BATABATA
GƏLMİŞƏM - II yazı
Əbülfət
MƏDƏTOĞLU
«Zorbulaq»ın suyundan bir ovuc da içib maşına əyləşirəm. Sürücü mühərriki
işə salır. İndi dağlardan üzü
aşağı qayıdacağıq. Amma hələ bu ətrafda
görməli, baxmalı çox yerlər var. Ona görə
üzümə baxan sürücüyə deyirəm:
-
Heç buralardan ayrılmaq istəmirəm. Gəl bu ətrafı
da bir az dolaşaq.
O da
gülümsəyib yerli ləhcəylə:
- Baş
üstə, müəllim! – deyir.
Maşınımız gölün kənarı ilə
hərəkət edir. Mənə elə gəlir ki, «Üzən
ada» qarışıq, bu ərazi bir sükuta qərq olub,
ayrılıq sükutuna. Öz-özümə
deyirəm kmi, sorağına uçub gəldiyim bu yerlər
deyəsən məndən, mənim kimi qonaqdan ayrılmaq istəmirlər.
Mənim onları necə özlədiyimi duyub
onlar da mənə bir sevgi bağışlayırlar. Bax, o sevginin, o duyğusallığın içərisində
dolanırıq gölün başına. Yamacda
gözəl bir bağ var. Ağaclar və o ağacların
arasındakı kənardan diqqəti çəkən səliqə-səhman
məni daha artıq maraqlandırır. Bunu
duyan sürücü bildirir ki, ora «qonaq evidi». Naxçıvana gələn hörmətli qonaqlar
orada istirahət edirlər. Bu, mənim həmişə
yüksək qiymətləndirdiyim və milli mentalitetimizin
çox gözəl nümunəsidi. Çünki
qonaq gördüyünü danışan,
gördüyünü indiki dildə desək, reklam edən
şəxsdi. Ona normal şərait yaratmaq, onu ətrafla
tanış etmək təbii ki, həmin məkanın
da tanıdılması, təqdir edilməsidir. Biz
qonaq evinə gedən yolun xeyli hissəsiylə hərəkət
edib buradakı diqqətçəkən mənzərələri
seyr edirik. Hətta şəkillər də
çəkmək fürsəti qazanırıq. Elə bu vaxt diqqətimi qoyun sürüsü
çəkir. Çoban itləri, çobanın
cilovundan tutduğu atı və bir də sürünün
önündə ağaclara, kol-kosa dırmaşa-dırmaşa
özünü ora-bura vuran keçilər… Mütləq
onlarla söhbət etməliyəm. Ona
görə də uzaqdan çobanı səsləyirəm.
Başını qaldırıb əliylə məni
salamlayır:
- Bərəkətli
olsun! – deyirəm. O da öz növbəsində
mənə «sağ ol» göndərir. Elə uzaqdan etdiyimiz bu
söhbət, yəni barmaqsayı kəlmələr bizi bir az yaxınlaşdırır. Onun
əlini sıxıram, güzəranını soruşuram.
Çox ağayana, həm də daxili bir məmnunluqla cavab
verir:
-
Çox şükür, hər şey yaxşıdır.
Davarlarımız da Allaha şükür bu il
o qədər də bizə əziyyət verməyib. Ot-ələfi
var, örüş var, su var...
Mən elə
bu sözdən yapışıb:
- Bəs
ağartı, pendir, süd, qatıq?...
- Min bərəkət,
heç nədən korluğumuz yoxdu. Gedək
qonağım olun. İstərsən
çəpiş kəsərəm, istərsən quzu.
Mən kənd adamının, xüsusilə çoban
tayfasının necə səxavətli olduğunu bilirəm. Ona görə də dəvətin
ürəkdən gəldiyinə də inanıram və:
- Sağ
ol, qardaş! – deyirəm. Məmnuniyyətlə
gedərdik. Amma vaxtımız azdı, gəzib
görməli yerlər isə çox. İnşallah,
bir də yolum bu tərəfə düşəndə
mütləq qonağın olacam. Elə bu
sözlərlə də çobanın əlini sıxıb
sağollaşırıq.
Bəli, dağlara qalxan yolla indi dağlardan üzü
aşağı gəlirik. Yol kənarlarındakı
lövhələrə diqqət yetirirəm. Bu lövhələrdə qoruq zonasından, təbiəti
sevməkdən bəhs edən fikirlərə rast gəlmək
mümkündür. Meşənin içərisindəki
"Söyüdlü bulağ”ın önündə
dayanırıq. Suyu o qədər gurdu ki, əlini
qarşısında saxlamaq olmur. Soyuqluğu,
dadı-tamı da ki, bir başqa aləm. Bax,
elə o bulağın önündən
üzüaşağı, dərə boyu boylanıram. Bir yaşıllıq sanki evləri də,
dağı-daşı da qucağına alıb bələyib.
Və ancaq onun bələyi
gül-çiçəkdi, gözəllikdi. Mən hələ ötən yazımda
vurğulamışdım ki, yol boyu ucaldılan hasarlar bu
gözəlliyi gizlədə bilməz. İndi
buna bir daha əmin oldum. Biz
üzüaşağı enəndə diqqətimi bir yol
nişanı çəkir. Burada
Qızılqışlaq kəndi yazılıb. Dərhal yadıma dostların söylədiyi bir məqam
düşür. Onların verdiyi bilgilərə
görə, əslində indi iki kənd olan Qışlaq bir
zamanlar Rəmeşin adlanıb. Və bu
sözün də mənası böyük və uzun meşə
deməkdir. Çünki kənd həqiqətən
meşənin içərisindədi. Bax, yolun kənarındakı
nişan da dostlarımdan birinin kəndinə
gedən istiqaməti göstərir. Mən
sürücüyə bu kənd haqqında məlumat verirəm.
O, əvvəlkindən də təəccüblü bir şəkildə:
- Müəllim,
siz naxçıvanlısınız? – deyə
soruşur.
Mən də
çox ciddi şəkildə:
- Bəli!
– deyirəm.
O, bir az da təəccüblənir və mən izah
etmək məcburiyyətində qalıram:
-
Qardaş, ruhun harda rahatdısa, könlün-gözün
haranı sevirsə, özünü harda göz
açdığın topaqda olduğun kimi görürsənsə,
deməli, sən həm də oralısan. Bax, bu
dağların, bu çayların oxşarını mən
Qarabağda görmüşəm. Orda
yaşayanda bu yerlərin həsrətini çəkmişəm.
Daha doğrusu, buraları gəlib görmək
istəmişəm. İndi qismət olub,
gəzirəm, görürəm. Deməli,
həm də istəyimin, arzumun vətənindəyəm.
İndi bildinmi ki, mən də
naxçıvanlayım.
Sürücü
bu dəfə lap ürəkdən gülüb:
- Müəllim,
bir az qəliz danışdınız. Amma siz doğrudan da
naxçıvanlısınız – deyir.
Hə, bu da Kükü kəndi. Kəndin qəribə
bir mənzərəsi var. Məktəbi, inzibati binaları həqiqətən
adamın gözünü əçkir. Yoluna,
cığırına söz yoxdu. Hələ
internetdən oxumuşdum ki, bu kənddə qırx bulaq var, hərəsi
də bir səmtdən qaynayır. Bu kəndin
arıçıları, yəni buranın balı
dillər əzbəridi. Tərəvəzi də
onun kimi. Alması da adladı. Mən eləcə yol kənarındakı evlərin
həyətlərinə boylanıram. Yarpaqlar
yavaş-yavaş saralır. Ağaclarda alma,
armud, qoz gözə dəyir. Bu mənzərənin
içərisində olarkən sürücünün səsi
məni ayıldır.
- Müəlim,
bəlkə qabaqda bir çay içək?
- Olar –
deyirəm. Amma ürəyimdə
Zorbulağın suyundan sonra çayın nə
dadacağını düşünə bilmirəm. Heç o dadı itirmək istəmirəm. Sadəcə etika xatirinə razılıq verirəm.
Maşınımız ailəvi istirahət mərkəzi
yazılmış əraziyə daxil olur. Sürücü
elə girişdə maşını saxlayır.
- Siz bir ətrafı
gəzin, mən də samovar çayı sivariş verim-
deyir.
Mən Naxçıvanda olduğum bu iki gün ərzində ikinci dəfə bu cür səliqəli, həm də təbii bir güşəyə qonaq oluram. Burda elə bil ki, hər şey öz-özündən bitib, öz-özündən boy veribdi. Sadəcə, insanlar dincəlmək üçün quraşdırdıqları qurğuların, stolların yanına daş plitələrdən cığırlar çəkiblər. Bir də yeməkxananın önü asfaltlanıb. Qalan hər şey təbii yaşıl otluqdu. Ağacların başı, yalan olmasın buludlara söykənib. Özü də hər cür ağac var. Xan çinardan tutmuş, cır alçaya qədər. Biz çay boyu gəzirik. Burda balıq yetişdirirlər. Balıqlar çayın içərisində qurulmuş maneəni aşıb gedə bilmirlər. Elə oradaca yemlənib, oradaca böyüyürlər. Həm dağ çayının suyuyla, həm də onları becərənlərin verdikləri yemlə. Balıqlara diqqətlə baxdığımızı görən bir nəfər bizə yaxınlaşır. Salamlaşırıq. O da qonaq olduğumuzu hiss edib bizi ətraflı məlumatlandırır. Burdakı balaca qonaq evlərini göstərir. Bildirir ki, şəhərdən ailəvi gələnlər gecələr bu evlərdə qalırlar. Burda uşaqlar üçün hər cür şərait yaradılıb. Böyüklərin də arzuladığı təbiət ovuc içindədi. Onun icazəsiylə balaca qayığa oturub balıqlara bir az da yaxın oluruq. Bizə yaxınlaşan oğlan balıqlara yem atır. Hə... yem uğrunda əsl savaş başlayır. Və sonra da bizi gözləyən sürücünün yanına qalxırıq. Xan çinarın dibində, yaşıl otların üstündə yaşı ən azı 60-ı keçmiş bir mis samovar buğlanır. Üstündə də dəm çayniki. Süfrəyə Naxçıvan mürəbbələri və qənd, konfet qoyulur. Qaysı mürəbbəsini qoyub kim burda qəndlə çay içər ki? Az qala samovarın yarısın içmişik. Sürücü gözucu saatına baxır. Onu başa düşürəm, getmək vaxtıdı. Qalxıb çayın pulunu ödəyirəm. Amma haqq üçünə bu yerin sahibi pulu götürmək istəmir. Mən təşəkkür edib bildirirəm ki, gələn qonaqların hamısını bizim kimi pul almadan yola salsan, buranın heç vergisini ödəyə bilməzsən.
Bəli, sürücü maşını işə salıb magistrala çıxanda hara gedəcəyimizi soruşur. Deyirəm ki, Duzdağına. Maşınımız sürətlə irəliləyir. Dağlarda bir xeyli vaxt itirdiyimiz üçün sürücü zamanı qabaqlamağa çalışdı. Amma mümkün olan iş deyil. Zamanı qabaqlamaq üçün gərək zamanın özündən qabaqda olasan. O da dahilərə nəsib olan işdi. Biz isə…
Naxçıvan şəhərinin içərisindən keçib məhz Şahbuza gedərkən ayrılan yolun indi də Babək istiqamətinə gedirik. Şəhərdən 10-12 kilometr aralıda yerləşən «Duzdağı» Fizioterapeya Mərkəzi kənardan diqqəti çəkir. Bu mərkəzə gedən yol da ayrı bir aləmdi. Dəniz səviyyəsindən təqribən 1200 m yüksəklikdə olan bu yerdə hər şey adamda çox qəribə bir duyğu yaradır. Xüsusilə yolun sağında və solunda parıldayan yamaclar elə bil ki, günəşi əks etdirir. Sanki, dağa almaz qırıntıları səpilib. Hiss edirəm ki, bunlar duz qırıqlarıdı. Bax, o parıltının içərisində mərkəzə yaxınlaşıb özümüzü təqdim edirik. Kənar adamlara giriş qadağan olunsa da, bizə güzəşt edirlər. Əynimizə ağ xalat geyinib duz tuneliylə - yerin altıyla hər şeyi gözümüzə köçürə-köçürə gəzirik… xəstələrə şəfa diləyirik… burda çalışanlara uğurlar deyirik. Və bir neçə dəqiqəlik yerin altındakı bu mərkəzdə oturacaqda əyləşirik. Havadan doymaq olmur. Mən bilirəm ki, nə vaxtsa bu mövzunu bir də yazacam. Çünki Duzdağını bir sözlə, bir görüşlə ifadə etmək mümkün deyil. Amma indi:
Dolubdu ürəyim, qan var gözümdə
Kükrəyən, qovrulan can var gözümdə
Elə bil bir Qanlı Yanvar gözümdə -
Ağlayıb isladır sinəm duzlağı -
Duzdağı!
Möcüzən hökm edir diz üstə çöküm,
Duz üstə gözümün yaşını töküm.
Başıma haranın daşını töküm,
Görə bilmirəmsə qəmdən uzağı? -
Duzdağı!
Yüyürdüm - yoruldum, qaçdım - yoruldum
Bir açıq qapını açdım, yoruldum.
Sevgiyə, sevincə acdım - yoruldum!
Həsrətdi başıma açan tuzağı -
Duzdağı!
Ümid qapısısan şəfa ünvanlı,
Göynəyən sinəyə dəva ünvanlı,
Nəfəssən – ən təmiz hava ünvanlı
Olmusan bu
yurda həm də üz ağı-
Duzdağı!
Vermisən
torpaqla kürək-kürəyə
Qatmısan
dadını sözə, çörəyə!
Sən
ki, dağ deyilsən sevən ürəyə,
Şöhrətsən,
nemətsən bizə, duz dağı -
Duzdağı!
Bəli, «yeraltı» dünyadan
aryılırıq. Bizi hələ Naxçıvandayıq…
Ədalət.-2016.-28 sentyabr.-S.4.