"DÜNYA SEVGİ YAŞINDADIR"

Cəbrayıl Qəhrəmanın şeir kitabı haqqında düşüncələrim

 

Cəbrayıl Qəhrəmanı qaçqınlıq dönəmi başlayandan tanıyıram. Bu tanışlığın da bünövrəsini tələb yoldaşlarım qoydular. Çünki onlar Cəbrayıl müəllimlə birlikdə pedaqoji fəaliyyətlə məşğul idilər. Bir andan başlayan bu tanışlıq yavaş-yavaş şaxələnməyə, necə deyərlər, qol-budaq atmağa başladı. günlərin birində öyrəndim ki, Cəbrayıl müəllim bədii yaradıcılıqla da məşğuldu. Onun dövrü mətbuatla yanaşı, həm sanballı kitablarda da imzası var.

Təbii ki, müəllimin, pedaqoqun həm söz adamı olması bizim münasibətlərimizi bir az da şirinləşdirdi, doğmalaşdırdı. Elə həmin o doğmalıq da mənə imkan verdi ki, həmkarımın kitabları ilə tanış olum. Hətta mən o kitablar barəsində oxucu fikirlərimi mətbuat səhifəsinə çıxardım. Elə buradaca vurğulayım ki, həmin kitablar müəllifin nəsr əsərləri idi. əsərlərin mövzusu daha çox doğulduğu Laçın rayonu, onun özəllikləri, xüsusilə mədəniyyəti, tarixi, məişəti, qəhrəmanları sairə idi. Budəfəki görüşümüzdə isə Cəbrayıl müəllim mənə özünün müxtəlif illərdə qələmə aldığı nəhayət, bir kitab halında ortalığa çıxardığı şeirlərin təqdimatı idi. Düzünü deyim ki, bu mənim üçün bir növü sürpriz oldu onu təbrik etməklə yanaşı, içimdə qələm dostumun şeirlərilə bağlı müəyyən narahatlıqlar da yaşadım. Çünki ilk dəfə oxuyacaqdım bu şeirləri. ...

 

İllərdi dərdimlə yol gedirəm mən,

Məni dərd böyütdü, sındırammadı.

Qəlbimin atəşin, ürəyin odun,

Boranlar, çovğunlar dondurammadı.

 

Dərdimlə hər zaman həmdərd olmuşam,

Dərdimə dost, özümə sərt olmuşam.

Güc çatmasa gücümə pərt olmuşam,

Yüz dərd bir nadanı qandırammadı.

Dərdi mən özümə ustad sanmışam,

Dərd öyrədim, çox mətləblər qanmışam.

Dərdin atəşiylə alovlanmışam,

Kül edib cismimi yandırammadım.

 

Kitabı açarkən ilk oxuduğum şeir bu oldu. Bilmirəm, özümün dərdçəkən olduğumdandı, yoxsa təsadüfdü, amma hər nədisə şeirin ruhu, havası məni işğal altındakı torpaqlarımıza, üzü dağlara tərəf apardı. həmin o günləri xatırlaya-xatırlaya kitaba ön söz yazmış şair Abdı Qoşqarın fikirlərilə tanış oluram. Abdı Qoşqar yazır ki, "Cəbrayıl Qəhrəman doğulandan bədii söz ona hakim kəsilib. Sadəcə qaçqınlıq dərdi, yurd həsrəti həmin alovun gözünü açıb". Mən Abdi bəyin fikirlərilə birmənalı şəkildə razılaşıram. Çünki insanı daha çox dərd danışdırır. Bax, bu mənada Cəbrayıl müəllimin yazdığı bu misralara həm nisgil, həm xatirə, həm bütövlükdə bir nostalji duyğuların prizmasından baxmamaq mümkün deyil. Şair yazır ki:

 

Bir ümmanam hey çağlaram,

Yurd atalanıb, qan ağlaram.

Niyə getməz qəmli çağım?!

Qarabağım!

Zülmətdəyəm, yan, çırağım-

Qarabağım!

 

Bir neçə bölümə ayrılmış şeirlərin əsas ana xətti yurddu, vətəndi, hətta sevgi şeirlərinin şah damarıdı, Laçındı, Laçınlı günlərdi.

Ona görə şair sevgisini öz kədərinə, öz yurd nisgilinə büküb onun köynəyindən keçirir yazır:

 

Baxışından alov yağır,

Yandırırsan qız, aləmi.

Qoy mən yanım alovunda,

Yandırmamış köz aləmi.

 

yaxud:

 

Birdən qəriblikdə gözlərin dolar

Gül kimi yanağın saralıb solar.

Cəbrayıl da sənə minnətdar olar,

Təmiz eşqi, saf ilqarı qorusan.

 

yaxud:

 

Ala gözlüm, mənim gözüm,

Hilal olan qaşındadır.

Dünya sevgidən yaranıb,

Dünya sevgi yaşındadır.

 

Sevgi bizi bizdən alar,

Bir həsrətdən gözlər dolar,

Dərdi-qəmi yuyan sular,

Gözümüzün yaşındadır.

 

Məhəbbət - varım, sərvətim,

Tanrıdan payım, qismətim.

İnsanlara məhəbbətim,

Ürəyimin başındadır.

 

Cəbrayıl çəkib həsrəti,

Ayrılığı, qəm-möhnəti,

Doğma yurdun ülviyyəti

Torpağında, daşındadır.

 

Ümumiyyətlə, Cəbrayıl Qərmanın şeirlərində təbiilik, səmimiyyət daha çox diqqəti çəkir. Bu şeirlərdən aydın olur ki, müəllif öz yaşantılarını misralamağa, kağıza köçürməyə çalışır. o da bu istəklə əlini qələmə uzadıb yazıb ki:

 

İllərlə oduna yandığım gözəl,

Məni oda salıb getdi, gəlmədi.

Ahından dağlar da alışıb yandı,

Qəlbimi pərişan etdi, gəlmədi.

 

Onsuz keçən bu dünyanı neylərəm,

Ulduzu qaralmış, aysız göylərəm.

Gecə-gündüz ahu-fəğan eylərəm,

Fəryadım göylərə getdi, gəlmədi.

 

Cəbrayıl, keçmədi ömrün cəfasız,

Gözəllər olurmuş demə, vəfasız.

Hələ qəlbimdən boylanır o qız,

Bir ömür beləcə bitdi, gəlmədi.

 

Düşünürəm ki, bu sevgi şeirindəki ovqatla Cəbrayıl Qəhrəmanın dünya sevgi yaşındadı kitabı haqqında fikirlərini tamamlaya bilərəm. Lakin yaşadığımız yurd nisgili o nisgili yanıqlı, hər kəsi özündən alan səsiylə "Laçınım, Laçınım" deyə-deyə oxuyan mərhum unudulmaz sənətkarımız Məhəbbət Kazımova ünvanlanmış misralardan yan keçmək olmaz. Şair yazır ki:

 

Ruhuma zindan illər Laçınsız,

Gözümdə çağlayır sellər Laçınsız.

Laçın Məhəbbətsiz, ellər Laçınsız,

Yanıb yaxılaram indi, Məhəbbət!

 

Bəli, biz bu cür yanğılarla, bu cür ağrılarla yaşaya-yaşaya dərdi şeirə çeviririk. Elə Cəbrayıl Qəhrəman da həmin o yazını ifadə edir. o da, mən inanırıq ki, bu yanğı qələbəmizə rəvac verəcək, bizi yaxınlaşdıracaq o yerlərə. Uğur olsun, Cəbrayıl müəllim!

 

Ədalət 2017.- 2 avqust.- S.3.