ÜRƏK AĞRIYIRSA...
Qaratel Azəri çağdaş qadın yazarları arasında öz fərdi deyim tərzi, həyata, gerçəkliyə, dünyaya məxsusi yanaşma tərzi ilə seçilən bir şairdir. Uşaqlığı, ilk gənclik illəri Qubadlı rayonunun Qaraçallı, Aşağı Həmzəlli kəndlərində keçən, sonra isə taleyini biryolluq Sumqayıta bağlayan, amma gözü-könlü o dağlarda qalan Qaratel xanım neçə illərdir bir böyük ayrılığın cövrünü çəkir:
Başı bəlalı dağlar,
Köksü yaralı dağlar.
Sizə gələ bilmirəm,
Həsrət sinəmi dağlar.
Dünyadakı bütün ağrılara dözmək olar: ata-ana itkisinə, dost-qardaş itkisinə, var-dövlət itkisinə, amma torpaq, yurd itkisinə dözmək olmur. Düşünəndə ki, bir vaxt gəzdiyin, seyrə daldığın, heyran olduğun o gözəlliklərə indi həsrətsən. Bir vaxtlar dodağını sərin çeşmələrinə qoyub doyunca içdiyin o sular, yarpaqlarını bağrına basdığın o ağaclar, sevgilin kimi sinənə sıxdığın o güllər, o çiçəklər indi həsrətlə səni gözləyir, amma sən gedə bilmirsən.
Cıdır düzü yadırğayıb çövkəni,
Qarabağ atları düşüb tarixə.
Yad dili anlamır İsa bulağı,
Haylar yiyə
çıxıb xarı
bülbülə.
Qaratelin şeirlərində yurd itkisi ilə bağlı çox kövrək notlara rast gəlirik. Məsələn,
onun "Ağ tut ağacımız vardı"
şeirini həyəcansız
oxumaq olmur:
Ağ
tut ağacımız vardı,
Meyvəsi qənd-şəkər baldı.
Babamızdan yadigardı.
Yetişib bar verən zaman,
Çırpıb qablara yığardıq,
Qonşulara paylayardıq.
Uşaqların gözlərində,
İşıq, sevinc parlayardı,
Mənə mükafat olardı.
İndi
nə nənəm, nə ağac var,
Bir nağıla
dönüb onlar.
Nənəm ömrün bağışladı,
Ağac
kökdən qopammadı,
Biztək qaçıb qınanmadı.
Yurdda qaldı,
şəhid oldu.
Torpağımız yerlə yeksan,
Azadlıqdan utanıram.
Qaratel Azərinin
şeirləri bir qadın qəlbinin kədərini, sevincini, harayını, fəryadını,
ümidini, inamını
əks etdirir. Qadın qəlbi
zərif çiçəklərə
bənzər, onu gərək əzməyəsən,
soluxmağa, saralmağa
qoymayasan, sadəcə,
o çiçəyin gözəlliyinə,
hüsnünə tamaşa
edəsən, zövq
alasan. Qaratelin şeirləri də
səndə müxtəlif
hisslər oyadır.
Gah bir ömrün
keçilmiş yollarına
boylanırsan, o yollarda
bir zərif ürəyin həyatın
çətinliklərinə sinə gərdiyini görürsən, gah onun hansı hadisədənsə sarsıldığını
hiss edirsən, gah yurdundan, doğma torpağından ayrı düşmüş bir övladın ağrı-acıları
ilə üzləşirsən,
gah da yaşadığımız
həyatın reallıqları
ilə rastlaşırsan.
Bir sözlə, dünyanı,
həyatı, insanları
sevən, amma sevinciylə bir arada iztirab çəkən
qadın ömrünün
salnaməsi ilə tanış olursan. Təbii ki, onun öz
fərdi, subyektiv duyğuları, bir insan kimi yalnız
özünəməxsus qayğıları
var. Amma bu fərdi duyğular həm də bizim anaların - qadın dünyasının
özəlliklərindən doğur, fikirləşirsən
ki, bu, təkcə
Qaratel xanımın hissləri deyil, bütün qadınlara məxsus hisslərdir, duyğulardır. Deyəndə
ki: "Məndən küsüb Hərtiz dağım, Zəngəzurun
dağlarıtək qəlbim
olub dağım-dağım"
- biz elindən, obasından
ayrı düşən
anaların nisgilini-harayını
eşidirik. Deyəndə
ki: "Xəyallarım
illərimi alıbdır...O
günlərdən canda
soyuq qalıbdır"-xəyal bizi uşaqlıq illərinə
aparır, bir daha o illər geri qayıtmayacaq. Deyəndə ki: "Yadlaşmayaq özümüzə,
yadlaşmayaq dilimizə.
Söz əbədi sərvətimiz,
Öz dilimiz, dövlətimiz" - bu misralarda öz ana dilini sevən,
o dili dövləti qədər uca tutan bir azərbaycanlı
qadının fərəh
hissini duyuruq.
"Vətənə xəyanət,
xalqa xəyanət, Sözündən, gözündən
əlindən gələr...
Beləsi boy atıb kökündə
yalan, Haqqı da çaşdırıb,
yalan danışar.
İçində şeytan var,
əlində quran, İblis sifətiylə namaz da qılar"
- belələri də
var.
Dünyaya müraciətlə yazılan
şeirləri də az deyil.
Ömür keçdi, qocaldım,
Yarpaq kimi saraldım.
Tək deyil, tənha qaldım,
Dünya, məndən dönmüsən?
Təklik ayrı, tənhalıq ayrı. Təklik faciə deyil,
amma tənhalıq faciədir və Qaratelin şeirlərində
tənhalığından doğan
acılıqlar diqqətdən
yayınmır. Xüsusilə, sevgi şeirlərindnin çoxundan tənhalıq
qoxusu gəlir.
Tənhalıq illərdir izləyir
məni,
Sənli günlərimin sonuna çıxıb.
Haçandır gəzirəm, tapmıram
səni,
Göz yaşım
sel olub qəlbimə axıb.
***
Lap gənclik yaşlarımdan
tənha qalmışam,
Tənhalıqdan qaçammadım,
çünki utancaq olmuşam.
Qaratel Azərinin
qəzəlləri və
bayatıları haqqında
da xoş sözlər söyləmək
olar. Hərçənd ki, bəzi qəzəllərində əruzun
ölçüləri pozulub,
amma o qəzəllərdə
diqqəti cəlb edən cəhət odur ki, ərəb-fars
sözləri çox
azdır. Qəzəlin
çətinliyindən qorxmur
Qaratel... və yazır ki: "Ruhundan üzr istəyib Füzulinin, qəzəl yazdım, Vahidin əlini öpdüm, bir yol etsin nəzər
yazdım". Arzulayıram
ki, Qaratel xanım Füzulini, Nəsimini, Vahidi çox oxusun və bir zaman
ürəklə desin
ki: "Sınaqdan heç qorxmadım, ürəkləndim, özəl
yazdım". Mənim fikrimcə,
Qaratel xanım bayatıda daha mükəmməldir. Onun
bayatılarının ən
yaxşılarını xalq
bayatılarından ayırmaq
olmur:
Əzizim,
buta açmır,
Gül açmır,
buta açmır.
Bülbül özün itirib,
Sevdiyi buta açmır.
Mən aşiq, qarabağlı,
Saçların qara bağlı.
Yazın
bar-bərəkəti,
Qışdakı qara bağlı.
Qaratel Azəriyə yeni yaradıcılıq uğurları
arzulayıram. Yorulmasın. Şeir yazmaq dünyanın gözəlliyini
duymaqdır, qoy onun
şeirlərində sevinc də olsun, kədər də... amma
şeirinin gözəlliyi itməsin.
Ədalət.-2016.-6 sentyabr.-S.4.