QOBUSTAN DÜNYASI

 

 (Poema)

 

Torpaqda, daşda da yaşayır insan,

Bir para torpağı yarada bilmir.

Adıyla "Yaxşı-pis" daşıyır insan,

Öz ömrü bitəcək harada, bilmir.

 

Yatır qərinələr daş yaddaşında,

Zaman xəlbirindən keçən haqq olur.

Bir şeytan əməli qalır başında,

O insan haqq işə bəd, nahaq olur.

 

Bu həyat göylərdən töhfədir yerə,

Hər kəsin payına bir ömür düşər.

Ağlının gözüylə yol gedir hərə,

Ağlın kölgəsində bərqərardı şər.

 

Hər insan ağlına bir göz istəməz,

Görməyən görənə gətirər pənah.

Allah verdiyinə əvəz istəməz,

İnsanlıq borcunu verməmək günah.

 

BİRİNCİ HİSSƏ

 

Daş, qaya yaddaşlı qədim Qobustan,

Sirlər, əfsanələr dolu bir dastan.

 

Keçib min illərin sərt yollarından,

Söz açır tarixin olaylarından.

 

Deyir: - Su basarkən bütün dünyanı,

Bu yerdən yan keçmiş dövrün tufanı.

 

Burda məskən salmış bəşər övladı,

Bu tarix onlardan miras qalmadı.

 

Hər daşı, qayası həyat simvolu,

Füsunkar aləmə aparır yolu.

 

Tayfalar, nəsillər köç edib burdan,

Yol açıb özünə sudan, qurudan.

 

Qobustan möcüzə, sirlər məkanı,

"Təkamül" bu yerdən alıb təkanı.

 

Saysız salnamələr, saysız şəkillər,

Danışır daşların diliylə illər.

 

Ötən zamanların izidir onlar,

Qədim insanların sözüdür onlar.

 

Bu yer mədəniyyət tariximizdir,

Qobustan soyumuz, varisimizdir.

 

İKİNCİ HİSSƏ

 

Bir gün nəsib oldu mənə səadət,

Bu qədim diyara etdim səyahət.

 

 

Gəzdim düzlərini, ormanlarını,

Gördüm dərəsini, yarğanlarını.

 

 

Açıldı qarşımda geniş mənzərə,

Sanki göydən enmiş bu daşlar yerə.

 

Hayana boylanıb baxdımsa burda,

Baxıb heyran oldum bu qədim yurda.

 

Bu daşlı, qayalı bəşər dastanı,

Olub insanların yaşam ostanı.

 

Burda həyat üçün çox əlləşiblər,

İnsanlar daşlaşıb, heykəlləşiblər.

 

Bunu sübut edir bu sal qayalar,

Dövri zamanlardan çox işarə var.

 

İşarə yazılar, daş kitabələr,

Nələr danışmayır bu daş namələr.

 

Keçib çox illərin qarlı qışından,

Boylanır tarixin daş yaddaşından.

 

Minlərlə rəsmlər, saysız naxışlar,

Fərqli düşüncələr, fərqli baxışlar.

 

Hər biri bir dövrün yadigarıdır,

Qobustan dünyanın ilk diyarıdır.

 

ÜÇÜNCÜ HİSSƏ

 

Dünyanın bu qədim insan məskəni,

Yaşadıb özündə neçə nəsnəni.

 

 

Bu daşlar, qayalar durub yan-yana,

Arxa, kömək olub daim insana.

 

Bu yer təbiətin şah əsəridir,

Qədim daş dövrünün daş şəhəridir.

 

Qaynar həyat olub bu yerdə bir vaxt,

Tarixdə neçə şah yaşadıb bu taxt.

 

Fəth edib insanlar qayalıqları,

Geniş düzənləri, ovalıqları.

 

Yaşayıb qayalıq mağaralarda,

Ov edib çöllərdə, uca dağlarda.

 

Qədim insanların əsas peşəsi,

Ovçuluq olubdur zövqü, nəşəsi.

 

Bu torpaq, bu yerlər min illər boyu,

Qanıyla, canıyla yaşadıb soyu.

 

Bu yeri kimlərsə hallandırıblar,

Öküzlər diyarı adlandırıblar.

 

Dərəli, yarğanlı, palçıqlı çöllər,

Dəyişib görkəmin ötdükcə illər .

 

Coğrafi relyefi yarımsəhralıq,

Alçaq təpəlikli , yalçın qayalıq.

 

Bəxş edib insana ən gözəl anlar.

Bol sulu otlaqlar, yaşıl ormanlar,

 

Buradır məkanı qədim çağların,

Dünya möcüzəsi yanardağların.

 

DÖRDÜNCÜ HİSSƏ

 

Dünyanın bu kiçik qədim guşəsi,

Özünə cəlb edir bu gün hər kəsi.

 

Tarixçi alimlər keçib bu yerdən,

Tarixə yeni don biçib bu yerdən.

 

Axışıb buraya təfsiratçılar.

Səyyah, arxeoloq, tədqiqatçılar,

 

Bir-bir öyrənilib bu sirli ostan,

Yazılıb haqqında tarixi dastan.

 

Ötdükcə zamanlar, illər, fəsillər,

Ayrılıb bu yerdən saysız nəsillər.

 

İnsanlar çoxalıb artdıqca burda,

Sığmayıb bu daşlı, qayalı yurda.

 

Yayılıb düzlərə, qalxıb dağlara,

Boylanıb dağlardan ötən çağlara.

 

Yeni yurd yerləri, ocaqlar qurub,

Bəşər tarixinə möhürün vurub.

 

BEŞİNCİ HİSSƏ

 

 

Yurduna sığmayan Qobustan əhli,

Həyat soraqladı daha fərəhli.

 

Artıb çoxaldıqca aşıb daşıblar,

Yol alıb dünyaya ayaq açıblar.

 

Gələcək nəsillər bilsinlər deyə,

Diqqətli oldular ötən hər şeyə.

 

Çılpaq qayaları qazıb oydular,

Saysız işarələr, izlər qoydular.

 

Qobular, yarğanlar dəyişib donun.

Qobustan təbii adıdır onun,

 

Daş, qaya mənzilli o qədim şəhər,

Yaşayır ömrünü bir özgə təhər.

 

Tarixi muzeydir, indi bu yerlər,

Onu qoruq kimi qoruyur ellər.

 

Tarixin bu qədim insan dünyası,

Ötən əyyamların olub aynası.

 

Zaman dəyişsə də bu gün tövrünü,

Əks edir bəşərin neçə dövrünü.

 

Alimlər bu yeri alaraq gözə,

Görünməz qatları çıxarıb üzə.

 

Göstərib dünyaya həqiqətləri,

Susdurub qaranlıq bəd niyyətləri.

 

Canlı şəhadətdir yanar dağları,

Bu yerdən başlayır " Odlar diyarı".

 

ALTINCI HİSSƏ

 

Qayıtdım yenidən qayalıqlara,

Boylandım bir daha o qaynaqlara.

 

Baxdıqca bürüdü məni heyranlıq,

Canlandı gözümdə daşlar bir anlıq.

 

Danışdı, dil açdı oyma rəsmlər,

Keçmişi əks edən ayna rəsmlər.

 

Bir zaman yumsa da həyat gözünü,

Təsvirlə yaşatmış insan özünü.

 

Qayalar üstündə mahir ovçu var,

Sukara sancılıb atılmış oxlar.

 

 

Əks olub, neçə növ heyvan zümrəsi,

Uyuyub daş üstə quşların səsi.

 

Balıqlar daşlaşıb bu daş dənizdə,

Toxtayıb vahimə, təlaş dənizdə.

 

Müxtəlif ölçülü çoxlu fiqurlar,

Sistemli şəkildə əks olunublar.

 

Hamıdan hündürdə günəş dayanır,

Aydın səmalardan yerə boylanır.

 

Hər şey düz ölçülüb, deyil təxmini,

Burada yaranıb günəş təqvimi.

 

Bütün görünənlər həyat rəmzidir,

Qədim əjdadların yaşam tərzidir.

 

Bu daş qalareya, rəsm sərgisi,

Hər biri bir əsər, hikmət dərgisi.

 

YEDDİNCİ HİSSƏ

 

Gəzdim heyranlıqla bu daş şəhəri,

Süzdüm qayaüstü rəsm-şirləri.

 

Könlümü ram etdi bu xoş mənzərə,

Bir addım yol imiş burdan "Xəzər"ə.

 

Arayıb tapsam da qədim izləri,

Dərk edə bilmədim çox "qəlizləri".

 

Açıldı qarşımda özgə mənzərə,

Baş vurdum neçə daş, soyuq mənzilə.

 

Mağara adlanan daşaltı evlər,

Yaranıb insandan çox-çox əvvəllər.

 

Bəlkə də bu yerdə xəlq olub insan,

Tapıb yaşamağa burada imkan.

 

Özünə yurd edib bu sərt yerləri,

İnsan əjdadının ilk nəsilləri.

 

 

Vəhşi təbiətlə durub üz-üzə,

Keçmişi yadigar qoyublar bizə.

 

Görünür izləri o dövranların,

Ömrü qayalarda ötən anların.

 

Çatılıb burada saysız ocaqlar,

Tüstüyə bürünüb ətrafda dağlar.

 

İnsanlar hər axşam tonqal yandırıb,

Zülmət gecələri işıqlandırıb.

 

Artıb çoxalıblar tayfa halında,

Qədim Qobustanın kahalarında.

 

Burda sığınmağa neçə qucaq var,

Çoxlu qaya altı dayanacaq var.

 

Ötüb qərinələr, neçə min illər,

Səsdən kəlmə doğub,yaranıb dillər.

 

Söhbətlər qızışıb tonqal başında,

Rəsmlər həkk olub qaya daşında.

 

Gecələr baxaraq aydın səmaya,

Nəğmələr qoşublar ulduza, aya.

 

Budur, əfsanəvi qaval daşları,

Döydükcə oyadır daş yaddaşları.

 

Dünya möcüzəsi, insan icadı,

Musiqi irsinin ulu əjdadı.

 

Bu qaval daşının ecazkar səsi,

Yolundan eyləyər ötən hər kəsi.

 

Sirri, müəmması çoxdur bu yerin,

Bir-bir üzə çıxır, " qazdıqca " dərin.

 

Sanki mədəniyyət məbədi olmuş,

Tarixdən bizlərə yadigar qalmış.

 

Qazıntı işləri gedib bu yerdə,

Dil açıb danışıb kurqan, qəbir də.

 

Əntiq nümunələr, saysız əşyalar,

Bir-bir aşkarlanıb miflər, xülyalar.

 

Qaranlıq tarixə işıq saçıblar,

Alimlər keçmişə yollar açıblar.

 

Çox olub bu yurdun "pərvanələri",

Dünyanı dolaşıb əfsanələri.

 

Bu yerdə çoxları məskun olublar,

Daşlara xatirə yazıb qoyublar.

 

Azıx mağarası qədim bir oda,

Bir vaxt əjdadımız yaşayıb orda.

 

Qobustan, tarixin canlı yaddaşı,

Dil açıb danışır qayası, daşı.

 

Dünyanın bu iki tarix nəhəngi,

Yurdumun qüruru, şöhrət çələngi.

 

Vətənə həsr edib igidlər canı,

Qanıyla yaşadıb Azərbaycanı.

 

SƏKKİZİNCİ HİSSƏ

 

Qobustan tarixin " ədəb ərkanı ",

Qobustan ölkəmin gözəl məkanı.

 

Yaşayır bu gün də öz adı ilə,

Açıb qucağını böyük bir elə.

 

Ayrıldım bu nadir daş incilərdən,

Doymadım tarixi düşüncələrdən.

 

EPİLOQ

Dağ olmaq istədim,bir qeyrət dağı,

Adlayıb üstündən aşmaq olmasın.

Ağappaq qar olsun qışda papağı,

Buludlar dərdinə yaşmaq olmasın.

 

İstədim bərkiyib qayalaşım mən,

Olub keçənləri sinəmə yazım.

Bir az nağıllaşım, röyalaşım mən,

Kedimdən gəlimə bir namə yazım.

 

Daşlaşım yurdumun sədd divarında,

Səngərlər, qalalar daşımdan olsun.

Xəyanət bitməsin dörd divarımda,

Ağrılar, bəlalar başımdan olsun.

 

Daş olmaq istədim bir xiyabana,

Üstündə nə məkan, nə ad yazılsın.

"Burda tuş gəlibdir yüz-yüz insana,

Şəhidlik, ölümsüz həyat", - yazılsın.

 

Daş olmaq istədim, bir "qaval" daşı,

Yenilməz igidlər gələ qarşıma,

Təmənna gözləməz haqqın yoldaşı,

Səs qatım qürurla zəfər marşına.

 

İstədim daş olum, bir Vətən daşı,

Durmayım heç kəsin boş ürəyində.

Başında sındırım yad atan daşı

Dərd olum şeytanın daş ürəyində.

 

Daş olmaq istədim,Qobustan daşı,

Ünvan - Azərbaycan, min illər - yaşı...

 

Şabran

 

Ədalət 2017.- 24 avqust.- S.4.