Akif İslamzadə: “Səsimin açılmasının heç arzusunda da deyiləm”
8 avqust
tarixi təkrarsız ifası ilə yaddaşlarda silinməz iz
qoymuş tanınmış müğənni
Akif İslamzadənin doğum
günüdür. O, 1948-ci il avqustun 8-də Bakıda
anadan olub. 1979-cu ildə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir.
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi
başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik
orkestrində işə başlayıb. Hərbi xidmətdən
sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri
Baş Mədəniyyət İdarəsinin
rəisi olub. Mahnılarından,
"Sarı gəlin" və "Bu gecə"
diqqətləri cəlb edib.
Akif İslamzadə artıq 30 ildir oxumur. Əksəriyyət
belə düşünür ki, böyük sənətkar
Akif İslamzadənin səsinin
tutulması bütövlükdə Azərbaycan mədəniyyəti
üçün ciddi
itkidir. Akif İslamzadə
oxumasa da, onun səsi, unudulmaz
ifası və mahnıları tarixə əbədi həkk olunub.
Modern.az saytı səbəbkarın doğum günündə onunla
əlaqə saxlayıb. Qısa da
olsa müsahibə ala
bilib.
- Akif müəllim, öncə
doğum gününüzü
təbrik edirik. Hər bir dinləyici
üçün maraqlıdır.
Akif İslamzadə doğum günlərini keçirməyi
sevirmi?
- Deməzdim ki, tam olaraq sevirəm. Sadəcə, adi günlərdən bir az fərqli
olur. Doğum günümdə zəng vurub təbrik edənlər çox olur. Hər kəs ürək sözlərini dilə gətirir.
- Siz həm də
adi insanlardan fərqlisiz. Tanrı zamanında sizə
istedad bəxş edib.
- Heç tərif olunmağı sevmirəm.
Tərif
Allaha yaraşdığı
kimi, ona da məxsusdur. Heç zaman tərif olunmaq arzusuna düşməmişəm.
- Bir zamanlar siyasi arenada da Akif
İslamzadə ismi tez-tez çəkilirdi. İndi də siyasətdə olduğunuzu demək olarmı?
- Mən siyasətdə o dövrdə olmuşam ki, insanların hamısı meydanlarda toplaşmışdı. İnsanların, millətin müqəddəratı
həll olunan vaxt evdə oturub rahat çay
içə bilməzdim.
Hesab etmirəm ki, böyük iş görmüşəm.
- O dövrün siyasi burulğanına atılan biri kimi hazırkı durumu necə qiymətləndirirsiz? Qarabağ məsələsi
hələ də həllini tapmayıb.
- Çox məsələlər həllini
tapmayıb. Ümid edək ki, hər şey yaxşı olacaq. Millət olaraq elə millətik ki, vaxt-vədə yetişəndə
iki ayağımızı
zərblə yerə vura bilirik. Biz bu millətin
gücünü-cəsarətini çox görmüşük.
Dostların çox yaxşı bir fikri var: torpaqlarımızın
80%-ni azad etmişik, qalıb 20%-i. Baxın, belə də yanaşma var.
- Sənətkar
Akif İslamzadənin
bu günə qədər Tanrıdan narazılığı olubmu?
- Narazılıq nədir? Siz razılıqdan soruşun.
Allahımdan o qədər
razıyam ki... Hər bir məsələdə taleyimdən razıyam.
- Bu sualı ona görə ünvanladıq
ki, illərdir səsiniz batıb.
- Heç vaxt səsimin batmasına görə Allahımdan inciməmişəm. Şükür edirəm. Səsimin batmasını dərd
kimi qəbul etməmişəm. Düşünürəm ki, yaxşısı budur. Zaman keçdi və bir daha sübut
olundu ki, ən yaxşısı bu imiş...
-Belə anladıq ki, oxumağı artıq istəmirsiz?
- Özümün istəməməyimlə
bağlamazdım. Nə yazılıbsa,
o da olmalıdır.
Tutaq ki, bir möcüzə
olsa, səsim qayıtsa, nə dəyişəcək?! Bunu misal
üçün deyirəm.
Səsimin açılmasının heç arzusunda da deyiləm. Ən yaxşısı, yaddaşda
necə qalmışamsa,
bu, mənə bəs edir. Heç Azərbaycan televiziyalarına
da baxmıram. Kimə qulaq asım?! Oxuya bilmirlər. Vaxtilə oxuduqlarımıza
çata bilmirlər.
- O zaman sizin kimi istedadlar
niyə yetişmir? Günah kimdədir?
- Səs də var, istedad da.
Sadəcə, elm, təhsil yoxdu.
Elmli deyillər. Təkcə səs və
istedad sənətkar yetişdirmir. Çox məsələlər
var. Dərinə getmək
istəmirəm.
- Keçmiş sənət və siyasət dostlarınızdan
ünsiyyətdə olduqlarınız
varmı?
- Əlbəttə var. Tez-tez maraqlanıb hal-əhval tuturlar.
Yaxşı dostlar nə unudur,
nə də unudulur.
Ədalət 2017.- 9 avqust.- S.4.