Bu gün sevincdən yazıram...

 

Məni qınayıb "kədərdən yazma, daha bəsdir" deyənlərə bildirmək istəyirəm ki, imzamı görcək səhifəni bağlamayın, mən sevincdən də yaza bilirəm. Bu günü düz 18 ildir gözləyirdim. Adımı verdiyim nəvəm 40 ildir çalışdığım Bakı Dövlət Universitetinin tələbəsi oldubu sonsuz sevinci mənə yaşatdığı üçün onu ürəkdən təbrik edir, təhsildə və həyatda uğurlar qazanmasını diləyirəm.

Əslində, böyük əsərlər də, kiçik məqalələr də biz insanlar kimi dünyaya gəlmək üçün (yazılmaq üçün) öz günlərini, saatlarını gözləyirlər. Gərək hər şeyə Allah yol verə... Fikir və düşüncələrimizi, bəzən də istər-istəməz yaşadıqlarımızı qələmə alıb ətrafımızdakılarla bölüşəndə rahatlanırıq sanki... Sevinc paylaşdıqca artar deyiblər, kədər bölüşdükcə azalar. Ümumiyyətlə, həyatda sevincini də, kədərini də, xoş gününü də, naxoş gününü də hər vəchlə yaxınlarından belə gizlətməyə (yaxşını gizlədirlər ki, göz dəyər, pisi də gizlədirlər ki, sevinən olar) çalışanları mən heç cür anlaya bilmirəm... Əslində, xarakterimə uyğun olmayan xüsusiyyətləri anlamasam yaxşıdır. Nə isə...

Xəyal məni 1998-ci ilin payızına aparır. Sona - nəvəm həmin il bu vaxtda dünyaya gözlərini açıb. Onu doğum evindən evimizə gətirəndə, o vaxt çox ağır və acılı günlər yaşasam da, düşünmüşdüm ki, hələ bu dünyanı dərk etməyən və əsl üzünü tanımayan bu körpə bəlkə mənim bəlalı taleyimin ağrılarını, incikliklərinivaxtsa anlayıb duyan, bəlkə də qələmə alan biri olacaq, axı, mənim qızım yoxdur. Deyirlər "qızsız ana - duzsuz ana" deyimi qızı olmayan analar üçün deyilib, elə isə bütün ümidlərimi Sonama bağlamağa dəyər. Onu da deyim ki, mən bu fikirləri ağlımdan keçirsəm də, əsla razı deyiləm, çünki qızın da, oğulun da cəfakeşi, baş uca edəni-etibarlısı valideyni yaşadır, ömrünü uzadır... Elə oğullar tanıyıram, on qıza bərabər ata-ana qəhri çəkir... Allah heç bir valideyni nankor övladla sınağa çəkməsin. Məlum məsələdir ki, ömürdən insana yar olmur, yazıq ki, bir gün o mütləq nöqtələnir. Ona görə insan oğlu elə yaşamalıdır ki, el üzünə çıxmağa cürəti olsun. Mən kədərimi , sevincimi el üzünə çıxa biləcək şəkildə yaşayan biri kimi nəvələrimi ali məktəbə daxil olduqda onları bu yolla təbrik etməyə üstünlük verirəm... Qoy, bu söz-söhbətim onların övladlarına xatirə olsun. Əgər mən bu gün, bu yaşda babam İsanın, nənəm Minanın sözünü-sovunu, nəsihətini qulaqlarımda sırğa etmişəmsə, ümidvaram ki, valideynləri , çox əziyyətlərinə qatlaşdığım Çərkəzlə bacısı Sona da öz övladlarına nəvələrinə vaxtsa gördüklərini anladacaqlar...

Tanrı onlara gözəl tale-qismət yazsın, ömürləri mənalı rahat olsun. Mən səmimi vaxtında deyilmiş sözdən böyük hədiyyə tanımıram. Söz ürəyin səsi, qəlbin aynası, düşüncələrimizin rəng-rufudur, Söz ürəkdən su içibsə, mənasını itirmə, Söz təmiz niyyətdir...

 

 

Qoru, Tanrım, var gücünlə,

bu gül üzlü quzumu,

Taleyinin yazısını,

özü kimi gözəl yaz.

Saçlarına toxunmasın

heç bir zaman duman, çən,

Çiçək açsın kirpiyində

şaxtada da bahar-yaz.

Qu quşumdur, Sonamdır O,

günəşimdir, ayımdır,

Qızım yoxdur, Yaradandan

qız əvəzi payımdır.

Evimizdə bir Çərkəz var,

bir gözəl bir Sona.

Taleyimi yaşamasın,

adımı verdim ona.

Fəxrimdir o, fərəhimdir,

səma kimi tər-tərmiz.

Günəş doğur gözlərində,

isti, doğma əziz.

Atasına-anasına

ancaq şərəf gətirsin,

Addımları dəyən yerlər

gül-çiçəklər bitirsin...

 

Bəzən özümdən asılı olmayaraq fikirlərim dağa-daşa üz tutur. Ona görə elə bu an nəvələrimin ilk qədəm qoyduqları 20 nömrəli məktəbdən söz açmaq istəyirəm. Tələbəlik illərində təcrübə keçdiyim o məktəbi hər zaman çox sevmişəm, hətta ali məktəbdə oxuyarkən ilk dərsimi bu məktəbdə vermişəm (təcrübə zamanı). Şəfiqə müəlliməmizi xatırlayıram, o sinifdə o vaxt tez-tez adlarını səhv saldığım əkiz qardaşlar - Sənan Kənanı da xatırlayıram, sonralar qonşu olduq onlarla. Beləcə, illər sonra məni 20 nömrəli məktəblə yenidən görüşdürən nəvələrimin o məktəbdə oxumalarına səbəbkar olan, qayğısını, məhəbbətini mənə olan diqqətini heç zaman unuda bilməyəcəyim Zemfira xanım Məmmədova olub. Onun haqq-sayı övlad haqq-sayıdır danılmazdır. Nəvələrimin ibtidai sinif müəllimələri Gözəl müəllimə, Arzu müəllimə məni hər zaman fədakar nənə adlandırırdılar, mən onların Sona Çərkəzə göstərdikləri misilsiz qayğını heç unutmamışam, unutmaram da. Əminəm ki, nəvələrim öz müəllimlərinin başını uca edib verdikləri sözə xilaf çıxmazlar, çünki o müəllimələr hər zaman bu illər ərzində Sona Çərkəzlə daim maraqlanıblar. Məncə, bu, əsl müəllimliyin insanlığın ən uca zirvəsidir. Biri bilməyən mini bilməz. Haqq-say, hörmət diqqət borcdur, borc isə unudulmamalıdır, onun üstündən su içilməz, o mərtəbələrə qaldırılıb ucalarda qorunmalıdır.

Yeri gəlmişkən, mən 225 nömrəli məktəbin kollektivini , xüsusilə, bu məktəbin müdiri Sevda xanımı da bu yazımda xatırlamağı özümə borc hesab edirəm düşünürəm ki, ucalarda qorunub saxlanılmalı haqq-hörmətlərdən çiyinlərimdə duranı heç unudulmayanı elə Sevda xanımın da payına düşür. Hər zaman valideynlərə məhəbbətlə yanaşan, şagirdlərə qucaq açan, işgüzar mehriban Sevda xanıma da ürəkdən "sağ olun" deyib təşəkkürlərimi bildirmək istəyirəm.

Çərkəzin , Sonanın da ali məktəbə qəbul olunmağında xüsusi zəhmətləri olan insanlardan yenə canım Zemfira xanıma, yaxın qonşum - çox diqqətli insan, hər dəqiqə nəvələrimə zaman ayıran, öz nəvələrindən seçməyən İsa müəllimə, təəssübkeş qohumum Telman Həsənova, etibarı boyuna biçilən Etibar Talıblıya çox-çox minnətdaram.

Dünya yaxşılara görə gözəldir. Mən bu ifadəni çox sevirəm yaxşıların çox olduğuna inanaraq ümidimi sozalmağa qoymuram. Sonda bir daha Sonamla Çərkəzimə can sağlığı, səadət təhsillərində sonsuz uğurlar diləyirəm. Qoy, onlar günbəgün çiçəklənən ana vətənimizin ləyaqətli vətəndaşları olsunlar. Elmli helmli olub ətrafa yaxşılıq toxumları səpsinlər. İnsan cəmiyyətin bir parçasıdır, gərəkli olarsa, həyatı mənalı olar. Unutmasınlar ki, insanların sevgisini, inamını qazanmaq onların öz əlindədir.

 

P.S. Bizredaksiya heyəti olaraq cəfakeş Sona müəlliməni nəvələrinin tələbə adını qazanması münasibəti ilə təbrik edirona can sağlığı arzulayırıq. Qoy, nəvə Sona ilə nəvə Çərkəz unutmasınlar ki, onların üstündə zağ-zağ əsən, hər anlarının qəhrini çəkən, babaları Çərkəzin də istəklərini öz ürəyindəki arzuların üstünə yığıb (çox çətin olsa da) ağırlığına sinə gərən, fədakar nənələri var - Sona nənələri.

Nənə adını da başqa adlar kimi uca tutmağı bacaran Sona nənə, biz də Sizə diləklərinizin bəhrəsini görməyi arzulayırıq.

Sona Çərkəz

 

Ədalət.-2016.-8 sentyabr.-S.4.