Gənc şairin
şeirləri
Elnur Uğur Abdiyev
Məni
Hələ ki bəxtimin yelləncəyində,
Yelləyir sevgiylə küləklər
məni.
Göy qanadlı yelkən fikirlərimlə ,
Göylərə qaldırır mələklər
məni.
Sözüm su,təşnələr
gəlir içməyə,
Misram zəmi aclar gəlir biçməyə.
Elə bir dənəm ki gözdən keçməyə,
Qorxutmur xırda göz ələklər məni.
Gizli mətləblərə sirr
açarıyam,
Zamanın hesabı,vaxt ayarıyam.
Yaşamaq eşqinə bir
ac arıyam,
Çağırır vüsala çiçəklər
məni.
Ömür biletim
Özüməcən getməyə,
Vardır ömür biletim.
Qorxuram ki,yetməyəm,
Bir dəfədir
limitim.
Getdiyim hər yol mənəm,
Fikirim də yoxdur dönəm.
İstəsəm,nə vaxt sönəm,
Hey alışır ümidim.
Fırladır ömrün oxu,
Yoxda var,varda yoxu.
Bitmə,ey nağıl yuxum,
Mən alma istəmədim.
Sonda
Yollar uzun,bəxt avara,
Taleyin gözü
qan sızır.
Bəxtimlə çəkəcəm dara,
Zaman adında
qansızı.
Döyəcək başına əllər,
Qalxacaq göyədək
üsyan.
Donacaq gözümdə gözlər,
Məndə dayananda zaman.
O günü qaldırıb
yerdən,
Eşqimin çiyinlərindəcə,
Qurtarıb bəxt adlı
dərddən,
Gedəcəyəm dəcəl-dəcəl.
Arxamda cansız bədənlər,
Önümdə diri kəfənlər.
Yol uzunu yol yeyənlər,
Bir də özü yeyilənlər.
Bir gün üstümdə dayanıb,
Bir qara daş boylanacaq.
Məni
bu gün daşlayanım,
Onda daşı
oxşayacaq.
Hərblər
Bu hərb-savaş,
güllərin köçündən,
güllələrin elçiliyindən,
başlayar,atam.
Bu qan,
axdıqca torpağın
bağrından,
yaramız dərinləşər,
bir ana ahında.
Sarğımız irinləyər,
bir qız üzünün şırımlarında.
Kiçildikcə məmləkət,
dərdlər böyüyər.
Hər dərddə bir sevgi büdrəyər,
sevinc yıxılar.
Gözlərdə yaşlar durmaz,axar.
Köpüklənməyə bəhanə axtarar,
dərd əsiri ikən qəlblər.
Əslində,bütün hərblər,
bəhanələrdən doğar,
Və bəhanələrlə bitər
Ədalət.-2016.-10 sentyabr.-S.13.