"BAĞIŞLA"

 

İradə Aytel, sən də imkanın varsa kitabın barəsində

fikirlərimi gec bölüşdüyüm üçün məni bağışla

 

Bəri başdan deyim ki, az qala iki ilə yaxındı ki, indi barəsində danışağacım kitab mənim yazı stolumun üzərindədi. Əslində o bir kitab deyil, iki kitabdı - biri şeirlərdi, biri nəsr əsərləri. Amma ikisinin də müəllifi İradədi, yəni İradə Aytel. Yəqin ki, bu imzanı "Ədalət"in oxucuları unutmayıblar. Çünki onun "Ədalət"in səhifələrində imzası zaman-zaman görünür - həm şeirləri, həm də publisist yazıları ilə. Digər tərəfdən İradə xanım həm də elektron mediada cəsarətli fikirləri ilə öz sözünü oxucusuna, dinləyicisinə çatdırır. Bütün bu dediklərimin əsas məramı İradə Ayteli "Ədalət"i oxuyanlara xatırlatmaq idi. İndi isə keçək mətləbə, yəni "Bağışla"dan danışaq.

Düzünü deyim ki, kitabın adı insanda müəyyən fikirlər oyadır. Kimin kimdən bağışlanmaq istəyi, nəyə görə bağışlanmaq? Və yaxıd da bağışlanmaq üçün qalan məsafə və s. və ilaxır. Bax, bu addan yapışıb İradə Aytelin söz dünyasının qapısını açıram. Amma yenə düzünü deyim ki, ilk şeir heç bağışlanmaq ovqatı yaratmır. Əksinə, bu şeirdəki ağrı-acı Xocalı ilə Fələstinin, İraqın, Suriyanın və s.nin müqayisəsi, mövzunun isə analar və müharibə olması da özü-özlüyündə bağışlanmanı ikinci plana keçirir. O yerə qədər ki, Xocalının qisası alınsın. Bax onda Aytelin yazdığı kimi:

 

Minlərlə güllə tuşlandı

Minlərlə oğula,

Əsgərə,

Şəhidə.

Minlərlə güllə dəydi

Minlərlə anaya!

Anaya!

Anaya!

- Allah özün saxla!

Deyən anaların sinəsində

Allah elə güllələndi ki

O analar dini unutdu,

Dili unutdu,

İrqi, milliyyəti unutdu

O analar dini lənətlədi

Dili lənətlədi,

İrqi, milliyyəti lənətlədi

Balam!

Balam!

Balam! - dedi.

 

Zənnimcə, şeirin sonluğu olan bu məqam bizim hər birimizdə təkcə Xocalı yaşantısını göz önünə gətirmək, onu köynəkdən keçirmək hissini aşılamadı. Əksinə, bizə anaların fəryadını sevgiyə çevirmək, sevincə çevirmək, qələbəyə çevirmək gücü verdi. həmin o gücdən, o zəfərdən sonra bağışlanmaq haqqında düşünməyə yalnız sağ qalanların haqqı olacaqdı. Elə İradənin şeiri bu fikrin alt qatını oxucu üçün düşünmə yeri kimi saxlayıbdı.

İradənin kitabında şeirlər düzümünə görə bir az fərqli sıralanıb. Bunu ona görə vurğulayıram ki, mən o şeirlərin arasında bir anlıq şaşqın qaldım. Çünki istər Musa Yaquba yazdığı, istər Cəlil Cavanşirə ünvanladığı şeirlərdə, istərsə öz yaşıdlarına yazdığı misralarda oxucu fərqli-fərqli ovqatlarla qarşılaşır. bu ovqatların içərisində tutaq ki, Musa Yaquba deyirsə:

 

Bu dünyanın qara daşı

Göyərmədi, Musa Yaqub!

Qara daşda

Qara gözlər xumar oldu.

Göy yeridi,

Yer əridi,

Qara daşa

Qara saçlar sığal çəkdi,

Qara daşda

Qara daş da qucaqlandı,

Günahlandı,

Savablandıg

Qara daşda bəyaz yallar

Yırğalandı,

Qorğalandı,

Göyər()di!

 

Bax, bu cür ovqatla yazılan şeirin dünyasından baxırsan, özünü dünya ilə haqq-hesaba hazırlayırsan birdən pəncərədən:

 

Qarşısında bir qələh şərab

Kül qabında

Kəsilmiş şam meşələrindəki

Ocaq yerinə bənzəyən siqaret

dənəsi

Deyirsən dərd veribdi sənə bu həvəsi

İndi damarlarında arağın qanı

Ciyərlərində siqaretin tamı

Deyirsən, bu iki dost dərddən alır adamı.

Biz çox fərqliyik!

Həm eyniyik!

Sən arağı içirsən

Mən dərdi.

Sən siqareti çəkirsən,

Mən dərdi.

 

Bax, pəncərədən baxıb gördüyümüz bu mənzərə Cəlil Cavanşirə məxsusdu. Təkcə Cəlilə yox, həm sözlə baş-başa qalan, sözünü ruhunun səsinə çevirən qələm adamlarının hamısına.

İradənin kitabında qadınlara, analara, xanımlara, bəylərə mesaj kimi qəbul edilə biləcək kifayət qədər fikirlər, misralar, şeirlər var. Onların hər birinin altını cızmaqla sizə təqdim edib yormaq istəmirəm. Amma bir oxucu kimi tutaq ki, "Sənə məktub yazıram" şeirinə laqeyd qala bilmirəm. İradə yazır ki:

 

Gecəm səhərə canlı,

Otağım qara donlu.

ruham, bir quş,

Yar yarı uçammıram.

 

Gözlərim qanlı...qanlı,

Xəyalım necə dolaş.

Xəyalım necə yönlü.

Xəyalımda azıram,

Sənə məktub yazıram.

 

Elə buradaca vurğulayım ki, şeirin dünyası şəxsən mənim yaşantılarımın bir növü güzgüdə əksidi. Bir az da dəqiq ifadə etsəm, mən digərləri məhz məktub yazanda həmin durumun içərisində oluruq. Ona görə :

Sənnən xəbər gözlədim,

Kirpiyə qaş düşəndə.

Quru-quru alışdım,

Araya yaş düşəndə.

 

Oxunnan çıxıb yayım,

Oxuma! yatıb toyum!

Ətaydı buta payım,

Yuxuma daş düşəndə.

 

Bu tale, yazı,

A baharım, ayazım?

Sən mənim alın yazım,

Alnıma qış düşəndə!

 

Oxucu yəqin ki, burda xalqdan gələn inancın poetik fikrə çevrilməsinin şahidi oldu. Yəni kirpiyə qaş düşməsinin yozumu el arasında məlumdu. Amma onun poetik fikrə çevrilməsini isə İradənin şeirində gördüm. növbəti şeirə elə həmin o ovqatla da üz tutdum.

 

Yalanım Sən, olanım Sən,

Doğrum Sən boyda, Sən boyda.

Məni məndə özü edən,

Oğrum Sən boyda, Sən boyda.

 

Qaldıqca suçum, gümanım,

Getsən, cannan çıxan ahım!

Yarıq, yarıq, qorxu-qorxu,

Bağrım Sən boyda, Sən boyda.

 

Dar günümdü, Dar ağacı,

Çək sinənə, Sənə köçüm,

Ürəyimin göynərtisi

Ağrım Sən boyda, Sən boyda.

 

Ümumiyyətlə, mən İradənin bu kitabında bizim oxucu süfrəmizə daxil olmuş şeirlərin bir damarını fərqli gördüm. O fərqli damar mənim düşüncəmə görə, oxucunu haldan-hala salır, yönəldir. Yəni bütövlükdə hər bir şeirin özü başqa bir şeirlə eyni məqamı, eyni yaşamı ifadə etmir. Sadəcə, bir kitabda qovuşublar, bir kitabda bir süfrə başına yığışıblar. Amma hər biri öz dilində, öz halındadı, öz ovqatındadı. Görünür elə buna görə kitabın adı "Bağışla"dı. Mən İradə xanıma "Bağışla"nın davamlı olmasını arzu edirəm.

 

Ədalət  2017.- 22 avqust.- S.4.