Atəşpərəstlik tanrı panteonu
«Avesta»da Ahur-Məzd Zaratuştrun əsas ilhamvericisi, hamisi və həmsöhbətidir. Ahur-Məzd – atəşpərəstliyin baş tanrısıdır, sözün hərfi mənası «müdrik yaradıcı» deməkdir. Müraciətlərdə qısa şəkildə də yazılır: Məzda. «Müqəddəs ruh» mənasını verən «Manyu-Spenişt» də onun adlarından biridir. Çox-çox sonrakı dövrlərdə klassik fars epik şeirində «Ormuzd/Hörmüz» şəklinə düşüb. Onu dünyanın vahid yaradıcısı və insanlığın qoruyucusu hesab edirlər. N.V.Porublev yazır ki, «Zaratuştrun görüşlərini hansı şəkildə yozsaq da, monoteizmi göz qabağındadır; o, bir Xeyir Allahının mövcudluğuna inanır və əmindir ki, Ahur-Məzd gec-tez Şəri də öz iradəsinə tabe edəcək». Bir əsas həqiqi tanrı mövcuddur, o da ədalətin, xeyirxahlığın keşiyində duran Ahur-Məzddir. Lakin atəşpərəstlər bel bağlamasalar da, şər ruhların mənbəyi Anhro-Manyunun da gücünə inanırlar. Buna baxmayaraq P.Bentli yazırdı ki, «atəşpərəstliyin banisi peyğəmbər Zoroastr (Zaratuştr) yerin-göyün yaradıcısı, qanuniliyin, dünya hakimliyinin, ictimai əxlaqın mənbəyi Ahur-Məzdi düzlüyün, ədalətin etalonu kimi vahid Allah elan etmişdi». Ümumiyyətlə, tanrıların və bütün varlıqların - yaradıcısı Ahur-Məzdin ətrafında toplaşan ilahi qüvvələri üç qrupda sistemləşdirirlər:
Göy qatı ilə bağlanan birinci tanrılar qrupu Ameşa-Spentadır (Ölümsüz müqəddəslər). Bu, «Avesta»da Ahur-Məzdin - Müqəddəs ruhun (Spenta-Maiyu) köməkliyi ilə bütün varlıqlardan öncə yaratdığı altı şüasının – köməkçisinin özü ilə birliyinə (yeddilik) verilən ümumi addır. Ali ilahi yeddilik Zaratuştrun yozumunda sadəcə olaraq yeddi «Ölümsüz Müqəddəslər» – «Ameşa Spenta» deyildi, həm də Ahur-Məzdin xeyirxah xüsusiyyətlərinin alleqorikləşdirilməsi idi. Onun keyfiyyətinin altı şöləsi – gətirən düşüncələr, həqiqət (düzlük), hökmranlıq, hakimiyyət (ilahi), möminlik, bütövlük (sağlamlıq, rifah) və ölümsüzlük - uyğun olaraq altı əsas ilkin varlıqlarla (ünsürlərlə) əlaqələndirilirdi: mal-qara, od, metal, torpaq, su və bitki.
Struktur baxımından eyni halla Oğuz-türk tanrı panteonunda da rastlaşırıq. Ahur-Məzd 6 şüası ilə birlikdə dünyanın bütün maddi tərəflərini – formalaşdırdığı kimi Oğuz da 6 oğlu ilə eyni funksiyanı (göyün və yerin əsas elementlərini yaradır) yerinə yetirir. Hər iki mifik dünya modelinin başlanğıc mərhələsinin sxeminə nəzər salsaq görərik ki, onların kökü eynidir.
İkinci qrup tanrılar yazatlar silsiləsidir. Bunların sırasında ən
hörmətlisi və ehtiram bəsləniləni Mitrdir (orta fars dilində «Mihr» şəklinə
düşmüşdür). Ona həsr olunan yəştlər
(himnlər) əsasında mövqeyini müəyyənləşdirmək
mümkündür. Məsələn, «Avesta»nın 10.1 yəştində göstərilir.
«Ahur-Məzd Spitam-Zaratuştra dedi: «Mən geniş
otlaqların sahibi Mitri yaradanda elə etdim ki, özüm tək
tərifə və ehrama layiq tutulsun».
Qaranlıq aləmin təmsilçiləri. Anhro-Manyu - hərfi
tərcüməsi «şər ruh» deməkdir, Ahur-Məzdin
qardaşı, əbədi rəqibidir, həqiqətin və
dünyadakı bütün uğurların, xöşbəxtliklərin
düşməni, soyuğun, zülmətin təmsilçisidir.
Daim Xeyirlə mübarizə mövqeyində
durur və böyük orduya, Ahur-Məzdin gücünə bərabər
tutulan tərəfdarlara malikdir. Atəşpərəstlik
inancında hər bir şər ruhun dəqiq yeri müəyyənləşib
və müvafiq xeyir varlıqla qarşı-qarşıya
qoyulub. Onlar xeyirin təmsilçilərinə
üstün də gəlmiş, hətta bəzilərini
aradan götürə (ilk insan Kəymərdin
ölümünə səbəb olduqları kimi) biliblər.
Müharibənin qanunlarına uyğun şəkildə
özləri də həlak ediliblər.
Dev, əjdaha və pəri Azərbaycan folklorunun epik ənənəsində
işlənən ən aparıcı antoqonist mifoloji
obrazlardır.
Nəhəng, qüvvətli, eybəcər və
insanabənzər məxluqlar yeraltı aləmin sakinləri
kimi göstərilirlər. Onlar «Avesta» təsəvvürlərində
olduğu tək dərin quyuların dibindəki üç otaqlı
(«Avesta»da yeraltı üç qatda) mağaralarda
yaşayırlar. Yeraltı mağaralar
Anhro-Manyunun yaratdığı yer qatlarına uyğun şəkildə
elə qurulur ki, zəncirvari formada bir-biri ilə sıx əlaqələnə
bilsin. Birinci və ikinciyə baş
vurmadan birbaşa üçüncüyə, yaxud sonuncu -
qaranlıq aləmə keçmək
mümkünsüzdür. Yalnız ilk otağın
sakini – «şər sözlərin» yayıcısını
aradan qaldırılmaqla «şər fikirlərin» mənzilinə
yol açılır, eləcə də ikincinin məhvi ilə
«şər əməllər» sahibinin yanına getmək
imkanı yaranır. Bu üç mərhələ
keçildikdən sonra Qaranlıq, ya da İşıqlı
dünyalara çıxış üçün vəsiqə
əldə edilir. Lakin Bəxt ulduzu Şərin
əsas daşıyıcılarını (şər
sözü, şər fikri və şər əməli)
aradan götürən demiurqa Yer altında
qaldığına görə göyün dərinliklərindən
himayədarlıq edə bilmir. Çünki
İşıqlı dünyanın sakral qüvvələri
aşağı qatda nələr baş verdiyinin fərqinə
varmırlar, orada ancaq şər meydan sulayır. Ona görə də dərin quyulara düşənin
atdığı hər addım
ölçülüb-biçilməlidir. İlk növbədə, Yer sakininin
qarşısında duran əsas şərt ondan ibarət olur
ki, rastlaşacağı iki bir-biri ilə kəllələşən
qoçdan birinin belinə minəndə şansını əldən
verməsin. Əks halda şərin beşiyinə –
Anhro-Manyunun əbədi qaranlıq mənzilinə düşəcək...
Diqqət yetirin, «Avesta» təsəvvürlərində
Şərlə Xeyirin təmsilçiləri ancaq yer
üzündə – İşıqlı dünyada bir-biri ilə
vuruşurlar. Mifoloji mətndə isə
Ağ Qoçla (İşıqlı dünyanın bələdçisi)
Qara Qoç (Qaranlıq aləmin bələdçisi)
yeraltında daim döyüş vəziyyətindədir.
Hər ikisi çalışır ki, insanı
öz belinə mindirib xidmət etdiyi ilahi qüvvənin
ölkəsinə aparsın. Seçimlə
üzləşən mədəni qəhrəman
torpağı eşə-eşə, daim fırlana-fırlana
bir göz qırpımında ötüb keçən
qoçların ağını qarasından
ayırmağı bacarmalıdır və elə bir məqamı
tutmalıdır ki, Ağ Qoçun belinə sıçraya
bilsin. Lakin Yeraltı aləmdə Ahur-Məzd
tərəfdarlarının bəxtinin gətirməməsi təbiidir.
İşıqlı aləmin sakini üç
mağaradakı üç nəhəng devi
ağlı, gücü və xeyirxahlığı ilə
öldürmüşdü, ona bu işdə yerüstü
dünyadan gətirilən gözəllər yardım
etmişdilər. O, yeraltı keçiddə isə təkdir,
tanrısından uzaqdır, ona görə də Qara Qoça
tuş gəlir. Bu, əslində atəşpərəstlik
mifoloji sistemə əsaslanan qanunauyğun hal idi. Bu motiv, demək olar ki, əksər
nağıllarımızda özünə yer alıb.
Ən xarakterik nümunə isə hələ XIX əsrin II
yarısında Azərbaycanda yazıya alınıb rus mətbuatında
dərc olunan «Məlikməmməd»dir. Y.V.Çəmənzəminli
80 il əvvəl yazdığı məqalələrində əsaslı
şəkildə göstərirdi ki, «Məlikməmməd»
nağılı başdan-ayağa zoroastriya görüşləri
ilə yoğrulub.
Mifoloji mətnin nüvəsində «Avesta»dakı Yim
haqqındakı mifin bəzi detalları dayanır. İnsanın
qocalığa və ölümə qarşı mübarizəsinin
bünövrəsi ilkin görüşlərdə
qoyulmuşdur. İlk növbədə,
yüksək əxlaqa malik olmaqla və tanrıların
yasaqlarını yerinə yetirməklə çox
yaşamağın, gümrah və sağlam qalmağın
yollarını arayıblar. Yimin ölkəsində
şər əməllər törətməyən
bütün insanlar 15 yaşlı görünürdülər.
Saf təbiətli, ilıq, işıqlı, bərəkətli
Xeyir məkanında möcüzəli Naara ağacı
yetişirdi, onun meyvəsi qocaları cavanlaşdırıb 15
yaşına çatdırırdı. «Məlikməmməd»
nağılı da analoji epizodla başlanır, lakin həmin
sehirli bitki alma şəklinə
düşür və bir padşahın bağında
yetişir. İşıqlı dünyada Yimin «qızıl
dövrü»ndən qalan yeganə nişanənin insanları
dəyişdirməsi (gəncləşdirməsi) ilə
razılaşmayan yeraltı aləmin sakinləri – devlər
ildə bir dəfə alma yetişən
anda gecənin qaranlığından faydalanıb bağa gəlir
və qeyri-adi meyvəni dərib özləri ilə
aparırdılar. Təkcə padşahın
kiçik oğlu Məlikməmməd onları təqib edib
qızmar quyuya enməklə Zaratuştrun
başladığı mübarizəni şərin öz
ölkəsində davam etdirir. Burada
göstərilir ki, devlər işıq aşiqləridirlər,
ona görə də yer üzünün ən gözəl
qızlarını (onlar işığı
simvollaşdırırlar) qaçırıb öz
yanlarında saxlayırlar. Ancaq devlərin
gündüzlər quyudan çıxıb Günəşə
baxmağa heç vaxt cəsarətləri
çatmırdı.
Anhro-Manyu şər məxluqları insan şəklində
yaradanda bir şeydən ehtiyatlanmışdı və bu səbəbdən
də devlərin canını özlərindən
çox-çox uzaqda yerləşdirmişdi. O, elə zənn etmişdi
ki, devlər öz bədənlərində ürəyə (cana) sahib olsalar, haqq, ədalət
qarşısında təslim vəziyyətinə düşər,
gözəllikləri görüb xoş duyğulara uyar, nəticədə
insanlarla birləşərdilər. «Məlikməmməd»də
də göstərilir ki, devlərin canı bədənlərində
deyil, başqa məkandadır. Məhz Məlikməmməd
işıqlı aləmin nümayəndələri – əsir
qızların məsləhəti ilə bir ağacın
(Şər tanrısı bilir ki, canı yer altında qoruyub
saxlamaq çətindir, ona görə də
yaratdığı məxluqların yaşarlıq
gücünü gecələr aparıb yer üstündəki
ağaclarda gizlədir) başında gizlədilən
şüşəni tapıb sındırır, içindəki
quşu tutub öldürməklə devlərin canını
alır. Bu, əslində bütpərəstlik
dövrünün təsəvvürləri idi. Çünki büt-tanrıların da ruhu – canı
həmişə kənar varlıqlarda (ağaclarda, göllərdə
və s.) göstərilir. Təsadüfi
deyil ki, «Avesta»da da devlər əvvəlki inancların büt-tanrıları
kimi xatırlanır və onların ancaq şərə xidmət
etdiyi ona görə geniş vurğulanır ki, insanlar
köhnə dinlərdən əl çəkib Ahur-Məzdin ətrafında
birləşsinlər. Bu mənada müqəddəs
«Kitab»ın «Vəndidat» hissəsi «Devlər əleyhinə
qanun» adlanır.
Atəşpərəstlik görüşlərindən
fərqli olaraq Azərbaycan epik ənənəsində devlərə
ikili münasibət mövcuddur. Bəzi hallarda onlar
xeyirxahlıq edirlər. Hətta
«İbrahimin nağılı»nda qəhrəmanın devlərlə
qan qohumluğuna işarəyə rast gəlirik. Bu onu göstərir ki, dev obrazı Azərbaycan
poetik düşüncəsinə zoroastrizmdən qabaqkı
inancların qalıqları kimi düşüb və bədiilik
ünsürünə çevrilib.
Pəri obrazında da eyni halla rastlaşırıq. Onlar çox
vaxt tanrının elçiləri tək xatırlanırlar.
Quş (göyərçin), bəzən də
heyvan (ceyran) cildində çay sahillərinə və bulaq
başına enirlər. Cildlərini əyinlərindən
çıxardan kimi gözəl qıza çevrilir və
lüt-üryan suda çimməyə başlayırlar.
Pərilərin cildlərini ələ
keçirməklə bir neçə istəyə çatmaq
mümkündür. Çünki onlar suda
çılpaq qalmasınlar deyə, bir sıra fövqəltəbii
işləri yerinə yetirməyə razılaşır və
hətta başqalarının sirlərini
açıqlayırlar. Belə pəri-insan
qarşıdurması qurbansız ötüşür. Lakin yer sakinlərindən ziyan gördükləri
halda pərilər dəhşətli fəlakətlər
törədirlər. «Kitabi-Dədə
Qorqud»da Sarı çoban kimsəsiz yerdə bir pəri
qıza rast gəlir, ona təcavüz edir. Bunun nəticəsində qəddar, adamcıl Təpəgöz
doğulur, saatla, günlə böyüyən qeyri-normal məxluq
el içində yağ-balla bəslənməsinə
baxmayaraq insanlara – öz qan qohumlarına qənim kəsilir,
say-seçmə igidlərin ölümünə bais olur.
Ramazan Qafarlı
filologiya üzrə
elmlər doktoru,
professor
Xalq cəbhəsi $g 2017.- 11
avqust.-S.14.