ŞAİR QOCALSA DA, ŞEİR QOCALMIR...

 

(CAMAL YUSİFZADƏNİN 75 yaşına)

 

 

ƏDƏBİ HƏYAT

Camal Yusifzadə də 75 yaşına gəlib çatdı. Altmış-yetmişinci illərin gənc şairləri sırasında adı tez-tez hallanan, iki ünlü şairimiz-Rəsul Rzadan və Əli Kərimdən xeyir-dua alan Camal səksəninci-doxsanıncı illərdə artıq müasir poeziyamızın seçilən nümayəndələrindən biri idi. Hər dəfə kiçik şeir kitabları nəşr edilsə də, tənqidçilər ondan xəsisliklə bəhs etsələr də, Camalın istedadlı şair olduğu göz qabağında idi. Hərçənd ki, o, çox nadir hallarda ədəbi məclislərdə görünür, lap arxa cərgələrdə oturub səsini çıxarmır, heç durub şeiroxumurdu. Başını aşağı salıb AZTV-də bir-birindən maraqlı verilişlər hazırlayırdı. 2009-cu ildə nəhayət, təxminən 400 səhifəlik "Poeziya" adlı bir şeir kitabı çap olundubu kitab belə bir həqiqəti sübut elədi ki, Camal Yusifzadə adi şair deyil, orijinal deyim tərzi ilə seçilən şairdir. Əli Kərimin "İntellektpoeziya" məqaləsində (1969) bu sözləri xatırlayıram: "Camaldaxoşuma gəldi? Onun elmə, savada, həyata dərin meyli".

Bu yazını yazmağa başlayanda həmin "Poeziya" kitabında Camal Yusifzadənin vaxtilə dillər əzbəri olmuş şeirlərini axtardım. Anasının xatirəsinə həsr etdiyi "Ay qonşu, bu evin yiyəsi hanı?" bir daha məni kövrəltdi (eyni hissləri keçirdiyim üçün)

 

Yağış suvağını yuyur bu evin,

Külək şüşəsini döyür bu evin,

Sükut hay-küyünü qovur bu evin,

Zaman taxtasını ovur bu evin,

Ay qonşu, bu evin yiyəsi hanı?

 

Həzin, çox həzin bir sevgi şeirini axtardım:

 

Əllərim əlində qalsa

Qaytarma mənə-

Nəyimə lazım?

Belinə dolarsan mən olmayanda,

Saçına çəkərsən mən olmayanda!

 

bir "Piskaryov"da dəfn olunmuş naməlum əsgərlərin xatirəsinə həsr olunan "Əsgər harayı" şeirini:

 

Ehey, kim var orda?

Ehey, kimsən orda?

Eh, yaman darıxdım.

Görəsən, bayırda necədir hava?

Yağış yenə yağırmı?

Günəş yenə doğurmu?

 

Mən Camaldan yeddi yaş kiçiyəm. Amma o şeirləri oxuyanda özümü onunla həmyaş saydım, elə bil həmin şeirlərin aşıladığı duyğuları, hissləri mən yaşadım. Beləliklə, Camalın kədəri həm mənimkidir. Mən bu şeirləri oxuyub Camalla müdam qocalığın həzin hücrəsinə sığınıram. O hücrədə kimsə yox. Bir üz tutmalı Allahın var:

Bir uşaq olmaq-

Bir böyümək!

Bir uşaq olmaq-

Ta böyüməmək!

(Bir böyüməkçin-

Öləsən gərək!)

Əfsus ki, böyüdüm-

Böyüdüm, Aman!

Naməlum sabahdan,

Gələn günümdən

qorxuram yaman!

Böyüdüm-

Bir ucu ölümdür daha!

İzn ver, İlahi, böyüməyim ta!

 

Əlbəttə, bu hisslər hamıya doğmadır, amma çoxumuz ölüm haqqında, dünyanın faniliyi barədə belə nostalji düşüncələrə dalmırıq. İçimizdə ya doğru, ya da yalançı nikbinliklə özümüzə təsəlli veririk. Məncə, Camalın bu tipli şeirlərini kədərli, qüssəli şeirlər kimi yox, fəlsəfi şeirlər kimi qavramaq lazımdır. "Dünya duracaq yer deyil, ey can səfər eylə" - Nəsiminin bu misrası isə Camal Yusifzadənin şeirləri arasında kökdən gələn bir bağlılıq var. Biz hamımız yol üstündəyik, səfərdəyik...

Camal Yusifzadə "sonuncu" altmışıncılardandır. "Sonuncu", yəni həmin ədəbi nəslin sonuncu uşağı. Fikrət Sadıqdan, Fikrət Qocadan, İsa İsmayılzadədən, Ələkbər Salahzadədən, Abbas Abdulladan, Vaqif Səmədoğludan az sonra poeziyaya gəlib onların cərgəsinə qoşulub. Ona ilk "uğurlu yol"u o poetik nəslin avanqardı Əli Kərim yazıb.

Qayıdıram bir az keçmişə Camal Yusifzadənin mənim fikrimcə, qocalmayan şeirlərinə.

Camal Yusifzadənin "Lənkəran nəğməsi", "Atlılar-qanadlılar", "Ümiddən keçən yol" "Payızdan gələnlər" şeir kitabları məndədir həmin o nazik kitablarda onun şair səciyyəsini tam dolğun şəkildə ifadə edən şeirlər çoxdur. Ümumiyyətlə, onun havaya atılan boş gülləsi olmayıb, yazıbsa, ŞEİR olub bu şeirlərin bir çoxu sözün əsl mənasında POEZİYAya çevrilib. O şeirlərdən biri doğulduğu Lənkərana həsr edilib. o şeirdən əsl payız havası gəlir:

 

Bu şəhər yağışa düşüb ömürlük,

Bu şəhər yağışda islanıb tamam.

Gözümü açanı

Dəniz görmüşəm;

Kükrəyən, çağlayan,

Təmiz görmüşəm.

Bu dəniz yağışa düşüb ömürlük,

Bu dəniz yağışda islanıb yaman.

Gözümü açanı

Meşə görmüşəm,

Qızılı yarpağı,

Yaşıl talanı

Yuyulub-silinmiş

Şüşə görmüşəm.

Altmış-yetmişinci illərin şeirlərinə xas olan bir çox cizgilər, əlamətlər Camalın şeirlərində baş-başadır. O zaman üçün təzə təravətli səslənən obrazlar, deyimlər, bədii təsvir vasitələri, assosiativ düşüncə tərzinin ifadəsi olan maraqlı, orijinal bənzətmələr onun şeirlərinin başlıca məziyyətlərindəndir. Camalın özünəməxsus poetik boyaları, cizgiləri var. Ona Hüseyn Arifə, Məmməd Aslana, Musa Yaquba birbaşa deyiləsi "təbiət şairi" təyinini vermək doğru olmazdı, amma Camalın payızdan yazdığı əksər şeirlərində payızdan çox, payızlı duyğuların lövhələrini, rəsmini görərsən. Çöldəki payız yox, məhz insanın içindəki payızlar rəsm olunub bu şeirlərdə. Həmin şeirlərdən biri yenə əlimdən tutub məni yaralı bir dəmirağacının yanına gətirir:

 

Qulağımda vahiməli,

Küt ağrılı balta səsi.

Dizlərimdə sozalanmış qış nəfəsi.

Yarpaqlarım laxta-laxta-

qanqırmızı.

Yarpaqlarım oda salıb payızı.

Başım üstdə havalanmış durna səsi.

Xəyalımda bir gözəlin dizlərimə

sərilməsi.

Uyuyuram, deyəsən?

Soyuyuram, deyəsən?

Ehey, beş addım aralı

cığırla gedən, kimsən?

 

Əsl payız rəsmidir, amma duyğulardan boylanan payızdır bu. Camalda belə "rəsmlər"i çoxdur. O dövrün təbirincə desək, Camal intellektual şair kimi diqqəti cəlb edirdi. Bəziləri intellektuallığı şeirdə fikrin aparıcı rol oynamasında, bəziləri fikrin fəlsəfi axarında, bəziləri isə dövrün, zamanın bütün texniki nailiyyətlərinin şeirdə ifadəsi kimi yozurdular. Amma bu fikirlərin hamısı havaya sovruldu. Əsl intellektuallıq şeirin, poeziyanın kənarında, xaricində deyil, içində idi-gözlənilməz heç kimin ağlına gəlməyən deyimlər, bənzətmələr, assosiativ təfəkkürdən doğan məcazlarda idi. Əli Kərimin poeziyasında olduğu kimi... Camalın "Cırtdanın əmisi oğlu", "Gecənin gecə söhbəti", "Dənizin səsi", "Küləyi döymək olmaz", "Sübh yuxusu", "Avara qorxu" s. şeirləri o zamankı modernist şeirin maraqlı nümunələrindən idi. Həmin illərdə ustad Rəsul Rza Camal Yusifzadənin şeirləri barədə yazmışdı: "Camal Yusifzadə kimdir? Bilmirəm. Cavandır, ya oturuşmuşdur? Bilmirəm. Çoxdanmı yazır, ya onun ilk şeiridir? Bilmirəm. Bildiyim budur ki, "Ədəbiyyat incəsənət" qəzetinin 15 mart tarixli 11-ci (1825) nömrəsində Camal Yusifzadənin "Qışın nəğməsi" adlı bir şeiri dərc olunmuşdur. Şeir-nəğmə belə başlayır:

Qışam,

Qışam,

Qışam mən,

Bağçalara, bağlara

Qar olub qonmuşam mən.

 

Necə yaxşı, təbii, obrazlı deyilmişdir. Qış sözünün təkrarında bir melodiya yaranır. Qış haqqındakı bu parçadan poetik bahar qoxusu gəlir".

Camal Yusifzadənin həm ondakı, həm indiki şeirlərinin məziyyətləri barədə çox danışmaq olar. Ancaq onun şeirlərində qədim türk şeirindən gələn müasir şeirimizdə məqamında işləndikdə şeirə yaraşıq gətirən alliterasiyalar göz oxşayır. Səslərin, sözlərin, ayrı-ayrı ifadələrin təkrarı ilə yaranan bu düzümlər Camalın şeirlərinə "tabü təravət" gətirir.

İkimininci illərdə yazdığı yeni şeirlərində Camal fikir düşüncələrini daha çox İnsan Ölüm motivi üzərində kökləyib bu tipli şeirlərin hamısında nostalji bir əhval-ruhiyyə hökm sürməkdədir, amma Camalın 30 il əvvəl yazdığı şeirlərində ara-sıra həmin motivin səsləndiyini görəndə içimdə bir rahatlıq duydum: "Qırx bahar adlamışam - Ömrə-günə min bərəkət... İçimdə daş, Gözümdə yaş Gedirəm torpaq olmağa". Bu, bəlli. Amma məni sevindirən odur ki, Camal Yusifzadə bəzi şair dostları yaşıdlarından fərqli olaraq 30 il, 40 il əvvəl əldə elədiyi o poetik səviyyədən qətiyyən aşağı enməyib, həmin səviyyəni saxlaya bilib. Oxuculara xatırladım ki, Camal həmişə şeir yazmır, dəxli yox, bircə qalın şeir kitabı var, o, heç vaxt SÖZdən ayrı düşməyib.

... Sonda mən Camalın şeirlərindən birinin əlindən tuturam, üzü qışa doğru yol alıram.

 

Düzü-dünya ələnibdi ağappaq,

Meşəsi ,

Bağçası , dağı ,

Dağım, bağım, qarım oy.

Hələ məni gözləyən

Diri gözlü dərdim oy!

Varlığım qara təşnə,

Ardıcgözlü ocağım,

Çörək dolu tabağım,

Eşq havalı otağım,

Ocağım oy, eşqim oy.

Payızım oy, qışım oy!

 

Ədalət.-2016.-10 sentyabr.-S.15.