Ramiz Qusarçaylının yeni kitabı nəşr olunmuşdur

 

Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan...” adlı yeni kitabı nəşr olunub. Kitabda müəllifin Vətən sevgili duyğuları, Qarabağ uğrunda gedən döyüşlərin təsviri, vətənpərvər gənclərimizin döyüş əzmi və şəhidlik zirvəsi, yurdumuzun gözəlliklərinin tərənnümü, dünyadakı rəngarəng proseslərə yaradıcı  münasibətini əks etdirən əsərləri toplanıb.

 

Filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskərin kitaba yazdığı ön sözdə deyilir:

 

Ramiz Qusarçaylı poeziyasının başlıca özəlliyi müqayisəyəgəlməz dərəcədə orijinal, dərin mənalı olması, heç kimə bənzəməməsidir. Hələ çağdaşımız olan heç bir şair cəmiyyəti, insanı və təbiəti bu qədər incə şəkildə müşahidə və təsvir etməmişdir. Heç bir qələm sahibi vətənin, millətin dərdlərini, Qarabağı, əldən çıxmış torpaqlarımızı bunca ürəyinə salmamış, bunca acımamışdır. Hələ heç kim ay-hilallı, üçrəngli, nazlı bayrağımızı bu səviyyədə tərənnüm və vəsf etməmişdir.“

 

Ramiz Qusarçaylının “Gedəsən dünyanın axırınacan...” adlı bu yeni kitabı müəllifin “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Eşşəknamə”, “Almalı kitab” və “Nə ğözəldi yolun, Allah  adlı şeirlər kitablarından sonra oxucularla növbəti görüşüdür.

 

Şair eyni zamanda  macar, italyan, ingilis, rus, ukrayna dillərindən tərcümə etdiyi şeirlərindən ibarət olan “Göyəm ağacı” adlı tərcümə kitabının da müəllifidir.

 

Ramiz Qusarçaylı erkən uşaqlıq illərindən yaradıcılığa başlamış və  Bağban” adlı ilk mətbu şeiri hələ 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilmişdir. Hələ gənc yaşlarında olan Ramizə xalq şairi Osman Sarıvəlli “Qusarçaylı” təxəllüsünü vermiş, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edərək ona uğurlu yol diləmişdir. 

 

Professor Vaqif Arzumanlı şairin həyat və yaradıcılığına həsr olunan “Təbiət, qeyrət, həqiqət şairi”, şair-publisist Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı şeirində” və şair-publisist Gülarə Aydın “Məni yaman tutub şeir havası...” adlı kitablarını dərc etdirmişlər.

 

Şairin şeirləri ingilis, rus, ukrayna, fars və Dağıstan xalqlarının dillərinə tərcümə olunmuşdur.

Qeyd edək ki, müəllifin “Gedəsən dünyanın axırınacan...” adlı bu yeni kitabı  şairin dostu, el içində vətənpərvər bir adamı kimi hörmət qazanmış  Sabir Fərzəliyevin xeyirxahlığı ilə işıq üzü görmüşdür.

 

Şairin bu kitabının da oxucular tərəfindən maraqla qarşılanacağına əminik.

 

Ədalət.-2017.-7 aprel.-S.4.