Poetik düşüncənin
axtarışda yeri
Həyatda baş verən hadisələrin müxtəlifliyi
heç şübhəsiz ki, insana, onun mənəvi
dünyasına bu və ya digər dərəcədə
öz təsirini göstərməyə bilməz. Ona görə ki, gəlimli-gedimli,
axarlı-baxarlı, enişli-yoxuşlu həyat tərzimizdə
bir özünəməxsusluq var. Bu özünəməxsusluq
insanın mənəvi, iç dünyasında müxtəlif
formada təzahür edir.
Əlbəttə sözə, söz xəzinəsinə
sığınmaqla bu hadisələri ruhən duyub ona poetik rəng,
nəfəs vermək üçün sözün həqiqi mənasında
elə ürək sahibi olasan ki, bütün bunları
yaşaya biləsən. Onda söz ürəyin isti kürəsində
bişir və bədii fikir hasil olur. Xalq
şairi B.Vahabzadənin yerində deyilmiş dərin məna
daşıyan fikrini xatırlamalı olursan. O yazır:
"Hər söz ayrılıqda yalnız bir məna
daşıyır. Söz sənətkarı bir
mənalı sözlərə öz duyğu və həyəcanlarını
yükləyəndə sözlər şeirləşir, nəğmələşir.
Buna sözlərdən toxunmuş həyəcan, duyğu
hörgüsü, yəni şeir deyilir"("Dərin
qatlara işıq", Bakı, "
Yazıçı", 1986, səh.155).
Odur ki, bədii söz sahibi həyatın özündən
gələn hadisələri içəridən
yaşayıb onu hiss və duyğuları vasitəsilə
müəyyən ölçüyə, qəlibə
salıb bədii formaya salması təbii haldır. Bu da ondan irəli
gəlir ki, altmışıncı illərin şeirində
yeni nəfəs, yeni düşüncə tərzi
özünü qabarıqlığı ilə göstərdi.
Bu illərin şeirində sərbəst fikir, sərbəst
düşüncə ön plana çəkilir. Lirik qəhrəmanın
fikir və düşüncələrinə sərbəstlik
verilməklə hiss və duyğuları kölgədə də
qalmırdı. Bu nəslin görkəmli,
artıq tanınmış nümayəndələrindən
biri də bədiiliklə sözə, onun rəng
dünyasına ilmə-ilmə naxış vuran Fikrət
Qocadır. F.Qoca şeirində bədii
sözə, bədii fikrə vurulan naxışlar
sönük pafosdan çox-çox uzaqdır. Bir qayda olaraq onun şeirlərinin mayası həyatın
özüdür. Odur ki, onun şeir
dünyasındakı bədii fikir dərin qatlara gedib
çıxır və oxucunu bir anlığa olsa da öz
dünyasına çəkib aparır. F.Qocanın
istər poeziyası, istərsə də nəsrində bədii
söz, bədii fikir, ovqat üst qatdadır.Onun bədii
yaradıcılığının mayasında
özünün həyatı düşüncələrinin
reallığı durur. Sözün rəngindən
və çalarından F.Qoca bir şair kimi məharətlə
istifadə edir. Sözə bayağı
naxışlar vurmur. Əksinə,
sözün yükünü artırmaq məqsədi ilə
onun assosiativ mənalarını önə çəkir və
onun fikir gücünü artırmağa
çalışır. Odur ki, F.Qocanın
şeir yaradıcılığının canı,
gücü bundadır.
Bu baxımdan lap çoxdan yaxşı mənada kəsərli
qələminin itiliyi ilə tanınan filologiya elmləri
doktoru, ədəbiyyatşünas alim Vaqif Yusiflinin F.Qoca
yaradıcılığına müraciət edib, onu
araşdırması təsadüfi deyil. Ədəbiyyatşünas
alim, tənqidçi Bakıda " Təbriz"
nəşriyyatında nəşr edilən " Ürəyimi
sərdim günəşə" kitabında şairin
yaradıcılığını fikir süzgəcindən
keçirməklə çox diqqətlə, təmkinlə
araşdırır.
Səkkiz bölmədən ibarət olan kitabdakı hər
bölməni elmi analoji fikrin süzgəcindən keçirən
müəllif miqyaslı təhlilə böyük
üstünlük verir. Bu da kitabın elmi mahiyyətini
artırır. Üslub rəngarəngliyi
və ideya-məzmun istiqamətlərinə görə
altmışıncı illərin poeziyası
özünün spesfik xüsusiyyətləri ilə daha
çox diqqəti çəkir.
Bu baxımdan tənqidçi alim poeziyada bir silkələnmə
yaradan altmışıncı illər şeirinin inkişaf
yoluna qısa da olsa elmi cəhətdən analogiyanın
gücü ilə paralellər, müqayisələr aparmaqla
tutarlı fikirlərini bədii nümunələr əsasında
bildirməsi çox bəyəniləsi haldır. Odur ki, müəllifin
"Dünyaya şair gəlir" adlı ilk bölməyə
belə adın verməsini heç də təsadüfi
başlıq hesab edə bilmərik. Ona
görə ki, bu illərin şeirində təptəzə nəfəs,
fikir, duyğu, düşüncə tərzi vardı. Altmışıncı illərin şeirində
müəyyən mənada ənənə saxlansa da yeni poetik
düşüncə tərzinə böyük ehtiyac vardi.
V.Yusifli elə bu baxımdan aitmışıncı illər
şeirindəki bədii düşüncəni,
aparıcı ideya- məzmun istiqamətlərini belə
xarakterizə edir: "Əgər poeziya
(altmışıncı illər poeziyası) öz
inkişafının bu yeni mərhələsində artıq
bəzi şablonlardan, forma yeknəsəqliyindən, trafaret
halına keçmiş bədii təsvir vasitələrindən,
məzmunçuluqdan xilas ola bilirsə,
yeni təsvir üsullarına üz tutursa və bu xüsusiyyətlər
yaşarılıq kəsb edirsə, bunun özü novatorluq
deyilmi? Təbii ki, bu yolda müxtəlif maneələr
mövcuddur. Artıq öz
ömrünü sürmüş ənənədən yapışanlar
güclü müqavimət göstərir, yeniliklə
heç cür barışmaq istəmirlər.
Altmışıncı illər poeziyası sözün
yeni ifadə çalarlarını, obrazlı deyim tərzinin
rəngarəng üsullarını aşkarladı. (səh.5)
Bəli, həyat dəyişir və öz axarı ilə
davam edir. Zaman dediyimiz düşündüyümüz bir
anlayış heç də sükunət halında deyil, o əksinə
daim dəyişməkdə davam edir. Bax, bu baxımdan
zamanın, dövrün diktəsini duyan və onun müəyyən
mənada nəbzini tutmağa çalışan tənqidçi
alim F.Qoca yaradıcılığını, necə deyərlər,
süzgəcdən keçirərək onu ələyib, onun
bir insan kimi, şair kimi həm daxili, həm də bədii
yaradicılıq "mən"inin ən ümdə cəhətlərini
üzə çıxarmağa çalışır. Ona görə ki, hər halda şairin şəxsiyyətində
"Zamanın, əsrin, yaşadığı dövrün əks-sədası"
var ki, bu vacib cəhət də ümumən onun mövqeyinə
işıq seli salır. Bu mənada
"Zaman fırlanır" adlı bölmədə şair
haqqında fikirləşib düşündüklərimizin
cavabını tapa bilərik.
V.Yusifli
F.Qoca yaradıcılığının aparıcı istiqamətini
müəyyənləşdirmək üçün onun
" Vyetnam suitası", "Ünvansız məktub",
"Ulduzlu düşüncələr", "Günün
oçerkləri" kimi poemalarında hədəfə
tuşlanan dövr, zaman haqqındakı poetik obrazlı fikir və
düşüncələrini analogiyanın gücü ilə
təhlil edir. Şairin şeirlərində yaxşı mənada
ürəyi döyünən insanların obrazı var. Bu mənada
müəllif "Qatar" şeirinin simvolik mənasını
açıqlamaqla şairin fikir, poetik düşüncə
qatlarını təhlil yolu ilə üzə
çıxarır.
Ədəbiyyatşünas alimin F.Qoca
yaradıcılığı ilə bağlı birtərəfli,
heç də əsası olmayan fikrə münasibəti də
sağlam düşüncədən irəli gəlir. F.Qoca poeziya kəhkəşanına
əsl həyatın özündən gəldiyi
üçün "özü özünə divan tutub, həyatın
nəfəsini şeirə gətirmək
üçün" gecəli- gündüzlü qələminə,
poetik düşüncəsinə sığınıb
axtarışlarını aparıb və aparır. Odur
ki, müəllif kitabda şairin poetik fikirlərindən, həyatı
düşüncədən ürəyinin isti kürəsində
yoğrulub bişirilən poeziyasının qatlarını
"Ömürdən səhifələr" bölməsində
açıqlayıb sağlam fikirdən, təhlildən
keçirir.
F.Qoca poeziyasının mayasında bir bənzərsizlik
var. Bax, bu bənzərsizlik, özünəməxsusluq onun fərdi
üslubunda, dəst-xəttində özünü
qabarıqlığı ilə göstərir. Odur ki, müəllif
həzin, incə lirik şair kimi F.Qocanın şeirlərindəki
qəlibə sığan və sığmayan insanın ən
incə, zərif hisslərinin, kövrəkliyinin, sərtliyinin
və incəliyinin səbəblərini axtarmağa
çalışır. Ədəbiyyatşünas
alim elmi fikirlərini bir anlığa arxa plana çəkib təsvir
və ifadə vasitələrinin gücündən
ustalıqla istifadə edib şairin lirikasını sakit axan
bir çaya, coşqun dənizə, şəlaləyə,
göz oxşayan yaşıl meşəyə bənzədir
ki, bu şairanə fikirlər də onun mülahizələri
ilə üst-üstə düşür. Ümumiyyətlə, F.Qoca poeziyası həmişə
faydalı axtarışda olmaqla varisliyi qoruyub saxlayır.
Daha doğrusu onun poeziyası ənənəyə
söykənir. Bu mənada onun səkkiz
hecalı gəraylı janrında qələmə
aldığı şeirlərinin özü də elə ənənəyə
söykənir.
Müəllifin şairin yaradıcılığında
lövbər salan sərbəst şeirlə bağlı
fikirləri də elmi mahiyyətinə görə diqqətdən
yayınmır. Bütün göstərdiyimiz və
göstərmədiyimizin cavablarını "Bənzərsizlik"
adlı bölmədə tapa bilərik.
Ədəbiyyatşünas alim kitabın başqa
bölməsində F.Qocanın nəsr əsərlərinin
ideya-bədii xüsusiyyətlərinin başlıca
aparıcı istiqamətlərini analoji təhlildən
keçirir. Ümumiyyətlə, F.Qocanın istər hekayələrində,
istərsə də povestlərində, eləcə də hələlik
yeganə olan romanında da psixoloji ovqat lap üst qatdadır.
Onun nəsr əsərlərinin obrazlarında bir sərbəstlik
hiss və duyğularında aydınlığı ilə
görmək olur. Bu məqsədlə tənqidçi
F.Qocanın nasir kimi "Qoca söyüd də
yıxıldı" hekayəsini, "Qar əriyir",
"Mavi dünyanın adamları" povestlərini və səksəninci
illərin mənzərəsini özündə əks etdirən
"Taleyin ağır taleyi" romanı da müxtəlif
bucaq altından görünən və görünməyən
tərəflərinə bir tənqidçi fəhmi ilə
işıq salıb adlarını çəkdiyimiz əsərləri
təhlil edir.
Kitabda Xalq şairi ilə müəllifin
apardığı müsahibə də oxucuda maraq doğurmaya
bilməz. Ona görə ki, müsahibədəki hadisələr
onun, şairin həyatının müxıəlif sahələrini
oxucunun üzünə tam mənası ilə yadda qalan
notlarla açır. Müsahibədə
ona doğma olan kənd mühiti ilə bağlı fikirləri
kitaba xüsusi rəng qatır. Şairin
enişli-yoxuşlu bir yolla böyük ədəbiyyata gəlişi,
bu yoldakı çətinliklər, büdrəmələr və
özünə ədəbi ata saydığı Xalq şairi
R.Rzanın qayğısı ilə bağlı fikirləri də
böyük tərbiyəvi, həyatı əhəmiyyət
kəsb edir. Müsahibə
bütövlükdə altmışıncı illər
poeziyasının keçdiyi yolu təmkinlə xarakterizə
edir və çox maraqlı, inandırıcı qənaətə
gəlir ki, bu da bugünki poeziyamız üçün öz
aktuallığını saxlayır.
Kitabın ayrıca bir bölməsində R.Rza, B.Vahabzadə,
Anar kimi şair və yazıçılarla bərabər,
böyük ədəbiyyatın təəssübkeşlərindən
olan akademik B.Nəbiyev və başqaları F.Qocanın ədəbi
prosesdəki roluna işıq salıb müxtəlif səmtlərdən
xarakterizə edirlər.
Kitabda Xalq şairinə həsr edilən şeirlər
heç şübhəsiz ki, ona və onun poeziyasına olan məhəbbətdən
irəli gəlir.
Filalogiya elmləri doktoru V.Yusiflinin ədəbi prosesdə
ədəbiyyatşünas, sanballı tədqiqatçı
alim kimi rolu danılmazdır. Onun bu sahədəki
iti qələmi, dərin elmi fikir və mülahizələri
bizə fikir deməyə imkan verir ki, onun elmi
axtarışları hələ qabaqdadır.
Ədalət.-2016.-7 yanvar.-S.3.