Ağcabədinin dan ulduzu: Həmidə xanım Cavanşir
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan tarixində iki yüz ilə qədər hökm sürmüş qüdrətli
Qarabağ xanlığının
banisi məşhur Pənah xan Cavanşiri, eləcə də bu nəsildən
olan, qatı cəhalət illərində
mübariz Ağcabədi
qadınlarının ilk dan
ulduzu Həmidə xanım Cavanşiri Ağcabədi torpağı
tarixə bəxş etmişdir. Pənah xan qüdrətli
bir sərkərdə,
dövlət başçısı
kimi, Həmidə xanım isə cəhalət dünyasında
ilk maarifpərvər, xeyriyyəçi,
mübariz bir qadın kimi tarixdə özlərinə
əbədi yer salmışdır.
Həmidə xanım 1873-cü ilin yanvar ayının 6-da Ağcabədinin Kəhrizli
kəndində anadan olmuşdur. O, uşaqlıq
illərində heç
bir rəsmi məktəb təhsili görməmişdir. İlk təhsilini,
eləcə də Azərbaycan və rus dillərində yazıb-oxumağı ailə
məktəbində - atası
Əhmədbəy Cavanşirdən
öyrənmişdir. Sonralar isə şəxsi mütaliə yolu ilə biliyini artırmış, zəmanəsinin
gözü açıq,
qabaqcıl ziyalılarından
birinə çevrilmişdir.
Əhmədbəy Cavanşir Qarabağ xanlığının yaradıcısı
Pənahəli xanın
oğlu İbrahim xanın qardaşı oğlu Məhəmmədbəy
Cavanşirin (çox
qüvvətli igid olduğundan el arasında ona Batmanqılınc Məhəmmədbəy deyərdilər
- Ş.A.) nəvəsidir. O, 1828-ci ildə
Ağcabədi rayonunun
Kəhrizli kəndində
anadan olmuşdur.
Əhmədbəy 1848-ci ildə Peterburqda
hərbi məktəbi
bitirmiş, 6 il rus ordusunda
xidmət etmişdir. 1854-cü ildə səhhəti ilə əlaqədar olaraq ordudan tərxis olunub doğma kəndi Kəhrizliyə qayıtmış, ömrünün
sonuna kimi burada yaşayıb mülkünü idarə
etməklə məşğul
olmuşdur.
Zəmanəsinin maarifçisi, qabaqcıl ziyalılarından biri olan Əhmədbəy Cavanşir həmişə
öz mütərəqqi
fikirləri ilə seçilmiş, kənddə
təsərrüfatını da yeni, mütərəqqi
üsullarda idarə edərək yüksək
nəticələr əldə
etmişdir. O, həmişə
kəndlilərlə mehriban
rəftar etmiş, bu səmimiyyətinə, doğmalığına görə
kənddə hamı onu el arasında "Rus Əhmədbəy"
deyə adlandırmışdı.
Əhmədbəy öz mülkünü idarə etməklə bərabər həm də yaradıcılıqla
məşğul olmuşdur. O, rus şair və yazıçılarından tərcümələr
etmiş, hətta şeirlərdə yazmışdır.
Belə
bir şəxsin ailəsində böyüyüb
tərbiyə alan Həmidə xanımda xeyirxah, insanpərvər, mütərəqqi
fikirli bir bəy qızı olmuşdur. Uşaqlıq, ilk gənclik illəri
şən, qayğısız
keçsə də, bu bəxtəvər, qayğısız günləri
uzun sürməmişdir.
Həmidə xanım 1889-cu ildə Bərdə rayonunun Ərəblər kəndindən
zadəgan nəslindən
olan rus ordusunun podpolkovniki İbrahimbəy Davatdarova ərə gedir. Həmin
vaxdan taleyini Bərdə rayonunun Ərəblər kəndi
ilə bağlayan Həmidə xanım İbrahimbəylə 13 il ailə həyatı sürür.
Bu ailə həyatından
onların bir qızı Mina (1890-1923) və
bir oğlu Müzəffər (1900-1954) anadan
olur. Lakin bu ailə həyatı çox da uzun sürmür.
1902-ci ildə İbrahimbəy vəfat edir. Bir müddətdən sonra Həmidə xanım övladları ilə yenidən ata mülkünə - Kəhrizliyə qayıtmalı
olur. Bir il keçməmiş
yeni müsibətlə,
sevimli atasının ölümü ilə üzləşməli olur.
Beləliklə gənc Həmidə
xanım cəmi üç ildə üç yaxın adamını itirir. Bu itkilər onun
həyatına sarsıdıcı
ağrılar verir, bir müddət özünü ələ
ala bilmir. Lakin zaman
keçdikcə bu ağrılar yavaş-yavaş
azalır, o, atasının
başsız qalmış
təsərrüfatını idarə etməyə başlayır. Beləliklə Cavanşirlər nəslinin
bir qolu olan Əhmədbəy mülkünün son varisliyi
əzizlərini itirmiş,
hər yandan arxa köməksiz bir qadının - Həmidə xanımın
- öhdəsinə keçir.
Ata mülkünü idarə etməyə başlayan Həmidə xanımın ən böyük istəyi atasının şeirlər
kitabını çap
etdirmək idi. Bu məqsədlə o,
1903-cü ildə, atasının
ölümündən bir
qədər sonra
Tiflis şəhərinə gedir. Burada görkəmli yazıçı,
jurnalist Cəlil Məmmədquluzadə ilə
tanış olur. O zaman "Şərqi-rus" qəzetində
işləyən Cəlil
Məmmədquluzadə istəkli
ömür-gün yoldaşını
- Nazlı xanımı
itirmişdi. Mirzə Cəlillə Həmidə
xanım ictimai mənşə etibarı
ilə tamam başqa-başqa adamlar olsalar da həyata
baxış, mübariz
ruh, mütərəqqi
meyllər onları bir-birinə yaxınlaşdırır.
Bu yaxınlıq iki ildən sonra mehriban ailə həyatına çevrilir. 1907-ci il iyun ayının
15-də Cəlil Məmmədqulzadə
ilə Həmidə xanım ailə həyatı qururlar. Onların bu izdivacı - adlı, sanlı bəy qızının kasıb bir qəzet işçisinə,
bəyləri, mollaları,
fanatizmi qamçılayan
yazıçı jurnalistə
ərə getməsi şübhəsiz ki, Qarabağ bəylərinin
şəstinə toxunurdu.
Ona görə də onlar bu narahatlıqlarını
bəzən gizli, bəzən işə açıq şəkildə
müxtəlif təzyiqlərlə
bildirirdilər. Hətta bir
dəfə Mirzə Cəlil Kəhrizdən Bakıya faytonla gedərkən Hindarx yolunda qisasçı bəylər onu öldürmək istəmiş,
həmin qorxulu yoldan Həmidə xanım onu keçirib yola salmışdır. Bütün bu
təzyiqlərə baxmayaraq
Həmidə xanım
Mirzə Cəlillə
mehriban ailə həyatını davam etdirir. Bu ailə həyatı düz 25 il - Mirzə
Cəlilin 1932-ci yanvar
ayının 4-də qəfil
baş verən ölüm gününə
qədər davam etdi.
Cəlil Məmmədquluzadə ilə ailə həyatı Həmidə xanımı ictimai həyatda daha da fəallaşdırdı. Onu həmkəndlilərinin havadarı, mərhəmətli, səxavətli bir bəy qızından zəmanəsinin ictimai həyatında fəal iştirak edən, yüksək tribunalardan xalqın dərdini söyləyən mübariz, həm də böyük xeyriyyəçi bir qadına çevirdi. Qızı Mina Tiflis Qızlar İnsitutunda oxuduğundan o hərdən Tiflisə gedirdi. Maraqlıdır ki, o burada qaldığı bir neçə gündə həyatını sakit keçirmirdi. O, Tiflisdə qabaqcıl ziyalıların xanımları ilə toplaşıb "Qadın Xeyriyyə Cəmiyyəti" təşkil edir, Şuşada olduğu müddətdə isə Şuşanın ictimai-mədəni həyatından kənarda qalmır. Qısa bir müddətdə Şuşada həvəskarlardan ibarət teatr təşkil edir. Teatr tamaşasını verib pulunu kasıb tələbələrə paylayır. Həmçinin burada toxuculuq emalatxanası açıb evdar qadınları işlə təmin edir.
Həmidə xanımın ictimai fəallığı hələ Mirzə Cəlillə ailə həyatı qurmamışdan əvvəl, Kəhrizlidə olduğu müddətdə də özünü göstərirdi. Mirzə Cəlilsiz illərdə o, kənddə toxuculuq emalatxanası, dəyirman açmış, məktəb binası tikdirmiş və kəhriz quyusu qazdırıb camaatın istifadəsinə vermişdi.
O, kənd adamlarının təkcə mülk sahibi deyildi, eyni zamanda onların ən yaxın havadarı, problemlərinin icraçısı idi. Bu baxımdan bir məqama diqqət yetirmək üçün onun öz xatirələrinə müraciət edək:
"1903-cü ildə bizim tərəflərdə dəhşətli çiçək xəstəliyi yayılmışdı. Bu xəstəlik kütləvi təlafat verib çoxlu uşaq və yeniyetmə öldürmüşdü. Hökumət heç bir tədbir görmürdü. Yüz kilometrlik sahəni əhatə edən mahalda nə bir həkim vardı, nə də bir feldşer. Adicə peyvənd vasitəsi ilə uşaqları xilas etmək mümkün olduğunu camaat bilmirdi. Mən qərara aldım ki, peyvənd etməyi öyrənim. Tiflisə gedib tanış həkim Ağabəyovdan peyvənd etməyi öyrəndim və lazım olan dərmanlardan küllü miqdarda alıb kəndə yola düşdüm. Güman edirdim ki, uşaqları dəhşətli xəstəlikdən xilas edəcəyəm. Lakin kəndə qayıtdıqdan sonra başqa mənzərənin şahidi oldum: Kəndlilər uşaqlarının peyvənd edilməsinə razı olmadılar. Mənim bütün xahişlərim, yalvarışlarım nəticə vermədi. Nadanlıqdanmı, düşmənçilikdənmi kimsə şayiə buraxmışdı ki, guya mən uşaqlara yeni xəstəlik aşılamaq istəyirəm. Nəhayət xətrimi çox istəyən bir qadın - Asya yeddi yaşlı qızını yanıma gətirib dedi: "Mən sənə inanıram, istəyirsən öldür, istəyirsən dirilt. "Mən onu peyvənd etdim. Bundan bir neçə gün sonra həkim Kərim bəy Mehmandarov təsadüfən bizim kənddən keçib Ağcabədiyə - meyit yarmağa gedirdi. Asyanın qızının tutmuş peyvəndinin yarasını ona gösdərdim. O dedi ki, çox düzgün peyvənd olmuş, uşaq xilas edilmişdir. Bundan sonra ətraf kəndlərin uşaqlarınıda mənim yanıma peyvənd etdirməyə gətirdilər. Mən peyvənd etdiyim uşaqların adlarını, yaşlarını, haradan olduqlarını dəftərə yazırdım. Bu zamandan etibarən mən yaz fəslində dərman sifariş edib gətitdirir, uşaqları peyvənd edirdim".
Bu yerdə yadıma Hindarx kəndinin qocaman sakini mərhum Zalış Xuduyevin bir xatirəsi düşür: "Balaca uşaq idim. Bir gün kəndə xəbər yayıldı ki, doxdur Həmdəm xanım (el arasında doğmalığına görə onu belə çağırırdılar- Ş.A.) gəlib uşaqları peyvənd edir. Böyük bir izdiham toplaşmışdı. O, növbə ilə uşaqları peyvənd edir, dəftərdə qeydlər aparırdı. Növbə mənə çatanda başımı sığallayıb məni də peyvənd etdi. Sonra adımı familyamı soruşub şagird dəftərinə qeyd etdi".
Şirxan Aranlı
Yazıçı,
publisist. Azərbaycan
Yazıçılar
Birliyinin üzvü
Ədalət 2017.-
3 avqust.- S.4.