“Leyli - Məcnun”
və Ferma müdiri
Seyran Səxavət
(hekayə)
Stalinin qırxı təzə
çıxmışdı. Milyonlarla əl dəsmalı
duz dadırdı. Sovet Sosialist
Respublikaları İttifaqının ucsuz-bucaqsız ərazisi
uşaq bağçası təmayüllü nəhəng
yetimxanaya oxşayırdı – bəlkə də
oxşamırdı, elə heylə idi.
Həddi-buluğa çatmamış, böyük və
qarışıq bir xalqın atası ölmüşdü –
atadan yetim qalmaq pis şeydi. Bu ayaqdan götürsək,
Stalini dünyanın ən çoxuşaqlı atası hesab
eləmək də olar.
Uşaqlar başsız qalmışdı. Və üstündən
heç əlli il keçməmiş
Stalinin yurdunda bayquş uladı, tufağı
dağılfı – İttifaqı dağıldı.
Yazağzı duza gedən qoyunlardan bəziləri duz
dadan dəsmalları yeyir, səhərə yaxın elə
ağıldaca murdar olurdular. Dəsmal sahibləri isə səhər-səhər
burunlarını silməyə bir şey tapmırdılar...
O vaxt mənim
yaxşı yadımdadı, yeddi yaşım vardı – yekə
kişiydim. Mənə elə gəlirdi ki, bütün Sovet
xalqı eyni ilə bizim kənddəki kimi üzünü
cıra-cıra, baş-gözünə döyə-döyə,
ucadan ağlaya-ağlaya deyir, özü də bizim dildə:
- Ay Dədə,
bizi qoyub hara gedirsən oooooy!.. Ay Dədə!.. Ay Dədə!.. Ay Dədə!..
Əslində isə o Dədə deyildi, Baba idi. Lenindən sonra Stalin ikinci
Babamız idi – ancaq hansının ata tərəfdən,
hansının ana tərəfdən Babamız olduğunu
bilmirdik...
...Möhtəşəm
yetimlikdən sonra ölkəyə gələn ilkin Yazın
lap axırıncı günündə kolxozun ferma müdiri Fəmil
arvadı Nisəni də qoltuğuna vurub getdi Bakıya.
***
Fəmil əlifbadakı
otuz iki hərfdən birin də tanımırdı – tanış ola bilməmişdi, tanış
eliyən olmamışdı, ancaq ikinci dünya müharibəsində
Stalin uğrunda vuruşmuşdu. Onun taleyinə
orta məktəb oxumaq yox, müharibə oxumaq
düşmüşdü ki, oranı "əlaçı”
qurtarmasa da, sağ-salamat başa vurmuşdu.
Fəmil nənəsinin toxuduğu xurcunu çiyninə
alıb Hitlerlə haqq-hesab çürütməyə getdiyi
ilk gündən, evə qayıtdığı saata qədər
həmişə ürəyində Nisə ilə söhbət
eləyirdi və onun bu söhbətini Nisəyə hər
gün "yazdığı” məktub kimi də qəbul etmək
olardı. Fəmil
müharibədən qayıtdığı gün ona da
möhkəm inanmışdı ki, əgər o davaya getməsəydi
Sovet xalqı heç vaxt faşistlərə qalib gələ
bilməzdi...
O, davadan
üç il qabaq evlənmişdi. Müharibəyə gedəndə bir oğlu da
vardı – üç ilə bir oğul, hər halda pis nəticə
deyil. Qarabağın ən böyük kəndlərindən
biri olan Yeddiparanın camaatı söz sözü gətirəndə
- bu gün də - iyirmi birinci əsrin on yeddinci ilində
"Fəmil-Nisə” məhəbbətindən ürək
dolusu danışır, bəzən də öz əıavələri
ilə bu sevgini əfsanə səviyyəsinə
qaldırıb ilahiləşdirirdilər, nəsildən nəsilə
ötürürdülər. Ona görə
də Yeddipara kəndi yaranandan bu günə qədər cəmisi
bircə dəfə boşanma hadisəsi olub.
Yaşlı adamlar danışırmışlar ki,
bütün kənd yasa batmışdı bu görükməmiş
hadisədən – elə bil güclü zəlzələ
olnuşdu, kənd dağıntılar altında
qalmışdı, ölənlər və yaralananlar vardı
– bax, heylə...
Fəmilin
əmisi oğlu deyirmiş ki, o, Nisəni ovcunun içində,
üfürə-üfürə saxlayırdı, camaatın tənbehindən
qorxub utanmasaydı, özü qazan asıb paltar yuyardı, xəmir
yoğurardı, təndirə çörək yapardı,
nehrə çalxayardı, cəhrə əyirərdi,
uşaqları çimizdirərdi – camaat olmasaydı
bunların hamısını özünə
sığışdırardı, uf da deməzdi...
Fəmil Bakını iki dəfə
görmüşdü, bir müharibəyə gedəndə,
bir də davadan qayıdanda. Gedəndə
gördüyü Bakını Allah heç kimə göstərməsin
– ürəyindən qara qanlar axırdı və Nisə də
qan rəngində onun gözlərinin önündən
getmirdi – hörüklərinin ucundan qan damcılayırdı.
Davadan qayıdanda gördüyü Bakını isə Allah hamıya
qismət eləsin; nənəsinin toxuduğu, əsl sənət
əsəri olan, müharibə başlayandan qurtarana qədər
çiynində gəzdirdiyi xurcunun bir gözündə
özünə aid olan ayın-oyun, bir gözündə də
Adolf Hitlerin başı... necədi sizin üçün... Hər
halda Fəmilə elə gəlirdi; düzünü deyim ki,
elə mən də o fikirdəyəm...
Fəmili Bakıya getməyə həvəsləndirən,
xeyir-dua verən əmisi oğlu, kolxozun hesabdarı Əsgər
olmuşdu.
- Fəmil,
sən ölmə, bax, bu canım ölsün, - əlini
üzünə şapbıldatmışdı, - əstəfurulla,
İmam Hüseynin müsibəti mən gördüklərimin
yanında toya getməlidi, get eee, get...
özün görəzsən dana...
Əsgər Bakıdan bu yaxınlarda qayıdıb. O, kəndin
gözünün ağı-qarası şofer Maşallahla
paytaxtdan kolxoz üçün "palturuka” yük
maşını gətirməyə getmişdi, özü də
qəttəzə. Yeddipara camaatı bu yük
maşınını "Novruz” bayramı kimi
qarşılamışdı, itli-pişikli hamısı bu
maşının başına
yığışmışdı. Şofer
qara Maşallah isə camaatın gözündə ağappaq
yumurta soyutması kimi bir oğlan olmuşdu; indi onun hörməti-izzəti
kənd camaatının gözündə bu maşını
ixtira eliyənin hörmət-izzətindən də qat-qat
yuxarılarda idi; hamı ona bu kəndin qürur
akademiyasının həqiqi üzvü kimi baxırdı; o
dövrdə bu, qara Maşallahın halal-hümmət
haqqı idi. Dünyanını kəfən kimi pak, tər-təmiz,
sünbülündən su daman vaxtı
olmasaydı, bəlkə də qara Maşallah Sovet
İttifaqı Qəhrəmanı səviyyəsində
hörmət-izzət sahibi ola bilməzdi və bu, həqiqət
idi...
Əsgərin
arvadının dayısı Salman kişi
Bakıda Serqey Mironoviç Kirov adına Azərbaycan Dövlət
Universitetində "zavxoz”-təsərrüfat hissə
müdiri işləyirdi – hörmətli adam idi. Elə yeznəsi Əsgəri də "Leyli-Məcnun”
operasına o aparmışdı, nə təhər təsirlənmişdisə,
Bakıdan Yeddiparaya qədər kövrələ-kövrələ,
Leylinin atasının yeddi arxa dönənini söyə-söyə
gəlib çıxmışdı, yenə
toxtamamışdı, səbbi alınmamışdı.
Kənddə də ürəyini boşaltmaq
üçün əmisi oğlu Fəmili layiq bilmişdi,
çünki ona elə gəlirdi ki, sevgi-məhəbbət məsələlərində
Fəmil bir nömrəli mütəxəssisdi. Fəmil də Əsgərdən eşitdiklərini
gecə uşaqlar yatandan sonra neft lampasının
ışığında dənəvər-dənəvər
qoymuşdu Nisənin ovcuna – Nisənin ovcu yanmışdı.
Fəmil də ağızdan berahat idi; Leylinin
atasının ölüsünü-dirisini Nisənin
qulağı eşidə-eşidə tökmüşdü
çölə. Nisə də iki dahinin, Məhəmməd
Füzuli ilə Üzeyir Hacıbəylinin yaratdıqları
bu şah əsərə biganə qala bilməzdi; odur ki, səhərin
pıçalaqlı gözləri açılana qədər
Leyli ilə Məcnuna ağı deyib onları ağladı –
səhəri dirigözlü açdı...
Nisə
Əsgərxan bulağında doluxsuna-doluxsuna, təpəsindən
tüstü çıxa-çıxa Fəmildən
eşitdiyini bitdə-bitdə qız-gəlinə nağıl
elədi – onlar da doluxsundu, onların təpəsindən
çıxan tüstü ərşə dirəndi və
onlar da öz bildikləri kimi Leylinin atasının
aşının - suyunu verdilər, özü də
artıqlaması ilə...
Fəmil
fermada hamını yığıb doluxsuna-doluxsuna, təpəsindən
tüstü çıxa-çıxa Əsgərdən
eşitdiyini bitdə-bitdə, indiki dillə desək, əməkdaşlarına
nağıl elədi – onlar da doluxsundu, onların da təpəsindən
çıxan tüstü ərşə dirəndi və
onlar da öz bildikləri kimi Leylinin atasının
aşının – suyunu verdilər, özü də Əsgərxan
bulağındakı qız-gəlindən də çox...
Əsgərxan bulağındakı qız-gəlin Nisədən
eşitdiklərini yetənə nağıl eliyirdilər,
eşidən-bilən Leylinin atası haqqında
bacardığı, hətta bacarmadığı kimi
ağzına gələni deyirdi.
Fermanın "əməkdaşları” Fəmildən
eşitdiklərini yetənə nağıl eliyirdilər –
eşidən-bilən Leylinin atası haqqında
bacardığı, hətta bacarmadığı kimi
ağzına gələni deyirdi. Deyilənə görə fermada
çobanlıq eliyən Qədimalı kişi
bir az da irəli gedib, arvad-uşaq yanında Leylinin
atasının goruna da söymüşdü.
Yeddipara kəndi Leyli-Məcnun məsələsində,
necə deyərlər, vahid mövqe nümayiş etdirməkdə
çox israrlı idi. Vəziyyət o yerə dirənmişdi ki, uzaq olsun, bu
kənd camaatından kimsə həyatından bezib
özünü öldürmək istəsəydi (yenə də
min ağac uzaq), onun üçün ilahi bir şans
yaranmışdı; heç nə, çıxsın kəndin
ortalığına, camaatın gur vaxtında desin ki, "mənim
yeddi kor qızım olsaydı, birini də Məcnuna verməzdim,
o, əməlli başlı dəlidi ki...”, vəssalam, onu
daşqalaq eləyib Azərbaycan kimi iki yerə
şaqqalayardılar – 1813-cü ildəki kimi...
İlahi,
Dünya Fəmil – Nisə Dövründə Körpə
Gözü kimi nə qədər Pak imiş – xəbərimiz
olmayıb; ona görə xəbərimiz olmayıb ki, elə
bilmişik ki, belə də olmalıdı də... Ay
Allahın arxayın bəndələri...
Bakının
dəmiryol vağzalında Fəmil – Nisəni, Əsgərin
arvadının dayısı Salman kişi
çox ürəkli qarşıladı.
Kənddən
çıxanda Fəmil demişdi ki, Əsgər, narahat olma
ee, arvad qohumunun yanında üzünü ağ
eliyəcəm. Yanında Nisə, cibində də beş saz erkəyin pulu; fikirləşmişdi
ki, Bakıdan uşaqlara ayın-oyun alar, bir də Əsgərin
özünə və arvadı Zərif müəllimə
bahalı parça alar, tikdirib geyinsinlər. Vaqonun kupesi də
ağzına qədər tıxılı-mənili,
humayın ağına bükülmüş iyirmi kiloluq
toğlu cəmdəyi, bir bidon nehrə yağı, sərilmiş
südün qaymağı, mərəçöyüd,
cincilim, quzuqulağı, qazəyağı, qanqal, Qorabulaq
qıjısı, dəvədabanı, noxud, təndir
çörəyi, nələr... nələr... Kənd həmişə şəhəri belə
sayıb-saydırıb, onun hüzuruna əlidolu, ürəyidolu
gedib. Yeddipara çörəkli-sulu kənd
olub həmişə - müharibənin ən məşəqqətli
vaxtlarında da. Aclıq-qıclıq vaxtı dağ rayonlarından
çoxları bu kəndə pənah gətirib, rahatlıq
tapıblar, nəticədə çönüb olublar
yeddiparalı, onlardan birirsi...
Nisə Salman kişinin dördüncü mərtəbədəki
mənzilində, yataq otağındakı bədənnüma
güzgünün qabağında geyinə-geyinə
güzgülənirdi. Geyinib qurtarmış kimi idi – lap
axırda arxalağını geyindi. Bilmirəm,
özünə hansı tərəfdən baxdısa
xoşuna gəldi – güzgünün qabağında
fırlandı da: "bir heylə var-dövlətinən o
boyda kənddə allahın bir güzgüsü də yoxdu
ki, heç olmasa ayda-ildə bir dəfə beləcə
durasan qabağında. Fəmilə deyəcəm
gedəndə bir güzgü alsın, aparım Əsgərxan
bulağına, qız-gəlin özünə baxsın.
Desəm alar...”
Xalis Çin məxmərindən tikilmiş
arxalığın yaxalığı da, sinəsi də əllə
işlənmişdi – naxışlar göz
oxşayırdı. Ətəyinə və qollarına
düzülmüş gümüş pullar
araxalığın çəkisini xeyli artırmış,ağırlaşdırmışdı. İndi bu arxalıq doqquz May qələbə
bayramı münasibəti ilə hərbi nümayişə
çıxmış, yaxasına çoxlu orden-medal
taxmış müharibə veteranının kiteli qədər
parlaq və ağır idi. Bu
arxalığı Nisəyə toylarından üç
gün sonra – yəni onun üçgünlüyündə
qaynanası ona boygörüncəyi kimi
bağışlamışdı. Deyilənlərə
görə qaynanasına da bu arxalığı qaynanası
boygörüncəyi vermişdi. Nisənin
bir neçə arxalığı vardı, hamısı da
geyinməli – bir-birindən gözəl; ancaq o bilə-bilə
qarasını seçmişdi – tündünü; axı, o
"Leyli və Məcnun” operasına baxmaqdan və qulaq
asmaqdan daha çox, elə bil ki, yas yerinə, ağlaşmaya
gəlmişdi. Nisə qırağını milçə
ilə hördüyü, iri qara dəsmalını hələ
kənddə olanda arxalığın cibinə qoymuşdu –
öz xasiyyətinə bələd idi... bilirdi ki,
gözünün midiyini tökəcək...
Nisə qara Çin məxmərindən tikilmiş,
üstü Nikolayın 1898-ci ildə buraxdığı onluq
qızıllarla bəzənmiş papağını
başına qoydu, hörüklərini kürəyinə
atdı. Bir an özünə baxıb razı qalandan sonra,
sallanan yerində iri aypara, qalan hissəsi parlaq muncuqlardan
hörülmüş qızıl boyunbağısını
taxdı, sırğalar da öz yerindən asıldı.
Özünü çox bəyəndi – Fəmil onu bəyəndiyi
qədər...
Nisə, əvvəldən razılaşdıqları
kimi içəridən qapını döydü – yəni ki,
mən hazıram – onsuz da yarım saatdan çox ləngimişdi.
Fəmilin geyinməyi bir suiçim saat çəkmədi;
fransız generalı Qalife-nin adını daşıyan
şalvarı əyninə çəkdi, zabit
qayışı ilə belini bağladı, müharibədən
gətirdiyi, xeyirə-şərə geyindiyi, qəlfeyi
şalvarı rəngdə kitelini əyninə taxıb
qızılı düymələrini bağladı.
İki
gün qabaq bilet almağa gedəndə Salman kişi
Fəmildən yox, Nisədən soruşmuşdu ki, neçənci
sıra yaxşıdı. Nisə də təəccüblənmişdi
ki, Fəmili qoyub mənnən niyə soruşur ki? Salman
kişi üzünü Nisəyə tutub
bir də soruşanda o cavab vermişdi:
- Salman
dayı, elə yer olsun ki, onları lap yaxından
görüm...
- Onlar
kimdi?
- Leyliynən
Məjdunu deyirəm dana... o bədbəxtləri...
- Salman kişi də biletləri birinci sıraya
almışdı. Salonda səs-küy idi;
milçək dəstəsi içəri girib bir
ağızdan vızıldasaydı, birinin də səsi
eşidilməzdi. Bəzi
tamaşaçılar isə deyib-gülürdülər.
Nisənin deyib-gülən tamaşaçılardan bir az zəhləsi getdi: "bunlar nə təhər
adamdılar, ay bajı, elə bil toya gəliblər...
başıma xeyir...”
Salman kişi Fəmilin nəzərindən
yayınmayan bir əda ilə papağını
çıxardıb dizinin üstünə qoydu. Fəmil də onu təkrar elədi –
"heyvagülü” buxarasını dizinin üstünə
qoydu, bir az da özünə tərəf çəkdi, deyəsən
papağın yerini rahatlayırdı.
Salon
dolandan bir az sonra işıqlar öləzidi.
O bir dəstə milçəkdən biri içəri girib
vızıldasaydı səsi eşidilərdi.
Qaranlıq elə bil yerin altından
çıxmışdı; salonu ləbələb elə
doldurmuşdu ki, deyəsən, bağlı qapı-pəncərənin
arasından çölə tökülürdü. Qaranlıq
qatı palçıq kimiydi və ürəyi sıxılan
Nisə gözlərini döydükcə, əvvəlcə
kirpikləri ilə qatılığı duydu, sonra da bir-birinə
daraqladığı əlləri ilə hiss elədi. Pərdə açıldı; salonda
göz-gözü görən kimi Nisə əvvəlcə əllərinə
baxdı, sonra da barmaqlarını kipriklərinə
sürtüb, elə bil ki, rahatlaşdı.
Tamaşa başlamışdı. Nisə isə tamaşadan
bir az sonra başladı –
gözünün midiyini tökməyə. Nisənin
duzlu, dupduru göz yaşları qara dəsmala
sıxıldıqca rəngini itirsə də, duzunu
saxlayırdı. Yaz ağzı duza yerikləyən
qoyunlardan biri Opera və Balet teatrına gəlib
çıxsaydı, Nisənin qara dəsmalını əlindən
qoparıb yeyərdi və tamaşa qurtarandan beş-altı
saat sonra murdar olardı və bu sənət məbədinin
böyür-başında sülənən sahibsiz itlər,
Leyli ilə Məcnun hesabına "yeyib-içərdilər.”
Ancaq, nə
yazağzı duza yerikləyən qoyun Opera və Balet
teatrına gəlib çıxdı, nə Nisənin qara, nəm,
duzlu dəsmalını onun əlindən qoparıb yedi, nə
tamaşa qurtarandan beş-altı saat sonra murdar oldu, nə də
bu sənət məbədinin böyür-başında
sülənən itlər Leyli ilə Məcnun hesabına
yeyib-içə bildilər. Çünki tamaşanın
axırına az qalmışdı, qara dəsmalı
paltar yuyanlar kimi bir neçə dəfə sıxıb
ehmalca çırpmışdı ki, qurusun. Ancaq qara dəsmalın
qurumağı qalmışdı Nisənin göz
yaşları quruyana...
Nisə imkan tapıb özünü də danladı ki,
gərək məhrəbadan-zaddan götürərdim, qara dəsmal
bu dərdi götürə bilməz. Sonra fikirləşəndə
ki, evlərində qara məhrəba yoxdu, məyus oldu.
Uşaq yumruğu boyda qəhər Nisənin xirtdəyinə
keçib onu boğurdu. Özündən asılı olmayaraq
tez-tez sağ əlinin barmaqları ilə boğazını
sığıyırdı.
Fəmil də fizikadakı birləşmiş qablar kimi
Nisə ilə eyni vəziyyətdə idi. Bir fərq vardı ki, Fəmil
Nisənin kişi variantı idi – bilmirəm,
buna fərq demək olarmı...
***
Kənd təsərrrüfatının qızğın
vaxtı olduğuna görə bu boyda vaqonda Nisə-Fəmil
cütlüyündən başqa beş-altı nəfər sərnişin
vardı. Kupedə ikisi idi. Qatar tərpənəndən
sonra vaqon bələdçisinin, dilli-diləvar orta
yaşlı erməni qadının onlara gətirdiyi iki stəkan
çay buza dönmüşdü.
Sükut da buza dönmüşdü, onlar
üşüyürdü. Nisə macal tapıb Salman kişi gildə qara dəsmalı yumasaydı,
indi stolun üstündə, batmaqda olan günəşin saman
kimi qırıq-quruq şüalarının altında iynə
ulduzu boyda çoxlu parıltılar görünərdi.
Bu soyuq
sükutu pozub təzədən yazmaq tək adam
işi deyildi. Sükut onların arasında divar
kimi hörüldüyündən deyəsən Nisə-Fəmil
heç bir-birini görmürdü – biri aşağı
baxırdı, biri düz. Yeri gələndə Fəmil
beş kişinin qabağıydı və
bu "beş kişi” özünü
yığışdırıb sükutu pozmaq istədi:
- Nisə...
- Nədi?
-
Heç...
Sükutun
heç burnu da qanamadı və onlar yenə bir-birini itirdilər,
görmədilər, yenə divar...
- Nisə...
- Nədi?
-
Ağlıma bir şey gəlib, - Nisənin gözlərinin
içinə baxdı.
- Nə gəlib?
- Deyirəm
bir ay-zad keçsin, bir də gələk "Leyli-Məcnun”a...
- Sədr
icazə verməz. – Nisə də onun gözlərinin
içinə baxdı, ancaq ümidsiz.
- Verər...
– Fəmil inamla Nisənin ümidsizliyinin qabağına yeridi.
- Nə
bilirsən?
- Bilirəm.
Nisə ərinə
o qədər inanırdı ki, yorğun-yorğun dedi:
- Deynən
biz də bilək dana...
Fəmil
yerini rahatlayıb yerində qurcalandı:
- Sədr
heç bu dəfə də məni buraxmaq istəmirdi. Dedim
ki, uzaq olsun, Nisə azarrıyıb, doxdura göstərəjəm.
Onnan sonra yumşaldı, ipə-sapa
yatmırdı. Yəqin məni görəndə səni
soruşajax, deyəjəm ki, doxdur dava-dərman yazdı, dedi
bunnarı içsin bir aydan sonra gələrsiniz bir də
yoxluyaram.
Nisə
gülümsədi və onun təbəssümü küncdə-bucaqda
ilişib qalan sükutu da əritdi:
- Həə...
onda icazə verər, - dedi, - sən də
elə qur ki, işini süd planında kəsir qalmasın,
onda dilin də uzun olar dana.
Sükut yenə gəldi, ancaq ona üz vermədilər,
o da çıxıb getdi. Birdən Nisə dedi:
- Ay Fəmil,
bəs onda "Leyli-Məjdun”a baxmağımızı
heç kəs bilmiyəjək axı, - və bikeflədi, -
sədrinin qulağına çatsa...
- Niyə
bilmir, burda nə var ki? Deyərəm ki, doxdur
heylə deyənnən sonra arvad bikeflədi, mən də
ürəyin açmaq üçün onu götdüm
apardım "Leyli-Məjdun”a. Sən arvaddara bir söz deməmisən
ki? – Onun üzünə baxdı.
- Yox... demişəm
ki, gedim qayıdım onda bilərsiniz.
- Düz
demisən... Elə deyərsən doxdura aparmışdı məni...
sonra da getdik "Leyli-Məjdun”a... Qoy
sözümüz bir olsun. Əsgərdən
başqa heç kəs bilmir, o da heç kəsə söz
deyən deyil.
- Ay Fəmil,
Məjdun niyə qoymadı ki, o dostu... onun adı nəyidi?
-
Ağız, Nəsib müəllimin oğlunun adıdı dana, Nofəl.
- Hə...
Bax, niyə qoymadı ki, Nofəl qılınc
gücünə olsa da, gedib Leylini gətirib oturdaydı
ojağının qırağında... niyə qoymadı?
- Vallah,
düzünə qalsa orasını mən də başa
düşmədim,- Fəmil boynuna aldı
anlamadığını.
- Gərək Salman dayıdan soruşaydın... – Nisə
təəssüfləndi, - şəhər adamıdı o
bilərdi.
- Vallah, mənim
də ürəyimdən keçdi ki, soruşum, ancaq
utandım nəyisə...
- Fəmil...
- Nədi?
- Gələn
dəfə "Leyli-Məjdun”a gələndə əgər...
Nəsib müəllimin oğlunun adı nədi?
– Zəndinən ərinin üzünə baxdı.
-
Böyüyünün adı Qeyisdi...
- Nədi?
- Qeyis
- Bu nə
addı ee... birinci dəfə eşidirəm? – Təəccübləndi.
Fəmilin əlinə girəvə
düşmüşdü; o, deyəsən bir az
da özünü dartdı. Nisəyə savadlı
olduğunu göstərməyin əsl məqamı...
Arvadı özü ona əyaq vermişdi:
- Nəsib
müəllim, ay Nisə, ədəbiyyat müəllimidi, ona
görə də oğlunun adını Qeys qoyub.
- Noolsun ədəbiyyat
dərsi deyir? – Nisə başa düşmürdü.
- O olsun
ki... – deyəsən, bir balaca, xış kötüyə
ilişdi, - o olsun ki, Qeyisin adını "Leyli-Məjdun”
kitabından götürüb dana.
Nisənin
əli ağzında qalmışdı - ərinin belə məlumatlı
olması onun ürəyinə sarı yağ
kimi yayılmışdı – üzü kolxoz sədrinin evindəki
otuzluq çıraq kimi alışıb yanırdı; bu
otuzluq lampanın əsli isə onun ürəyində idi,
vurub üzündən çıxmışdı. Otuzluq lampa
dedi:
- Nəsib
müəllimdə "Leyli-Məjdun” kitabı var?
- Hə...
var.
- Hardan
alıb?
-
Sevastopoldan.
Əgər Fəmil desəydi ki, Bakıdan alıb, Nisə
dirənəcəkdi ki, "gələn dəfə gələndə
biz də alaq” – odur ki, Nisəni azdırdı.
- O dediyin
yer uzaqdı? – Nisə soruşdu.
-
Dünyanını o başında.
- Sən
oranı görmüsən?
- Bəs
faşistdəri ordan kim basdı
çıxartdı, biz elədik dana. Nəsib
müəllim də mənnən bir yerdə vuruşurdu.
Oğlu Qeys bizim Ayazxanla yaşıddı.
Bəs, mən hardan billəm oğlunun adın.
Özü dedi ki, "Leyli-Məjdun”nan götürüb
uşağın adın.
Nisənin əli ağzından düşdü; bayaq
onun ürəyinə yayılan sarı yağdan əsər-əlamət
qalmamışdı, elə bil beş-altı pişik onun ürəyinə
darışıb sarı yağı yalamışdı. Otuzluq lampa közərə-közərə
söndü – ikisi də... Və otuzluq lampalar sönən
kimi Fəmil dedi:
- Bəri
bax...
- Nədi?
- Bəri
bax, iki gündü Məjdunnan ötrü özünü
öldürürsən... heç bilirsən onun əsli
adı nədi?
- Kimin?
- Kimdən
ötrü özünü öldürürsən? Məjdunu
deyirəm... Bilirsən əsl adı nədi?
- Əsl adı nə deməkdi ee? – Nisə gözlərini
döydü.
- Metirkada
(bu sözü əsgərlikdə öyrənmişdi)
yazılan adı.
- Metirka nədi?
- Yaş
kağızı.
- Məjdundu,
dana...
- Yox, onun
əsl adı yaş kağızında Qeysdi Qeyis.
Nisə - Fəmil demişkən, Məjdun yenə gəldi
Fəmil gilin kupesinə, oldular üç nəfər;
arxasını Fəmilə çevirib bayaqkı divarın
yerində dik dayandı, gözünü zillədi Nisəyə. "Görəsən o vədə
dədəm axıracan iki ayağını bir başmağa
dirəyib məni Fəmilə verməsəydi, mən də
onun dərdindən bir torba sümüyə dönüb
ölsəydim, Məjdun Leylinin qəbrinin üstündə
çıxartdığı pəstəhanı Fəmil də
mənim qəbrimin üstündə gözünnən
bıldır-bıldır qan yaş tökə-tökə
çıxardardımı? Həlbət ki... Xançalı
qarnına soxardı, qanı axa-axa yıxılıb qəbrimi
qucaqlayardı, yerindəcə qalardı. Fəmilin
başına dönüm. Şükr, bunu
yaradana.”
- Fəmil...
- Nədi?
- Fəmil,
"Leyli-Məjdun”u kim yazıb?
Nisə
möhkəm inanırdı ki, Fəmil bu sualın
cavabını bilir, yoxsa indiki ovqatında yüz il yüz ilə qala soruşmazdı.
- "Leyli-Məjdun”u?
- Hə...
- Nizamiynən
Füzuli bir yerdə yazıb... - Nisənin üzünə
baxdı, - sonra bir yerdə qulağım çaldı ki, Səməd
Vurğun da kömək eliyib deyəsən... Üçü
yazıb...
Nisə ərinin
bu cavabından yerdən göyə qədər və yaxud
Nizamidən Füzuliyə, Füzulidən də Səməd
Vurğuna qədər razı qalıb dedi:
- Fəmil,
Allah öz birriyi xətrinə səni balalarının
üstünnən əskik eləməsin – elə mənim də.
- Sənin
də...
- Sağ
ol, Allah canına dəyməsin.
Nisənin par-par parıldayan, gülən gözlərindən
damcılayan nəydisə dizlərinin aynasını
tumanın altından yandırırdı, deyəsən otuzluq
lampa damırdı, damırdı ki, sönsün – yoxsa belə
yanmaq olmazdı. O, əl atıb Fəmilin əlini götürdü,
onun əliylə oynamaq istəyəndə vaqon bələdçisi,
orta yaşlı erməni qadını lafdan içəri
girib dedi:
- Elə
çayınıza dəyişdirim, maddax?
Fəmilin
əli Nİsənin əlindən yerə düşən
kimi ikisi də birağızdan:
-
İşmirik, - dedi.
Bələdçi,
Nisə - Fəmilə soyuyub buza dönmüş iki dolu stəkan
çay və bir kupe dolusu buza dönmüş sükut qoyub
getdi. İkisi də eyni vaxtda gözünü yerə zilləmişdi
və bu soyuq sükutun lap ucunda ikisi də eyni vaxtda
başını qaldırıb bir-birinə baxdı,
toqquşan baxışlardan qığılcım
tökülə-tökülə, ikisi də birdən qəhqəhə
çəkdi, iki cüt göz yaşarana qədər
güldülər və inanın ki, ikisi də eyni vaxtda
gözlərinin bulağını silən kimi bir
ağızdan dedi:
- Allah, mərdimazara
nəhlət eləsin!
Erməni qadına belə "xeyir-dua” verəndən
sonra, yenə də inanın ki, ikisi də eyni vaxtda buz kimi
çaydan bir qurtum alıb kupenin qatlama stolunun üstünə
qoydular.
Siz də mənim kimi onları belə yaxından
görsəydiniz əliniz ağzınızda qalardı – bu, əsl
möcüzə idi.
Bu
möcüzə yaxamdan tutub məni necə silkələmişdisə,
qələmim ağzımda qalmışdı... Və bu andan
deyəsən, əlin ağızda qalması köhnəlməyə
başladı...
"Ərinən
arvadın suyu bir yerdən götürülüb”, yaxud "ərinən
arvadın xəmiri bir yerdə yoğrulub” – bunlar, indiki halda,
gördüklərimin müqabilində mənə o qədər
də yapışmadı – bu, ilahi məqam idi, ancaq təzəsindən...
Özünüz də gördünüz, axı...
Mənim
gördüklərim suyunan, xəmirinən başa gələn
şey deyil – Siz inanın ki, Allaha da xoş getsin –
çünki bu Allahın haqqıdı və Allahın
haqqını yemək olmaz!!!..
Siz mən
dediyimə inanın, mən də "Nisə-Fəmil”
haqqında Yeddiparada qanadlanıb uçan, haqqın
qapısını açan əfsanələrə - onsuz da
çoxdan inanmışam...
- Nisə...
- Nədi?
- Ən
çox kim xoşuna gəldi?
- Salman
dayı... yaxşı adamdı...
Fəmili
gülmək tutmuşdu:
- Salman
kişini demirəm ee...
- Bəs,
unamadım, nəyi deyirsən?
- "Leyli-Məjdun”da.
- Həəə...
belə deynən dana... O iki cavana Allah rəhmət
eləsin, - kövrəldi, - Allah behişdik eləsin, qəbrləri
nurunan dolsun...
- Səninki
olmadı, - Fəmil dilləndi, - söhbət eləyirik
axı.
- ...
- ...
- Həəə...
Nofəl yaxşı oğlandı, Allah canına dəyməsin,
Allah öz birriyi xətrinə onu Məjduna çox görməsin...
- Amin...
- Məjdunun
dədəsinə yazığım gəldi... o boyda kişi özünə yer tapa bilmirdi. Leylinin dədəsindən zəhləm getdi –
xırman xotuğuna oxşuyurdu. İki cavanı
bir-birindən elədi, vurğun təpəsinnən vursun
onun! Görüm Allah ona qotur versin, dırnaq verməsin! Allah
onu taxtınnan salsın!
- Amin!
- Fəmil.
- Nədi?
- Deyirəm,
ay Fəmil, bax, elə indicə, ağlıma bir şey gəldi.
- Nəə?
- Desəm
eliyərsən?
- İndiyənəcən bir sözünü iki eləmişəm? – Fəmil sevgi ilə, bir az da incimiş kimi soruşdu.
- Yoox,
yoox... Allah təpəmə daş salar...
- Bəs
onda nə deyirsən?
- Küsmə
ee... Deyirəm məslahatın olsa, gedək
ojağımıza yetişək... hə... gələn
çərşənbə üç-dörd erkək kəsək,
adına günü Leyliynən Məjduna ehsan verək, camaat
gəlsin yesin, onlara dua eləsin, hər ağızda bir dua
var. – Gözünü Fəmilə zillədi.
- Tay
sözüm yoxdu. İnanırsan, bax, Ayazxanın canı
haqqı, mən saa demək istəyirdim, sən məni
qabaqladın, pah atonnan... tay sözüm
yoxdu...
İstəklərinin
belə üst-üstə düşməsi birinci dəfə
olmasa da, Fəmil məəttəl qalmışdı,
yazıçı olsaydı qələmi ağzında
qalardı:
- Nisə.
- Nədi?
- Elə
bil qəlbimi oxuyursan ee...
- Birinci dəfə
deyil ki... – Nisə işvələndi, cilvələndi, - bu
sözü maa çox demisən.
- Tay
sözüm yoxdu saa...
- Ancaq mənim
saa sözüm var.
- De..
- İnanırsan, bax, Ayazxanın canı haqqı ürəyimə
dammışdı ki, əgər ehsan məsələsini mən
deməsydim sən deyəjeydin. Həvsələm
çatmadı, səni qabaqladım.
-
Əlinin içinnən gəldi... ikimiz də bir adamıq, dana.
- Allah o
cavan qardaşına rəhmət eləsin.
- Allah sənin
də dədənə rəhmət eləsin, - Fəmil dedi.
- Sağ
ol, ay Fəmil.
- Sən
də sağ ol.
Qatar dəmir nallarını dəmir yoluna
taqqıldada-taqqıldada dördnala çapırdı. Bu taqqıltı Nisə-Fəmilin
çox xoşuna gəlirdi, Bakıya gedəndə bu
taqqıltı onları "Leyli-Məcnun”a
aparırdı, indi isə öz ocaqlarına aparır. Bu taqqıltıların sayı artdıqca onlar
ocaqlarına yaxınlaşırdılar. Nisə-Fəmil
Bakıdan uzaqlaşsalar da, Leyli-Məcnundan
uzaqlaşmırdılar – Leyli də, Məcnun da onlarla bir yerdə
idilər, Yeddiparaya qonaq gedirdilər, onları Nisə-Fəmil
aparırdı – kupe də dördnəfərlik idi. Ancaq
nədənsə erməni əsilli vaqon bələdçisi
onları görməzliyə vurmuşdu, Leyli-Məcnuna
çay verməmişdi – bəlkə də elə buna
görə iki stəkan çay Leylinin qəbri və Məcnunun
ah-naləsi kimi buza dönmüşdü...
...Və adına günü Nisə-Fəmil qonaqlarına diri-diri ehsan
verəcəkdilər – Allah qəbul eləsin...
- Nisə.
- Nədi?
-
Ağlıma bir şey gəlib, - Fəmil nəsə
tapmış adama oxşayırdı.
- Nəəə?
– Nisənin gözləri Fəmilə zilləndi.
- Nə
bilim ee, vallah... deyirəm hər şey Allahın əlindədi,
dana... Hər günün bir hökmü
var. Bir ay da, bir aydı, dana.
Şükür Allahın böyüklüyünə, deyirəm
bəlkə bu bir ayda Allah Leylinin dədəsinin qəlbinə
rəhim saldı, fikrindən döndərdi, o da Məjduna
dedi ki, gə götür apar qızı, həə?
Olar dana...
- Niyə
olmur? Bax, Ayazxanın canı haqqı, saa demək istəyirdim
ki, o xırman xotuğu Allahın yoluna qayıdanacan, ildə
beş-altı dəfə gedək Leyli-Məjduna baxaq,
axırı bir gün bezib sən deyən kimi eliyəjək.
Olar, dana...
- Niyə
olmur, olar.
İkisi də səmimi qəlbdən bir-birinin dediyinə
inanırdı və deyəsən burda, bir-birinin dediyinə
inamdan çox, haqq-ədalətin öz yerini tapması istəyi
daha güclü görünürdü.
- Bəlkə
elə bir aydan sonra gedəndə işdəri düzələjək.
- Allah
ağzınnan eşitsin, ay Fəmil – biz də yollarda ələm-yesir
olmarıq.
-
Olmarıq inşallah...
Nisə-Fəmilə
inansaq, belə çıxır ki, Leyli-Məcnunun taleyi bir az da bu yeddiparalı cütlüyün
Bakıya neçə dəfə gedib gəlməyindən
asılıdı.
- Deyirəm,
ay Fəmil, bəlkə evə çatanın səhərisi
gedim Molla Mahmudun yanına, deyim ki, molla, saa bir saz erkək verərəm,
əgər Leylinin atasının dilin-ağzın
bağlasan... ağlın nə kəsir? –
Ərinə elə ümidlə gözünü zillədi
ki, bəlkə neçə illər bir yastığa baş
qoyduğu müddətdə heç vaxt ona belə
baxmamışdı.
-
Yaxşı olar ee... ancaq...
- Nə
ancaq?
- Axı
Molla Mahmud Leylinin atasın tanımır...
- Mən
danışaram dana, doğruyub tökərəm...
deyərəm hal-qaziyə belə-belə.
- Hə,
bax, heylə olar... Özü də deynən onun
dilin-ağzın elə bağlasın ki, dili heç vaxt ləilahəilləlah
tutmasın, ee!...
-
Yaxşı, deyərəm.
...Bu
münvalla bir necə ildi ki, Nisə-Fəmil yollarda qalıb ələm-yesir
olmuşdular. Sonuncu dəfə onlar Leyli-Məcnun
müsibətində adama bir məhrəbalıq gözlərinin
midiyini tökəndən sonra, yenə kor-peşiman Bakıdan
qayıdırdılar. Birdən Fəmil dedi:
- Ay Nisə,
məni qınama, deyəsən axı, sən demişkən,
o xırman xotuğu, bir az yumşalıb
eee.
-
Yumşalmayıb nağayrajax, Molla Mahmud ona elə qələm
çalmayıb ki... Görmədin dili topuq
vururdu?
-
Gördüm... gördüm...
İkisi
də qırmızı yalan deyirdi; ikisi də bir-birinə təskinlik
verirdi və bu təskinlik dedikləri yalanın rəngində
idi – qırmızı təskinlik – qıpqırmızı təskinlik...
- Fəmil,
bilirsən nə təhər dedim?
- Nə təhər?
- Dedim
Molla Mahmud, səni and verirəm Əlinin qəzəb oğlu
Əbülfəzl Abbasın qələm olmuş
qollarından axan o qanın düşdüyü, bax bu
torpağa, əl mənim, ətək sənin, bu işə
bir qələm çal. Saz erkək deyəndə
də gözdəri parıldadı, bildim ki, Məjdun gilin
işi üzü bəridi. Yazıx Leyli, tay
bunnan sonra toxtuyar...
-
Heç Məjdunu demirsən... – Bunu da Fəmil dedi.
... Kənd günortadan başlamışdı
pıqqır-pıqqır qaynamağa. Fəmil nə qədər
ürəyiyumşaq olsa da, qabağından yeyən kişi deyildi. Gözünün
ilk havı oğlu Ayazxanın toyuna Bakıdan məşhur bir
xanəndə gətirmişdi. Kənd bəzənib-düzənib
toya hazırlaşırdı.
- Halal
olsun Fəmilə, gör kimi gətirib ee toya...
- Əəə,
varrığa nə darrıq...
- Deyillər,
əhd eləmişmiş...
- Allah
yarıyannardan eləsin...
Söz-söhbət qanad açıb kəndi
dolaşırdı.
Əziz Nikita Serqeyeviç Xruşovun təzəcə
dalından dəymişdilər. Pul təzə dəyişmişdsi.
Beş-altı ay olardı ki, kəndə radio
çəkmişdilər. Söz-söhbət gedirdi ki,
gələn il kəndə işıq da
çəkəcəklər.
Nisənin əli çalırdı, ayağı
oynayırdı.
Fəmil,
min illərdi Yeddipara kəndi ilə kişi
kimi üzbəüz dayanan Qaraquzey boyda olmuşdu.
Yeddipara heç vaxt belə öyünməmişdi; sizə
zarafat gəlməsin, onların toyuna radioda oxuyan xanəndə
gəlmişdi.
Bu kənddə ən böyük tayfa Muradxanlılar idi
– Fəmil də onlardan idi. Muradxanlı
tayfasında hamının səsi vardı; oxuyan oxuyurdu,
oxumayan da özü üçün zümzümə -
ağnağız eliyirdi.
Toy yavaş-yavaş qızışırdı;
yavaş-yavaş qızışan gec də soyuyar. Məclisin bal
dadan yerində Toybaşı, əlində də şallaq gəlib
Bakıdan gələn xanəndənin qabağında
yanpörtü dayanıb hamının eşidəcəyi bir
tərzdə dedi:
- Sədrimizin
saa sözü var.
- Buyursun.
– Xanəndə gülümsədi.
Toybaşı
da ona qoşuldu:
- Sədrimiz
deyir ki, bir "Mirzəhüseyn seygah”ı oxusun, xoşuma gəlsə
ona bir cüt gəbə verərəm, biri "Üç
gül” gəbə, biri də attı gəbə.
Bu
sözlərdən sonra Bakıdan gələn
hündürboylu, heykəlli, şaqqalı xanəndə nazik
bığının altında gülümsəyib, yalnız
nağaçalanın eşidəcəyi
pıçıltı ilə ona dedi:
- Əəə,
bunların hamısını yaz eee, ağzını əngəltmə,
sonra yadımızdan çıxacaq...
Çünki sədrin xahişinə qədər at
ilxısının müdirinin sifarişi ilə bir kilimə
"Çahargah” oxumuşdu; xoşuna gəlmişdi,
demişdi ki, bir fərməş də üstəlik verəcəm. Fəmilin əmisi oğlu
Əsgər də "Qarabağ şikəstəsi”nə bir
xalça söz vermişdi – indi də sədr...
Uzun sözün qısası, "Mirzə Hüseyn” gəldi
nə gəldi; camaatın ağzı açıq
qalmışdı, oturduqları yerdə yellənə-yellənə
qulaq kəsilmişdilər. Xanəndə bunlara bir od qoymuşdu ki, axıracan belə yansalar
külə dönəcəkdilər və ortada bir ot
tayası boyda kül qalacaqdı. Xanəndə çox cəngavər
oxuyurdu və camaat axıracan belə yandı, kül oldu və
ortada ot tayası boyda, mağar dolusu
kül qalaqlandı. "Mübərriğə”nin
axırında dayça kimi kişnədi, elə bir boğaz
elədi ki, ot tayası boyda, mağar dolusu qalaqlanmış
kül silkələndi və camaat təzədən zühr
eləyib əllərinin içi göynəyənə qədər
xanəndəni alqışladılar. Camaatla birlikdə
yanıb kül olan, sonra camaatla birlikdə külün
içindən zühr eliyən kolxoz sədri üç
barmağını göyə qaldırıb
qışqırırdı:
-
Üç gəbə! Üç gəbə! Üç gəbə. – Onun səsini
özündən başqa heç kəs eşitməsə də,
göyə qaldırdığı üç
barmağından məsələnin nə yerdə olduğu
aydın idi.
Heyif ki, xanəndənin necə oxuduğunu yazmaq
mümkün deyil, axı, oxumağı necə yazmaq olar? Oxumaq yazıya gələn
məsələ deyil axı... Oxumağı
ancaq oxymaq olar ki, onu da xanəndə oxudu.
Camaat oynamaq istəyirdi, ona görə də xanəndə
ilə tarçalan durub Fəmilin daş evinin ikinci mərtəbəsindəki
qonaq otağında çay içməyə getdilər. Bu kəndin
camaatı çox oynağan idi, utanmasaydılar səhərəcən
oynayardılar və onlara qara zurna, bir də nağara bəs
eləyirdi.
Dünyanın ən xoşbəxt atası Fəmil də
onlarla çay içirdi. Kolxoz sədri
"heyvagülü” oynayırdı.
Fəmil
xanəndəyə dedi:
–Yaqub, sən
niyə Məjdun rolunda oxumursan?
–Oxuyaram
ee, düz gəlməz, - gülümsədi.
–Niyə
düz gəlməz ki? - Fəmil əl çəkmirdi
–Bilirsən
eloğlu... Sən bilirsən "Leyli- Məjdun”u kim yazıb.
–Niyə
bilmirəm... Nizamiynən Fizuli yazıb. Arada Səməd Vurğun da onlara kömək eləyib.
Yaqub
uğundu getdi, özünə gələndə dedi:
- Fizuli
yazıb, - gülə-gülə başını buladı,
- musiqini də Üzeyir Hacıbəyov yazıb... düz gəlməz...
- Niyə
düz gəlmir ee ? - Fəmil
bayaqkından da bərk yapışdı.
- Deyim niyə?
– Yaqub ona tərəf əyildi.
- De...
- Əgər mən Məjdun rolunda çıxsam, onu elə
oxuyram ki, Leylinin dədəsi gözündən
bıldır-bıldır yaş töküb deyər ki,
halaldı saa, qızı götür apar. Onda da Fyzuliynən,
Üzeyir Hacıbəyovun işi pozular, onlar başqa cür
yazıblar axı... Camaat məni qınayajak ki, getdi öz
uşaqlarımızın qurulu işin pozdu, ikisi də
Ağcabədidəndi ee, öz uşaqlarımızdı,
biri bayatdandı, biri də özünnən... hə...
Fəmil
tələsik dilləndi:
- Olmaz ki,
bircə dəfə Məjdun olasan, dədəsi qızı
versin... sonra genə ordan çıxarsan dana,
oxumazsan.
- Olmaz
heylə.
–Niyə?
–Hökümət
qoymaz – Bu da məşhur xanəndəmiz – tay
ferma müdirini niyə qınayırıq ki...
Hökumətin adını eşidən kimi Fəmil səsini xırp kəsdi və çox məyus oldu.
Toyun səhərsi günü elə bil bütün kənd boş qalmışdı...
Fəmilin ürəyindən keçdi ki, Yaqubla aralarındakı söhbəti Nisəyə danışsın, ancaq danışmadı, ona qıymadı... Əvəzində Molla Mahmuda verdiyi saz erkəyi ona halal eləmədi.
Mağarı da gecəynən elə sökmüşdülər ki, elə bil heç yoxumuş...
1 aprel 2017-ci il
Ədalət.-2017.-13 aprel.-S.4.