Hər saxsı parçası bir tarixdi

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Öz keçmişini bilməyən gələcəyi üçünvuruşmayacaq

 

(əvvəli ötən sayımızda)

 

Öz qədimliyi ilə hətta Mesopotomiya tarixini də xatırladan, bəzən isə onunla müqayisə edilə biləcək bu maddi-mədəniyyət nümunələri arxeoloqlarda belə bir təsəvvür yaradıb ki, Kamiltəpə ərazisi dəniz sahili olubdu. Doktor Barbara xanımın beynəlxalq ekspedisiyası Yaponiya, İngiltərə, Türkiyə, İran alimlərindən ibarətdir. Onların qazıntılar zamanı aşkar etdikləri bütün nümunələr ən yüksək səviyyədə laborator analizlərindən keçirilir. Eləcə də bu abidələri görmək, buradakı gerçəkliklərə şahid olmaq üçün əraziyə tarixçi tələbələrin, arxeoloqların səfərləri də təşkil edilib. Elə bu günlərdə Münhen Universitetinin 25 nəfər tələbəsi buraya təcrübə mübadiləsinə gəlmişdi.

Biz ərazidəki 3-cü, 4-cü və 5-ci Kamiltəpə kurqanlarında aparılan qazıntıları gəzə-gəzə buradakı həm yerli sakinlərlə, həm də arxeoloqlarla təmasda olduq. Onlar bizə kərpic divarları da göstərdilər, bişmiş kərpicdən olan nümunələri də, dəvəgöz daşını da, bıçağı da, bizi də və digər tapıntıları da. Ümumiyyətlə, bu səyahət şəxsən məni məmləkətin hələ də gün işığı düşməyən qocauzaq tarixinə apardı. Gördüm ki, biz hələ öz tariximizin, öz keçmişimizin olsa-olsa, bir vərəqini oxumuşuq. Amma hələ oxunası vərəqlərin sayı oxunanlardan min dəfələrlə çoxdur.

Biz geri qayıdarkən arxeoloqların məskunlaşdığı ünvana da baş çəkdik. Açığını deyim ki, onlar üçün yaradılmış şərait məni əməlli-başlı təsirləndirdi. Bunu hiss edən ekspedisiyanın üzvlərindən biri çox həvəslə vurğuladı ki, rayon rəhbəri Şahin Məmmədov onlarla mütəmadi əlaqə saxlayır, aparılan qazıntı zamanı ehtiyac duyulan hər bir avadanlıqla, işçi qüvvəsi ilə, hətta onların ərzaq təminatına qədər hər şeylə maraqlanır və qayğılarına qalır. Bu insan rayonun, Azərbaycanın tarixi ilə bağlı olan bu abidələrin öyrənilməsinə son dərəcə böyük diqqət və vaxt ayırır. Onun tapşırığı ilə arxeoloqlar məhz bu cür şəraitli bir mənzillə təmin ediliblər, qazıntı aparılan ərazilər qorunur.

Təbii ki, yol boyu etdiyimiz söhbətlərdə millət vəkilləri birmənalı olaraq vurğuladılar ki, bu abidələrin qorunması, onların yağış və seldən mühafizə edilməsi rayonun gücü daxilində deyil. Buna Mədəniyyət və Turizm Nazirliyi və eləcə də digər dövlət qurumları diqqət, maliyyə ayırmalı, tariximizin daha çox öyrənilməsinə yardımçı olmalıdılar. Burada bir məqamı da qeyd etməliyəm ki, həm professor Təvəkkül Əliyev, həm də doktor Barbara xanım vurğuladılar ki, yaxın günlərdə onların ekspedisiyasının nəzərdə tutulan müəyyən proqramı yekunlaşacaq. Bununla əlaqədar onlar rayonda həm sərgi, həm də mətbuat üçün konfrans təşkil edəcəklər. Bunda da məqsəd Ağcabədinin tarixini həm hər birimizə, həm də Ağcabədidə böyüyən gənc nəslə tanıtmaqdı.

Bəli, bu gün ölkəmizin istənilən güşəsində tarixin istənilən bir izilə qarşılaşmaq mümkündü. Bu da səbəbsiz deyil. Ən böyük səbəb isə bu xalqın, bu yurdun qədimliyidi. Yəni minillikləri arxada qoyan Azərbaycan adlı məmləkət yerləşdiyi coğrafi ərazinin həm şanslı, həm də problemli tərəflərini də yaşayıb və bu gün də yaşamaqdadı. Şanslı tərəflərdən biri iqlim qurşaqlarının böyük əkrsəriyyətlərinə sahib olmaq. İkincisi, dağ silsilələri, təbii sular, meşə massivləri. Üçüncüsü isə xalqın özünü öz tarixini yazmaq, yaratmaq istedadıdı. Problemli tərəf isə qonşu məsələsində bəxtinin gətirməməsidi. Xüsusilə Ersmənistanla olan münasibətlər bütün zamanlarda Azərbaycan üçün ağrılı nöqtə olubdu...g

Bu söylədiklərimizin fonunda məmləkətimizdə yaşayan etnik qrupların özünəməxsus adət-ənənələri, eləcə də mədəniyyət nümunələrinin olması da tariximizi, ədəbiyyatımızı zənginləşdirən çalarlardandı. Tutaq ki, Azərbaycanın cənub, şimal bölgələrində yaşayan insanların xalq oyunları, folklorları, mərasim nəğmələri nə qədər fərdi olsa da, bir o qədər də ümummillidi. Çünki bir dövlətin, bir xalqın içərisində fərdilik özü-özlüyündə ümumiliyə keçir. Ona görə də cənub bölgəmizdə ifa edilən mərasim nəğmələri digər bölgələrimizdəki holavarların həm musiqi, həm də mətn baxımından çox yaxın elementlərə malikdi. Eləcə də tapılan maddi-mədəniyyət nümunələrinin özləri də bu coğrafiyadakı əlaqələri, münasibətləri, inkişafı göstərən elementlərdi.

Arxeoloqlarımızın apardığı qazıntılar zaman ölkənin müxtəlif bölgələrində tapılan saxsı parçaları, küplər, daş və digər materiallardan hazırlanmış materiallar, alətlər, eləcə də pul sikkələri göstərir ki, Azərbaycan adlı dövlət tarixə öz adını möhürləyib. bizimborcumuz bu möhürlənmiş tarixi həm qorumaq, həm də gələcək nəsillərə çatdırmaqdı. Xüsusilə xalqın kimliyini sübut edən maddi-mədəniyyət nümunələri, qalalar, qəsrlər, minarələr və digər tikinti nümunələri həm arxitektura baxımından, həm də tarixilik baxımından qorunub saxlanılmalı, tədqiq olunmalı, bunlarla bağlı sənədli filmlər, bədii əsərlər ortaya qoyulmalıdır ki, sabahın azərbaycanlısı öz tarixindən dərs ala bilsin.

Hər qatı bir lay olan, hər daşı altında tarix yaşayan Azərbaycan, sənin müsibətlər çəkən başın həm də əfsanələr və qəhrəmanlıqlarla göylərə ucalıb. Bu əfsanələri sənin övladların yaradıb. Bu tarixi də sənin övladların yazıb - nizələriylə, oxlarıyla, qılınclarıyla. Bu güntarix yazılır, böyük siyasətlə, müstəqillik, qurub-yaratmaq eşqiylə. Qalır bu tarixi öyrətmək və öyrənmək. Bu isə bizim hər birimizin vicdan borcumuzdu. Gələcək tarixlər üçün, gələcəyimiz üçün!..

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət  2017.- 9 avqust.- S.3.