GƏNC ŞAİR ELNURUN YUXULARI
"Həsrət
dolu düşüncələr" kitabında (2017)
İnsan, həyat, təbiət və yurd duyğuları
Əli Rza XƏLƏFLİ
"Şair, nə incədir
rübabın sənin"
Səməd Vurğun
Bütün
hallarda poeziya nə qədər "həyatın bir
parçasıdır"sa, bir o qədər
də müəllifin yaşamı, başqa sözlə, tərcüməyi-halıdır.
Bu fikir "Dədə Qorqud kitabı"nın
yaradıcısına, Nizaminin "Xəmsə"sinə,
Homerin "İluada" və "Odisseya"sına... və
müasir ədəbi simaların yaratdıqlarına
münasibətdə də öz təsdiqini tapır. Bir sözlə, poeziya şairin dövrünə
münasibəti, hissləri, həyəcanları, həyat-cəmiyyət
haqqında düşüncələri, təbiət və
insan bağları, zaman-tarix, bu gün və gələcək
- qənaətləridir.
...Və
nə yaxşı ki, forma, ifadə tərzi dəyişsə
də, poeziyanı yaradan bu əzəli və əbədi
amillər öz yerini başqa heç bir tələbə
güzəştə getmir.
...Və
yenə nə yaxşı ki, müasir gənclik də
insanı insanlıq çevrəsində qoruyan, onun
yırtıcılığa doğru yolunu bağlayan və eləcə
də onu mələkliyə səsləyən əzəli və
əbədi dəyərlərə sadiq qalır.
Bizim
"Kredo"çüların ədəbi çevrəsində
formalaşmış bir çox gənclərin
yaradıcılıq yolu fikrimi təsdiq üçün bəs
edərdi: Elçin Kamal, Vüsal Nuru, Yeqzar Cəfərli,
İltimas Səmimi, Orxan Camal, Günay Dağlı... və bir
çox başqalarının adlarını çəkə
bilərəm. Onların hər biri bizim ədəbi
zəmanətlərimizi öz yaradıcılıqları ilə
doğruldub. Bu sırada artıq
özünün ilk kitabı ilə oxucularının
görüşünə inamla gəlmiş Elnur Qərarinin
adını məmnuniyyətlə çəkirəm.
Poeziyaya "mən şair olacağam" iddiası ilə
yox, özünün təbii hissləri ilə gəlmiş
Elnur Qərari sanki sözü axtarmır, ona diktə
olunanları yazır. Və bu zaman ruhunda, varlığında
özünə yer almış ən etibarlı mənbəyə
əsaslanır. Bu mənbə onun
yaddaşı və yaddaş üzərində bərqərar
olan təfəkkürüdür.
Deyirlər
ki, nəvələr
Yamanca şirin olur.
Nəvələrə
məhəbbət
Övladdan dərin olur.
Belə
bir məhəbbəti
Anamda görmüşəm mən.
Nəvələrin
qeydinə
Qalanda görmüşəm mən.
İlk baxışdan adi, sıradan sözlərdir. Özü də
hələ gəncdir. Nəvə boy-buxununu
görməyib öz həyatında. Amma
müşahidə ona imkan verir ki, deyilənlərin həyatda
təsdiqini görsün. Uşaqlar
üçün yazılan şeirdir, böyüklər
(babalar, nənələr) üçün də kövrəldicidir.
Yaşamağın şirinliyini insana
dadızdıran, insanı yaşamağa çağıran səsi
bu iddiasız misraların ruhundan aydın eşidirik.
Hansı
babanın, hansı nənənin üzünə təbəssüm,
gözlərinə işıq gəlməz: "Nəvə
qızdı, oğuldu, nəvə şirin nağıldı;
nəvə şəkər, noğuldu nənələrin
gözündə"... bu sözləri eşidəndə. Bu poeziyanın həyatla bağlılığı,
şeirin həyatdan gəlişidir.
Elnur Qərarinin
bircə misrasına sığışan peotik enerji bəzən
o qədər güclü olur ki, bütöv bir poetik mənzərə
oxucunun gözləri önündə canlanır:
"Bura bizim kəndə necə bənzəyir".
Təbiətin
ürək titrədən, könül oynadan guşəsində
ötəri dünyəvi hisslər əsiri olmayan şair
"bir yaz günündə" dağlar qoynundakı
obanın təbiətini, onun "gözündəki nazı
görüb", "suyundakı buzu duyub" əlindən
alınmış kəndini düşünür. Elə bir
hiss və həyəcanla çulğaşır ki, onun
ruhunun sızıltısı, həsrəti,
yanğısı səsini eşidənlərin
hamısını sarsıdır.
Yaxud:
"Qartal,
götür məni qanadlarına
Apar məni Qarabağa, dolandır, gətir".
Böyük
Səməd Vurğunun gənc Adil Babayev haqqında
yazdığı və zamanın təsdiq elədiyi hökm yada
düşür:
"Şair, nə incədir rübabın sənin".
Düşünürəm ki, bu hökmü elə indi
Elnurun "Qartal" obrazına güvənclə, elə onun
özü üçün də vermək olar.
"Gəzim
o yerləri mən qarış-qarış,
Öpüm torpağını, öpüm
daşını.
Öpüm
vətənində kimsəsiz qalmış
Mən qərib atamın məzar daşını".
Elnur inciməz, mən burada "qərib"
sözünü şəhid sözü ilə əvəzləyərdim. Bu həqiqətən
doğru bir həyatdır, şəhid oğlunun şəhid
ata qarşısında söz borcudur.
Əlbəttə, istedadsız adamın əlindəki qələm
heç bir sözü cızığa gətirə bilməz. Ovsunçu
ilanı (təbiəti) bilmirsə, onu özünə tabe edə
bilmədiyi kimi, söz də istedadsızın
çağırışına gəlməz.
Həmişə deyirəm ki, istedad, müşahidə,
təfəkkür (elm) - bu triadanı yaradan tərəflər
poeziya sarayını qurmaq üçün vacib
sütunlardır. Elm (təfəkkür) olmadan yazılanlar
dərinlik kəsb edə bilməz. İncilər
isə dərinliklərdədir. Füzulinin fikirlərini
cüzi improvizə ilə xatırlatmaq yerinə düşərdi:
Elmsiz şeir bünövrəsiz divar kimidir, bünövrəsiz
divar da etibarsız olar. Yaxşıdır ki,
Elnur Qərari yüksək hazırlıqlı - hüquq
ixtisası üzrə universitet təhsili alıb - gəncdir.
Bütün bunlar onun özünü ifadə
üçün vaxt və hazırlıq baxımından
ehtiyat imkanlarının göstəricisidir. Onun gələcəyinə
məndə xüsusi bir inam doğuran tərəfini də
qeyd etmək istəyirəm. Bu da onun
çox sağlam bir həyat düsturu ilə yaşam tərzidir.
Onun zəngin mənəvi aləmi ilahi
biçimlə göz oxşayan zahiri ilə tam həmahəngdir.
İndi cəmiyyətin bəlasına
çevrilən içki və siqaretdən də uzaqdır.
İnanıram ki, dində də sağlam mənəvi
mühitini qoruyar, fanatizmdən və mövhumatdan uzaq olar.
Qayıdıram, yenə gənc şairin
mövzu əhatəsinə. Bu zaman onun
yuxu obrazına burada ayrıca münasibət yerinə
düşərdi. Yuxunun sirli aləmi
yazıçıların (şairlərin, nasirlərin,
publisistlərin, dramaturqların), rəssam və heykəltəraşların,
həkimlərin, psixoanalitiklərin... Tədqiqat
obyekti olub. Yuxunun sirli mahiyyətinə ən
çox yaxınlaşan, zənnimcə, Ziqmund Freyddir. Yuxu bir çox problemlərin həllində
axtarıcılar üçün açar olub.
Yazıçılar
üçün də obrazların taleyi ilə bağlı
hökmlərin yuxuda aşkarlandığı məqamlar az deyil.
Qarabağ işğal olunanda Elnurun 13 yaşı
vardı. Bomba altındakı işğal faciəsini,
atasının - döyüşçü həkim Qaçay
Baxış oğlunun şəhidliyini də yəqin ki,
unutmayıb. Və bütün bunlar onun əsas
yaddaş bazası, bünövrəsidir. Bu
özülə o tez-tez qayıdır. Özü də əsasən
yuxularında qayıdır: "Bu gecə yuxuma gəlmişdi
atam".
Oğlunun özü yaşda atanın ağarmış
saç-saqqalla, qismən qocalmış görkəmdə gəlişi
çox mətləblərdən xəbər verir. Ancaq bu mətləblərdən
biri, bəlkə də birincisi oğlunun yaddaşında
atanın zamanla birgə böyüməsidir. Süjetli şeirdi. Yuxuda əsir
düşən oğulu azad etmək üçün gələn
ata yurdun özü kimi görünür. Yurd
burada canlıdır. İnsanın özüdür:
"Son dəfə
görəndə nə saçı ağdı,
Nə də ki, baxışı beləcə qəmgin.
Ondan
ayrılanda uşaq olsam da
Atamla bir yaşda olardım yəqin".
Burada yuxudakı ayrılıq nəzərdə tutulur. Bircə fərq
atanın əsirlikdə qalan məzarlıqdakı
ömrünün əsrlərə, zamanlara bərabərliyidir.
Elnur Qərarinin
yuxu eposunun obrazlarını təqribən belə təsnif
etmək olar: əbədi ayrılmış doğmaları
yuxuda görmək, yurdların, kəndin, bulağın,
cığırların yuxuda qayıdışı... və əlbəttə
ki, bütün Qarabağın qara yuxuları, bir də tarixin
yuxularda canlanması.
Bir
şair ömrünə bəs edəcək yaşantılar,
mövzu əhatəsi, obrazlar silsiləsi...
Bir də Elnur günümüzün şairidir. Müasir həyatın
çal-çağırlı, gur işıqlı, əlvan
reklamlı aləminin arxasından görünən təzadlar,
kapitalın dəmir dabanları altında inləyən
insanların faciələri... onun söz-kağız, qələm
aləmindən kənarda deyil.
Övladları tərəfindən unudulan bir qocanın
dərdi vətənin gənc şairini sarsıdırsa, demək,
söz borcu, sözə sədaqət borcu... bir çox
borclar hələ unudulmayıb.
Elnur Qərarinin
"Qarabağ" rədifli şeiri onun gələcəkdə
yaradacağı "Qarabağnamə"nin
başlanğıcı - proloqu təsirini
bağışlayır:
"Könlüm
həsrətindən qübar bağlayır,
Harayla qoynuna çağır, Qarabağ.
Anam tənha
qalıb, anam ağlayır,
Göz
yaşı qəlbimi yaxır Qarabağ
Sənsiz yetim qaldım axır, Qarabağ".
Atasını Qarabağ müharibəsində itirmiş
gəncin yetimliyi sən demə, ata itkisi ilə bağlı
deyil, ən faciəli yetimlik itirilən torpaqla, işğal
olunmuş yurdla gəlirmiş. Bu yerdə gənc şair səngərdəki
əsgərlə bir cərgədədir:
"Uğrunda
can verdi neçə-neçə ər,
Fəryad
et, nalə çək, bağır,
Qarabağ
Günəş
də utanır çıxmağa səhər,
Utana-utana
çıxır, Qarabağ
Sənsiz yetim qaldım axır, Qarabağ".
İnsanların əvəzinə günəşin
utanmağı Elnurun özünəxas
görümüdür. Böyük faciənin misralara sığması müəllifin
düşüncə imkanlarından xəbər verir:
"Ürəyim
döyünür hər an səninlə,
Həsrətin ölümdən ağır, Qarabağ.
Sinəmə
dağ çəkdin öz əllərinlə,
Qalmışam
kimsəsiz, fağır, Qarabağ,
Sənsiz yetim qaldım axır, Qarabağ.
Atam qəmgin-qəmgin
soyuq məzardan
Yollara boylanır, baxır, Qarabağ.
Ölüb
dirilirəm yüz yol əzabdan,
Utanc
ürəyimi sıxır, Qarabağ,
Sənsiz yetim qaldım axır, Qarabağ".
Ata ilə birləşən, qovuşan Qarabağ müəllifin,
həm də tale yazısıdır. Görünür bu
yazı Elnurun əbədi mövzusu olaraq qalacaq. Yalnız işğaldan azad olunan Qarabağı tərənnüm
motivi dəyişə bilər.
...Durna
obrazı tarixən ədəbiyyatımızda həsrət,
qəriblik ovqatı daşıyıb. Koroğlu
da kövrəlib dolanda, yurddan ayrı düşəndə
durnalara üz tutur, duyğularını, hisslərini
qatarlanan, qərib-qərib uçan, uzaq yollar kəsən
quşlarla bölüşür. Vidadi, Vaqif, Zakir... Vurğun... bu yol müasirlərimizə qədər
gəlib çatır. Elnur Qərari də könül
duyğularını durnalara əmanət edir:
"Siz
ey, səf düzülən durna qatarı,
Yenə yol almısız vətənə sarı.
Ziyarət eləyin qərib diyarı,
Bizim
el-obaya salam söyləyin!
Orda insan
ömrü sanki nağılmış,
Ellərin
harayı-hayı boğulmuş,
Həyəti-bacası
uçub dağılmış,
Doğma
yurd-yuvaya salam söyləyin!
Uçun
dərəsindən, aşın dağından,
Yaşıl
çəmənindən, gül yaylağından,
İçib
alagözlü buz bulağından,
Torpağa,
havaya salam söyləyin!"
Göndərilən
salam durnalara əmanət olunan şair
ürəyidir. Bu yaralı ürək məlhəmini
o yerinə yetən salamla tapa, ovuna bilər. Bəzən deyirlər ki, müasir ədəbi gəncliyi
Qarabağ düşündürmür. Amma
Elnur Qərarini oxuduqca inanırsan ki, nəinki
düşündürmür, o eləcə Qarabağla nəfəs
alır, Qarabağla yaşayır. Hər
vəchlə doğma yerlərlə əlaqəni kəsmir.
Lap ümid bir durnadan göndərilən salama qalıbsa, bu da
az deyil. Əslində, ədəbi
sözümüzün Qarabağ savaşı
üçün ən birinci missiyası yaddaşı,
Qarabağ yaddaşını hifz etməkdir. İndiki halda biz hələ Qarabağı itirməmişik.
Çünki yaddaşımızda Qarabağ
canlı olaraq yaşayır. Nə vaxt
yaddaş Qarabağdan imtina edəcəkcə, onda
Qarabağı itirmiş olacağıq. Bu
mücadilədə sözün savaş gücü əsasdır.
Elnur kimi ədəbi gəncliyin öz həmyaşıdlarına
dedikləri isə xüsusi əhəmiyyət kəsb edir.
Elnur Qərarinin poetik
yaradıcılığı elə həm də
Qarabağın poetik xəritəsidir. Bu xəritədə
görünənlər bizi kədərləndirə, lap
ağlada bilər. Ancaq şair yalan ovqat
üçün süni şadlıq ladlarından istifadə
etmir. Mövcud mənzərəni
olduğu kimi, qəlbimizi yaralasa belə, ən kəskin
ağrı ilə verir.
(ardı var)
Ədalət 2017.- 10 avqust.- S.4.