TARİXİ HƏQİQƏTLƏRİ ƏKS ETDİRƏN KİTAB

 

70 il marksizm-leninizm konsepsiyasına söykənən sovet tarixi "nəzəriyyəsi" sosializm sisteminin dağılması ilə sabun köpüyü kimi yox olub getdi. Bu konsepsiya sovet ideologiyasına xidmət etmək üçün yaradılmışdır. Buna baxmayaraq, həmin dövrün reallıqlarından çıxış edərək qeyd etmək lazımdır ki, sovet tarix elmində tarixşünaslıq prinsiplərinin - obyektivlik, tarixçilik, dəyərlilik və b. prinsiplərin pozulması ideoloji sistemin sərt qayda-qanunları ilə əlaqədar olmuşdur.

1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra tarixçilərimiz, tarixi metod və prinsiplərdən çıxış edərək, təhrif olunmuş bir çox tarixi faktları doğru-düzgün yazmağa başladılar. Xüsusilə, "məxvi" saxlanan çoxsaylı arxiv sənədlərinin işıq üzü görməsi, ideoloji təzyiqlərin aradan qalxması, mühacirət ədəbiyyatının, eləcə də xarici tarixşünaslığın dövriyyəyə gətirilməsi nəticəsində tarixi həqiqətləri olduğu kimi şərh etməyə şərait yaratmış oldu.

Bu gün tam yəqinliklə qeyd etmək mümkündür ki, Azərbaycan tarixçiləri əldə olunan yeni arxiv sənədləri və materiallara istinad edərək yeni-yeni elmi əsərlər yazmaqla tarixmizi daha da zənginləşdirmiş və bu davam etməkdədir. Həmin tarixçi alimlərdən biri də Əzizə Nəzərlidir.

Ə.Nəzərli "XI Qırmızı Ordu Şimali Azərbaycanda: işğal, zorakılıq, özbaşınalıq" (Nazarli A.A. XI Krasnaə armiə v severnom Azerbaydjane: okkupaüiə, raspravı, besçinistvo. Baku: Elm və Təhsil, 2014, 392 c.) adlı monoqrafiyasında, çoxsaylı arxiv sənədlərindən və faktiki materiallardan istifadə edərək, XI ordunun Azərbaycana hərbi təcavüzü, bu təcavüz nəticəsində AXC-nin süqut etməsi, eləcə də Azərbaycanda törədilən kütləvi qırğınlardan, həbslərdən və qarətlərdən geniş bəhs edir.

Beş fəsil, iyirmi yeddi yarımfəsildən və 389 səhifədən ibarət olan elmi-tədqiqat əsərində, 1920-ci il Aprel işğalından zamanı XI ordunun əsgərlərinin Azərbaycanın kənd və şəhərlərində törətdiyi kütləvi özbaşınalıqlarından, bu özbaşınalıqlar nəticəsində azərbaycanlı zabitlərin, tanınmış ziyalıların kütləvi güllələnməsi, bəzilərinin isə həbs edilərək Rusiyanın zindanlarına və sürgünlərə göndərilməsi, Azərbaycanın sərvətlərinin Moskvaya daşınması və s. məsələlər geniş təhlil olunur.

Məlumdur ki, Sovet tarixçiləri XI Qırmızı Ordunun hərbi təcavüzünün daha çox Azərbaycan xalqının "xahişi" ilə, Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin (Az.MİK) "müraciəti" əsasında baş verdiyini qeyd etmişdilər. Lakin Rusiya və Azərbaycanın arxivləində saxlanılan çoxsaylı sənədlər, eləcə də sovet tarixçilərinin yazmış olduqları elmi-tədqiqat əsərlərində yuxarıda qeyd olunan "xahiş" və "müraciət"dən əvvəl işğal planının hazırlandığı açıq-aydın göstərilmişdi.

Ə.Nəzərli Mərkəzin işğalçılıq siyasətini, sovet qoşunlarının müstəqil Azərbaycan Respublikasına hərbi təcavüzünü və onun nəticələrinin əsl mahiyyətini üzə çıxarmaq üçün çoxsaylı arxiv sənədləri ilə yanaşı, sovet dövlət və partiya rəhbərlərindən Lenin, Buxarin, Zinovyev, Trotski, Stalin və başqalarının əsərindən də istifadə etmişdir.

Ə.Nəzərli "III İnternasional", "Qırmızı Həştərxan", "Qırmızı Dağıstan", "Əksinqilaba ölüm" adlı sovet zirehli qatarlar qrupunun Azərbaycanin dövlət sərhədini pozaraq hücuma keçməsini, müxtəlif hərbi gəmilərin Bakı limanına yan almasını Azərbaycana bolşevik hakimiyyətinin süngü ilə gətirildiyini təsdiq edən faktlar kimi göstərmişdir. Heç şübhəsiz, əgər XI ordunun hərbi müdaxiləsi olmasaydı Azərbaycandakı daxili qüvvələr AXC hakimiyyətini yıxa bilməzdilər. Bolşeviklərin daxildə arxalandığı nə güclü bir sosial bazası, nə də ki, hərbi qüvvəsi yox idi. Müəllif haqlı olaraq Azərbaycanda inqilabi şəraitin yetişmədiyini, 1920-ci ilin yazında Azərbaycanda siyasiiqtisadi böhranın olmasına baxmayaraq, dövlət çevrilişinin xalq üsyanı nəticəsində baş vermədiyini qeyd edir.

Əsərdə Azərbaycanın müstəqilliyini istəməyən, Mərkəzin işğalçılıq siyasətinin reallışdırılması üçün fəallıq göstərən ermənilərin - Mikoyan, Sarkis, Mirzoyan və başqalarının antiazərbaycan fəaliyyətlərindən, onların yaxından iştirakı ilə Azərbaycanda yaradılmış "beşinci kolon"dan bəhs olunur.

Ə.Nəzərli, eyni zamanda, ermənilərin Qarabağa hərbi təcavüzünün XI Qırmızı Ordunun Şimali Azərbaycana hücum əməliyyatını yüngülləşdirmək üçün sovet komandanlığı ilə daşnak hökumətinin əlaqələndirmə planının nəticəsi kimi göstərir.

Məlumdur ki, 1920-ci il yanvarın 11-də Azərbaycan Respublikası Antantanın Ali Şurası tərəfindən faktiki olaraq tanınmışdır. Bütün bunlara baxmayaraq, Sovet Rusiyası 1920-ci il aprelin 27-də Azərbaycan Respublikasını işğal etmişbununla da Sovet Rusiyasının müstəmləkəçilik siyasətinin yeni mərhələsi başlanmışdır .

Müəllif, əsərdə N.Nərimanovun Azərbaycan İnqilab Komitəsinin sədri təyin edilməsinin səbəbinə də toxunmuşdur. Ə.Nəzərlinin fikrincə N.Nərimanovun tanınmış həkim, publisist, yazıçı, maarifçi, ictimai xadim olması ilə, eyni zamanda yerli əhali arasında böyük hörmətə malik olması və nəhayət, yuxarıda qeyd olunanlardan o qədər də az əhəmiyyət daşımayan müsəlman olması faktı onun İnqilab Komitəsinə sədr təyin olunmasına səbəb olmuşdur.

Ümumilikdə isə, Əzizə xanım Nəzərlinin "XI Qırmızı Ordu Şimali Azərbaycanda: işğal, zorakılıq, özbaşınalıq" adlı monoqrafiyasının Azərbaycanın 1920-ci il dövrünün tarixini araşdıran tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün son dərəcə əhəmiyyətli bir elmi əsər olacağına inanıram.

Müəllifə elmi işlərində uğurlar diləyirəm.

Vaqif Abışov

tarix üzrə fəlsəfə doktoru,

AMEA A.A.Bakıxanov adına

Tarix İnstitutu

Ədalət.-2016.-18 oktyabr.-S.4.