TARLA NƏFƏS-NƏFƏSƏ

50 ildi o, belə yaşayır

 

Açığını deyim ki, onun barəsində o qədər də böyük bilgim yox idi. Və hətta bildiklərimi də demək olar ki, unutmuşdum, çünki bu, unutqanlıq deyilən bəla bizim qanımızda-canımızdadı. Üstəlik bu canımızda-qanımızda olan bəlaya haqq qazandırmaq üçün bir deyim də uydurmuşuq: Gözdən uzaq olan, könüldən də uzaq olar...

Bəli, bu gün gözümüzü sözün həqiqi mənasında yağır edən, gözümüzlə birlkdə əsəblərimizi də, hətta ürəyimizi də tapdalamaqdan yorulmayan kifayət qədər musiqiçi var... ifaçı var... həmin zümrəyə aid olanlar var və körpə uşaqdan tutmuş ağlı yerində olan hər kəsə qədər bu gözümüzü yağır edənləri soy-kökünə qədər, bəzən hətta geyiminə, maşınına, mobil nömrəsinə qədər tanıyırıq. Hətta bəzən uşaqlarımız özlərini onlara bənzədirlər. Çünki onlar gündəmdədi, onlar hamıdan yaxşı yaşayır, onlar "qaz vurub, qazan doldurur”, amma sənətləri?.. Bu, başqa bir mövzudu. Bu barədə danışıblar, danışırlar, danışacaqlar da...

 

Mən bu solaxay girişi elə-belə etmirəm, çünki barəsində azacıq məlumatı olan bir sənət cəfakeşinin haqqında yazmaqda qərarlıyam. Bu qərarı öncə bir ağsaqqal tövsiyəsiylə qəbul etdim, onun ərkinə qarşılıq olaraq. Sonra ürəyim bu qərarla ikiəlli razılaşdı və onda anladım ki, həqiqətən ağsaqqal məsləhəti çox şeyə qadir imiş, həm çəkisində, həm məntiqində, həm də faydalılığında...

Deməli, yeni ilin ilk ongünlüyündə şəxsiyyətini, qələmini, ruhunu, eləcə də ailəsini çox yüksək dəyərləndirdiyim yazıçı-publisist Əlövsət Bəşirli telefonda mənə bir sual verdi:

-Həmid Vəkilovu tanıyırsan?

Bir anlıq duruxdum, fikrə getdim. Atüstü yaddaşımı vərəqlədim:

-Nəsə bu ad mənə tanış gəlir mənə əlir...

Əlövsət Bəşirli:

-Bu günlərdə onun səhnə fəaliyyətinin 50 illiyi tamam olacaq. Sənə maraqlı olsa, barəsində bir şey yazarsan.

Necə deyərlər, arifə bir işarə bəs edər. Elə həmin gün sosial mediada bir axtarış etdim və yaddaşımda ilişib qalan Həmid Vəkilovu bir az da yaxından tanıdım, ifasını dinlədim. Tam səmimiyyətlə deyəcəm, ifa mənə çatdı, amma içimi, duyğularımı tərpətmədi. Elə bil arada nəysə var idi, dayanmışdı və imkan vermirdi ki, mən o ifanı başlanğıcdan sona qədər görüm, yəni mən ifanı eşidirdim, amma görmürdüm. Ona görə də o ifanı görmək üçün nəsə etməliydim. Ağlıma yenə Əlövsət müəllim gəldi. Ondan xahiş etdim ki, Həmid müəllimlə bağlı əlində olan yazılı materiallardan oxumaq, tanış olmaq üçün mənə də versn. Sağ olsun, sözümü yerə salmadı. Redaksiyadakı görüşlərimizin birində mənə xeyli yazı təqdim etdi. Fürsət tapan kimi oxudum o yazıları. Təbii ki, hər kəs öz duyduğu, düşündüyü kimi yazmışdı və bu yazıların hər birində Həmid Vəkilov müxtəlif prizmalardan təqdim edilirdi. Bu müxtəliflik də mənim fikirlərimi haçalayırdı. Sanki gözlərim önündə bir neçə Həmid Vəkilov dayanırdı. Çox çətin durumda hiss edirdim özümü, nəsə etməliydim. Mütləq bu yazı yazılmalı və mən də bunun üçün Həmid müəllimin ifasını görməliydim...

Günlərin birində Əlövsət müəllim yenə köməyimə çatdı. Ölkənin ən əzəmətli ünvanlarından biri olan Filarmoniyaya dəvətnamə gətirdi mənə. Yanvarın 15-də keçirilən konsertə dəvətnamə idi.

Deyəsən ip ucu tapılırdı. Ona görə də tərəddüd etmədən, necə deyərlər, deyiləın vaxtda deyilən yerdə oldum.

Konsertin giriş hissəsində sənətşünas Səadət Təhmirazqızı yığcam bir çıxış etdi. Əslində bu, çıxışdan çox bir xatırlatma idi, kifayət qədər tamaşaçısı olan zala xatırlatma. Hamı kimi mən də bu xatırlatmada Həmid Vəkilovu bir musiqişünas, bir pedaqoq, bir ifaçı, bir bəstəkar kimi tanımağa başladım. Onun 50 illik sənət yolunda hardan başlayıb, hara gəldiyini, nələrə nail olduğunu, nələrin altında imza atdığını Səadət xanımın dilindən eşitdim. Və bu eşitdiklərim yaddaşıma yazıldıqca mən artıq Həmid müəllimin ömürlüyünü gözümün qarşısına gətirirdim və yavaş-yavaş görürdüm ki, uzaqdan, lap uzaqdan ortaboylu, üz-gözündən şıltaqlıq və bir az da yumor qarışıq gülüş tökülən bir məktəbli gəlir. Bir əlində tar, o biri əlində isə, daha doğrusu, çiynində isə məktəb çantası... və dövrünün bütün uşaqlarına xas olan bir çalar onda da özünü büruzə verirdi. Bu da ağır müharibədən çıxmış bir ölkənin ziyalı ailəsinin tərbiyə etdiyi uşağın inadkarlığı idi. Yəni, məqsədə və mərama doğru inamlı və inadlı getmək. Hətta bir anlıq mənə elə gəldi ki, heç kim o uşağın əlindəki tarı çəkib ondan almaq gücündə deyil. O, tarı elə içdən gələn bir sevgi qarışıq güclə ovcunun arasında tutub ki, bu cür yalnız sənə sənin qədər doğma olanın əlindən, biləyindən, ətəyindən tuta bilərsən...

Bu uşaq səkkiz yaşlı Həmid Şamil oğlu Vəkilov idi.

Elə buradaca bir zəruri haşiyə çıxım. Məşhur Vəkilovlar soyundan olmaqla böyük Səməd Vurğunumuzun yaxın qan qohumu idi və onların ailəsində musiqiyə, xüsusilə saza bir böyük sevgi olduğundan bu sevgi də kiçik yaşlı Həmidin təkcə yaddaşına, ürəyinə deyil, həm də bütövlükdə qanına da hopmuşdu. Ona görə də o, valideynləri onu musiqi məktəbinə tar sinfinə aparanda az qala uça-uça gedirdi. Və bu səkkiz yaşlı uşaq o vaxtkı pionerlər evinin nəzdindəki tar dərnəyində çox qısa bir zamanda təkcə şagirdlərin deyil, eləcə də müəllimlərin diqqətini özünə çəkə bildi. Xüsusilə onun istedadını ilk andan hiss edən, görən Əlağa Mövsümov və Azər Rzaquliyev Həmidin demək olar ki, tara hər gün bir az da artıq yaxınlaşdığını, bir az dab tarla doğmalaşdığını müşahidə etməkdən zövq alırdılar. Burda bir müəllim - bağban zövqü də, bir musiqi ilə yaşayan insan zövqü də hakim idi. Hər iki məqamda onlar Həmidi tarın yeni səhifəsində, yeni ünvanında görməklə həm də onu bu ünvana tərəf qanadlandırırdılar. O isə...

 

Bəli, Filarmoniyanın möhtəşəm zalında hamı gözünü səhnəyə zilləmişdi. Hamı nəfəsini içində tutub saxlamışdı. Çünki professor Həmid Vəkilov tarla söhbət edirdi. Və biz də onların söhbətini dinləməkə yanaşı, həm də dinlədiklərimizlə yaşayırdıq. Həmid Vəkilovun barmaqları tarın simləri üstə gəzirdi. Ürəyi isə o simləri elə bil özünün tellərinə çevirmişdi və barmaqlar altında ürəyin telləri pıçıldayırdı. Möhtəşəm bir musiqi görkəmli bəstəkarımız Tofiq Quliyevin "Qızıl üzük” mahnısı Həmid Vəkilovun ürəyindən barmaqlarına, barmaqlarından sinəsinə sıxdığı tarın simlərinə, ordan isə bizim hər birimizə tərəf yol gəlirdi və inanmaq olmurdu ki, tar bir mahnını bizə yaşadır və özü də bizimlə birlikdə bir mahnının içində yaşayır...

Elə bu yerdə bir xatırlatma etmək istəyirəm. Bunu mənə Həmid müəllim özü danışıb. O deyir ki, günlərin birində mənə xəbər çatdırdılar ki, maestro səni axtarır. Həm maraq, həm də təlaş içərisində Filarmoniyanın rəhbəri olan maestro Niyazinin yanına getdim. Otağa daxil olub salam verdim. Üzümə baxıb soruşdu:

- Kimsən, nə istəyirsən?

- Məni siz çağırmısınız. Mən Həmid Vəkilovam.

- Hə, yadıma düşdü. Ötən həftə televizorda "Qızıl üzüyü” ifa edən sən idin? Xoşum gəldi. İndi də onu mənim üçün çalacaqsan, xoşum gəlməsə, özündən küs! – deyib, masanın üstündəki iri külqabına baxdı.

Həmid müəllim deyir ki, hamımız maestronun xasiyyətini gözəl bilirdik. Bir şey onun xoşuna gəlmədisə, vay o adamın halına. Ona görə də bir az pörtmüş halda xahiş etdim ki, icazə versin pianoçunu da çağırım. Və mən onun adından zəng etdim. Bir azdan pianoçu xanım gəldi və biz ifa etməyə başladıq. Mən tar çalanda həmişə gözlərimi yumuram. İfanın bir məqamında hiss etdim ki, maestro "dayan!” dedi. Gözümü açanda onun əlinin iri külqabıya tərəf getdiyini gördüm, amma üzündə xoş bir ovqat var idi. Anladım ki, pianoçuya - dayan!, - deyib. Mən şövqlə "Qızıl üzüyü” axıra kimi ifa etdim. Tarı sinəmdən ayıranda maestro dedi:

-Çox gözəl! Sabahdan ansamblda işə başlayarsan.

Bu, mənim Azərbaycanın dahi drijoru və bəstəkarından aldığım ən böyük mükafat idi.

Bəli, filarmoniyada hamı onu dinləyirdi. Mən də dinləyicilər arasında Səadət xanımın onun barəsində söylədiklərini yenidən xatırladım. Bu xatırlatma da səbəbli idi. Çünki, tarın keçdiyi həyat yolunu izləyənlər bilir ki, bu müqəddəs və qədim musiqi alətimizi böyük Mirzə Sadiq Əsəd oğlu (Sadıqcan) diz üstündən sinə üstünə qaldırıb. İnsanlar ürəklə tarı qoşalaşmış görüblər, qoşalaşmış dinləyiblər. Həmid Vəkilov isə tarın qarşısında ayağa durub və o, ilk dəfə tarı ayaq üstə çalıb. Bu yeniliyin, bu imzanın sahibi məhz Həmid Vəkilovdu. Mən bu faktı eşidəndən sonra bir daha tarla söhbət edən Həmid Vəkilova əvvəlkindən də artıq diqqət və maraqla baxdım. Və inanın mənə elə gəldi iki, müdrik səhnədə yanaşı ayaq üstə dayanıb, mənə təkcə özlərindən yox, öz iç dünyalarından yox, həm də mənim özümdən danışırlar. Mənə mənim özümü təkrar göstərib tanıdırlar. Ayaq üstə çalınan tar gözümdə tarzənlə birlikdə yeriyən, hökm edən bir nurlu simanı xatırlatdı. Bilmirəm o zalda əyləşənlərin hamısı bunu gördü, yoxsa yox, amma mən tarla bu cür təmas qurmuş Həmid Vəkilovu məhz elə də gördüm. Həmid Vəkilov

 

Daha bir xatırlatma: Həmid Vəkilov 1962-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfinə daxil olur. Burada o, Azərbaycanın musiqi tarixində tarzən kimi özünü təsdiq etmiş Əhsən Dadaşov, Sərvər İbrahimov və digər müəllimlərdən dərs alır. Tarın sirli dünyasına bir az da yaxınlaşır, bir az da artıq daxil olur. Sonra...

Bax, elə Həmid Vəkilovun sığındığı və özünü həsr etdiyi tarın varlığında daha bir yeniliyin məqamı bu zaman özünü büruzə verdi. Yəni, 1966-cı ildə Həmid Vəkilov tarın qolunu iki-üç millimetr enlətməklə onun 2,5 oktavasını 4 oktavaya yüksəltdi. Və bu da ona və digər musiqiçi həmkarlarına imkan verir ki, F.Mendelsonun, D.Şostakoviçin, A.Zeynallının, eləcə də dünyanın və keçmiş SSRİ-nin bir çox tanınmış bəstəkarlarının əsərlərini səsləndirsinlər. Yəni, Həmid Vəkilov ayaq üstə çaldığı tarla indi ən məşhur bəstəkarların simfonik əsərlərini çox böyük məharətləı. Peşəkarlıqla ifa edirdi. Üstəlik o, həm də Niyazinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun həmçinin məhz onun özünə yazılmış Zakir Bağırovun müəllifi olduğu "Tar üçün konsert”ini böyük şövqlə səsləndirirdi. Bu ifa üslubu isə artıq Həmid Vəkilovun şöhrətə gedən yolunu ölkə hüdudlarından uzaqlara istiqamətləndirmişdi. İndi onun ifasını dünyanın neçə-neçə ölkəsində maraqla dinləyirdilər.

Bu günün özündə də Azərbaycanın böyük ifaçıları Əbülfət Əliyev, Arif Babayev, Səkinə İsmayılova, Qəndab Quliyeva, Baba Mahmudoğlu, Canəli Əkbərov və digərlərini dünyanın ən böyük salonlarında müşayiət etdiyini şirin bir xatirə kimi dilə gətirən Həmid müəllim bu xatirələri özünəməxsus şəkildə bir az da duz, şəkər qatmaqla söyləyir. Təbii ki, bir dinləyici kimi mən də özümü həmin o salonların dinləyiciləri arasında görürdüm...

1967-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyaya daxil olan Həmid Vəkilov tətilini uğurla başa vurub, əmək fəaliyyətinə başladı. Onun Rusiya və dünya bəstəkarlarının iri həcmli mürəkkəb əsərlərini şövqlə, peşəkarlıqla ifa etməsi artıq bu ifaçıya təkcə tamaşaçı marağını deyil. Həm də tanınmış dünya şöhrətli bəstəkarların, musiqiçilərin də diqqətini artırmışdı. 1979-cu ildə keçmiş Leninqradda VI ümumittifaq müsabiqəsində laureat adını qazanan Həmid Vəkilov mötəbər münsiflər heyətinin əsl sənət nümunəsi nümayiş etdirən sənətkar kimi dəyərləndirirdi.

1992-ci ildə Həmid Vəkilov Türkiyyə Mədəniyyət Nazirliyinin Ankara Gözəl Sənətlər İdarəsinin dəvəti ilə qardaş ölkəyə işləməyə dəvət edildi. O, öncə Ankara Dövlət Türk Xorunda işlədi və çox qısa zamandan sonra artıq o, solist kimi tamaşaçılar qarşısında çıxış edirdi. Bu çıxışlar ona uzman sənətkar şöhrəti qazandırdı. 17 il Türkiyədə çalışan Həmid Vəkilov doğma şəhərimizə qayıdandan sonra Milli Konservatoriyada fəaliyyətini davam etdridi və ...

Filarmoniyanın zalında ifaçılar bir-birini əvəz edir. Gənc və tanınmış tarzənlər Sahib, Şəhriyar İmanov, Həmid müəllimin bəstələrini ifa edirlər. Xüsusilə Şəhriyar İmanovun ifa etdiyi üç hissəli konsert məni bugünümüzdən alıb, Həmid müəllimin tarla ilk təmas qurduğu günə apardı. İfanın hissələri dəyişdikcə gözümün önündə Həmid müəllim də yeniyetməlikdən gəncliyə və ordan da bugünümüzə çox aramla, həm də sonsuz inadkarlıqla gəlirdi. Mən bir anlıq özümü o ifaların içərisində çox havalanmış bir çəkildə hiss etdim. Çünki musiqi milli olduğu qədər də müasir idi. Və bu milliliklə müasirlik bir-birinə elə sarılmışdı ki, sanki döyüşə gedirdi. Və mən onda öz-özümə pıçıldadım ki, Həmid Vəkilovun bütün yaradıcılığında və bəstələrində "Cəngi” hakimdi. O, sanki ürəyi ilə, duyğuları ilə, danışdırdığı simlərlə döyüşür və hər kəsi ayağa qaldırır. Bunu onun "Çılğın” bəstəsində də, "Şıdırğı” rəqsində də açıq-aşkar görmək mümkün idi.

Konsertdən sonrakı görüşümüzdə hiss etdiyim bu məqamı dilə gətirəndə Həmid müəllim təbəssümünü gizlətmıdən mənimlə razılaşdı. Hiss etdim ki, onun musiqisini duymağım, onun musiqisi ilə yaşamağım professorun ürəyincə olub.

Bəli, bu gün ömrünün müdriklik çağını yaşayan, həyatının 50 ilini sənətə, yəni ürəyinin özəyi olan tara bağışlayan Əməkdar artist, professor, bəstəkar, pedaqoq, xeyli sayda dərs vəsaitinin, həmçinin "Azərbaycan tarı və onun ifaçılıq problemləri haqqında təkliflər” metodik vəsaitinin müəllifi, "Tarda dünya musiqisi” diski ilə dinləyicilərin məhəbbətini qazanmış Həmid Şamil oğlu Vəkilov iki qız atası olmaqla yanaşı, həm də iki nəvə sahibidir. Amma onun söhbətlərindən anladım ki, onun daha çox övladı var. Bu övladlar da onun bəstələri, ifalarıdır. Və bir də özünün və övladlarının güvəndiyi tarıdı...

Hə, mən yazımın girişində Həmid Vəkilovu necə tanıdığımı vurğulamışdım, amma təkrar etiraf edirəm ki, məhz qocaman yazıçı-publisist Əlövsət Bəşirlinin sayəsində mən Həmid Vəkilovu bütünlüklə tanıdım və gördüm. Üstəlik xətrini çox istədiyim dəyərli həmkarım Dilarə Vəkilovanın qardaşı barəsində ürək dolusu bir sevgiylə dediyi sözlər onu mənə bir köynək də yaxınlaşdırdı. Dilarə xanım mənə pıçıldadı ki, Həmid nə qədər zarafatcıl, şux olsa da, o, hələ də nə qədər böyük sənətkar olduğunun fərqində deyil...

Bəli, mən bir etiraf da edim: tarla baş-başa, nəfəs-nəfəsə yaşayan Həmid Vəkilovun necə böyük bir sənətkar olduğunu təkcə özü deyil, elə biz özümüz də bütünlüklə bilmirik, Dilarə xanım! Burada bizim də günahımız yetərincədi!..

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2016.-23 yanvar.-S.8-9.