Azərbaycan öyrədir

 

Oqtay Rza, Əməkdar müəllim

 

Karpatın haçabel başından aşdıq,

Nəğməm bələdçinin xoşuna gəldi;

Dunay sahilində səhəri açdıq,

Nağıllı günümüz sanki gödəldi.

 

Parisli xanıma qərənfil verdim,

Çexlər bayatımı əzbərlədilər;

Macar mətbəxində plov bişirdim,

Yedilər, "afərin, əhsən" dedilər.

 

Tatar şairləri məclis qurdular,

Söz düşdü Vurğundan, Musa Cəlildən;

Beş-altı rübai oxutdurdular,

Qorqudu soruşdum türkdilli eldən.

 

Qarmonda çaldığım "Bayatı-Şiraz"

Dolaşdı Bişkekin küçələrini;

Çində dilləndirib "Cücələrim"i,

Alqış yağışında yuyundum bir az.

 

Başlanır haradan, nədən yollarım?

Sərhəddə qırılır hərdən yollarım;

Məni millətimə bağlayan teldir

Bakıdan hər yana gedən yollarım.

 

Duyğular bəzəyir könül bağımı,

Görüb-götürməyə hazıram yenə;

Ay dost; Bildiyimi, bacardığımı

Anam Azərbaycan öyrədir mənə!

 

Ədalət.-2016.-18 oktyabr.-S.4.