ƏLİNCƏYƏ GEDƏN YOL - III yazı

Əbülfət MƏDƏTOĞLU

 

Üçüncü yazı

 

Müqəddəs ocaqdan içimdəki qəribə duyğularla ayrılıram. Əslində mən buna ayrılmaq deməzdim. Çünki orada keçirdiyim hisslər, hətta orada içdiyim çayın özü belə, mənim üçün tamam başqa bir dünyanın nişanələri idi. O dünyanın adını bu günə qədər də tapa bilməmişəm. Heç, tapmağa da daha cəhd göstərmirəm. Çünki müqəddəsləri və müqəddəsliyi öz mərtəbəsində saxlamaq, üstəlik ona yalnız və yalnız iman gətirmək zənnimcə, daha doğru qərardı. Bax, elə bu məntiqlə də aldığım müxtəlif dərman bitkilərini özümlə götürüb maşina əyləşirəm. Sürücü mühərriki işə salır və magistrala doğru maşını istiqamətləndirir:

- Müəllim, indi yolumuz haradı?- deyə soruşur.

Mən içərisində olduğum duyğulardan ayrılmadan onu cavablandırıram.

- Əlincə qalasına!

Sanki cavabımı əvvəlcədən dəqiq bilən sürücü söylədiklərimə adi bir şəkildə yanaşaraq sözümün ardını tamamladı:

- Bəlkə əvvəl-əvvəl bir Nəiminin məqbərəsini ziyarət edək?

Onun söylədikləri dərhal diqqətimi çəkdi və bir az təəccüb qarışıq şəkildə suala sualla cavab verirəm.

- Onun məqbərəsi hardadı ki? Mənim bundan heç xəbərim yoxdu.

Sürücü gülümsəyir. Onun bu təbəssümündə bir qınaq da var. Haqlıdı. Ona görə başımı aşağı salıram və «dediyin kimi olsun» - söyləyib razılığımı bildirirəm. Amma görünür belə tez razılaşmağım sürücünün ürəyincə olmur. Ona görə də bircə kəlmə söyləyirəm:

- Baxarıq!

Maşın sürətlə irəliləyir. Biz bir-birindən abad kəndlərdən keçib gedirik. İnanın ki, hərdən mənə elə gəlir ki, bu mənzərə reallıq deyil. Eləcə rəssam işidiyaxud hansısa bir maketlərdi gətirib yerləşdiriblər. Xüsusilə məktəblər, inzibati binalar. Mən Azərbaycanın əksər bölgələrində, hətta əksər kəndlərində də olmuşam. Amma Naxçıvanda, təhsil müəssisələrinə göstərilən diqqət və qayğını, tam səmimiyyətimlə etiraf edim ki, heç yerdə görməmişəm. Dərs ili ərəfəsində bu müqəddəs torpağı gəzib-dolaşarkən elə maraq xatirinə bir neçə məktəb binasının həyətinə daxil oldum. kənardan göz oxşayan səliqə-səhmanın içəridəki tamlığı məni heyrətə gətirdi. Sinif otaqları da, məktəb partasından tutmuş yazı taxtasına qədər hər şey müasir, hər şey yerində. Hələ həyətlərdəki adamın üzünə gülən yaşıllıq, gül-çiçək… Bütün bunları balalarımız üçün yaratmışdılar. Özüböyük sevgiylə, böyük ürəklə. Hətta mən bir müqayisə aparmaq istədim. Kəndlərin böyük əksəriyyətində çox yüksək zövqlə tikilmiş əsl sənət nümunəsi olan məscidlər, minarələr var idi. Elə, məktəblər də onunla bərabər bir səviyyədə inşa olunmuşdu. Hətta kəndlərin birində düz yolun kənarında kitabxana var idi. Təəssüf ki, gününün sonu olduğundan mən bu yaraşıqlı binanının daxilini görə bilmədim. Amma onun xarici görkəmi öz-özlüyündə artıq hər şeyi deyirdi. Mən Əlincəyə doğru gedərkən keçdiyim kəndlərdən birində sürücüdən xahiş etdim ki, maşını əyləsin, marketdən su alaq. O da xahişimi nəzərə aldı. Mən birdən kəndin adı yazılmış lövhəni gördüm. Xatırladım ki, bu kənd, yəni Çeşməbasar Azərbaycanın Ağsaqqallar Şurasının sədri, çox hörmətli millət vəkilimiz Fəttah Heydərovun kəndidi. Bu kənddəki məktəb də, məscid də təkcə onların özlərinin yox, bütövlükdə Naxçıvanın, Azərbaycanın adına layiq bir səviyyədə idi. Deməli, torpağını, kəndini, yurd-yuvasını sevən hər kəs əgər içində bir vətəndaş yanğısı, çiynindəki yükün mahiyyətini qiymətləndirmək bacarığı varsa və hər kəs bu cür addımlar atarsa, onda Azərbaycan doğrudan-doğruya cənnət olar. Elə yeri gəlmişkən, bəlkə də xalq şairi Süleyman Rüstəm sağ olsaydı, mənim Naxçıvanda gördüklərimi seyr edib, yeni bir şeir də yazardı və o şeirin sonunda mütləq deyərdi ki:

- CƏNNƏTİN ÖZÜNÜ GÖRMƏK İSTƏYƏN NAXÇIVANA GƏLSİN!!!

Biz irəlilədikcə diqqətimi daha bir məqam özünə çəkir. O da yol kənarında salınmış bağlar, yaşıllıqlardı. Təbii ki, Azərbaycan yaşıllıqla zəngin bir məmləkətdi. Lakin Naxçıvanda iqlim şəraiti fərqli olduğundan burda ağsaqqallar, rəhbərlər, yəni bu yerin, bu torpağın dilini bilənlər yaşıllığı da ona uyğun şəkildə becərirlər, ərazisini artırırlar. Bunu elə-belə demirəm, gözlərimlə gördüm ki, Naxçıvanda yol kənarlarında Azərbaycanın bir çox bölgələrindən fərqli olaraq əsasən meyvə ağacları əkilib, meyvə bağları salınıb. Bu da həm yaşıllıq, gözəllik, həm oksigen, həm də meyvə bolluğu deməkdir. Mənim marağımı hiss edən sürücü həmin o əkilmiş iydə ağaclarından meyvə toplayan uşaqların yanında maşını saxladı. Düşdüm. Onlarla görüşdüm. Nə qədər diqqət yetirsəm də, o uşaqlardan hansısa birinin ağacın kiçik bir budağını qırdığını görmədim. Səliqəylə ciblərinə meyvə yığırdılar. Mən də onlara qoşuldum və Naxçıvanın doğrudan-doğruya ləziz nemətlərindən olan həmin o iydədən sürücünün verdiyi sellofan torbaya bir xeyli yığdım. Amma onu da etiraf edim ki, iydə yığmaqdan ləzzət alırdım. Amma uşaqların gözütoxluğu məni çəkindirdi. Yoxsa əlimdəki torbanı dolduracaqdım…

 

Bəli, biz irəliləyirik. Rahat yolumuz getdikcə üzü dağlara tərəf istiqamətlənir. Və bir azdan qarşıda maşın karvanı görürəm. Maşınlar yolun sağ tərəfində həm sırayla, həm də ordakı meydançada səliqəli bir şəkildə dayanıb. Xeyli adam var. Sürücüyə baxıram. O yenə özünə məxsus şəkildə:

- Əlincə muzeyidi. Qalaya gələnlər öncə bu muzeylə tanış olurlar. Sonra kimin dizində güc varsa, qalxır üzü qalaya tərəf…

Yenə açığını deyim ki, sürücünün bu şərti məndə bir balaca şübhə yeri yaratdı. Havanın temperaturunun 30 dərəcədən yuxarı olduğu bir vaxtda, necə deyərlər, günün duran çağında bu qədər adamın muzeyə gəlməsi, qalaya çıxması o qədər də inandırıcı görünmür. Necə deyərlər, səbrimi bir təhər cilovlayıb gözləyirəm. Görək sürücünün dediyi nə qədər həqiqətdi?..

Maşınlar dayandığı məkana çatırıq. Həqiqətən yolun sağında çox yaraşıqlı, müasir tələblərə cavab verən, üstəlik həm də Əlincə qalasının adına layiq ola biləcək muzey inşa olunub. Biz də muzeyə yaxınlaşırıq. Giriş qapısının önündə dayanmış xanım bizə:

- Xoş gəldiniz! - deyir. Yəqin sizmuzeyin içərisindəki qonaqlarla gəlmisiniz. Buyurun keçin!

Mən ona təşəkkür edib içəri keçirəm. Amma özümü də qınayıram ki, gərək Bakıdan gəldiyimi, muzeylə tanış olan qonaqlara aidiyyətim olmadığını söyləyəydim. Amma artıq gecdi. Muzeydən çıxanda səhvimi düzəldərəm… Muzeyin daxilində xeyli adam var. Bir nəfər, daha doğrusu, muzeyin əməkdaşı olan cavan bir oğlan qonalara bilgi verir. Yəni, muzeyin içərisində olan əşyalardan, onların tarixindən, harda, nə vaxt tapılmasından danışır. Doğrusu, mən bu əşyalarla bağlı müəyyən bilgiyə malikəm. Bunun da səbəbkarı xoş münasibətdə olduğum və uğurlarını izlədiyim arxeoloq Vəli Baxşəliyevdi. AMEA-nın müxbir üzvü olan Vəli Baxşəliyev Naxçıvan tarixinin, arxeologiyasının öyrənilməsi, araşdırılması istiqamətində xeyli işlər görüb və görməkdə də davam edir. Onun elmi araşdırmalarında bu muzeydə nümayiş etdirilən müəyyən əşyaların da adına rast gəlmişəm. Ona görə adını eşitdiklərimi indi görmək məndə əlavə bir xoş təəssürat yaradır. Amma bunu da mütləq yazmalıyam ki, muzeyin daxilindəki qonaqlar onların sırasına qatılmış, «çağırılmamış qonağa», yəni bizə qəribə bir nəzərlərlə baxırdılar.

 

Ədalət.-2016.-21 sentyabr.-S.4.