“Cənnətin rəngi yaşıldır”

 

Rəssam Fərhad Heydərli rəssamlığın ali bir məqam olduğunu, yəni Allahın yaratdıqlarının əksi, epizodik təsviri sənəti olduğunu deyir. Tiflisdə təhsilini alan rəssamın əsərləri Estoniyada, Tiflisdə nümayiş olunub.

Adalet.az rəssam Fərhad Heydərli ilə müsahibəni təqdim edir:

- Fərhad müəllim, rəssamlıqla nə vaxtdan məşğulsunuz?

- Tiflisdə təhsil aldığım müddətdə rəssamlığa meylim olub. Təxminən ikinci sinifdə maraqlanmışam. vərəqə insan şəkilləri çəkirdim. Deməli, bir gün Səttar Bəhlulzadə bizə qonaq gəlmişdi. İşlədiyim rəsm əsərlərini ona göstərdim, çox xoşuna gəldiyini dedi. Mən onda Gürcüstanda oxuyurdum. Dedi ki, Bakıya gəl. Məktəbi bitirdikdən sonra Bakıya gəldim.

 

- Daha çox hansı üsluba üstünlük verirsiniz?

- Əsasən, modernizm və tətbiqi sənətə üstünlük verirəm. Çəkdiyim rəsmləri, portretləri vəhylə işləyirəm. "Dədə Qorqud” əsərim də var. Belə ki bu əsərin taleyi çox qəribədir. Bir hissəsini Estoniyada, bir hissəsini Azərbaycanda, bir hissəsini isə Türkiyədə işləmişəm. Və beləliklə ərsəyə gəlib çıxıb. Əsər yollardan keçib elə-bil.

- Azərbaycan və ya xarici rəssamlardan kimləri bəyənib, daima onların yaradıcılıqlarını izləyirsiniz?

- Azərbaycanda Səttar Bəhlulzadənin yaradıcılığını izləmişəm. Onunla dost olmuşuq. Emalatxanasına tez-tez gediş-gəlişim olub. Səttar bəydən çox şey öyrənmişəm. Heykəltaraşlığa məhz o, məni cəlb etdi və Ömər Eldarova (Rəssamlıq Akademiyasının rektoru, rəssam – red) tapşırdı. Sonra bəhs etdiyim emalatxanada xeyli məşğul olub, özümü inkişaf etdirdim. Sonra digər ustad rəssamlardan dərs keçdim. 1979-cu ildə Tiflisdə universitetə qəbul oldum. Digər rəssamlardan Tahir Salahovu deyərdim. Onunda yaradıcılığını mütamadi şəkildə izləmişəm. Tahir Salahov çox gözəl bir rəssamdır. Şedevr rəsm əsərləri var. Böyük rəssamdır! Dünya rəssamlarından ən sevdiyim italyan rəssam Leonardo Da Vinçidir. Onun da yaradıcılığını hər vaxt izləmişəm. İntibah dövrünün böyük rəssamlarındandır.

- Ümumiyyətlə, rəssamlar haqqında danışılarkən onların tufeyli həyatı, qəribə həyat tərzi göz önünə gətirilir. Məsələn, Van Qoq, Salvador Dali, Pikasso, Matiavellinin filmlərinə baxanda gözümüzün qarşısında bədbəxt bir həyat yaşamış insanlar canlanır. Sizə hansı rəssamın yaradıcılığı deyil, taleyi təsir edib?

- Səttar Bəhlulzadəni deyərdim. Çox qəribə həyat tərzi olub. Ailə qurmayıb. Sənətə özünü qurban verib. Geyminə qətiyyən fikir vermirdi, adi adamlardan çox fərqlənirdi. Moda dalından heç vaxt qaçmayıb. Əsl yaradıcı adamın taleyini yaşayıb. Van Qoqun həyatı mənə maraqlı gəlib. Çox bədbəxt taleyi olub. Daimi uğursuzluqlar onu izləyib. Hətta sevgilisinə qulağını kəsib göndərmişdi. Əsərlərini yandırıb. Depressiv həyat keçirib. Çox dəhşətli rəssam taleyi yaşayıb.

 

- Bizə heykəltaraşlıqdan danışın.

- Rəssamlığın növlərindən biri də heykəltaraşlıqdır. Bu sənətə mütləq istedad lazımdır. Universitetdə təhsil aldığım müddətdə modernizmin əsaslarını öyrəndim. Daha sonra öyrəndiklərimi heykəltaraşıqda sintez etdim. Çox diqqət tələb edən sənətdir. Aşıq Hüseyin Saraclının portretini işləmişəm. Özü oturub qarşımda və beləliklə onun heykəlini ərsəyə gətirmişəm.

- 90-cı illərdə cəmiyyətin, dövlətin rəssamlığa yəni mədəniyyətə marağı necə idi? Ədəbiyyat sahəsində qəzetlər, jurnallar dərc olunurdu. Kino üzrə filmlərin premyerası keçirilirdi. Həmçinin, teatrlartamaşalar. Ancaq sanki rəssamlıq həmişə kənarda qalırdı. Bunun səbəbi rəssamlığın anlaşılmamazlığı idi, yoxsa başqa səbəblər var idi?

 

- 90-ci illərdə Azərbaycan qatma-qarışıq vəziyyətdə idi. Azərbaycan işğala məruz qalmışdı. Rəssamlığa çox da fikir verilmirdi. Çünki yanvar hadisələri bütün sahələrə çox ciddi təsir göstərmişdi. Rəssamlara da təsiri öz əsərlərində biruzə verirdi. O illərin ağrısına görə mövzu istənilirdi. Hadisələrlə bağlı əsərlər işlənilirdi. Şəhidlərin xatirəsinə həsr etdiyim plakat rəsmlərim olub. İlk plakatımı Tallində çəkmişəm. "Ocaq” əsəri 1989-cu ildə ərsəyə gəlib. Bu plakat çox məşhurlaşmışdı. Digər plakatlara görə fərqlidir. Bu əsərlə əlifbaya qayıtdım. İlk dəfə latın əlifbası ilə mən işlədim.

- Quranda ayə keçir ki, rəsm çəkmək, Allaha şərik qoşmaqdır. Yaradan Allahdır, heç kim özündən rəsm yarada bilməz. Hətta eştmiş olardınız, Səttar Bəhlulzadə harasa səfərə getdiyi vaxt qarşısına gözəl mənzərə çıxır. Sürücüdən xahiş edir ki, maşını saxlasın. Bir azdan sürücü böyük rəssamın ağladığının şahidi olur. Onu incitdiyini sanan sürücü bunun səbəbini soruşur. Səttar Bəhlulzadə ağlaya-ağlaya qarşısındakı mənzərəni göstərir və heyranlıqla deyir: "İlahi, bu nə gözəllikdir!” Sizinbu cür aciz qaldığınız məqamlar olubmu?

- Səttar haqqında ilk dəfə belə bir əhvalat eşidirəm. İşlədiyimiz əsərləri biz müəyyən qədər yaradırıq. İstedadın müəyyən qədəri verilir. Təbii ki, tək yaradan Allahdır. İnsan Allahın qarşısında acizdir. Rəssam Allahdan ilham alıb yaradır. Xüsusən təbiət mənzərələrini qeyd edərdim. Rəssamların çoxusu altıncı hissiyata sahibdir. Yəni ki, insana beş hissiyat verilib. Ancaq yaradıcılıq nöqtəyi-nəzərdən altıncı hissiyat verilib.

- Fərhad müəllim, sizcə xoşbəxtliyin rəngi hansıdır?

- Yaşıl rəngi xoşbəxtliyin rəmzi olduğunu deyərdim. Cənnətin rəngi yaşıldır.

 

- Son vaxtlar rəssamlıqda gedən prosesləri izləyirsinizmi? Mənim müşahidələrimə görə, gənclər daha çox karikaturanatirmot üzərində dayanır, sizcə gənclərin bu qədər sadə, primitiv olmalarının səbəbləri dünya rəssamlarını izləməməsidir? Siz gənclərə nə məsləhətlər verərdiz?

- Gənc rəssamlara məsləhət verərdim ki, olduğunu yaratsınlar. Karikatura da bir janrdır. Seçimlər fərqli və müxtəlifdir. Hərhalda karikatura janrı da yaradıcılıq tələb edir. Gənc rəssamlara əzmkarlıq arzulayıram. Sənəti heç nəyə dəyişməsinlər. Yəni sənəti olduğu kimi qəbul etsinlər. Klassiklərimiz necə iz qoyublarsa, onlar da elə olsunlar. İntibah dövrü, renesans dövrlərini yaxşı mənimsəsinlər. Müşahidələrini artırsınlar.

 

Ədalət.-2016.-20 oktyabr.-S.4.