızlarına yazdığı şeir barədə
də danışarsınız...
-O, bizə
çox şeyi hiss elətdirmirdi. Görünür,
nə isə onu incidib, qızlarının taleyindən
narahatlıq keçirdiyi üçün belə şeir
yazıb.
Qurban Yaquboğlu: Onda hələ xəstələnməmişdi?
-Xəstə
idi... Atam xəstələnəndə mənim 14,özünün 41 yaşı vardı, hələ
cavan idi.
Qurban
Yaquboğlu:Məmməd Arazın xəstələnməyi
ilə müxtəlif fikirlər yazılır, mənbənin
özündən bilmək daha düzgün olar. Onun xəstəliyini çox vaxt "Ədəbiyyat
qəzeti”ndə Nəriman Nərimanovun şəklinin verilməsi
ilə əlaqələndirirlər. Bunun əsası
varmı?
-Stresdir də,
stersdən hər xəstəlik yarana bilər. Bəli,
atam o materialdan sonra xəstələndi.Ümumiyyətlə,
Məmməd Arazın ədəbiyyatdakı yolu, özünə
yer tutması çox çətinliklərdən keçib.
Arxasında duran adamı olmayıb, heç kim
hamilik etməyib. O vaxtkı ədəbi dəstələrin
heç birinə qoşulmayıb, tək olub, yalquzaq olub. Kitabları gec-gec nəşr edilirdi. Senzuranın çapa icazə vermədiyi şeirləri
vardı. Layiq olduğu yerə onu yox,
başqasını gətirirdilər. Arxayın
deyildilər ki, Məmməd Araz baş əyəcək, təzim
edəcək. Ona görə də
uğurlu karyerası olmayıb. Kənardan
baxıb istedadını görürdülər, ona görə
hər vəchlə qarşısına sədd çəkirdilər.
Güclü
stress yaşamışdı, bu, məlumdu.
Amma xəstəlik... Kim bilir nədən əmələ
gəlib, beyinin sirrini heç kəs bilmir. Bəlkə uşaqlıqdan rüşeymi olur, zəmin
yaranan kimi inkişaf edir. Nə bilim...
Qurban
Yaquboğlu: Bəs o şeiri oxuyanda reaksiyanız necə oldu?
- Oxudum,
möhkəm ağladım...
Qurban Yaquboğlu:
Soruşmadınız ki, bu,nə
şeirdir?
-Yox,
soruşmadım, çünki biz evdə
çalışırdıq ki, onu qoruyaq. Yeri gəlmişkən,
adamların mənim həyatım haqqında yanlış təsəvvürləri
var. Atamın arxamda durmağa imkanı olmadı... (Kövrəlir).
Sevinc Fədai:
Siz sosial şəbəkədə nəsə
yazırsınız, paylaşım edirsiniz, dostlarla səmimi
münasibətiniz var, xüsusən sizi tanıyan insanlar hərdən
yazırlar ki, Məmməd Arazın qızı bunu eləməməlidir,
ona yaraşmır. Belə yanaşmalar sizi
qıcıqlandırmır ki? Yəni mən
İradə Tuncayam, ətrafım, dostlarım, öz fikirlərim
var – deyə düşünmürsüz ki?
-Üstəgəl
bəlli yaşım var... Ancaq elə yazan, o
cür mövqedə olan adamlara fikir vermirəm. Bunun
heç kimə dəxli yoxdu...
Nərgiz
Ehlamqızı: Bir dəfə etiraz da etmişdiniz ki,
jurnalistlər sizə ya Məmməd Arazdan ya da Aqil Abbasdan
sual verirlər...
-İnsanlar məni tanıya bilmirlər də.
Mövlud Mövlud: Ailənizə
"KQB”nin təzyiqini hiss etmisiniz?
-Yox elə
bir təzyiq görməmişəm. Ola bilər,
tapşırılıb ki, filan idarə Məmməd Arazı
işə götürməsin, yaxud filan məsələyə
icazə verilməsin. Amma deyim ki, atamı
çağırıb sorğu-suala çəkiblər, yox,
belə şey olmayıb.
Mövlud
Mövlud: Bu da təzyiqin başqa forması sayıla bilər:
aparıb güllələmirdilər, ancaq işdən
çıxarırdılar. Bildiyim qədəri
ləbu təzyiqlər Məmməd müəllimlə
başlamayıb, babanıza da təzyiqlər olub.
-Təzyiq
deyəndə ki...1945-ci ildə babamı sürgün ediblər.
Kənddə bir hadisə baş verib, 1944-cü
ildə almanlar Qafqaza yaxınlaşanda deyiblər ki, bir təşkilat
yaradaq, guya biz almanları sevirik, onların yolunu gözləyirik.
Təxminən 7-8 ailəni bu hadisəyə
görə sürgün ediblər. Məncə,
erməni ailələri olub onlar. Çünki
atamgilin kəndində ermənilər də
yaşayırdı. Atam erməni dilini təmiz
bilirdi.
Həmin vaxt babama deyiblər ki, sən də bunların
üzünə dur, de, bu söhbət mənim yanımda olub. Babam da qayıdıb ki, mən
eşitməmişəm, adımı yaza bilmirəm,
savadsız adamam, bu yaşımda adam
üzünə durmağı öyrənim? Onda
onu sürgünə göndəriblər. Təxminən 1945-ci ildə olub, 55-ci ildə
qayıdıb, Tiflisdən bəraət kağızı
göndəriblərmış. Atam xatirələrində
yazır ki, niyə Tiflisdən göndərdiklərinidə
bilmədik.
Atamın
xatirələrində var, yazıb ki, evimizdə əmlakımızı
müsadirə etməyə gəldilər, amma insaflı
adamlar idi, 2 inəyimiz, 3 danamız vardı, qardaşı həmin
vaxt müharibədə olduğuna görə qeyd ediblər
ki, əmlak onunkudur. Deyir, atam sürgün
olunandan sonra adamları tanımağa başladım. Fermada bizi işə götürmürdülər,
müharibə gedirdi, aclıq idi, o vaxt bizi xalq düşməninin
ailəsi kimi tanıyırdılar, deyirdilər onları
biçinə götürmək olmaz. İnsaflı bir kişi varmış, adını
yazmışdı da, o, deyir, işiniz yoxdu, mən ona nəzarət
edəcəyəm, işləsin.
Yazır
ki, biçin ağrılı işdi, "vay belim” deyən
kimi kişinin yazığı gəlirdi, dərhal səhəngi
götürüb deyirdi ki, get, su gətir,səhəng
günün altında qızıb...Suya göndərirmiş
ki, işdən aralanıb belini azca dikəltsin.
Atamın
"Komsomola keçdiyim gün” adlı bir şeiri var. Deyir,
komsomola keçməyə qoymurdular ,o qədər
ağlamışdım ki, mənə dedilər xalq
düşməninin oğludur, mən də əlaçı
idim, katibin yazığı gəldi. Katibin
adı səhv etmirəmsə, İbrahim Səfərov idi,
deyib oğul ataya cavabdeh deyil.
Qurban
Yaquboğlu: Bir yandan Məmməd Arazın qızı, digər
tərəfdən Aqil Abbasın həyat
yoldaşı...İki təzyiqin arasında yaradıcı
insan kimi necə üzə çıxdınız? Şeir heç yazmamısınız?
-Görün,
nə güclü adamam mən, iki ağır yükün
arasından çıxa bildim... Mən şeir
yazsam ayıb olar, bəzən yazıram, amma üzə
çıxarmağı xoşlamıram. Bu
yaxınlarda Strasburqda yağış təəssüratımı
şeirləyazdım, sosial şəbəkədə
paylaşmışdım da. Məmməd Arazdan
yaxşı yazsaydım, üzə çıxarardım...
Mövlud
Mövlud: Publisistikanız sizin şeirinizdi...
-Publisistikamda
çox iddialıyam.
Mövlud Mövlud: Aqil Abbasdan
yaxşı yazdığınıza iddialısınız?
-Hə,
iddialıyam.
Nemət
Orucov: Belə çıxır ki, Aqil bəydən
yaxşı deputat olmağa da iddialı ola
bilərsiniz...
-Yox, yox,
qətiyyən! Çünki iclasları sevmirəm,
məktəbdə də, universitetdə də iclaslardan
qaçırdım. Rəsmi durumları
xoşlamıram, ona görə heç o barədə
düşünmürəm də.
Nemət
Orucov: Sizin nəslin nümayəndələri arasında bir
neçə nəfər deputat olmaq istəyirdi...
-Ola bilər
kimsə istəyir, hamı bir-birinə cavabdeh deyil. Azərbaycan
əhalisinin bəlkə 80 faizi deputat olmaq istəyir, amma ola bilirmi?
Nemət Orucov: Deputatlığa namizədliyini
vermiş qohumunuz Qorxmaz İbrahimli ilə münasibətiniz
necədir?
-
Çox gözəldir. Kiçik
yaşlarından bir yerdə olmuşuq, yaşca məndən
kiçikdir, ancaq qardaşım kimi onunla yaxşı
münasibətim olub.
Nemət
Orucov: Sosial şəbəkədə belə fikirlər
vardı ki, Qorxmaz İbrahimlinin də, Aqil Abbasın da namizədliyini
irəli sürməsi aralıqda hansısa problemlər
yaradıb.
-Boş
söhbətlərdir.
Mövlud
Mövlud: Sizdə həmişə sovet hakimiyyətinə, o
dövrə xoş nostalgiya hiss edirəm. Bir dəfə
sovetlər haqda feysbukda tənqid yazmışdım, etiraz
etmişdiniz.
-İnsafsızcasına yazırsınız. Sovet
dövrünün, əlbəttə, pis şeyləri də vardı,
bir çərçivə qurmuşdu, idarəetməsi
ideologiyaya əsaslanırdı. Amma təhsil də
verirdi axı... Bizim nənələrimiz,
babalarımız hamısı oxuyub-yaza bilirdi. Oğlum
danışır ki, Türkiyədə təhsil alanda tələbə
yoldaşımın anasına zəng elədim, dedim, bir
şey söyləyəcəm, qeyd aparın, oğlunuz gələndə
çatdırarsınız. Qadın
qayıtdı ki, mən yazmağı bacarmıram. Deyir fikirləşdim ki, mənim nənəm müəllimədir,
anamın bibiləri, dayıları, əmiləri
hamısı oxumuş adamlardır.
Bəs bunların hamısı haradan gəlir? Rus imperiyasının tərkibində
olmağımızdan, onların təhsilə verdikləri
önəmdən...Məsələyə bir az
insafla yanaşın. Rusu söyməyə nə
var ki? Rusları söymək asandır.
Müqayisə edin, biz haradan qopmuşuq? İran dövlətinin bir parçasıyıq, o
vaxt müharibədə uduzublar, biz bu tərəfə gəlmişik.
Böyük ictimai-ədəbi xadimlərimizƏhməd
bəy Ağaoğlu, Əli bəy Hüseynzadə rus dilində
təhsil alsalar da, gedib Osmanlının içində
türkçülüyün əsasını yaratdılar.
Sovet dövründə ədəbi dilimiz
formalaşdı. Rus pisdir, olsun pis, bəs
yaxşı şeylərini niyə unudursunuz ki? İndi də eləsinlər də onu, niyə
bacarmırlar?
Bu cür danışanda belə çıxır ki, mən
ruspərəstəm? Yox, elə deyil! Sovet dövründə Azərbaycanın
milli məktəblərini qorumaq üçün ziyalı kəsimdən
ancaq yazıçıların uşaqları Azərbaycan məktəblərində
oxuyurdu. Diqqət edin, rəssamlar, bəstəkarlar
azərbaycanca danışa bilmirlər. Bu,
o demək deyil onlar milli deyillər. Mən
o cür yanaşmıram. Statistikaya
baxın, indi heç kəs uşağını Azərbaycan
bölməsində oxutmaq istəmir. Çünki
dünya qloballaşıb kiçik xalqların dilləri
, dil ancaq evdə danışmaqdan ötrüdür.
Atılıb düşürlər ki, İranda Azərbaycan
dilində təhsil olmalıdır. Evində danışır da...
Tatarlar beş yüz ildi rusun içindədirlər,
heç məktəbləri də yoxdur, dillərini unudublar?
Yox! Amma bütün Rusiya tatarların əlindədir.
Elmi də, idmanı da əllərinə
götürüblər. Bəlkə elə
deyil?
Nemət
Orucov: SSRİ-nin Macarıstandan tutmuş Çexiyaya qədər
qoşun yeritməsindən danışdınız. Onda SSRİ-nin 20 yanvarda Bakıya ordu yeritməsini də
normal qəbul etməliyik?
-Buna
dövlət siyasəti nəzəriylə baxaq
Nemət
Orucov: Yəni haqq qazandırmalıyıq ki, özünü
müdafiə elədi?
-Biz
çox siyasi söhbətlərə getdik. Qorbaçov
Qərbin adamı idi, əvvəlcədən "stavka”
olunmuşdu, hakimiyyətə məhz onu gətirdilər.
Siyasi büronun qərarları qüvvələr nisbətinə
uyğun çıxarılır , kimin
adamı güclüdürsə, onu yuxarı başda
oturdurdular. Qərb SSRİ-ni dağıtmaq
üçün Qorbaçovun hakimiyyətə yolunu
açdı və o, öz missiyasını yerinə yetirdi.
Həmin dövrdə oxşar hadisələr çox oldu,
imperiya ordusu Gürcüstana, Latviyaya, Litvaya girdi,
hamısından əvvəl Qazaxıstan hadisələri
baş verdi. Bu, xalqı
narazı salmaq üçün bir vasitə idi.
Mən Bakıdakı 20 yanvar hadisələrini
gözümlə görmüşəm. Hər
hansı dövlətin sərhədləri təhlükəyə
düşəndə o müvafiq addımlar atır. Naxçıvanda İranla sərhəddəki məftilləri
sökdülər. SSRİ-ni bir kənara
qoyaq, İran ölüb bəyəm? Bu
hadisələr hamısı hazırlandı. Dövlət başçısı bilərəkdən
mərkəzi hakimiyyətə insanlarda nifrət yaratmaq istədi.
Halbuki yığışan insanları su
maşını ilə dağıtmaq olardı.
Dövlət öz xalqına xəyanət elədi. Bunu
ayrı-ayrı şəxslər elədilər. Müstəqilliyin , bayrağımızın
uşaqlıqdan həsrətini çəkmişəm. Ancaq bizim kimi balaca ölkənin müstəqil
yaşaması asan deyil. Mütləq kimsə
ətrafında olmalıdır.
Mövlud
Mövlud: Böyük dövlətlərdən
hansının yanımızdan olmasını istərdiniz?
Yanımızda kim olsa, müstəqilliyimiz
üçün daha təhlükəsiz olar?
-Süleyman
Dəmirəlin məşhur sözü var: siyasətdə
dün dündür, bu gün bu gün... Bu gün bizi
qoruyacaq kim varsa, o, mənim
üçün məqbuldur.Heç kim latın əlifbasını
bilməyəndə, türkcə oxumayanda, uşaqlıqda
öyrənib oxuyurdum. Məlum hadisə olanda
bizi ruspərəstlikdə ittiham etməyə
başladılar. Mən haqqın tərəfindəyəm.
Bu gün nə mənə xeyirdisə, qoy o
olsun. Məşhur Bizans siyasəti
amlayışı var, Bizans son dönəmlərində
çox zəifləyir və siyasi manevrlər etməyə
başlayır. Kim güclüdürsə,
onun tərəfində dayanır. Dünyanın
qüdrətinə qarşı çıxmaq mümkün
deyil.
Nemət
Orucov: Siz uzun müddətdir Bakıda
yaşayırsınız. Sovetin
Bakısını da görmüş adamsınız. Sizcə, Bakı 80-ci illərdə
yaxşıydı, yoxsa indi? Nəzərə
alsaq ki, 80-ci illər Bakısında ruslar, ermənilər, yəhudilər
daha çox idi.
-Valideynlərim
danışırdılar ki, onlar 50-ci illərdə Bakıya
oxumağa gələndə burda azərbaycanlıların
sayı azıdı. Azərbaycanlıların
böyük əksəriyyəti Bakı kəndlərində
yaşayırdı. Bakının mərkəzinə azərbaycanlı
axını 50-ci illərdən sonra burda təhsil almaq
üçün gələn tələbələrlə
baş verdi. Burda
fabrik-zavodlar açıldı, işə düzəltdilər
və təbii ki, bu bir siyasət idi. Bunun
sayəsində şəhərin balansı azərbaycanlıların
xeyrinə dəyişdi.
Şəhərə daha böyük axın Heydər
Əliyevin hakimiyyətə gəlişindən sonraya təsadüf
etdi. Zavodların tikilişi və başqa tikinti işləri
buna şərait yaratdı.
İmperiya siyasətində əhali monoetnik olmur. Fikir verin,
Osmanlı imperiyasında nə qədər millətlər
yaşayıb. Ona görə İstanbul ən
kosmopolit şəhərlərdən biridir.
Monoetnik mühit yaxşı hal deyil. Millətlərin
rəngarəngliyi mozaika yaradır və bu mülki həyatı
maraqlı edir. Müxtəlif millətlərin
bir yerdə, dinc yaşamasının nəyi pisdir? Sovet hökuməti çökdü, müharibə
oldu, bundan nə qazandıq? Nə biz, nə
də ermənilər fayda götürdü. Bu prosesdə ermənilər sadəcə alətdir,
vasitədir. Hərçənd ermənin
yaxşısı da var pisi də...Müharibə isə
öz qanunları ilə baş verir. O qanunlara da
uymalısan.
Amma indi deyə bilmərəm ki, Bakı o vaxt
yaxşı idi, yoxsa indi daha yaxşıdır. Tikinti işlərinə
baxsaq, deyə bilərik ki, bəli, Bakı dünyanın qəşəng
şəhərlərindən biridir.
Nərgiz
Cavadzadə: Son günlərin gündəmi futboldur. Futbolla aranız necədir?
-Mən
futbola məcbur baxıram. Çünki evdə
Aqil baxır. O baxanda yanında oturmalıyam. Başqa yerə gedəndə narazılıq edir.
Onunla bərabər azarkeşlik etməliyəm,
dediyi sözlərə, söyüşlərə qulaq
asmalıyam. Aqil müəllim futbolu
çox gözəl bilir. Onunla bərabər
bu 35 ildə mən də futbolu öyrənmişəm.
Nərgiz
Cavadzadə: Aqil müəllim demişdi ki,
"Qarabağ”ın oyununa baxanda həyəcanından
televizoru söndürür, hətta üstünə təcili
yardım da gəlir.
-Futbola
baxanda çox həyəcanlanır, ürəyi bərk-bərk
döyünür. Ona görə bəzən
dramatik məqamlarda televizoru söndürür. Əvvəllər belə deyildi, yaşı
artdıqca həyəcana dözə bilmir. O vaxtlar
oyunları gedib stadionda izləyərdi.
Nərgiz
Cavadzadə: Bəs sizi heç stadiona aparıb?
-Bir dəfə
söz vermişdi ki, aparacaq. Amma sonra kişilər
narazılıq ediblər ki, xanım gəlsə
söyüş söyə bilməyəcəyik. Ona görə gedəsi olmadım.
Sevinc Fədai:
Son vaxtlar səyahətə daha çox vaxt
ayırırsınız. Dünyanı görməyə,
araşdırmağa meyllisiniz.
-Mən
getdiyim yerlərdə istirahət eləmirəm, demək olar
ki, bütün günü ora-bura qaçıram. Aktiv istirahəti sevirəm. Getdiyim
yerdə bir dəqiqə də oturmuram.
Mövlud
Mövlud: Hərənin bir istirahət anlayışı var.
Adam var şopinq zamanı istirahət edir.
-Şopinqdən heç xoşum gəlmir. Amma deyirlər,
bəzi qadınlar şopinq zamanı dincəlir. Ona şopinq-terapiya da deyirlər. Mən isə mağazaya girdim, gözüm
tutanları, xoşuma gələnləri alıram,
çıxıram.
Nərgiz
Cavadzadə: Çox zövqlü geyinirsiniz.
-Sizə
deyim ki, mən çox bahalı geyinmirəm. Sadəcə
özümə yaraşanı seçə bilirəm. Zövq deyək ...Atam Moskvada oxuyanda biz bir müddət
orda yazıçılar yataqxanasında
yaşamışıq. O zaman çox balacaydım. Anamın dediyinə görə, balaca, şirin
qız olduğuma görə SSRİ dövrünün məşhur
yazıçılarının hamısı məni
qucağında gəzdirirmiş. Mən də
onları seçirəmmiş. Qəşəng
olan, qəşəng geyinən yazıçıların
qucağına daha tez gedirəmmiş. Yəni
zövqüm o vaxtdan var.
Tarixi gözəl bilirəm. Ən diqqətlə
oxuduğum fənn tarix olub. O vaxtlar xəritədə
gördüklərimiindi gedib canlı görürəm. Və
bu hiss mənə çox maraqlı gəlir.
Strasburqda "Notrdam kilsəsi”nə getmişdim. Bilirsiniz də
"Notrdam” Məryəm ana məbədləri deməkdir.
O məbədlərdən Milan və Parisdə də var.
Memarlıq etibarı ilə bu məbədlər bir-birilərinə
çox bənzəyirlər. Amma mən
Strasburqda olan kilsənin hər xırda fraqmentinə
heyranlıqla baxırdım. Heykəltəraş onu necə
incəliklə işləyib...
Avropanı gəzərkən başa düşdüm
ki, niyə Şərq sonralar Qərbdən geridə qalıb. Şərq rəssamlığı,
memarlığı inkişaf etdirə bilmədi. Biz perspektiv hissini özümüzdə inkişaf
etdirə bilmədik. Deyirlər ki,
İstanbulda tikilmiş məşhur camilərin hamısı
dönmə yunanlar düzəldiblər. Adını
qoyublar ki, islamı qəbul ediblər. Biz
söz deyim, insan dinini dəyişə bilməz. Bir şey ki, uşaqlıqdan sənin qanına hopur,
onu necə dəyişə bilərsən? Mən qorxanda "bismillah” deyirəm. Bunu nənəmdən, anamdan eşitmişəm və
elə də nəvələrimə öyrədirəm.
İndi bundan sonra qorxanda xaç çəkəcəm?
Yox. Boynumdan xaç assam
da mən xristian ola bilmərəm. Din insanın içinə
məişətlə gəlir. Dindar deyiləm,
namaz qılıb, oruc tutmuram, amma Allaha bağlı biriyəm.
Ona görə də indi hansısa ritualların
qadağan edildiyini eşidəndə mənə qəribə
gəlir.
Avropada çox olmuşam, hər yerdə kilsə var və
bütün adamlar kilsəyə ianə verirlər. Əgər
ianə vermirsənsə sənin ölün ortalıqda
qalır. Qayda budur. Hər
yarım saatdan bir kilsə zəng çalır, hər
saatın tamamında da saatın olduğu qədər
çalır. Və heç kim
narazılıq etmir ki, kilsənin zəngi məni yatmağa
qoymur.
Zahid Nurəliyev:
Avropa ölkələrində turistlərin ən çox
getdiyi yerlərdən biri kilsələrdir. Amma
bizimkilər Avropaya, yaxud hansısa müsəlman ölkəsinə
gedəndə nadir hallarda yollarını məsciddən, kilsədən
salarlar.
-Mən
İstanbulda bütün cameləri gəzmişəm.
Zahid Nurəliyev:
Əksəriyyəti nəzərdə tuturdum.
-Bizimkilər Avropada olanda bəyəm harasa gedirlər?
Mövlud
Mövlud: Məncə, sizdə razılaşarsınız ki,
Avropada din milli hadisədir. Biz dinimizi milli hadisəyə
çevirə bilməmişik.
-Bir daha
deyirəm. Bizim memarlığımızın,
rəssamlığımızın inkişaf etməməyi
bizi geridə qoyub. Onlar dayanmadan tikirlər,
inkişaf edirlər. Biz bir torpağın
hissəsiyik. Bizi ordan qopardıblar. Bura böyük şəhərlər məskəni
olmayıb.
Nərgiz
Cavadzadə: İstirahət edəndə kimləri dinləyirsiniz?
-Sezen Aksu deyəcəm, deyəcəklər, ermənipərəstdir. Ümumilikdə
rus, türk, Avropa mahnılarını çox dinləyirəm.
Bizdən Xumar Qədimovanı çox bəyənirəm.
Bizim də gözəl sənətkarlar olub.
Bu gün ölkədə toydan başqa sənaye
olmadığına görə musiqi də ancaq toya xidmət
edir. Gözəl
mahnılarımızı toy üslubunda oynamaq
üçün oxuyurlar. O gün görürəm,
Polad Bülbüloğlunun mahnılarını toy
üslubunda işləyiblər. Dəhşət...Çox təzadlı ölkəyik. Həmişə zəmin, istedad olub, fərdlər
yetişib. Baxın, 60-cı illərdə
incəsənətdə böyük intibah dövrü
yaşadıq. Fikrət Əmirovun əsərlərini
Boston Simfonik orkestri ifa edirdi. Bu təbii ki,
kiçik xalqlara böyük dövlətlərin diqqət
siyasətidir, amma əsərin özü də möhtəşəm
olmalıdır, layiq görülməlidir.
Biz yalnız heykəltəraşlıqda gürcülərdən
geri qalırıq. Amma rəssamlığımız
çox güclüdür. Dediyim kimi təzadlı
ölkəyik...Həm müstəmləkə altında
olmuşuq, həm tarixi qopmalarımız çox olub, sonra bərpa
prosesinə, yeni rejimə uyğunlaşmaq və bunun
içində də istedadlı insanların yetişməsi...
Azərbaycanda sənaye inkişaf etməlidir, iqtisadiyyat
güclü olmalıdır. Bu gün ölkədə
işlək iqtisadiyyat ancaq toydur. Televiziyada
əsasən restoranların reklamları efirə verilir. Salonlar, geyim sənayesi ancaq toylara xidmət edir.
Ölkənin iqtisadiyyatı ikinşaf etdikcə
bütün sahələr inkişaf edəcək. Bu zəncirvari bir-birinə bağlıdır.
Qurban
Yaquboğlu: Azərbaycanın gələcək taleyi haqda nə
düşünürsüz? Nikbinsiz, yoxsa...
-Mən Azərbaycanın gələcəyini müsbət
görürəm. Çünki Azərbaycan bütün
dünyaya lazımdır.
Rəqsanə
Həsənova: Çox güclü qadınsınız. Aqil bəy ailə daxilində sizə nələrdə
güzəşt edir?
-Güzəştə
həmişə mən getmişəm.
Mövlud
Mövlud: Axı siz azad qadınsınız...
-Mən
azad olub neyləmişəm, atam? Məni
hansısa restoranda təkbaşına yeyib-içən
görmüsünüz?
Mövlud
Mövlud: Bunu etmirsiniz, çünki içinizdən gəlmir.
-Mən
50 yaşı adlamış qadınam, amma indiyə kimi ərimdən
icazəsiz heç yerə gedə bilmərəm.
Nərgiz
Cavadzadə: Feysbuk statuslarını da məsləhətləşib
yazırsınız?
-Yox,
yazıda elə deyil. Yazıda özümün
senzuram var. Fikirləşirəm ki, yazdığımdan bizə
nə zərbə dəyə bilər.
Mövlud
Mövlud: Amma İradə xanım biz sizi azad qadın kimi təqdim
etmək istəyirdik.
-Kənardan
elə görünür... İnanın, indiyə
kimi pul saya bilmədiyimə görə mənə
gülürlər. Anam mənə
heç vaxt pul vermirdi. Tələbə
vaxtı bütün tələbə təqaüdümü əlimdən
alırdı. Ərə getdim, uzun müddət
pul olmadı, pul olandan sonra da o pulu mən görmədim.
Mənim heç vaxt pulum olmayıb. Pul
olmasa azadlıq da yoxdu...
Sevinc Fədai:
Ən çox nəyə pul xərcləyirsiniz?
-Kosmetikaya.
Bahalı kosmetika işlədirəm. Çünki dərimə ziyan verən ucuz
kosmetikadan qaçıram. Ola bilər
çantanın ucuzunu alım, amma kosmetikaya çox pul xərcləyirəm.
Rəqsanə
Həsənova: Bizdə qadın yazarlar, publisistlər niyə
yetişmir?
-Publisistika
xalqa yönəlik janr olduğundan orda nəsə demək və
onun arxasında durmaq çox çətindir. Gərək
balansı gözləyəsən. Xalqın
sənə deyəcəyi sözlərə dözmək asan
deyil. Ümumiyyətlə,
qadınların ictimailəşməsi çox çətin
prosesdir. Və bu bütün dünyada
19-cu əsrin sonlarında başlayıb. Çünki
ictimailəşmək üçün ya hərbdə, ya dində,
ya da dövlət siyasətində
çıxışların olsun. Bunlar da
qadınlara uzaq sahələrdir. Amma tarixdə
məşhur siyasətçi qadınlar da olub. Onlar da kişi kimi siyasət yürütdüklərinə
görə tarixdə qalıblar.
Bu subyektiv fikrimdir. Mən hesab edirəm qadınlardan heç vaxt
böyük şair ola bilməz... Nahaq şeir yazırlar.
Sevinc Fədai:
Yalnız bizdə, yoxsa ümumiyyətlə?
-Ümumiyyətlə...Amma
bəzi istisnaları çıxmaq şərtilə... Kişilər çox istedadlıdır. Allah onları elə yaradıb. Qadın
ona köməkçi vasitə kimi gəlib. İstisnalar həmişə mövcuddur, amma onlar
ümumi qaydanı pozmur. Məsələn,
yapon ədəbiyyatını iki qadın yaradıb.
Bizdə
də qadın yaradıcılığı var:
sayaçı nəğmələr, bayatılar...Amma
ümumiyyətlə, qadın ədəbiyyatı zəifdir,
sönükdür. Hətta oxuyanda bilirsən
ki, bunu qadın yazıb. Kişi yazıda
bütün müstəvilərdə yarada bilir. Amma qadın ancaq qadın kimi yazır.
Mənim qarşımı kəsən nüanslar olub,
olur. Mən əvvəl atamı nəzərə
alırdım, sonra ərim və atamı, indi də
oğullarım...Hələ bununla belə deyirlər ki, azad təfəkkürlüyəm.
Sevinc Fədai:
Niyə az-az yazırsınız?
-Elə
bir dönəm vardı ki, hər həftə nəsə
yazırdım. İndi özümü toparlaya
bilmirəm.
Nərgiz
Cavadzadə: Mətbəxlə aranız necədir?
-Əvvəl çox yaxşı, indi demək olar ki, mətbəxə
girmirəm.
Mövlud
Mövlud: Qonaq sevənsiniz?
-Sevdiyim
qonaqları sevirəm. Yeni ailə quranda Aqillə harasa gedəndə
deyirdi ki, qaşın açılsın,üzün
gülsün, camaat səndən qorxur. İndi öyrəşib,
bilir ki, kimdənsə xoşum gəlmirsə o adam
da onu hiss edəcək.
Mövlud
Mövlud: Məmməd Arazın sözlərinə
yazılmış hansı mahnıları sevirsiniz?
-Böyük əksəriyyəti duyğuludur.
Akif İslamzadənin ifasında "Mənim qəlbim”,
Brilliant Dadaşovanın ifasında "Dünya gözəl
dünyadı” mahnısı çox gözəldir. Onun şən
mahnılarında qəribə nisgil var. Bütün şeirlərindən
ağrı süzülür...
Ədalət.-2016.-18 oktyabr.-S.3.