Laçınım... Laçınım
mənim
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği
"Kişi"
adı yalnız hərfi məna daşımır, "kişi"
adı həm də Torpaq, Vətən, el-oba qeyrəti
çəkənlərə, insanlar üçün faydalı
işlər görməyə can atanlara, bu yolda canını qurban
verənlərə şamil edilir... Mən bunu
sözgəlişi xatırlatdım...
Adamın
arxalandığı, inandığı, güvəncli bir yeri
olanda, baş verən hadisələrə, hətta
ötən günlərə görə ürəkli olur, iftixar
hissi ilə öyünür, bəzən də
arxayınlaşaraq başının altına yumşaq
yastıq qoyur. Burada "Qoyunu qurda tapşırmaq" kimi atalar
sözü adamın yadına düşür. Yəni
iş-işdən keçəndən, gözlərimizi yumub-açanda
sonra görürük ki, böyük bir fəlakət
qapımızın ağzını kəsibdi. O zaman isə
heyfsilənirik, bu da fayda verməz - deyiblər...
Tarixən
bu hadisələrə görə çox öyünmüşük.
1919-cu ilin fevral ayında Zabux dərəsində
(Laçın rayonu) erməni generalı,
müsəlmanların qatı düşməni olan, tayqulaq Andronikin
30 minlik daşnak ordusunu, 1871-ci ildə Zəngəzur
qəzasının Qasımuşağı obasında
(hazırda Laçın rayonunun Qurdqajı kəndində) anadan
olmuş Sultan bəy Paşa bəy oğlu darmadağın etmişdi.
O vaxtlarda bu
hadisələri görənlər deyirdilər ki,
ermənilərin meyitlərinin iyi, qoxusu düz beş il
"Qanlı dərə" adlanan bu yerlərdən
çəkilməyibdir. Bu mənzərəni ancaq qurd-quş
sona çatdırmışdı. İyin, qoxunun
dərdindən buralarda yaşayan sakinlər epidemiyadan uzaq olmaq
üçün bir müddət məkanlarını
müvəqqəti olaraq dəyişməli olmuşdular. Bu xof
bütün erməniləri lərzəyə salmış, qorxudan
canlarına vəlvələ düşmüş,
başlarını götürüb qaçmağa məcbur
olmuşdular.
Sultan
bəyin adı gələndə gizlənmək üçün
"siçan yuvası" axtarıb özlərini ora "soxmağa"
məqam axtarırmışlar. Hələ bir müddət
erməni ailələrində təzə anadan olan
uşağı tərbiyə etmək məqsədi ilə bu
yönümdə "yetişdirmək, qorxutmaq üçün"
"ay dığa", "susura" "türk yeqala"
- deyə tənbeh edərmişlər. Müsəlmanları,
türkləri özlərinə "düşmən"
obrazında, adam öldürən, qan içən kimi
tanıdan erməni valideynlərinin "tərbiyə verdiyi",
böyütdüyü "dığa" da bu cür
düşmən xislətli olmalıdı, bu
ənənəni tarixi boyu yaşatmağa
çalışacaqdılar.
XX
əsrin ilk günlərindən Qarabağda "Böyük
Ermənistan" yaratmaq xülyasının
qarşısını məhz Zabux dərəsində
(Laçın rayonu) Sultan bəy Paşa bəy oğlunun
təşkil etdiyi dəstənin
qəhrəmanlığı ilə almışdı. Andronikin
Qarabağı, sonra isə Gəncəni işğal
etmək, Stepan Şaumyanın bolşevik-daşnak hərbi
hissələri ilə birləşərək Şimali
Azərbaycanda erməni hakimiyyəti qurmaq planını alt-üst
etmişdi.
Bu hadisələrin
yaranma səbəblərindən biri də belə olmuşdu. Andronik
üç dəfə Sultan bəyin yanına qasid
göndəribdir ki, mənə icazə ver ordu ilə Qarabağa
keçim. O isə buna əhəmiyyət verməmişdir. Sultan
bəyin qardaşı, Azərbaycan Demokratik
Respublikasının ilk hərbi naziri, ikinci
hökumətdə əkinçilik naziri və
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovla
görüşəndə bu məqamları
açıqlayır ki, bəs Andronik məndən icazə
istəyir ki, ordusu ilə birlikdə Qarabağa keçsin. Xosrov
bəyin cavabı belə olur:
-
Zəngəzurda, Basarkeçərdə at oynatmağı az deyil,
hələ bir Qarabağa da göz dikibdi, bəs onda namusumuz,
qeyrətimiz yoxdu? - demişdi.
Bu
sözdən sonra Sultan bəy - Namusumuz da, qeyrətimiz də
vardır - cavabını vermişdi.
Bir
dəfə görüşə Andronik özü gəlir. Fikrini
yenə də bildirir. Xahiş edir ki, icazə verin, öz
dəstəmlə Qarabağa keçim, mənə
xəbər gəlib çatıb ki, orada yaşayan
ermənilərin güzəranları yaxşı deyil, onlara
mənim köməyim lazımdır. Bir də ki,
xəcalətli qalmaram. Sultan bəy qayıdır ki, mənim
də şərtlərim var. Bir o qədər əli
silahlı əsgərləriniz atla gəlib mənim
ərazimdən keçməsi adamları
təşvişə sala bilər. Məsləhətdirsə,
bu işlərdə mənim adamlarım da sizə
köməkçi ola bilərlər. Birinci növbədə
əsgərlərin tüfənglərini, hərbi
sursatlarını atlara yükləsinlər, qəflə-qatır
birinci gəlib keçsin. Sonra isə mənim işarəmi
gözləyin, sizin də əsgərləriniz piyada,
sakitcə, yavaş-yavaş gəlib keçsinlər, onda
mən razılıq verə bilərəm - deyir. Andronik bu
şərtlərə razılaşır, razı qalır
və "görüşərik" deyib atını
qamçılayıb gedir.
Sultan
bəy kəndlərdə fəaliyyət göstərən
adamlarını başına toplayıb planını
bəyan edir. Onun ən yaxın silahdaşı
Dəyirmandərəsi kəndində (Cağazur
kəndində) yaşayan qorxmaz cəngavər dostu
Ağaməmməd (ona bəzən Ağaməd də
deyirmişlər) ilə
məsləhətləşərmişlər. Ağanusdan, Musurmanlardan,
Qozdudan, Kalafalıqdan, Şamkənddən, Şəlvə
dərəsindən, Mişnidən, Alxaslıdan, Qoşasudan,
Qaraçanlıdan, Qorcudan dəstə
başçıları öz dəstələri ilə
birlikdə müəyyən olunmuş marıqlarda,
keçidlərdə dayanıb əmr gözləyirlər. Məmmədəli
adlı əsgərin yaxşı səsi olduğu üçün,
indiki Laçınkənddən bir fit verəndə onun
səsi Ağamədə qədər gedib
çatarmış. Silahlar yüklənmiş
qəflə-qatırlar (atlar, eşşəklər,
qatırlar) çaya çatanda bələdçilər
karvanın istiqamətini Şəlvə dərəsinə
yönəltdilər. Abdallar kəndində gözləyən
bələdçi işarə-fit verir. Andronikin
dəstəsi yola düşür. Zabux çayından
keçmək üçün əsgərlər xeyli
ləngiməli olurlar. İkinci çayı da keçmək
üçün xeyli vaxt keçir. Və dəstənin
axırıncı əsgəri görünməz olandan sonra,
o tayda, bu tayda pusquda olan Sultan bəyin əsgərləri
düşməni atəşə tuturlar. Bütün günü
"Qanlı dərə"dən tüfəng səsi eşidilir.
Əmr verilmişdir ki, Andronikin dəstəsindən bir
nəfər də olsun sağ qalmamalıdı.
Müşahidəçilər xəbər
çatdırdılar ki, bəs üç gündən sonra
böyürtkən kolunun içindən üç erməni
gizləniblər. Sakitlikdən istifadə edən
düşmən əsgərləri bir-bir gizlətdikləri
yerdən çıxıb Cicimli istiqamətinə
tərəf qaçıb canlarını qurtarırlar.
Bu
qanlı hadisənin səbəbi ondan ibarət olmuşdur ki,
erməni daşnak ordusunun Qarabağda yaşayan
azərbaycanlılara qarşı hazırlanan məkrli, milli, genetik
təmizlənmə planı həyata keçirilsin, bu
ərazidə bir nəfər də olsun azəri türkü
qalmamalıdır.
(ardı gələn sayımızda)
Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Qarabağ müharibəsinin veteranı
Ədalət 2017.- 10 avqust.- S.3.