Zəlimxan yanğısından bir damla...
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Salam ustad! Xoş gördük, xalqımın böyük şairi! Yayın bu qora bişirənində sizə məktub yazmaq qərarına gəldim. Özü də təkcə hal-xoş etmək üçün yox. Həm də xeyli vaxtdı ürəyimi didib-parçalayan, necə deyərlər, məni məndən alıb məni təkrar yaman günə qoyan bir dərdin dərmanı kimi oxuduğum poemanıza münasibətimi bildirmək istəyirəm. Bu istək mənə rahatlıq vermir. Öncə "telefon açıb" söyləmək istədim. Amma gördüm ki, telefonda deyə bilməyəcəm. Həm kövrələcəm, həm də nə dediyimi digər oxucular bilməyəcək. Ona görə də fikrimi qələmlə, sözlə deməyə üstünlük verdim...
Hörmətli Zəlimxan müəllim! Siz xalqın sevilən bir şairi kimi sevincli, qəmli, ağrılı-acılı, toylu-düyünlü, çal-çağırlı günlərində də onun yanında olmusunuz. Səsiniz, sözünüz, ruhunuz, sazınız, avazınız, qələminiz, kağızınız bu xalqdan yazıb, bu xalq üçün yazıb. Və siz yaza-yaza həm yaşamısınız, həm də yaşatmısınız... həm sevmisiniz, həm də sevdirmisiniz... həm ağlamısınız, həm də ağlatmısınız... həm döyüşmüsünüz, həm də döyüşə səsləmisiniz. Çünki siz Zəlimxansınız! Ona görə də sözünüz təkcə qulaqlara yox, həm də ürəklərə gedib çatır.
Bax, bütün bu dediklərim, iç dünyamdan ələyib üzə çıxardıqlarım mənim inamım, inancım olmaqla yanaşı, həm də sizin sözə, sizin şəxsiyyətə böyük sevginin bəhrəsidi. Mən odundan qor aldığım, süfrəsindən çörək kəsib nemət daddığım bir ustadın xeyir-duasını həmişə hiss etmişəm və kürəyimdə olan əlinin istisini də canımda-qanımda yaşatmışam və yaşatmaqda da davam edirəm. O əlin istisi məni bu yazıya tərəf bir az da yaxınlaşdırır. Çünki bu yazı həm də mənim içimin yazısıdı, içimin ağrısıdı, içimin səsidi. Bilənlər bilir, bilməyənlər də eşitsinlər: Zəlimxan Yaqub bu xalqın övladı, şairi kimi, ziyalısı kimi, aydını kimi həmişə dərdə işıq salmağa, dərddən çıxış yolu tapmağa, dərdi qulaqlara, ürəklərə çatdırmağa çalışıb. Onun hər misrasında paralanmış vətənin harayını, faciəsini, həsrətini, talanını o qədər yanğı ilə, o qədər təşnəli bir şəkildə ortaya qoyur ki, ona baş əyməmək, o dərdi köynək kimi əyinə geyinməmək mümkün deyil. Üstəlik də o dərd sənin içindədisə, deməli, geyindiyin köynək sənin çölünü də yandırır, içinin yanğısı çölünün yanğısına qarışır. Mən bunu "Ədəbiyyat" qəzetində ustadın "Şuşada balam qaldı" poemasını oxuyandan sonra bir daha dərk etdim, bir daha anladım...
Bəli, bu poemanı birnəfəsə oxudum və oxuya-oxuya da mən Şuşaya getdim... Qarabağı gəzib dolaşdım... Cıdır düzündən üzü aşağı dərə uzunu boylandım... Hər tərəfdə qan gördüm... Xarı bülbül də qan içindəydi, İsa bulağı da... Vaqifin abidəsi də... Xan qızı Natəvanın ocağı da... Bülbülün ruhu da... Müqəddəs məscidlərimiz də... Demək olar ki, hər daş qan içindəydi, hər kol qandan qurumuşdu. Elə bil daşın da, kolun da, ağacın da qanı vurub üzünə çıxmışdı. Bunu mən ustadın poemasını oxuya-oxuya gördüm. Çünki Şuşada hər şey qalmışdı və qalan hər şeyi, bütün canlı və cansız nə varsa hamısını o torpaq qarışıq ustadım "balam!" deyə təqdim etmişdi.
Mən poemanın oxucuya təqdimatı üçün ustadın yazdığı beş-on cümləlik "Əziz oxucu" müraciətindən sonra poemanın nədən qaynaqlandığını, nədən yazıldığını çox gözəl başa düşdüm, gözəl anladım. Amma tam səmimiyyətimlə, içimdən gələn bir ərklə deyirəm ki, Zəlimxan Yaqub bu poemanı təkcə ona edilən müraciət əsasında yazmayıb. Bu poemanı o həm də balası saydığı Şuşa üçün yazıb. Çünki onun Şuşa adlı balası qalıb əsirlikdə, işğal altında. Elə hamımızın Şuşa adlı atamız, anamız, övladımız qalıbdı girovluqda. Ona görə də ustad adamın içini göynədən nalə ilə, bir fəryadla deyir:
Ay ellər, ay obalar,
Mənə bir məktub gəlib.
Ayrılığın, həsrətin
Yolunu tutub, gəlib.
Şuşadan Bakıyacan
Nə qədər dərdimiz var,
Hamısın udub gəlib.
Bu məktub - hıçqırıqla,
Dərd ilə dolub gəlib.
Hə, oxuyuram
bu məktubu. Hər söz,
hər işarə açılan güllədi,
ürəyə işləyən
oxdu, iynədi, nizədi, daha nə bilim ağrı
verən, ağrı yaşadan hər şeydi. Oğul istəyirəm, daha
doğrusu, ürək
istəyirəm ki, bu ağrıya dözsün. Elə burdaca
onu əlavə edim ki, Zəlimxan
Yaqub ona görə ağrıyır
ki, ona görə
müalicəsi tam şəkildə
yekunlaşmır ki,
o, Şuşada balam qaldı - deyir. O, bu cür ağrını
ürəyində sözə
çevirir. Vallah, o ürək çox
dözümlüdü. Ustadın ürəyini deyirəm.
Başqa
ürək bu poemanın yaşatdığı,
göstərdiyi, misraladığı
dərdi çəkə
bilməz, ona dözə bilməz.
Var olsun ürəyin, ustad!
Oxuyuram poemanı:
Mənə bir məktub gəlib
Ay obalar, ay ellər.
Yazısı kömürdəndi,
Qapısı dəmirdəndi.
Açmaq da xatalıdı,
Bağlamaq da xatalı.
Əllərim əsir mənim
O məktubu götürüb
Əllərimdə tutalı.
Oğlu
ölmüş analar,
Əri ölmüş sonalar
Bu məktubun mənası ,
Nə kitaba sığandı,
Nə dəftərə,
varağa.
Gördünüzmü, fikir verdinizmi, ustad özü də etiraf etdi o dərdin
ağırlığını, ölçüsüzlüyünü... O dərdin yerin-göyün
cəm halında tutumundan dəfələrlə
böyük olduğunu.
Mən poemanı oxuduqca yenidən qayıdıram Qarabağa - kəndimə
gedirəm. Şəhidlərimizi,
qan qohumlarımı, doğmalarımı yenidən
göz yaşları içində torpağa tapşırıram... Yenidən torpağa
tapşırdığım əzizlərim üçün
saçını yolan,
üzünü dırnaqlarında
didik-didik edən, fəryadı ilə hər kəsi havalandıran anaların, bacıların, qızların
səsini eşidirəm.
Və mənə elə gəlir ki, lap bu dəqiqə,
bu an bilgisayarda bu yazını, bu diktəni yazıya çevirən Gülər xanım da o səsləri eşidir, o fəryadları
duyur. Çünki bu poemanı
oxuyub o nalələri
duymamaq, o nalələrin
içində əriyib
yox olmamaq mümkün deyil. Var ol, ustad!
Qələminin, sözünün
qüdrətini Allah qorusun!
Sizin misralar məni Qarabağda gəzdirir.
Hər tinini, hər kolunu, daşını, çeşməsini, ağacını,
yarpağını, tanıdığım
yerləri dolaşıram.
Qarşıma ruhlardan başqa
kimsə çıxmır.
Və onların hamısı da mənə incik, küskün və bir az da qəzəbli baxırlar. Mən onları başa
düşürəm. Daha doğrusu, onları başa düşməkdə mənə
sizin misralar kömək edir:
Kövrək duyğularım mənə
deyir ki,
Şuşanın, Şuşanın dərdindən
danış.
Ölən qəhrəmanın, ölən igidin,
Qanlı tamaşanın dərdindən
danış.
Yayın
istisində sazağa düşən,
Yaxın ola-ola uzağa düşən.
Kölgəsi bizə yox, qırağa düşən,
Qırılan meşənin dərdindən
danış.
Hə, mən çox gördüm doğranan ağacları... Mən çox gördüm yandırılan evləri...
Mən çox gördüm partladılan
yolları, körpüləri.. Mən çox
gördüm bığ
yeri tərləməmiş,
nişan üzüyü taxmamış
oğulların, qızların
şəhidliyini... Mən çox
gördüm bir anda evin-eşiyin yağmalanmağını, kəndin-kəsəyin
viran qalmağını
və bir də mən çox gördüm torpağa güllə altında, mərmi altında tapşırılanları.
Ona görə də Zəlimxan müəllim, sizin poemanı oxuduqca mən həmin o gördüklərimi
bir də təzədən görürəm.
Onda yaşadıqlarımı bir
də indi yaşayıram. Allah sizə
insaf versin!!!
Yuxuda gördüm ki, ağlayır balam,
Bizdən ayrı düşən bir qız ağlayır.
Atasız,
anasız, qardaş-bacısız,
Yanında kimi yox, kimsənəsi yox,
Ağlayır, özü də yalqız ağlayır.
Yuxuda gördüm ki, ağlayır balam,
Göz yaşı
iz salır yanaqlarından.
Qaynar baxışından axan çeşmələr,
Bənzəyir Şuşanın bulaqlarına.
Yuxuda gördüm ki, ağlayır balam,
Gah ana, gah bacı, gah qardaş deyir.
Bəlkə də min ilin demədiyini,
Gözündən tökülən qanlı
yaş deyir.
Mən bu poemanı söz-söz, misra-misra sizlərin düşüncənizə, duyğularınıza təqdim etmək fikrində deyiləm. Ola bilsin ki, mənim təqdimatım sizin umduğunuz, sizin görmək istədiyiniz nəticəni vermədi. Axı hər kəsin öz qavraması, öz dərk etməsi var və ora təsir, təzyiq etmək günahdı. Amma inanın ki, bu poema Zəlimxan Yaqubun bizim Şuşa dərdimizə, bizim hamımızın Şuşa ağrımıza ağlayan bir abidədi. Misralardan, sözlərdən, durğu işarələrindən qəzəb dolu göz yaşı tökülür. Mənə elə gəlir ki, bu poema yazıldığı gündən oxunduğu günə qədər hər kəs üçün ağlayan, hər kəsi ağladan və ən əsası hər kəsi Şuşa deməyə səsləyən, vadar edən, məcbur edən, coşduran bir ədəbiyyat nümunəsidi. Özü də əvvəldə dediyim kimi, yəni mənim üçün qəbul olunan, ağlayan abidədi!
Poemanın bütün məziyyətlərini, bütün ədəbi, elmi cizgilərini, onun yükünü, onun bir sənət nümunəsi kimi yerini yəqin ki, ədəbi tənqid, yəni sözlə məşğul olanlar deyəcəklər. Amma mən bir oxucu kimi necə deyərlər, içimdən birbaşa bilgisayara tərəf qaçan fikirlərimi deməyə bilməzdim. Onun necə alındığının heç haqqında da düşünmək istəmirəm. Çünki o da mənim ürəyimin səsidi. O səsi məhz "Şuşada balam qaldı" poeması oyatdı. O səsi həmin poema ayağa qaldırdı, eşidilməyə tələsdirdi.
Məkkədən qayıdan nurlu hacılar,
Ciyəri dağlanmış qardaş, bacılar.
Eşəndə ürəyi ağrı, acılar,
Ziyarət paltarı geyinin, gedin,
Körpə məzarını ziyarət edin.
... Nə olsun uşağın silahı yoxdu,
Uşaq öldürənin Allahı yoxdu.
Məzarda yatanın günahı yoxdu,
Körpə məzarını ziyarət edin.
Və nəhayət, mən ustadın qarşısında baş əyib onun və hamımızın arzusu olan və ifadəsini də bu misralarda tapan istəyi dilə gətirirəm:
Nə yuxudan doymuşam,
Nə gördüyüm həyatdan.
Kim doyub, mən də doyam,
Aydan, gündən, saatdan.
Gəlmişəm getməliyəm,
Yeri, yurdu, səmanı,
Bir gün tərk etməliyəm.
Min dəfə istəmirəm,
Bircə dəfə üzünü
Görə biləydim, Şuşam!
Əlvan çiçəklərindən
Dərə biləydim Şuşam!
Qızılı güllərini
O qızın başdaşına
Hörə biləydim, Şuşam!
Hə, ustad! Allah bizləri bu arzumuza qovuşdursun! Allah bizləri o günə kimi qorusun və bizlər Şuşada qalanların qarşısında günahlarımızı yuya bilək!..
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2017.- 25 avqust.-
S.3.