ƏLİNCƏYƏ GEDƏN YOL

 

Əbülfət MƏDƏTOĞLU

 

Dördüncü yazı

Muzeydən çıxırıq. Bizi içəri dəvət etmiş xanıma təşəkkür edirəm Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu söyləyirəm. Xanımın çöhrəsindəki təbəssüm bir az da artır. İndi əvvəlkindən səmimi bir şəkildə bizi salamlayır. Hiss edirəm ki, qonaqların çoxluğı onun ürəyincədi. O da mənim demək istədiyimi anlayır özü məlumat verir:

- Bugünkü qonaqlarımız muxtar respublikanın su təsərrüfatı işçiləridi. Adətən istirahət günləri müxtəlif təşkilatların, qurumların nümayəndələri bizə qonaq gəlir. Əksəriyyəti qalaya qalxırlar. Əgər siz qalxmaq istəsəniz, onda pilləkənlərlə qalxın. Belə daha asan olar.

Ona təşəkkürümüzü bildirib, pilləkənlərə tərəf gedirik. Ətrafda qəribə bir qoxu var. İlk bahar çiçəklərinin qoxusuna bənzəyir. Xeyli diqqət yetirəndən sonra kiçik sırğa qaşlı bənövşəyi çiçəklər diqqətimizi çəkir. Əyilib bir budağını üzürəm. İlahi, dünyanın ən bahalı ətirlərini indiki anda gücüm çatdıqca uzağa atardım. Təki bu çiçəyin qoxusuna qarışmayaydı

Pillələri yavaş-yavaş qalxırıq. Arxadan səslər gəlir. Bayaq muzeydə gördüyümüz adamlardı. Qərara gəliblər ki, onlar da qalaya qalxsınlar. Amma bəziləri tərəddüd edir. Kimsə ortalığa söz atır:

- Bakıdan gələn yaşlı adam qalaya qalxır, biz isə burdan bura qalxmaq istəmirik

Elə bil bu söz onların bütün fikirlərini alt-üst etdi. Bir gördüm ki, arxadan gələn adamlar bir-bir bizi ötüb keçirlər. Bu anda da mən düşündüm:

- Torpaq, doğulduğun yer güclü olur. Onlar buranın havasına, şəraitinə uyğunlaşıblar. Eybi yox, mən Şuşadan canımda qalan havayla dırmaşacam qalaya. Belə edirik. Qalxdıqca sayırıq pillələri. Çünki aşağıda muzeyin önündə gördüyümüz xanım bildirmişdi ki, bu dağın dibindən qalaya qədər 1000 pilləkəndir. Bu rəqəm yaddaşıma yazıldığından mən pillələri saya-saya qalxıram ki, görüm vaxt «ura!!!», «min!!!» deyəcəm. Amma hələ 300-cü pilləkəni qalxmamışam. Ona görə yoldan çəkilib pilləkənin kənarındakı səkinin üstündə əyləşirəm. Mütləq nəfəs dərmək lazımdı. Bu nəfəs dərmək işimizə çox yarayır. Birincisi ona görə ki, hava çox gözəldir. Yüksəkliyə qalxdıqca onun yüngüllüyünü daha çox hiss edirik. Eyni zamanda biz qalxdıqca ətraf ayaqlarımızın altında qalır, geniş bir ponorama açılır. Onlara baxmaq, onları seyr etmək sürücünün yolda bizim üçün aldığı sudan bircə qurtum içmək əlavə enerjidi. Bu pillələrdə, bu dağlıq ərazidə əlavə enerji etiraf edim ki, bir tutiyədi. Onu qorumaq lazımdı, ondan səmərəli istifadə etmək lazımdı. Biz çalışırıq ki, dayandığımız anı da boş ötürməyək. Diqqətimizi çəkən varsa, lentə köçürək. Yaxşı ki, müasir mobil telefonlar bu işdə adamın karına gəlir. Bircə enerji bloku adamın əlini quru yerdə qoymaya

 

Bu da 500-cü pilləkən. , deməli, yolu yarı etmişik. Burda elə 5 dəqiqə oturmaq olar. Əyləşirik. Bizə yaxınlaşıb yanımızdan ötüb keçən su təsərrüfatı işçiləri artıq bizimlə mehriban görüşürlər. Görünür, muzey işçisinin bizi təqdim etməsi onların diqqətində ilişib qalıb. qonaq olduğumuzu nəzərə alıb hamısı bizə öz ehtiramlarını bildirirlər. Onların arasında orta yaşlı bir kişiylə atüstü söhbət edirəm. Bildirir ki, özümü «təmirdən» yenicə çıxarmışam. İstəyirəm ürəyi burda sınaqdan keçirəm. Mən ona ehtiyatlı olmağı tövsiyə edirəm. O da gülümsəyir. Bu yolda inşallah heç olmaz. Bura bilirsiniz haradı?! Onun bu işarəsi məni əməlli-başlı dilləndirir:

 

Qurban olum torpağına, daşına,

Qaldır məni Əlincənin qaşına

Qoy dolanım Vətən, sənin başına -

Deməsinlər pərvanəsi çatışmır!

 

Mərhum tələbə yoldaşım Cavanşir Eloğlunun - Dərviş Eloğlunun misralarıdı bu. Hələ tələbəlikdən əvvəl əzbər bilirəm

Misraları söyləyib Cavanşirə rəhmət oxumağım həmsöhbətimi duyğulandırdı:

- Mən tanıyırdım onu. Heyf! – söyləyib yolunu davam etdi.

Biz onun ardınca. Artıq pillələrin qalanın qapısından içəri hissəsindəyik. Burda dayanıb məşhur filmimizin burada necə çəkildiyini gözlərimiz önündə canlandırmağa çalışırq. Baxdığımız hər tərəfdə tarixdən izlər axtarırıq. Elə buradaca mütləq qeyd etməliyəm ki, Əlincə qalasında çox mükəmməl bir yenidənqurma işləri, təmir-bərpa aparılıbdı. İşıq, su xətləri çəkilib, pillələrin kənarından dəmir tutacaqlar işlənib. Bu da qalaya qalxmaq istəyənlərin işini nisbətən asanlaşdırır

 

Bəli, bu da Əlincə qalası. Artıq 1000-ci pilləni qalxdıq. Gözümüzün önündə dövlət bayrağımız dalğalanır. O bayrağın altında qürur hissi keçirməmək qeyri-mümkündü. İnan ki, orda dayanıb dünyanın hər yerini görmək mümkündü. Mənə elə gəlir ki, mən ordan Şuşanı da görürəm hiss edirəm ki, bu bayraq mütləq orda da dalğalanacaq. Bayrağın altında şəkil çəkdirmək istəyirəm. Alınmır. Çünki telefonun enerji bloku sönüb. Birdən addım səsləri eşidirik. Əlində kamera olan Naxçıvan televiziyasının əməkdaşına məxsus bir gödəkçədə oğlan bizə yaxınlaşır. Tanış oluruq. «Xəbərlər» proqramının gənc əməkdaşı İslam. Mən özümüzü təqdim edirəm. Əməlli-başlı dostlaşırıq. İslam deyir: - Əbülfət müəllim, bu yüksəkliyə Ali Məclisimizin sədri Vasif müəllim çıxıb.

Təəccüblə onun üzünə baxıram. Elə bilirəm ki, məni imtahana çəkir, ya da sınayır. Amma yox. O, təbii bir şəkildə təkrar vurğulayır:

- Hörmətli sədrimiz özü Əlincə qalasının bu son yüksəkliyinə qədər qalxıbdı.

, mən burada onu da öyrənirəm ki, Naxçıvanda tez-tez mədəniyyət, tarixi yerlərin ziyarət günləri təşkil olunur bu tədbirlərdə hamı bir nəfər kimi iştirak edir. Vallah, bu, birmənalı tarix sevgisidi, Vətən sevgisidi, torpaq sevgisidi. And olsun Allaha ki, bu özünə, keçmişinə, gələcəyinə ehtiram deməkdi. Mən başqa heç deyə bilmərəm. bir

Mən elə buradaca Əlincəylə bağlı yazdığım misraları mütləq qeyd etməliyəm. Çünki bu misraları mənə bu yüksəklik özü pıçıldayır:

 

ƏLİNCƏ

 

Cığır-cığır, ləpir-ləpir oxşayıb

Yaddaşını vərəqləyib, yoxlayıb

Mən tarixin sükutunu oxlayıb

Sehirləndim, qucağına gəlincə -

Əlincə!

 

Pillə-pillə üzü göyə qalxıram

Göy üzündən üzü göyə baxıram

Gördüyümü gözlərimə yığıram

Toxunuram təmas incə, əl incə -

Əlincə!

 

Zaman burda ayaq üstə diridi

Duyduğumu yazmalıyam, yeridi

Yurd həsrətim ümid tapdı - kiridi!

Əfsanəni, dözümünü bilincə -

Əlincə!

 

Burda başım göy üzünə dəysə

Nisgilim vardilimdəki nəysədə!

Şuşa dərdim büküb məni əysə -

Dözəcəyəm düşmən bağrı dəlincə!

Əlincə!

 

Əlincə qalasının zirvəsində bir saata qədər Naxçıvanı, göz işləyən görmək qüdrətində olduğumuz bütün ətrafı seyr etdik. Həmin vaxt Naxçıvan televiziyasının əməkdaşları da bu qalanı gəzib qayıdıb getdilər.

Dostlaşdığımız operator İslam bizim xeyli sayda şəkillərimizi lentə aldı. Yəni Əlincədən əliboş qayıtmağımıza imkan vermədi. bizi əmin etdi ki, otelə çatana qədər o, şəkillərin elektron versiyasını ünvanımıza göndərəcək. Biz onunla sağollaşdıq. İndi qalxdığımız pilləkənləri enməyə başlayırıq. Aşağıda bizi yeni görüşlər, yeni ünvanlar, xüsusilə artıq darıxdığını hiss etdiyimiz sürücü gözləyir. Amma qədər darıxır darıxsın. Biz yolüstü Nəiminin məqbərəsini ziyarət edəcəyik.

Mən Əlincəyə qalxıb o zirvəni görənə qədər başqa bir dünyanın adamı idim. Ordan üzü aşağı qayıdanda isə tamam başqa bir dünyanın. Həmin o zirvədə bu şəraiti yaradanlara, bu tarixi yaşadanlara içimdən bir dua keçdi. BirQarabağa qovuşmaq duasını içimdən gətirdim. Bilirəm ki, Allah ikisinieşidir. Çünki Əlincə Allaha yaxın məkandı!

 

Ədalət.-2016.-22 sentyabr.-S.4.