Səslədi Təhlə məni...

 

Həzin-həzin yel əsir. Əsə-əsə budaqdan-budağa, yarpaqdan-yarpağa tələsir. Hərdən yarpaq salır, hərdən yarpaqda dincini alır. İlin-günün bu vaxtı bu görüntülərin yanından ötüb-keçən ağsaqqal kişi ayaq saxlayana da məhəl qoymur, uğurundan qalmayana da - öz aləmindədi...

İllərin o üzündə qalanları xatırlayır.On illər əvvəl yellər belə əsmirdi. Tələsən yellər belə tələsmirdi, yellər yarpaqlara ayrı biçim sığal çəkirdi. Uşağıydı onda - bir əli uşaqlığından, bir əli yeniyetməliyindən yapışmışdı. O da tərsə əsən yelləri saçlarından silib atanlara qarışardı. İndi yaş 82-di. Onda Qarayazıdaydı, indi Bakıdadı...

Kövrəlir...

Ələddin Əsəd oğlu Hüseynov uşaqlığını Qarayazının Ağtəhlə kəndində ağrılar yaşaya-yaşaya, ağılar eşidə-eşidə, "səssiz toyları" (İ.İsmayılzadə) gözlərinə, gözlərindən könlünə köçürə-köçürə yaşayıb. Gördüyü, yaşadığı, gözlərinə, gözlərindən könlünə köçürdüyü ağrı-acılar düşüncələrini dünyanın dərkinə yönəltdiyini nə özü bilib, nə ata-anası, nə də müəllimləri...

Qardabanidəki on bir illik məktəbdə oxuyurdu...

"Niyə?"lərdən sıyrıla biləndə fikirlərinin hərdən misralaşdığını, hərdən beytləşdiyini hiss eləmirdi..

...Sualları evdə ata-anasını, məktəbdə müəllimlərini, əsasən Sədrəddin müəllimi, Abdulla müəllimi çətinə salırdı. Bəzilərinə "Allah bilir" - cavabı alırdı; elmin sonacan açılmayan müəmmalarına, sirlərinə ayrı cavab verilərdi ki. Yuxarı siniflərdə oxuyanda bu suallara özü cavab tapmağı qərara almışdı. Təbiət elmlərinə qədərsiz marağı vardı. Cavabını tapmaq istədiyi suallar onu astronomiyaya meylləndirirdi, kimyaya, biologiyaya meylləndirirdi. Əqlin gimnastikası olan riyaziyyatı seçdi. Rəhmətlik Nəbi müəllim (Faxralı) deyərdi ki, riyaziyyatı bilən bütün fənlərin qapısını asanlıqla açır.

Zaman - 1954. Ələddin Hüseynov orta məktəbi gümüş medalla bitirib...

Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsiydi. Mühazirələr, seminarlar... Hərdən rəqəmlərin, mürəkkəb düsturların cazibəsindən qopur, öz aləminə qapanır, zamanında müəllimlərinə verdiyi sualların cazibəsinə düşürdü. Hərdən düşüncələrinə poetik biçim verirdi. Yaşamış, yaşayan riyaziyyatçıların təfəkküründən süzülən işığın fəlsəfəsi könül dünyasının səyyarəsiymiş, tumurcuğun yarpaqlanması da, yarpağın saralması da, şimşək çaxmaşı da, çəmənlərin nərgiz baxışı da gənc Ələddinin könül dünyasının əriş-arğacıymış...

Zaman - 1959. Ələddin Hüseynov ali təhsilli mütəxəssis kimi SSRİ Nazirlər Soveti yanında Cihazqayırma Komitəsinin tabeliyində olan qapalı ETİ poçt qutusu 55-ə (Bakı şəhəri) riyaziyyatçı-mühəndis vəzifəsinə göndərilir...

Zaman - 1961. Ələddin Hüseynov Azərbaycan EA Mexanika-riyaziyyat institutunda kiçik elmi işçi vəzifəsinə işə qəbul olunur, aspiranturaya daxil olur - Moskva şəhərinə ezam edilir.

Zaman - 1965. Ələddin Hüseynov Moskvada... Müasir təbiətşünaslığın fəlsəfi məsələləri ixtisası üzrə"Abstrakt riyazi fəzalar obyektiv gerçəkliyə onların təsiri" mövzusundanamizədlik dissertasiyası müdafiə edir, Bakıya fəlsəfə elmləri namizədi kimi qayıdır...

Zaman - 1966. Ələddin Hüseynov müsabiqə yolu ilə AzNKI-nin (indiki ADNSU)"Ali riyaziyyat" kafedrasında baş müəllim vəzifəsini tutur...

Zaman - 1971. Ələddin Hüseynov "Ali riyaziyyat" kafedrasının dosenti vəzifəsinə seçilir...

Zaman- 1972. "Tətbiqi riyaziyyat" kafedrasının yaradıcılarından biri kafedranın əvəzolunmaz dosenti olur...

Zaman - 2004. Şair Ələddin Təhlə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunur...

Zaman - 2010. Ələddin Hüseynova "Azərbaycanın Əməkdar müəllimi" fəxri adı verilir...

Zaman - 2016. Professor M.B.Babanlı ADNA-ya rektor təyin olunandan sonra yaranan elmi-pedaqoji mühit Ələddin müəlllimin öyrətmək, yaratmaq həvəsini kükrətdi...

Universitetdə gedən islahatlarla əlaqədar olaraq o, "Tətbiqi riyaziyyat " "Ali riyaziyyat " kafedralarının birləşməsilə yaranan "Ümumi tətbiqi riyaziyyat" kafedrasının dosenti vəzifəsini icra etməyə başlayırg

Zaman - 2017. "Ümumi tətbiqi riyaziyyat" kafedrasının müdiri, professor A.R.Əliyevin təqdimatıəsasında ADNSU - nun Böyük Elmi Şurasınin qərarı ilə Ələddin müəllim ADNSU - nun əməkdar professoru adına layiq görülür. Bəli, bu Ələddin müəllimin pedaqoji fəaliyyətinə verilən ikinci böyük mükafat idi...

Bəli, Ələddin müəllim riyaziyyatçıdı...

"Qraflar nəzəriyyəsi kombinator analizin elementləri", "Ehtimal nəzəriyyəsi riyazi statistika", "Qraflar nəzəriyyəsi"," Diskret riyaziyyat" , "Diskret riyaziyyat riyazi məntiq -1 2" kimi fundamental dərs vəsaitlərinin 23 elmi məqalənin müəllifidir.

Ələddin müəllim filosofdu...

Ələddin müəllim şairdi - poeziyamızda Ələddin Təhlə kimi tanınır, 6 şeirlər kitabının müəllifidir.

Həm dostluğu ömür ülgüsü bilən insandı Ələddin müəllim!

Alim Ələddin Hüseynov dəyərli məsləhətlərini kimsədən əsirgəmir...Həm müəllimlərin, həm tələbələrin sevimlisidir, özü demişkən, tələbələrin babasıdır...

Filosof Ələddin Hüseynov düşüncələrini həmsöhbətləriylə həmişə səxavətlə bölüşür...

Filosof Ələddin Hüseynov elmi araşdırmalarını ancaq oxuyana "nəsə" vermək səviyyəsində olanda dərc etdirir...

Ələddin Təhlə şeirlərində təbiətdə insanın, insanda təbiətin eyniliyini açmağa çalışır (Nəsimilik), sözlə gözəllikləri gözəl çəkir (Vaqiflik), təbiətin ecazkarlığından vəcdə gəlir (H.Ariflik), düşündürür (B.Vahabzadəlik), hamısında da bir təşnəlik var - (təşnəlik... belə şeiri necə sevməyəsən?!...

Fəlsəfə dünyanın dərkidi, dünyanın dərki fəlsəfədən keçir. Bu elmə vaqif olanlar hadisə predmetlər arasında oxşarlığı da, fərqi aydınlığıyla ayırd edə bilir. Onlara filosof deyirlər.

İnsanın daxili aləminə, Mövlanə demişkən, fərdin "mən"indən içəridəki "mən"i görə bilən filosoflar da var. Onlarla kəlmələşəndə elə bilirsən ki, dünya sənindi.

Təbiətə həm filosof kimi, həm də şair kimi baxanlar, təbiəti bu iki aspektdən duyanlar şair-filosofdu (filosof-şairdi). Ələddin Hüseynovu belə tanımışıq, belə sevmişik. Onu sevənlərin sayı tanıyanların sayı qədərdi" - düşünürəm. İnsafən, yanılmıram...

 

...təklə məni,

Tək görsən təklə məni.

Yerə-göyə ün saldım,

Səslədi Təhlə məni.-

misralarını könlünə yaxınları təklənməyə qoymayan şair Ələddin Təhlənin xarakterinin günəşi olan bəşəri duyğularının möhürbəndi bilirəm.

Ayları il eləyə-eləyə, illəri urvata mindirə-mindirə, unudulmaz Aslan Qəhrəmanovun arzu-ladığı kimi, 99-a sarı uğur üstədi Ələddin müəllim. Zamanında səsləndirilmiş bu arzu bizimarzumuzdu, əziz Müəllimim!

Sərdar Qasımov,

ADNSU-nun dosenti

Ədalət.-2017.-25 aprel.-S.4.