HƏR GÜN XATIRLANAN İNSAN

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Azərbaycan tarixinin böyük şəxsiyyətlərindən biri də dünya şöhrətli alimimiz Xudu Məmmədovdu. Onun elmə gətirdiyi yeniliklər Azərbaycanın tanınma coğrafiyasını kifayət qədər böyütmüşdü. Bu böyük insanın həyatı da, yaradıcılığı da, şəxsiyyəti , hətta insanlara münasibəti bütünlüklə səmimiyyət zəhmət üzərində qurulmuşdu. Ona görə Xudu Məmmədovdan söz düşəndə hər kəs onu xoş bir ovqatla xatırlayır. Üstəlik, bu xatırlama həm Xudu müəllimlə bağlı xatirələri çözələyir. Bax elə biz o xatirələrin izinə düşüb Xudulu günlərə dönürük.

Deməli, günlərin birində Xudu müəllim xəstələnir xəstəxanada yatası olur. Həkimlər Xudu müəllimə qayğıdan irəli gələn bir münasibət göstərərək yanına heç kəsi buraxmırlar.

Tanınmış ziyalı, hörmətli alim Rafiq Əliyev Xudu müəllimlə görüş ala bilmədiyindən kiçik bir kağıza ürək sözlərini yazır Xudu müəllimə çatdırır. Rafiq müəllim yazmışdı: "Xudu, darıxma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq..."

Xudu müəllim həmin kağızın əks tərəfinə belə bir cavab yazmışdır: "Rafiq, təsəllinə görə çox sağ ol! Mən onsuz da bilirəm ki, başıma gələn başıma gələcəklərin ən pisi deyil..."

***

Xudu müəllim sonsuz məhəbbətlə təbiətə vurğun idi. Təbiətlə ən çox təmas isə kənddə, yaylaqlarda olmaqla mümkün idi. Odur ki, Xudu müəllim oğlu Toğrulu Mərziliyə göndərər yay aylarında özü ilə Dəlidağ yaylaqlarına aparardı. Toğrulun uşaq olduğu vaxtlarda Xudu müəllimlə rastlaşan sabiq tələbələrindən Sülhəddin müəllim (fəlsəfə elmləri doktoru, professor Sülhəddin Xəlilov) hal-əhvaldan sonra Toğrulu soruşur. Xudu müəllim deyir ki, göndərmişəm kəndə, qoy kənddə yaşasın, kəndi, təbiəti duysun. Əvvəllər kəndə gedib-gələndən sonra bilirsən uşaq dedi? Dedi ki, mən elə böyümək istəyirəm ki, əlim göydəki buludlara çatsın. Amma şəhər uşağı səma əvəzinə deyir ki, böyüyüm əlim tavana çatsın.

 

***

80-ci illərdə Xudu müəllim, Zeynal Məmmədov, jurnalist Telman Mehdixanlı bir çox digər qonaqlar Abdal sanatoriyasında olduqları vaxt ətrafa göz gəzdirən Xudu müəllim: "Qarabağımız cənnətdir, onun qədir-qiymətini bilməliyik" - deyir. Elə bu vaxt kimsə radionu açır. Ətrafa tanınmış xanəndə Səxavət Məmmədovun oxuduğu "Apardı sellər Saranı" mahnısının xoş sədaları yayılır. Yenə Xudu müəllim dillənir, qonaqlara üzünü tutub deyir ki, əlbəttə, cənnətdə bülbüllər cəh-cəh vurar.

***

Yay aylarında Xudu müəllimi dostları daha çox Dəlidağda, təbiətin gözəlliklərdən yaratdığı möcüzələr diyarında tapmaq olardı. Bir dəfə Novruzlu Səlim müəllim Xudu müəllimin oğlu Toğrulla birlikdə Dəlidağda olduğunu eşidir onların görüşünə gedir. Toğrul qayalığın təhlükəli yerinə yaxınlaşanda Xudu müəllim ona müraciət edir ki, ehtiyatlı olsun.

Bu zaman Səlim müəllim deyir ki, yəqin uşaq rusdilli məktəbdə təhsil alır.

Xudu müəllim cavabında deyir:

-Yox, Səlim müəllim, elə demə, biz ziyalılara yaraşmaz ki, elə bir görək. Onda dilimizi, mədəniyyətimizi, milliyyətimizi kim qoruyar. İndi Toğrul V sinifdə oxuyur. Ancaq bəzi hekayələri rus dilindən tərcümə etməyi bacarır...

 

***

Xudu müəllimin dünya ədəbiyyatı ilə yaxından tanışlığını hər kəs bilirdi. O, ədəbi məclislərdə həvəslə iştirak edərdi. Bir gün yetirmələrindən olan Kəlbəcərli Elman Mövsümovla birlikdə dəvət olunduğu Nizami Gəncəvinin yubiley gecəsinə gedirlər. Xudu müəllimə söz verilir. Sözünə giriş verdikdən sonra Xudu müəllim ədəbiyyatşünasların marağına səbəb olan faciə janrını təhlil edərək deyir ki, faciə əsərlərində faciəni yaradan mənfi obrazlar olmalıdır. Məsələn, məşhur "Romeo Culyetta" məhəbbət faciəsində Romeonun atası mənfi, Culettanın valideynləri mənfi faciəni törədən obrazlar olub, oxucunun nifrətini qazanırlar. Şərq faciəsinin yüksək nümunəsi olan "Leyli Məcnun" faciəsində mənfi obraz yoxdur. Görün dahi Nizami bütün müsbət obrazlar vasitəsilə faciə yaratmışdır.

Kiminsə Leylinin atasının iki sevgilini bir-birindən ayırmasına görə mənfi obraz olduğunu bildirəndə Xudu müəllim sözünə davam edərək əlavə edir ki, Məcnun eşq yolunda dəli-divanə idi, səhralara üz tutmuşdu. İnsanlardan qaçır vəhşi heyvanlarla birgə yaşayırdı. İndi soruşuram, hansı birimiz istəkli qızımızı bir dəli oğlana verərik? Odur ki, Leylinin atası müsbət obraza çevrilir. İbn Salam mənfi obraz kimi Məcnuna qarşı qoşun yeridir. Ancaq görəndə ki, Məcnunun qoşunu məğlub olur, keçir Məcnun tərəfdən vuruşmağa, müsbət obraza çevirilir... Budur bizim Nizami.

 

***

Xudu müəllimin iştirakçısı olduğu söhbətlərin birində həmsöhbətlər totalitarizmdən, inzibatçılıqdan danışırlar. Sovet hökumətinin Stalin dövründəki zorakılığın söhbəti düşəndə Xudu müəllim anladır ki, hərdən zora vərdiş edən xalqlarda bu vərdiş, qəribə olsa da, sevgi həddinə çatır.

 

***

80-ci illərin ortalarında Xudu müəllim, Bəxtiyar Vahabzadə aspirant Hüseynalı Hüseynovun iştirakşısı olduğu bir söhbət zamanı yenə Türkiyədən söz düşür. Söhbət zamanı Bəxtiyar müəllim Xudu müəllimin Türkiyəyə, türkçülüyə sevgisinin dərinliyinin, səmimiliyinin bir daha hansı səviyyədə olduğunu hiss edərək məsləhət görür ki, ay Xudu müəllim, gəl səni Türkiyəyə aparım. Xudu müəllim cavabında "yox, ay Bəxtiyar, mən getmək istəmirəm, çünki uzun illər qəlbimdə özgə bir Türkiyə bəsləmişəm," - deyir.

 

***

Xudu müəllimin dünyasını dəyişməsi xəbərini Xudusevərlərin hər birinin hansı emosionallıqla qarşılamasından söhbət gedərkən Xudu müəllimin layiqli yetirmələrindən olan Hüseynalı Hüseynov Xudu müəllimə səmimiyyəti ilə seçilənlərdən biri olan şair Tofiq Bayramın adını çəkdi. Dedi ki, onun Xudu müəllimə xüsusi rəğbəti vardı. Xudu müəllim onun kitablarına rəy vermişdi... Yadımdadır, Xudu müəllimin dəfn gününün səhəri gördüm ki, Tofiq Bayram yas yerinə gəlmək üçün binanın blokunun girişində təkcə, əlində əsa (özü o zaman xəstə idi), barmaqları arasında siqaret, çox qəmli görkəmdə mənim heç zaman təsəvvür etməyəcəyim halda için-için ağlayır. Onun Xudu müəllimə olan bu münasibəti Tofiq Bayramın bütün insanlığını canlandırdı gözlərim önündə.

 

***

Şair Bəxtiyar Vahabzadə Xudu müəllim haqqında olan söhbətlərinin birində vaxtilə olmuş bir maraqlı məqamı belə xatırlayaraq danışırdı ki, Məmməd Araza Dövlət mükafatı verilmişdi. Bu münasibətlə müxtəlif sənət, peşə adamlarından, alim, şair yazıçılardan müsahibələr alırdılar, verilişlər hazırlayırdılar. Bu barədə Xudu müəllimə müraciət edildi. Xudu müəllim razılıq verdi çıxışında bildirdi ki, bu mükafat Məmməd Araza verilməklə hörmətə mindi...

 

(ardı gələn sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət  2017.- 15 avqust.- S.3.