ÖYÜD

 

 (esse)

 

Prokuror Sabir Cəfərov xəstələnib. Niyə? Nədi dərdi?

Birinci katib, xalq hakimi, milis rəisi... Onu yaxından tanıyıb sevənlər, xoş, mülayim xasiyyətinə, ədəb-ərkanlı oturuşuna-duruşuna bələd olanlar inanmaq istəmirdilər bu xəbərə. Bilgəhdən bir həftə olmaz gəldiyi, işə qayıdıb. Vəzifəsinin icrasını davam elətdirir. İndi nə baş verib? olub ki, sapsağlam, heç zaman səhhətindən şikayətlənməyən, vücudunda zərrə qədər ağrı-sızıltı olmayan prokuror xəstələnib, yatağa düşsün? Bəlkə kurortda səhhətinə əks-təsir göstərən müalicə alıb? Ola bilər! Baməzə, şirin zarafatları ilə dostlara, heç dost olmayanlara da sataşan birinci katib Nağı Axundov zəng eləyib kef-əhvalını soruşur:

- Nə olub alə, eşitdim azarlamısan. Sənin dərdin hamımıza məlum, yəqin orda, Bilgəhdə bir gözələ aşiq olmusan, indi ayrı düşmüsən, xiffətini çəkirsən. Düzdü? Alə, o canan gecə yuxunu qaçırdır, hə? Düzdü, gizlətməli olan şeydi. Ötüb keçəcək.gNağı müəllim şaqqanaq çəkir və yenə məzəli atmacasından qalmır.

- Alə, mən bilirdim bu rayon xanımları bədbəxtdirlər, avaragordurlar, sənnn desən başlarını aşağı salıb, "hə, hə" eləyirlər... Haray şəhər gözəllərindən. Gündə bir dona girib ürəyini alırlar əllərinə, işvələri, nazı-qəmzəsi canın alır adamın. Bir də gördün küsdü, arxasınca sürüdü səni, bir də gördün havalandı, əlindən yapışıb, qaçdı qalın, görünməz meşəliyə, gizlənpaç oynamağa.g

- ...Sabir müəllim, unut o anları, - birinci katib sözünün axırında məsləhət görür, - necə bilirsən, tapşırım baş həkimə, qoy Bakıdan məşhur kordioloq Hənifə Abdullayevi çağırsın rayona sənə baxsın?

Prokuror razılıq eləyir:

-Yox, yox zəhmət çəkməyin... zənginizə görə sağ olun, Nağı müəllim, bir-iki günə çıxacam işə.

Təkcə qapıbir qonşu olduğu üçün deyil, həm də qanunların icrasına dövlət nəzarətçisi olmasına və haqq üçün aralarında heç zaman ciddi, sərt ixtilaf yaranmamasına rəğmən həyat yoldaşı ilə birlikdə milis rəisi Fazil Quliyev gəldi xəstəyə dəyməyə. Nahar fasiləsi olduğu üçün həmişəki kimi süfrə arxasında əyləşib, hər ikisini düşündürən, vəzifə səlahiyyətləri ilə əlaqəli məsləhətlərdən söhbətləşirdilər, bəzi "çp"ləri dilə gətirirdilər. Prokuror dedi:

-Mənə bax, Fazil müəllim, bakirə təbiət gözəlliklər hormoniyasıdır. Sıx ormanlar, əzəmətli dağlar, şiş uclu qayalar, balıq, çay, göl bunlar hamısı ruhumuza qanad verir, yaşamaq, işləmək həvəsimizi birə-beş artırır. Amma bizim hamımızın qəbul etməkdə çətin bir həqiqət var. Yer üzündə qadın gözəlliyinin tayı-bərabəri yoxdu. O gün "Yunost" radiosunu dinləyirdim. İrkutskdan Lena zəng vurub Moskvaya, anasına şad xəbər verir: "Bu gün mənim toyumdur, anacan, nə sözün var?" Ana xoşbəxtlik arzulayır və sonda "Qızım, unutma ki, bütün kişilər qadın gözəlliyinin əsiridir, ömrün boyu bəzən-düzən, sevgilinə gözəl görün" nəsihətini verir.

Bir ay bundan əvvəlin sözüdü. Yayın o cırhacır istisində qulağıma körpə uşaq səsi gəlir. Pəncərənin pərdəsini aralayıb küçəyə boylanıram. Yolun o tayında tut ağacının kölgəsində cavan qadın oturub, qucağındakı uşağı kiritmək, sakitləşdirmək istəyir. Çağırdım onu, görüm nə günahın sahibdir, cinayəti nədi?

Şikayətləndi, dedi:

-Kirov adına kolxozda sağıcı işləyirəm. Pirməmmədov məni gətizdirib bura, dünən də gəlmişdim, bu gün də.

-Neyləmisən, incidirlər səni kolxozda? Bəlkə ailədə, evdə giley-güzarr var? Kimdənsə narazısan? Döyüb-söyüblər səni?

-Yox, ay qardaş, müstəntiq deyir ki, ferma müdiri Salyandan gətirərkən qarışıq yemi yolda satıb. Sən dur onun üzünə izahat ver ki, Qasım oğrudur, fermanı dağıdır. Mən hardan bilim müdir neyniyir. Göydə, baş üstə Allah var. Yalandan necə dirənim Qasımın üzünə...g

Pirməmmədov hardadır? Evində, istirahətində! O gəlinə dedim:

-Qayıdın kəndə, bir də bura ayaq basmayın. Mənim əhvalımı göz önünə gətir, Fazil, axşam tamah dişi iti olan əclafı o ki, var məzəmmətlədim.

-Ay yoldaş, ay qardaş, - dedim, -neçə dəfə söhbətimiz olub, heç nəyin üstündə, ağızdan-ağıza gəzən söz-söhbəti əldə dəstəvüz eləyib istintaq aparmaq olmaz. Özün de, Pirməmmədov, iki gündü o sağıcını dəvət edirsən ki, ferma müdirinin üzünə dursun. Birdən o, sən deyəni anlamayıb, ağzını köndələn qoyub, hətərən-pətərən danışdı. Sonra kənddə bilirsən necə dava-dalaş olar? Yüz dəfə demişəm, prokurorluğa qadın, özü də uşaqlı ana dəvət eləməyin. Ana Allahdan sonra ən uca, müqəddəs varlıqdır. Anaya sevgi, məhəbbət hər bir müsəlman kişisinin qəlbində, ruhunda olmalıdır. Mənə bax, OBXS-in ötən il cinayət məsuliyyətinə cəlb elədiyi, cərimələdiyi şəxslərin 97 faizi qadınlardır. Soruşmaq lazımdır, yoldaş Həsənov, bilirsən bu rəqəm nə deyir? Sən niyə düşünmürsən: kimdi alverçi adlandırdığın o kəslər. Balalarının bir tikə çörəyini, əyin-başını təmin etmək üçün kolxoz bazarına çxıb kartof, soğan, alma, armud, yol qırağında günəbaxan tumları satanların, milis görəndə qaçıb gizlənən, ya da, 3-5 verib canların qurtaranların hamısı bizi dünyaya gətirən gözünün yağını əridə-əridə böyüdən, ev-eşik sahibi eləyən dul qalmış qadınlar deyilmi? Qulaq as. Məhəmməd Peyğəmbər (s) buyurub ki, cənnət ananın ayağı altındadır.

Xalqımız həmişə "Ana haqqı, Tanrı haqqı" söyləyib. Ulu babamız Dədə-Qorqud bütün dərdlərin məlhəmini ana südü-dağ çiçəyində görüb. Ana sevgisi, məhəbbəti yeri gələndə cəngavərlik tariximizə şöhrət gətirib.

Kimsənin kəlamıdır: Qadın qocaldıqda "Ağbirçək" adlanır. Bir evin, bir nəslin, bir obanın cavanları "Ağbirçək nənə" məsləhətindən bəhrələnib qadın-ana baş açıb, yaylıq atdığı yerdə gözü qanlı cavanlar belə qan tökməyib, yarağını qaytarıb qoyub yerinə.

Mən deyim, sən yadında saxla: Dahi Nizami anası Raisə xanımı, həyat yoldaşı Afaqı böyük məhəbbətlə təsvir etmiş, Nüşabənin simasında Azəri qadınının ağlı, gözəlliyi, tədbiri və mərdliyi ilə, dünyanı lərzəyə gətirən İskəndərdən yüksəkdə durduğunu göstərmişdir.

Nigar Koroğlunun gözəl, sədaqətli həyat yoldaşı olmaqla yanaşı, həm də ən yaxın məsləhətçisidir. Həcər qoçaqlıqda heç də Nəbidən geri qalmır.

Tarixə bax: 1774-cü ildə Çaldıran düzündə baş verən vuruşmada məğlub olan Fətəli xan Səlyana çəkilir. Düşmənin mühasirəyə aldığı Dərbəndin müdafiəsini xanın arvadı Tuti Bikə öz üzərinə götürür. H.Zərdabinin Hənifəsi, C.Məmmədquluzadənin Həmidəsi, Ə.Haqverdiyevin Tükəzbanı, N.Nərimanovun Gülsümü, Cavidin Müşgünazı, Müşviqin Dilbəri öz ərlərinin sadiq məsləhətdaşları olmuşlar.

Prokuror pauza verdi: "Mənə bax elə üyüdüb tökürəm, rəisi yubandırdım işinə". Niyə geciksin işinə, bəlkə gözləyəni var.

Ayağa qalxdı, əl uzatdı rəisə:

-Sən tələs şöbəyə, - dedi.

Axşamüstü F.Quliyev prokurorun işə çıxmaması səbəbini özü üçün aydınlaşdıra bilmədi. Üç gündü gəlib istirahətdən xəstələnib, nədi dərdi. Otaqdan dava-dərman qoxusu gəlmir. Stolun üstündə F.Dostoyevskinin "Cinayət və cəza", C.Əmirovun "Qara volqa" kitabları. Deyəsən mütaliəsindən qalmır. İşdə əsəbləşməsi haqqında nə dedi: "Bu Pirməmmədov, cəddi onun belini qırsın, katibdən üstümə sənəd göndərib ki, mən təsdiqləyim. İş getsin məhkəməyə, "Komsomol" kolxozunun sədri həbs olunsun. Çağırdım yanıma, - bu nədi a kişi, - dedim, - biz kimik raykomun xəbəri olmadan partiya üzvünü həbs eləyək? Demə irəliki axşam o kolxozun sədri ilə kiminsə toyunda düd deyincə içib, sonra toqquşublar. O sədrlə mərc gəlib ki, istəsəm damlayaram səni. Deyirəm a yoldaş, sən H.Mühəmmədin(s) səhabələrindən birisi, heç yaraşarmı ki, toyda araq içəsən? Camaat nə deyər. Necə baxar buna? Tükü də tərpənmədi.

Bilirsən də ay Fazil o əclaf kimə arxayındı. İndi böyük, vəzifəli yoldaşın qızı ilə evlənibsən deyə rayonda at oynatmalısan? Belə olmaz qardaş, özümü narahat hiss elədim, ürəyimin döyüntüsü gücləndi. Nəbzim gah sürətlənirdi, gah da bir anlıq dayanırdı. Bakıdakı həkim dostuma zəng elədim. Dedi aritmiyadı, get evə rahatlan, dincəl bir-iki gün. Sənə gərginlik yaşadan hadisəni unutmağa çalış".

Rəisin yaddaş cədvəlindən boy verdi, Zərdabda işlədiyi iki illik zaman kəsiyi. Prokuror Həsənov lovğa, təkəbbürlü, hamıya yuxarıdan baxan əclafın biriydi. Rayonda oğurluq, cinayət baş verən kimi, hadisə araşdırılmamış barmağını uzadırdı mənə "Sənin əməlindi, yığışdır özünü". Raykomun iclasında məni qoydurdu baqaja.

Bir dəfə sözümüz çəp gəldi. Bərk əsəbiləşdim, az qaldım liliputu salam təpiyimin altına, mənim müavinlərimə, sahə müvəkkilimə xoruz səsi eşitməyən söyüşlər verirdi. Cəfərov hara, Həsənov hara, bu kişi tərbiyəli, mərifətlidi. Ağzından hələ söyüş eşitməmişəm. Biliyi, bacarığı, hamıynan mehriban münasibəti Cəfərovun heç əlinə su tökməyə layiq deyil Həsənov! Göndərirlər Naxçıvana, tezbazar oldu. O əclaf qovuldu sistemdən. Haqq üçün Allah adamıdı Cəfərov, ən kritik momentdə belə milis işçilərinə qarşı kobud, acılı söz işlətməz. İndiyəcən qəfildən gəlib gepezeni yoxlamayıb bir dəfə də.

Sən demə humanist, yüksək əxlaqi dəyərlər göydəndüşmə deyilmiş, soykökdən, valideyn tərbiyəsindən qaynaqlanırmış. Demə o gün qonşudan oğurluq eləyən qadının sənədini təsdiqləyib həbs-qəti imkan tədbiri üçün məhkəməyə göndərməli imiş. Nə var burda qol çək, möhür vur və hər şeyi unut. Lakin bunu edə bilməzdi. Vicdanı dilə gəlib yaxasından yapışar, əzab verərdi ona. Qanı it qanına dönər, hamı ilə acıqlı danışardı. Gecə yuxusu ərşə çəkilərdi. Buna görə gərginlik yaşamadı. Xəstəlik adı ilə getdi evə. Qoy baş müstəntiq imzalasın sanksiyanı.

...Prokurorluğu təhvil alan günün səhərisi gəlir ata evinə, Masallının Şərəfə kəndinə. Darvazadan içəri daxil olan kimi duyğulanır, qəribə, özünə məxsus hisslər yaşanır iç dünyasında. Doğma ev, həyat-baca, uşaqlığı, gəncliyinin neçə ili burdadı. İstəyir hər şeyi, lap yelləncək düzəldib atılıb-düşdüyü armud ağacını da qucaqlayıb öpə.

Qapının açılmasını hiss etmir. Heydər kişi başı qarışıqdı. Odun doğrayır. Qabaqdan əli qılınclı çovğun, qar-şaxta-soyuq gəlir. Tədarük görmək, talvarın altına odun yığmaq lazımdır. Ayaq saxlayır. "Ay maşallah, canı suludur kişinin". Başını qaldıran Heydər inanmır gözlərinə. Baltanı kötüyün üstünə qoyub, irəli gəlir. Bay-bay bu kim ola?. Sabir! Balam yol azıb, bu anası göyçək? Bə demirsən hərdən gedim evə, qocalara baş çəkim... qucaqlaşıb öpüşürlər.

Keç içəri görüş ananla. Gəlirəm mən də. Ayaqlarının ucunda girir evə. Bu da anası. Oturub on taxtalıq tumanının üstündə əlində milçi, corab toxuyur. Yaxın gəlib, qucaqlayıb bağrına basır. Başında bircə dənə qara tük tapmazsan. Ağappaq çöhrəsində işıq var, nur var. Gözünü milçidən ayırıb baxır arvad. Bay-bay, bu ki, Sabirdi. Xoş gəlibsən ay bala. Sən hara, bura hara... Hərdən yuxuma gəlirsən, ay bala. Atası Heydər gəlir içəri, oturub söhbətləşirlər. Tay yaxındayam, Puşkində.(Biləsuvar). Tez-tez gələcəm-deyir.

Ata öyüd verir Sabirə: Bala Puşkin Muğandı.Oranın camaatı əxlaqlı, böyü-kiçik biləndi. Yalan, şər-böhtan, demoqoqluq nədir bilməzlər. Hökumət işin öz yerində, amma əlüvə qılınc alıb baş kəsmə, ev yıxma, haqqı nahaqqa vermə. Qocaları görəndə iki əlli görüş, toya, yasa gecikmə.

Anası Fatma:

-Yaxın gəl, deyir, ayağındakı o cındıları çıxart. Təzə yun corab toxumuşam. Qoy onu gətirim sənə. Kişinin gərək ayağı isti ola. Sonra əllərini sinəsinə qoyub astaca pıçıldayır: "Sabir bala, gec-tez mən gedəriyəm. Yadında saxla sözümü, türməyə qadın salasan, bu döşlərimdən verdiyim südü halal eləməyəcəyəm sənə. bildin?".

Nə desin, nə danışsın...

 

Əlibala Rəhimov,

publisist, folklorşünas,

"Qızıl qələm" mükafatçısı

 

Ədalət  2017.- 25 avqust.- S.4.