Teatr mənim həyatımdır
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qədim diyarımızda teatr ənənələrinin inkişafına yüksək qiymət verərək demişdir: "Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyaları dəstəkləmiş, günün aktual məsələlərinə nüfuz etmiş, xalqın milli oyanışına çalışmışdır".
Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil etmişdir. Azərbaycan və Naxçıvan professional teatrlarının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Bu baxımdan əhalinin dünyagörüşünün formalaşmasında mühüm rolu olan Naxçıvan şəhər "Gənclik" Xalq Teatrı 1973-cü ildən Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evində dram dərnəyi kimi fəaliyyətə başlayıb. Teatrın tanınmış simalarından biri də, ömrünü bu sənətin inkişafına həsr edən aktyor-rejissor Akif Əsədovdur. O, kiçik yaşlarından teatra maraq göstərmiş, sənətin sirlərini öyrənmək üçün daim yaradıcı insanların köməyindən bəhrələnmişdir. Aktyor 1974-cü ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Mədəni-maarif texnikumunun "Özfəaliyyət teatr kollektivləri" fakültəsinə vermiş və qəbul olmuşdur. Bakı mühiti Akif Əsədovun yaradıcılığına müsbət təsir göstərir. Texnikumda oxuduğu müddətdə korifey sənətkarlardan olan Leyla Bədirbəyli və Səməndər Rzayevin iştirak etdiyi "Tayqa meşəsi" tamaşasına dəvət alır. İlk dəfə Azərbaycan televiziyasında göstərilən bu tamaşa onun həyatında əsaslı dönüş yaradır. Tamaşadakı uğurlu roluna görə Azərbaycanın dilbər guşəsinə - Şuşa şəhərinə sanatoriyaya göndərilir.
O, texnikumu bitirdikdən sonra "Gənclik" xalq teatrına işə düzəlir. 1978-ci ildə kollektivə xalq teatrı statusu verilir. Teatrın səhnəsində Akif Əsədovun yaratdığı obrazlar teatrsevərlər tərəfindən rəğbətlə qarşılanır.
Müxtəlif illərdə tamaşaya qoyulan "Ezop", "Bəxtsiz cavan", "Ölülər", "Kamança", "Ana", "Məhəbbət nişanəsi", "Durna", "Yollara iz düşür", "Vaqif" və başqa pyeslər tamaşaçıların marağına səbəb olub. Xalq Teatrının səhnəsində vaxtilə maraqlı obrazlar yaratmış aktyor və aktrisaların çoxu Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb və bu gün də teatr sənətimizə öz töhfələrini verirlər. Onlardan Bəhruz Haqverdiyev, Yasəmən Ramazanova, Şirzad Abutalıbov, Kamran Quliyev və başqalarının adını çəkə bilərik.
Qeyd edək ki, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Baxşı Qələndərli xalq teatrı ilə əlaqələrini möhkəmləndirir, dəyərli məsləhətlərini verir, köməkliyini əsirgəmirdi. Belə istedadli insanlarin əhatəsində olan Akif Əsədov sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verir və 1986-cı ildə oranı bitirir. Aktyor bir çox tamaşalara quruluş verir. Onlardan biri də "Şöhrət ardınca" tamaşasıdır. Kiçikhəcmli pyesdə sosializm quruluşu dövründə Azərbaycanın bir ictimai təsərrüfatındakı saxtakarlıqlardan bəhs olunur. Tamaşada sovet təsərrüfat sisteminin eybəcərlikləri, eyni zamanda, vəzifəsinin öhdəsindən gələ bilməyən təsərrüfat rəhbərlərinin şöhrət dalınca qaçması tənqid edilir, maraqlı dialoqlar, gülüşdoğuran səhnələr tamaşaçılarda xoş ovqat yaradır. Komediyada saxtakarlıqla qazanılan şöhrətin aqibəti tamaşaçıya çatdırılır.
Digər tamaşa yazıçı-dramaturq Məhərrəm Əlizadənin "Şeyx Rəhmətullah" komediyasının motivləri əsasında hazırlanmış "Qəşəmin yuxusu" tamaşasıdır. Akif Əsədovun quruluş verdiyi bu tamaşadakı hadisələr ötən əsrin 30-40-cı illərində cəhalət və xurafatın hökm sürdüyü bir mühitdə baş verir. Dinin əsl mahiyyətini bilməyən, əhalinin cahil və savadsız təbəqəsinin avamlığından faydalanan və müqəddəs dini dəyərlərə kölgə salan, insanların sadəlövhlüyündən istifadə edərək öz mənafeyini düşünən Molla Qılınc əslində din adamı deyil, fırıldaqçı, yalnız özünü düşünən, dini dəyərləri qazanca çevirən bir tipdir. Molla Qılınc vaxtilə böyük yazıçılarımızın əsərlərində rast gəldiyimiz fırıldaqçılığı din pərdəsi altında həyata keçirən surətlərin xələfidir. Molla Qılınc həbsxanadan yenicə azad olunmuş Ataxanı öz təsiri altına salır. Başqa bir obraz Qəşəmdir. Qəşəm (aktyor Akif Əsədov) varına və puluna arxalanaraq çirkin bir əmələ əl atır. Ataxanın arvadı Sərvinazla ailə qurmaq istəyir. Deməli, bu tip insanlar bu gün də dələduzluqla məşğul olur, qabiliyyəti olmayanlar başqasını idarə etməkdən zövq alırlar. Tamaşada iştirak edən aktyorlar rollarının öhdəsindən bacarıqla gələrək cəmiyyətdə baş verən ictimai eybəcərlikləri satirik gülüş atəşinə tuta biliblər.
Akif Əsədov yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" pyesi əsasında hazırlanmış tamaşada yaratdığı Murad obrazı ilə hadisələrin mahiyyətini açmağa çalışıb. Tamaşada uşaqlıqdan bir yerdə böyümüş Murad və Vətən Qarabağ savaşına da birgə getmiş, lakin sonradan onların həyat yolları ayrılmışdır. Atəşkəs haqqında müqavilə imzalandıqdan təxminən 10 il sonra dostlar yenidən görüşürlər. Bu 10 il müddətində Vətən torpaq həsrəti ilə yanıb yaxılır, Murad isə Qarabağ döyüşü zamanı əldə etdiyi sərmayə ilə var-dövlət qazanıb. İndi iki dost arasında Vətənə, torpağa münasibətdə fikir ayrılığı yaranıb.
Belə bir vaxtda ailəsi ilə birgə inşası yarımçıq qalmış xəstəxana binasına sığınmış Vətənin qızı ağır xəstələnir. Onun arvadı Fərqanə Vətəndən xəlvət Muradı tapır, ondan kömək istəyir. Vətən dostunun ona baş çəkmək üçün gəldiyini düşünsə də, söhbət əsnasında Fərqanənin Muraddan xahişi ona bəlli olur və onun halı pisləşir. Çünki vaxtilə Qarabağ savaşında dərd və qəmləri, fikir, düşüncələri eyni olan bu iki dostun indi fikir, düşüncələri də ayrı idi. Vətən həmişəki kimi Vətən həsrəti ilə yandığı halda, Muradın başı var-dövlətə qarışır və bu da onun vaxtilə can-ciyər dostu olan Vətəni çox incidir.
Əsərin əsas konfliktini Vətən ilə Murad arasındakı mövqe və baxış fərqləri təşkil edir. Görəsən kim haqlıdır? Qarabağ savaşında canını qurban verməyə hazır olan, bir güllə qəlpəsindən öz doğma anasını itirən, amma indi xəstə qızına dərman pulu tapmayan igid Vətənmi? Yoxsa bu savaşın hesabına varlanan, torpağının, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran Muradmı?
Əlbəttə, çox düşündürücü sualdır. Tamaşaçı buna cavabı özü axtarıb tapır.
Son dövrlərdə teatrda xalq şairi Süleyman Rüstəmin tamaşaya qoyulan "Çimnaz xanım yuxudadır" komediyası teatr həvəskarı olan Çimnaz xanımın məhəllə qadınları ilə tamaşaya baxmaq üçün evində qurduğu oyundan bəhs edir. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar gələndə ona desin: xanımın başı ağradığı üçün yatıb, narahat etmək olmaz. Hər şey də məhz bu əhvalatdan başlanır. Qafar öz yataq otağına keçmək istəyəndə Nabat çox gülünc işlərə əl atır ki, ər xanımın teatra getdiyini bilməsin. İdeya baxımından ailədə sədaqəti və düzlüyü tərənnüm edən tamaşada qadının söz azadlığından uzaq durması, təzyiqə məruz qalması ön plana çəkilib. Tamaşanın sonu yaxşı tamamlanır.
Bəli, doğrudan da istedad böyük sərvətdir. Bu sərvətin qədrini bilən, daim axtarışda olan Akif Əsədov bundan sonra da yeni-yeni rolların öhdəsindən ləyaqətlə gələcəyinə əmindir. Çünki o, muxtar respublikanın rayonlarına qastrol səfərləri zamanı yaratdığı maraqlı obrazlarla tamaşaçı auditoriyasının alqışlarını qazanır.
Ömrünün 61-ci ilinə qədəm qoyan Akif Əsədov deyir ki, muxtar respublikamızda dövlətimiz tərəfindən yaradıcı insanların əməyi qiymətləndirilir. Bu isə mənə böyük qürur verir. Bir zamanlar çətin vəziyyətdə yaşayan maarifpərvər ziyalılar bu sənət ilə insanları cəhalət yuxusundan ayıltmağa səy göstərmişlər. Hər an təzyiq və təqiblərlə üzləşsələr də, əqidələrindən dönməmişlər. Bu gün isə teatr kollektivlərinə yaxşı şərait yaradılıb. Mən bundan sonra da teatrda yaddaqalan obrazlar yaratmağa çalışacam. Necə deyərlər, teatrsız mənim bir günüm olmasın. Teatr mənim həyatımdır.
Adilə Səfərova
Ədalət.-2017.-2 avqust.-S.3.