"FOTODASTAN"
Qəzənfər
Paşayevin sözlə fotosunun
birləşdiyi ünvan
Onu hamı tanıyır. Özü də indi yox. Hələ 60-70-ci illərdən o, özünün gəlişini, özü ilə nələri gətirəcəyini hiss etdirməyi bacarmışdı. Özü də bu bacarıq onun həm Allah tərəfindən verilən istedadının, həm də əməyə öyrəşmiş dözümünün işartılarından qaynaqlanırdı. Yəni bu insan doğulduğu, yaşadığı və necə deyərlər, köynəyindən keçdiyi həyatın hər üzünü öyrənə-öyrənə öz yolunu seçməyi bacarmışdı. Yıxılmaqdan, büdrəməkdən, hansısa haqsızlıqdan qorxub çəkinməyi birdəfəlik özünə qadağa etmişdi. Məqsəd və məram onun üçün bir növü mayak idi. O kiçik qayıqla böyük okeana, dəryalara üz tutmuşdu. Və hər səfərindən sonra bu qayıq böyüyür, həm sürəti, həm dözümü, həm tutumu, həm də sükanı daha qüvvətli, zamana sinə gərmək gücündə olurdu. İllər ötdükcə bu həyat gəmisinin dalğalarla çarpışması adi hala çevrilmiş, qasırğalara sinə gərməsi onu sahilə yanlamğa yox, sabaha doğru üzməyə daha da çox inandırmışda. Məhz bu məram, bu aydınlıq, bu ürək dolu həyat sevgisi torpağa, millətə, insanlara və bir də bütövlükdə çevrəsinə güvənci onu qalib edirdi və bu gün də etməkdədi.
İndi qarşımda olan bir kitab albomu vərəq-vərəq gözdən keçirirəm. Tam səmimi deyəcəm. Kitabın redaktoru Rəhilə Gülgün xanıma xüsusi təşəkkürüm var. Çünki redaktə işi, tərtibat o qədər mükəmməldi ki, hər səhifəni çevirdikcə barəsində bəhs olunan ədəbiyyatşünas alim, publisist, dilçi, folklorşünas, tərcüməçi Qəzənfər, Məhəmməd oğlu Paşayev oxucuya, indiki anda isə mənə o qədər yaxınlaşır ki, sanki onun əlini sıxıram, sanki onun nəfəsini duyuram. Həmişə gördüyüm təbəssümü yenə gözlərindən, çöhrəsindən üstümə ələndiyini rahatlıqla canıma sinirəm. Bu işin ikinci bir tərəfi barəsində danışdığım "Fotodastan"ın oxucuya danışmaq gücündən qaynaqlanır. Yəni mətnlərin tərtibçisi və ön sözün müəllifi çox dəyərli şairimiz Vaqif Bəhmənli hardasa arxa planda dayanmaqla Qəzənfər müəllimin şəkillərdə görünən varlığını oxucuyla həmsöhbət edir. Elə bil ki, o şəkillərin hər bir harda, kimlərlə, hansı ovqatda çəkildiyini ifadə edir. Özü də bir-birini tamamlayan sıra düzümüylə...g
Mən "Fotodastan"ın ilk yazısını mətbuatda oxumuşdum. Onda fərqli bir ovqat yaşamışdım və bunu Qəzənfər müəllimə görüşlərimin birində söyləmişdim. Amma bu dəfə "Atama etiraf" yazısının başqa bir ovqatla yaddaşımda iz açdığını hiss etdim. Çünki şəkillər Qəzənfər müəllimin qızı Təranə xanımın övlad sevgisi və bir az da kövrək notlar üstündə söylədiklərini elə bil ki, hər sözdən, hər fikirdən sonra təsdiq edirdi. Şəkillər həm də şahid kimi danışır. Və mən bu şəkillərin alt yazısını bir kənara qoyub onun ovqatına qarışıram. Və elə beləcə çıxıb gedirəm şəkillərin lentə alındığı yerlərə. Bu şəkillərdə kimlər yoxdu. Azərbaycanın ən dəyərli aydınlarından söz, sənət, mədəniyyət, siyasət adamlarından tutmuş Şərqin, Avropanın və bütövlükdə dünyanın neçə-neçə nüfuzlu, sayılıb-seçilən şəxsiyyətlərinə qədər... Hər biri ayrı-ayrılıqda təkcə özünü təqdim etmir, həm də Qəzənfər Paşayev haqqında danışır. Onun yaradıcılığını, axtarışlarını, uğurlarını bizə çatdırır.
İlk baxışdan bu "Fotodastan" oxucuda bir ailənin, yəni professor Qəzənfər Paşayevin özəl dünyasının təqdimatçısı, tanıtımı kimi diqqəti çəkir. Düşünürsən ki, bu kitab-albom bir ailəyə aiddir. Amma onu vərəqlədikcə hiss edirsən ki, Qəzənfər Paşayevin ailəsi onun qələminin, keçdiyi yolun işığında Azərbaycanın, böyük sözün, yaradıcılığın ailəsi ilə qaynayıb qarışıb. Hər kəs burda öz izini, öz naxışını, öz arzuladığını, öz yaşadığını görmək imkanı qazanıb. Çünki şəkillər Tovuzun bir kəndindən başlayaraq dünyanın hər yerini Azərbaycana birləşdirib. Orda tələbələr də var, akademiklər də... orda sıravi adamlar da var, böyük siyasətçilər də... orda nəvələr də var, orda dostlaşdığın, doğmalaşdığın insanların ailələri də. Və nəhayət, burda Azərbaycan Sözü, Azərbaycan ədəbiyyatı da şərqin, xüsusilə kərkük, türk, türkmən, qazax, özbək və digər sözlərlə, ədəbiyyatlarla yanaşı dayanıb.
Düşünürəm ki, layihə rəhbəri, psixologiya
üzrə fəlsəfə doktoru olan Təranə Məmmədovanın biz oxuculara "Kür-Araz" nəşrlər evi vasitəsilə hədiyyə etdiyi və professor Qəzənfər
Paşayevin yubileyinə həsr olunmuş "Fotodastan"
bu gündən uzunömürlülük
haqq etmiş kitabların
içərisində öz yerini artıq tutub. Və bir də
düşünürəm ki, 1937-ci ilin avqust ayının 27-də
Tovuz rayonunun
Düzqırıqlı kəndində doğulmuş
Paşayev Qəzənfər Məhəmməd
oğlu sözümüz
və ədəbiyyatımız üçün
etdiklərinin mükafatı olaraq bu "Fotodastan"la hər bir oxucunun evinin əziz
qonağına çevriləcək. Mən artıq onu öz evimdə
görürəm!
Ədalət 2017.- 1 dekabr.- S.4.