MƏMMƏD ARAZ: SƏMƏD VURĞUNLA SÖHBƏT

 

(60 illik yubiley günündə)

 

Bağışlasın məni bəzi oratorlar,

Bu gecəyə bir azacıq əlavəm var.

Mən şerin xidmətçisi,

Mən şerin yiyəsiyəm.

Var sözümü bir məzarın

Qulağına deyəsiyəm:

Tərif, tərif səhnə dolu-yetməz sona!

Alqış, alqış! Az qaldı ki, tavan sına!

Sən gəlmədin bu axşama, səsin gəldi,

Səsin əzəl qulağıma həzin gəldi,

Sonra bir az nəfəsinə qüvvət gəldi,

Çox xəbislər elə bildi Səməd gəldi:

Ön sırada titrədilər, Ön sırada büdrədilər.

Lent qurtardı, nəfəs dərib, "ox"- dedilər...

Çox "vəfalı dostlar"ın da O gecədə yoxdu ancaq;

Bilirdilər Səməd bir Məruzəçi olmayacaq.

Fəqət mənim deyəcəyim bunlar deyil.

Sənə məchul həqiqətdən sənə deyim:

Səndən sonra səni bir az silkələdik,

Çox aradıq, çox çevirdik, çox ələdik.

Böyüklərin faciəsi böyük olur.

Böyüklərin nöqsanları

Çiyinlərdən çətin enən bir yük olur.

Sağ olsaydın çox nidalı sətrini sən,

Çırpıb yerə, ayaqlardın.

Biz saxlayan çox şeyləri

Az güman ki, sən saxlardın.

Sənin sənət dəftərində Bunlar kiçik nöqtələrdi.

Bunlar çoxu möhürlənmiş diqtələrdi.

Şöhrətinə qibtəkar da

Bu "təftişi" saldı səsə: Sevincindən az qaldı ki,

Övladını qurban kəsə,Bəzisi üzdə sənin tərifini dil-dil ötdü,

Daldadasa, sağlığında min yol sənə dahi deyən,

Öz kölgəndə yallanaraq zingildəyən

Nankorları sapand etdi.

Səndən sonra Şerimizin xəritəsi təzələşib,

Ona yeni şer adlı çox şəhərlər, kəndlər düşüb,

Yeni-yeni çaylar, göllər, bəndlər düşüb.

Hələ tədqiq olunmamış dərdlər düşüb.

Yeni dağlar, dağ zirvəsi yoxdur hələ,

Yeni tənqid zəlzələsi yoxdur hələ.

Səndən sonra tənqid bir az yuxalıbdır.

Yaxşı-pisin çəki daşı yoxalıbdır.

Səndən sonra Şerimizə təzə-təzə yollar gəlib,

Bəzən isə Şerimizə qol olmayan qollar gəlib.

Səndən sonra cavanlara vədlər artıb,

Vədlərin iki misli sədlər artıb.

Bəziləri gözündə bu salxımlanan həqiqətə gözü kordur.

Bəzisi Çəkişmələr konsertinə dirijordur...

gizlədim, həqiqəti şax deməyin,

Doğru sözün "səni" çatmır.

Atmacalar gülləmizin "səni" çatmır,

Səndən sonra Görüşlərin hərarəti sənsizləşib,

Kürsülərin cəsarəti sənsizləşib,

Ağsaqqallar səxavəti sənsizləşib!...

Mən saymadım sənsizləşib daha nələr,

Axı niyə sənsizliyi gizlədələr!...

 

1966

 

Ədalət  2017.- 15 avqust.- S.2.