ELSEVƏR HƏKİM, DÜNYA ŞÖHRƏTLİ ALİM, İCTİMAİ XADİM

 

Hər bir xalqın tarixinin zənginliyi birinci növbədə onun yetişdirdiyi böyük şəxsiyyətlərlə bağlıdır. Belə simaların sırasında Adilə Əvəz qızı Namazovanı göstərmək olar.

Gördüyü işin siqləti, əhatə və təsir dairəsi, fəaliyyətinin bəhrəsi artıq zamanın sınağından çıxan bir sıra problemlərin həllinə, irəli sürdüyü konsepsiyalara, müalicə üsullarına, yazıb-yaratdığı elmə görə tarixləşən müstəsna şəxsiyyətlər sırasında Adilə Əvəz qızı Namazovanın adının özümlü yeri var.

Mahir həkim, istedadlı pedaqoq, dünya şöhrətli alim, elm təşkilatçısı, "ŞÖHRƏT", "ŞƏRƏF" ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983); SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü (1971); Rusiya Elmlər Akademiyasının üzvü (2014); Əməkdar Elm xadimi; Dövlət Mükafatı Laureatı; Səhiyyə əlaçısı; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Akademik M.Topçubaşov" mühazirələr müsabiqəsinin qalibi; AMEA-nın "Akademik Mirəsədulla Mirqasımov" mükafatçısı; Moskvanın və bütün Rusiyanın Patriarxı II Alekseyin "Müqəddəs Çar Dmitri Ordeni" ilə təltif etdiyi; Rusiya Səhiyyə Nazirliyi Pediatrlar Birliyinin "Akademik G.N.Speranski medalı"; "Azərbaycan Respublikası Uşaq Fondu"nun həmsədri; "SOS Uşaq kəndləri - Azərbaycan" Assosiasiyasının İdarə Heyətinin üzvü; "Ümumdünya və Avropa Pediatrlar Assosiasiyası"nın İdarə Heyətinin üzvü; "Azərbaycan Pediartrlar Cəmiyyəti"nin sədri; YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların etikası üzrə Azərbaycan Milli Komitəsinin üzvü, Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru, professor........ gərgin yaradıcılıq yollarında qazanılmış bu adlar, rütbələr və vəzifələrdən hər bri mütəxəssisin həyat və fəaliyyətinin müəyyən sahəsinə işıq salmaqla yanaşı, bütövlükdə A.Ə.Namazovanın geniş erudisiyasını, şəxsiyyətinin və yaradıcılığının miqyasını, intellektini və səngimək bilməyən ictimai fəallığını nümayiş etdirir, onun alim fərdiyyətinin səciyyəsini - sabitlik, ardıcıllıq və məqsədyönlülüyünü sübut edir.

Adilə Namazova 1926-cı ilin sentyabrında gözəl Qarabağın dilbər guşəsi olan Ağdam rayonunun füsunkar Seyidli kəndində anadan olub. Ağdam rayonunun 1 saylı orta məktəbində təhsil alıb və məktəbi əla attestatla bitirib 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olur. İnstitut illərində də o fəal tələbələrdən biri olur.

1949-cu ildə Tibb İnstitutunu bitirdikdən sonra Namazova A.Ə. doğma Ağdama qayıdaraq rayon uşaq məsləhətxanasının müdiri işləyir.

Uşaq səhiyyəsi sahəsində fədakarlıqla, ləyaqətlə işləyərək yaxşı nəticələrə nail olduğuna, uşaq ölümünün azalmasına görə Adilə Əvəz qızı bir neçə dəfə rayon səhiyyə şöbəsinin, Respublika Səhiyyə Nazirliyinin tərifnamə və təşəkkürlərinə layiq görüldü.

Diqqətli həkim, qayğıkeş, xoş xasiyyətli insan olduğuna görə az müddət ərzində Adilə xanım tək Ağdam rayonunda deyil, bütün Qarabağ bölgəsində - Şuşa, Laçın, Tərtər, Ağcabədi, Füzuli rayonlarında da böyük şöhrət qazandı. Lakin bunlar onu qənaətləndirmirdi. O, biliyini, elmini artırmaq arzusu ilə yaşayırdı. Uşaqlarda ürək, qan-damar sisteminin xəstəlikləri onu çox maraqlandırırdı. Bu arzu ilə aspiranturaya daxil omaq üçün böyük müsabiqə olsa da yüksək bal toplayaraq qəbul olunur və Moskva şəhərində pediatriya elminin dünya şöhrətli patriarxı akademik Speranskinin məşhur Uşaq xəstəlikləri kafedrasında çalışmağa başlayır.

Kompleks elektrofizioloji üsullardan istifadə edərək uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş, o dövrə qədər öyrənilməmiş patoloji dəyişikliklərin mərhələsini, dərəcəsini aydınlaşdırmış, şərhini vermiş, müalicə üsullarını təklif etmişdi. Belə uşaqların gələcəkdə sağlam, cəmiyyətə yararlı olması üçün fərdi həyat şəraitini qurması, davranışı, ixtisas, sənət seçməsi haqqında tədbirlər tərtib edib, təkliflər vermişdir.

Bu tədqiqatların yekunlarını ümumiləşdirən A. Namazova SSRİ Səhiyyə Nazirliyi Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi şurasında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə edir. Müdafiə müvəffəqiyyətlə keçir, dünyanın görkəmli alimləri çıxışlar edirlər.

Akademik Speranski G.N. xasiyyətnamədə belə yazır: "A.Ə.Namazova bacarıqlı, yüksək intellektə malik, perspektivli, gələcəyə ümidverici, elmi və kliniki təfəkkürə malik pediatr, alim, istedadlı pedaqoqdur".

1957-ci ildə A.Ə.Namazova Bakıya qayıdaraq Tibb İnstitutunun Pediatriya kafedrasında assistent işləməyə başlayır. Tezliklə Tibb İnstitutunun professor-müəllim kollektivinin, tələbələrinin xüsusi rəğbətini qazanır. Saysız-hesabsız xəstə uşaqları sağaldır, tez-tez radioda, respublika qəzetləri səhifələrində valideynlərə yararlı məsləhətlər verir, ölkə əhalisinin məhəbbətinə nail olur.

Lakin bunlar gənc, enerjili, fəal alimi qane etmirdi. O, əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək biliyini artırmağa, elmin daha yüksək zirvələrinə yiyələnməyə çalışırdı. SSRİ Tibb Elmləri Akademiyasında doktorluq dissertasiyası üzərində işləməyə başlayır.

A.Ə.Namazova XX əsrin altmışıncı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının araşdırılmasına, tədqiqatına məşhur cərrah akademik B.V.Petrovskinin klinikasında başladı.

A.Ə.Namazova dünyada ilk dəfə olaraq uşaqlarda vektorkardioqrafiya, rentgen-elektrokimoqrafiya tətbiq edərək, ürəkdaxili və böyük damarların zondlaşmasından, angiokardioqrafiyasından istifadə edərək ürəyin ayrı-ayrı boşluqlarında qan təzyiqinin səviyyəsini, oksigen, karbon qazının tutumunu öyrənməklə ciyər damarlarının müqavimətini müəyyənləşdirdi. Bu yeniliklərə görə A.Ə.Namazovaya Dövlət İxtira Komitəsindən 5 vəsiqə verilib.

Elmi araşdırma əsasında anadangəlmə ürək qüsurlarının düzgün topik diaqnozunu dəqiqləşdirərək kiçik qan dövranında durğunluğun dərəcəsini, qan təzyiqinin səviyyəsini müəyyənləşdirib ilk dəfə olaraq ürək cərrahlarına və pediatrlara gündəlik işlərində istifadə etmələri üçün öz təsnifatını, konsepsiyasını tərtib etdi. Bütün bunlara əsaslanaraq ürək üzərində cərrahi əməliyyatın aparılmasına göstəriş, əks göstərişi təyin etdi, cərraha isə hansı əməliyyat üsulunun uşaq orqanizmi və ürək üçün zərərsiz aparılmasını və əlverişli olduğunu sübut etdi.

O, dünyada ilk pediatr idi ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı belə sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işlədi, fəsadların qarşısını almaq tədbirlərini təklif etdi, ürək üzərində aparılası cərrahi əməliyyatın proqnozunu verdi, cərrahi əməliyyatdan sonrakı yaxın və uzaq dövrlərdə (1 ilə qədər, 5 ildən sonra) olan müsbət və mənfi dəyişiklikləri ətraflı, bütün dəqiqliyi ilə öyrəndi.

Belə elmi tədqiqatlardan alınan məlumatların əsasında ürək üzərində uğurlu cərrahi əməliyyatların aparılmasına görə 1965-ci ildə I Moskva Tibb İnstitutunda A.Ə.Namazova doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etdi.

O, ilk azərbaycanlı qadın idi ki, pediatriya üzrə tibb elmləri doktoru oldu.

A.Ə.Namazovanın yazdığı elmi əsərə - dissertasiyaya dünyanın məşhur, tanınmış alimləri, akademikləri, pediatrlar, cərrahlar çox yüksək qiymət verdilər.

SSRİ Səhiyyə Nazirliyi Ümumittifaq Cərrahiyyə Mərkəzinin rəhbəri, akademik Petrovski B.V. 1964-cü ildə belə yazmışdı: "A.Namazova ilk dəfə olaraq pediatriya ilə cərrahiyyə arasında çox səmərəli körpü yaradıb. O, indiyə qədər az məlum olan ürək arakəsməsinin anadangəlmə qüsurlarını, uşaq orqanizmində, xüsusilə ağ ciyər qan dövranında olan dəyişiklikləri tam dəqiqliyi ilə öyrənib, cərrah-kardioloqa ürək üzərində mürəkkəb əməliyyat aparmaq üçün düzgün yol göstərmişdir. Bu sahədə o, təbabətə bir sıra yeniliklər gətirib, özü isə hərtərəfli inkişaf etmiş, xüsusi istedada malik alim, prinsipial insandır".

I Moskva Tibb İnstitutunun Uşaq xəstəlikləri kafedrasının müdiri, SSRİ Tibb Elmləri Akademiyasının akademiki Domrovskaya Y.T. belə rəy verir: "Anadangəlmə ürək qüsurları son zamanlara qədər təbabətdə qaranlıq qalmış bir sahə idi. A.Ə.Namazova belə çətin problemi bütün incəliyi ilə öyrənməklə bu sahəyə işıq salıb. O, uşaq orqanizmi üçün əziyyətsiz kompleks elektrofizioloji müasir metodlardan istifadə edərək ümidsiz olan xəstələri konservativ və cərrahi üsul ilə sağaltmaq üçün yol tapıb. O, kardiologiya sahəsində pediatriya, cərrahiyyə elminə və təcrübəsinə böyük yeniliklər gətirib. Onun dissertasiyası nadir bir əsərdir".

Beləliklə, A.Namazova dünyanın məşhur, tanınmış, aparıcı alimlərinin məktəbini keçərək həkim klinisist, tədqiqatçı alim kimi inkişaf edərək, püxtələşərək, 1965-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi ilə Bakıya qayıdıb, Azərbaycan Tibb İnstitutunda kafedra müdiri işləyir.

Başladığı işdə geniş fəaliyyət göstərərək tələbələrə, həkimlərə mühazirələr oxuyur. Azərbaycan elmini zənginləşdirmək, müasirləşdirmək məqsədilə elmi laboratoriya təşkil edib. Bu laboratoriyada müasir səviyyədə təbabət üçün aktual olan müxtəlif hormonlar, bioloji aminlər, lipidlər, zülalla birləşmiş yod, kallikrein kinin sistemi, enzimlər müayinə olunur, ilk dəfə olaraq sağlam və xəstə uşaq orqanizminin bioloji ritmi öyrənilir.

Bu müayinələr vasitəsilə müxtəlif uşaq xəstəliklərinin inkişaf mexanizmi, xəstəlik zamanı baş vermiş incə dəyişikliklər araşdırılıb aydınlaşdırılır. Bu araşdırmalara əsasən istedadlı gənc həkimlər, yuxarı kurs tələbələri cəlb edilir. Onlar isə böyük entuziazm ilə işləyirdilər. Bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə olunur. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq A.Ə.Namazova pediatriya elmi məktəbini yaradır.

A.Ə.Namazova və onun elmi tələbələri keçmiş ittifaqda və müxtəlif xarici ölkələrdə (Yaponiyada, Hindistanda, ABŞ-da, Fransada, İngiltərədə, Argentinada, Avstriyada, Finlandiyada, Belçikada və s.) pediatrların, kardioloqların, terapevtlərin, cərrahların beynəlxalq toplantılarında, ümumdünya konqreslərində elmi məruzələrlə, yeni məlumatlarla çıxışlar edir.

Beləliklə, A.Ə.Namazovanın yaratdığı Azərbaycan Elmi Pediatriya məktəbi nəinki keçmiş ittifaqda, hətta dünya miqyasında elmə gətirdiyi yenilikləri, nailiyyətləri ilə məşhurlaşır.

1971-ci ildə təbabətdə aktual elmi problemlərin araşdırılmasına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksəkixtisaslı alimlər hazırladığına görə A.Ə.Namazova SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilir. Bu, Azərbaycan elminin böyük triumfu idi. O, ilk azərbaycanlı qadın idi ki, belə yüksək elmi ada layiq görülmüşdü. SSRİ dağıldıqdan sonra isə A.Ə.Namazovanın elmi nailiyyətləri yüksək qiymətləndirilərək Rusiya Tibb Elmləri Akademiyasına da seçilir.

Daima axtarışda olan A.Ə.Namazovanın diqqətini uşaqlarda və yeniyetmələrdə hiper və hipotoniya xəstəlikləri cəlb edirdi. İlk dəfə olaraq Bakıda və Azərbaycanın müxtəlif regionlarında məktəblilər arasında xəstəliyin yayılmasını, başlanğıc və müxtəlif dövrlərində orqanizmdə baş verən lipid, hormonal, bioloji aminlərin ürək qan-damar sisteminin dəyişikliklərini, xəstəliyin başlanmasında uşağın həyat tərzinin, məktəb təhsil şəraitinin, irsi, sosioloji, ekoloji iqlimi faktorların rolunu öyrəndi. Sübut etdi ki, bu xəstəlik öz başlanğıcını uşaq yaşlarından götürərək insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam edir. Uşaqlarda hipertoniya və hipotoniya xəstəliyinin təsnifatını, müalicə və profilaktika üsullarını tərtib edərək dünya təbabətinə, xüsusilə təcrübə həkimlərinə təqdim etdi. Azərbaycan isə uşaqlarda ürək qan-damar sistemi xəstəliklərini müxtəlif ölkə və regionlarda öyrənən Avropa proqramına qəbul olundu.

1982-ci ildə A.Ə.Namazova Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görüldü.

Respublikada pediatriya sahəsində elmi kadrların hazırlanmasında A.Ə.Namazovanın xüsusi rolu vardır. Onun rəhbərliyi altında 62 namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub. Hal-hazırda onun yetişdirdiyi tibb elmləri doktorları, professorlar Namazovanın davamçısı kimi özləri də tələbə yetişdirirlər.

Tibb elmini inkişaf etdirməkdə və yüksəkixtisaslı kadrlar hazırlanmasında xidmətləri Azərbaycan Dövləti tərəfindən yüksək qiymətləndirilərək 1981-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə ona "Əməkdar Elm Xadimi" fəxri adı verilmişdir.

Təbabət elminin aktual və perspektiv problemlərini araşdırdığına, pediatriyanın əsaslı məsələlərinin həllində aparıcı alim olduğuna, yüksək yaradıcılıq nailiyyətlərinə, xəstə uşaqlarda yeni müalicə üsullarını təklif və təbliğ etdiyinə, elmi kadrlar hazırlayıb Azərbaycan Elmi Pediatriya məktəbini yaratdığına görə 1983-cü ildə A.Ə.Namazova Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçildi. O, ilk azərbaycanlı qadın idi ki, iki böyük ölkə elmi akademiyasının üzvü oldu.

Namazova A.Ə. 20 il Azərbaycan Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının sədri olub. Azərbaycan Elmi-tədqiqat və ali təhsil institutlarında elmi-tədqiqat işlərinin istiqamətyönlü, müasir tələbatlara uyğun aktuallıqla istehsalatda zəruriliyi, insanların sağlamlığının qorunması məqsədilə planlaşdırılmasında çox böyük fəaliyyət göstərib.

Elmi tədqiqat işləri ilə bərabər A.Ə.Namazova çox geniş müalicə işi ilə məşğul olur və səhiyyə idarələrinə yaxından köməklik edir. Onun rəhbərlik etdiyi klinikalarda şəfa tapan ən ağır xəstələrin sayı hesabı yoxdur. Elmi araşdırmalar nəticəsində əldə olunan yeni-yeni müalicə üsulları bu klinikalarda uğurla tətbiq olunur.

Uşaqlar və onların valideynləri bu mehriban, qayğıkeş, gülərüzlü həkimi xüsusi məhəbbətlə sevirlər. Respublikanın elə kəndi, rayonu, şəhəri yoxdur ki, A.Ə.Namazova oradan ağır xəstə müalicə edib sağaldıb ölümün pəncəsindən qurtarmasın. Ona görə xalq içərisində o çox məşhurdur və sevilir. Minnətdar valideynlər uşaqlarının xılaskarına şeirlər yazır, nəğmələr bəstələyir, oçerklər, kitablar həsr edirlər.

 

Şair Fəxrəddin Sofulu "Vətən məhəbbəti el məhəbbəti" şeirlər kitabında 2008-ci ildə belə yazır:

 

"Anam Qarabağın bəxtəvər qızı

Adın sadəlikdə zirvəyə çatmış!!!

Səni körpələrə, həm analara -

Şükr olsun Tanrıya! - ümid yaratmış!!!

 

Siz, mənim xeyirxahlıq etalonu, təmizlik, paklıq simvolu kimi ürəklərdə məskəni olan əziz bacım Adilə xanım, körpə fidanları ağrı-acıdan qurtarmaqla neçə-neçə ailələrə bal şirinliyi, həyat eşqi, xoşbəxtlik, səadət bəxş edirsiniz!!!"

Yorulmadan işləməyinə və səhiyyədə əldə etdiyi nailiyyətlərinə görə A.Ə.Namazova "Səhiyyə əlaçısı" və Səhiyyə Nazirliyinin, Tibb universitetinin çoxsaylı tərifnamələri, təşəkkürləri, fəxti fərmanları ilə təltif olunub.

A.Ə.Namazova uzun illər Respublika "Bilik" cəmiyyətinin tibb bölməsinin sədri olaraq geniş fəaliyyət göstərmişdir. O, respublika alimlərinin, həkimlərinin biliklərindən səmərəli istifadə edərək əhalinin tibbi biliyini artırmaq üçün çoxsaylı konfranslar kecirmiş, Bakının və respublikanın rayonlarında əhali arasında sual-cavab yığıncaqları, kütləvi müayinə kimi tədbirlər təşkil etmişdir.

Tibbi biliklərin əhali arasında yayılmasında geniş fəaliyyət göstərdiyinə görə A.Ə.Namazova Azərbaycan Respublikasının və keçmiş Ümumittifaq "Bilik" cəmiyyətinin bir sıra medalları və ordenləri ilə təltif olunmuşdu.

Elmi pedaqoji, həkimlik fəaliyyəti ilə bərabər A.Ə.Namazova ictimai işdə çox fəal çalışır. Uzun illər o, respublika qadınlar cəmiyyətinin və Sovet Qadınları Komitəsinin Rəyasət Heyətinin üzvü olub. Qadınlar arasında böyük işlər aparıb. Azərbaycan qadınlarını təmsil edərək onların problemləri haqqında Moskvada, Litvada, Sankt-Peterburqda, Hindistanda, Türkiyədə qurultaylarda, konqreslərdə çıxışlar edib. Həmin ölkələrin qəzetlərində, televiziyalarında geniş reportajlar, müsahibələr verib.

1989-cu ildə A.Ə.Namazova SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin, Millətlər Şurasının üzvi seçildi. O, SSRİ Ali Sovetində Azərbaycan, Qazaxıstan, Orta Asiya Respublikaları qadınları komitəsinə sədr seçildi.

Bu sahədə geniş fəaliyyət göstərərək Ali Sovetin sessiyalarında tez-tez qadınların, uşaqların acınacaqlı vəziyyəti haqqında çıxışlar edərək Sovet dövlətləri başçılarının, parlament üzvlərinin diqqətini qadın probleminə yönəldir.

A.Ə.Namazovanın Ermənistanın Azərbaycana qarşı təcavüzünun ilk günlərindən mübarizəyə fəal qoşulmasını, çıxışlarında onları ifşa etməsini xüsusi qeyd etmək lazımdır.

1989-cu ilin noyabr ayında sovet nümayəndə heyətinin tərkibində ABŞ-ın Nevada, Luiziana ştatlarının şəhərlərində, Vaşinqtonda, Nyu-Yorkda əhali qarşısında, universitetlərdə, böyük müəssisələrdə, zavodlarda, xəstəxanalarda, senatorlar iclasında məruzələr, çıxışlar edərək xəritə üzərində Ermənistanın Azərbaycana təcavüzünü amerikalılara başa salıb, erməni siyasətinin iç üzünü açıb anlatmışdır. Qondarma Qarabağ məsələsi barəsində "Metrosteyts", "Siti Reydj", "Steyt Tayms", "Sandey advakata" qəzetlərində məqalələr dərc etdirmişdir.

1990-cı ildə A.Ə.Namazova Sakit okean hövzəsi və Asiya ölkələri qadınlarının Nyu-Dehli şəhərində keçirilən "Demoqrafiya, xalqların məskunlaşması" beynəlxalq konqresində sovet qadınları heyətinə rəhbərlik etmişdir. Bu toplantının plenar iclaslarında çıxışlar edərək qondarma Qarabağ probleminin əsl məzmununu şərh etmiş, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların, qadınların, qocaların acınacaqlı vəziyyətə duşməsi, onların həyatının təhlükədə olması təbilini döymüşdür. Hindistanın "Nyus Tayms Dehli" qəzetinə müsahibələr vermişdir.

Ermənistanın Azərbaycana torpağında elan olunmamış qanlı müharibəyə son qoyması üçün dəfələrlə SSRİ prezidenti M.S.Qorbaçovla, SSRİ-nin başqa dövlət rəhbərləri ilə şəxsən görüşüb çox ciddi tələbkar söhbətlər aparırdı. Ali Sovetin sessiyalarında xalq deputatları qarşısında erməni təcavüzkarlarını ifşaedici çıxışlar edir, məsələnin obyektiv həllini, müharibəyə son qoymağı tələb edir. Baxmayaraq ki, M.S.Qorbaçov o vaxtlar ölkə prezidenti idi, A.Ə.Namazova cürətlə onu üzünə qarşı təqsirləndirərək ermənilərin tərəfindən əl çəkməyi tələb edirdi.

Sovet Ordusunun 1990-cı il 19-20 yanvarda Bakıya yeridilib qırğın etməsi zamanı da A.Ə.Namazova böyük fəaliyyət göstərdi. Həyat üçün təhlükəli bir vaxtda, göydən güllələr yağan zaman o, bəstəkar, xalq deputatı Arif Məlikov, fəhlə Sara Vəzirova ilə azərbaycanlı əsgərlərin həyatının qorunmasını təmin etdi, onları ölümdən qurtardı.

"Çyorniy yanvar" kitabının müəlliflərindən biridir. Bu kitabı Moskvaya apararaq hər bir SSRİ xalq deputatının, parlamentin üzvlərinə şəxsən təqdim edərək onları belə vəhşi hadisədən xəbərdar etdi.

Həmin yanvar günləri ərəfəsində saysız-hesabsız həbs olunmuş Bakı, Bakı ətrafı, Azərbaycan rayonlarının (Masallı, Neftçala, Cəlilabad, Lənkəran və s.) vətəndaşlarının, Şüvəlan və başqa təcridxanalarda 300 cavan kişinin qeyri-insani vəziyyətdə gizli saxlanılmasını aydınlaşdıraraq Bakıya gəlmiş sovet rəhbərlərinin - SSRİ baş prokurorunun birinci müavini Abramovun, SSPİ Daxili İşlər naziri Bakatinin qarşısında tələblər qaldıraraq onların hamısının azad olunmasına nail oldu.

SSRİ Ali Sovetinin sessiyasında (fevral 1990-cı il) çıxış edərək 20 yanvar faciəsində ölkə prezidenti M.S.Qorbaçovun əsas müqəssir olduğunu sübut etdi.

İctimai işlə bərabər Namazova A. elmi işlərdə də çox fəal, gərgin çalışırdı. O, dünya alimləri ilə əlaqə saxlayır, beynəlxalq yığıncaqlarda, konqreslərdə sanballı məruzələr edirdi.

1994-cü ildə Qazaxıstanda keçirilən konqresdə A.Ə.Namazova Turkdilli və Mərkəzi Asiya ölkələrinin Pediatrlar Assosiasiyasının Vitse-prezidenti seçildi.

Elmi ictimai fəaliyyətlərinə, Azərbaycan səhiyyəsində olan boyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 1996-cı ildə A.Ə.Namazova ölkənin yüksək "Şöhrət" ordeni ilə təltif edildi.

1997-ci ildə Bakı şəhərində Türkiyə, Azərbaycan, Mərkəzi Asiya - turkdilli ölkələrin Pediatriya cəmiyyətlərinin beynəlxalq iştirakı ilə keçirilən V konqresinin prezidenti seçildi.

A.Ə.Namazovanın erudisiyasını, məsuliyyətini, ali məktəbdə yüksək pedaqoji təcrübəsini, insanpərvərliyini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Naxçıvan Dövlət Universitetində açılmış yeni tibb-pediatriya fakültəsini hamiliyə götürməyi ondan xahiş etdi.

O, ilk öncə universitetdə tibbi kitabxana yaratdı. Fakültə üçün tədris proqramı tərtib etdi, 17 ildir ki, onun yerinə yetirilməsinə nəzarət edir. Tədris ili ərzində bir neçə dəfə Naxçıvana gedərək mühazirələr oxuyur, müəllimlərə məsləhət verir, tələbələrlə söhbətlər aparır. Bu fakültə tələbələri üçün xüsusi olaraq pediatriyadan müxtəlif mövzularda tədris metodik vəsaitləri çap etdirib. Buna görə dərs deyən müəllimlər və tələbələr çox razıdırlar və öz minnətdarlıqlarını bildirirlər.

Yuxarıda göstərilən qısa məlumatlatdan görünür ki, akademik A.Ə.Namazova çox mənalı, maraqlı, öz xalqı üçün xeyirli, fədakar həyat keçirib.

Bütün həyatını tibb elminə, səhiyyənin inkişafına, kadr hazırlığına, insanlara qayğı və xidmətinə həsr etmiş, xalqımızın bu fədakar qızının əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət", 2011-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə "Şərəf" ordeninə layiq görülüb və bir sıra digər orden, medal və döş nişanları ilə təltif edilmişdir. Moskvanın və bütün Rusiyanın Patriarxı Aleksey İkinci də ehtiyacı olan, yetim və xəstə uşaqların qayğısına qalmaqda xüsusi xidmətlərinə görə A.Ə.Namazovanı "Müqəddəs Çar Dmitri" ordeni ilə təltif edib.

O, 2002-ci ilin uğurları müsabiqəsi laureatı olduğu üçün A.Namazova Respublika Mükafat Fondunun "Ziyalı Azərbaycan Qadınının Simvolu" Ali dərəcəli Diplomu ilə təltif olunmuşdur.

Bu gün də akademik A.Ə.Namazova ömrünün müdrik dövrünü yaşayır. Əvvəllər olduğu kimi hər gün neçə-neçə körpəyə həyat, ailələrə sevinc bəxş edir, yorulmadan elmi axtarışlar aparır, gənc pediatrlar nəslinin yetişməsi üçün bütün güc və bacarığını sərf edir.

Biz bütün Azərbaycan xalqı kimi böyük məmnuniyyətlə həmyerlimiz Adilə Əvəz qızı Namazovanı 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, səmərəli işində, ana uşaq sağlamlığının qorunması, elmin inkişaf etdirilməsi, kadrların hazırlanması fəaliyyətində uğurlar diləyirik.

 

Şakir Musayev,

tibb elmləri doktoru, professor,

AMEA-nın müxbir üzvü

Ədalət.-2016.-9 sentyabr.-S.3-4.