Onun adı Rey
Kəşfiyyatçının
ilk kitabında toplanan
maraqlı xatirələri
"...Bacarmıram, o hissəni yaza bilmirəm...
Qəfil zəng, girişsiz-filansız,
qırıq-qırıq sözlər,
üsyan dolu səs məni çaşdırır.
- Nə hissəni? Hansı hissəni? Niyə yaza bilmirsən?
- O gecə, Xocalıdan olan xanım-xatun qızların ratsiya ilə dediklərini...
...Anlayıram. Ağrını
sözə çevirmək
çətindi..."
Həqiqətən də çətindi. Amma mənim
tanıdığım Rey, bizim tanıdığımız
Rey Kərimoğlu nə
vaxt asan işlə məşğul
olub ki? Rey həmişə işin ən çətinindən yapışıb.
Milli Qəhrəman, igidliyi dillərdə dolaşan Şirin Mirzəyevin komandirliyi altında torpaqlarımız
uğrunda döyüşüb,
kəşfiyyat dəstəsinin
üzvü kimi erməni işğalçılarına
qarşı keçirilən
əməliyyatlarda fəal
iştirak edib. Xankəndi istiqamətindəki əməliyyatda
ağır yaralanıb,
ikinci qrup Qarabağ qazisidir.
Rey Kərimoğlu səngəri
redaksiyaya, avtomatı qələmə dəyişdikdən
sonra jurnalist kimi müxtəlif qəzetlərdə çalışıb,
Qarabağ savaşında
bilavasitə iştirak
etdiyi hadisələr barədə yazılar dərc etdirib. Onun xüsusi
ilə Lent.az saytında
yayılan "Kəşfiyyatçının
xatirələri" və
"Barıt qoxusu"
silsiləsi maraqla qarşılanıb. Həmin yazıları
bir yerə toplayan Rey Kərimoğlu
"Qanun" nəşriyyatında
"Kod adı
"Rey". Kəşfiyyatçının xatirələri" adlı ilk kitabını çap etdirib.
Yazının əvvəlindəki sitat da elə həmin
kitabın redaktoru Səhər Əhmədin
yazdığı qeyddəndir. Səhər
xanım davam edir: "Bir il bundan öncə
Rey Kərimoğlu haqqında
"Keçmiş döyüşçünün
zəngimselli" adlı
yazı yazmışdım:
"Biz onun beynində
qəlpə kimi daşıdığı xatirələrin
bir ucundan tutmadıq. Halbuki bu xatirələrdən
öz müharibəmizin
və ədəbiyyatımızın
"Əlvida silah"ını
yaratmaq olardı.
Mənim
bu yazım isə heç vaxt baş tutmayacaq
bir cəhdin, yazılmayacaq o əsərin
ifadəsidir".
Amma mənim
həmin yazım başqa bir cəhdin başlanğıcı
oldu. Rey özü müharibə xatirələrini
yazmağa başladı".
Bizim Rey Kərimoğlunun
barıt qoxulu bu ilk kitabını həyəcansız oxumaq mümkün deyil. Reyin döyüşçü
dostlarının, torpaq
uğrunda şəhid
olanların, qazilərin,
erməni silahlıları
ilə üzbəüz
qalan Qarabağ camaatının yaşantıları,
nakam sevgisi, sevinci, kədəri, əzabları var bu kitabda. Çünki kitab kod adı "Rey" olan kəşfiyyatçı Rey Kərimoğlunun
xatirələri əsasında
qələmə alınıb.
"... Bu döyüşdə şəhid olan Maarif adlı dostumuzu xatırlayıram.
Ağdamın Qiyaslı
kəndindən idi Maarif və taborda xidmət edən R. adlı qızla bir-birilərini sevirdilər... Novruzda onların nişanı
olmalı idi. Qazançı döyüşündə Maarif həlak oldu. Səhv etmirəmsə ağzından
vurmuşdular. Sevgilisi döyüşdən
qayıdan hamının
üstünə qaçıb
Maarifi soruşurdu.
Elə bil ürəyinə dammışdı ki, Maarifə nəsə olacaq. Şəhidlərin hamısının üzü örtülü
olsa da, o, Maarifin cənazəsini uzaqdan tanıdı. Biz istəmirdik ki,
qız sevgilisinin cəsədini görsün.
Ancaq mümkün olmadı, o, Maarifin cəsədi aparılan xərəyə
tərəf qaçdı.
Onu tutmağa çalışdıq,
xeyri olmadı, əlimizdən çıxıb
Maarifin cənazəsini
qucaqladı. Bir neçə
kişi onu saxlaya bilmədik".
Və yaxud "Yerindəcə güllələnsin!" bölümündəki
bir məqama fikir verin: "... Neçə
vaxt idi ki, bu hücuma
hazırlaşırdıq. Həm kəşfiyyat, minaatanlarımız,
istehkamçılarımız, həm də digər dəstələrimiz
bu əməliyyata çox ciddi hazırlaşmışdılar. Onu da qeyd edim
ki, elə bizim kəşfiyyat dəstəsi bu əməliyyatla bağlı
təxminən 10-12 kəşfiyyat
tapşırığı həyata keçirmişdi.
Bütün batalyon psixoloji
baxımdan bu döyüşə hazır
idi. Artilleriya hazırlığından sonra bir anlıq
sakitlik çökdü.
Hamı səsini içinə çəkib həyəcanla
nə olacağını
gözləyirdi. Birdən
"UAZ"dakı səsgücləndirəndən
Şirin Mirzəyevin amiranə səsi gəldi:
- BATALYON! HÜCUMA!"
Səs qulağımdan beynimə, ürəyimə, iliyimə işlədi. Ardınca tanklar nərildədi, tırıldadı, ləngər vurub yerindən irəli sıçradı. Mən ağladım..."
Bu hissi savaşdan, barıt qoxulu hadisələrin içindən keçənlər yaşaya bilər.
Rey Kərimoğlunun "Xocalıdakı günlərim: Soyqırım necə baş verdi" bölümündəki yaşantılarını sadəcə oxuyub keçmək çətindi: "... Vaxt getdikcə Xocalıdan gələn həyəcanlı xəbərlər də artırdı. Artıq axşamçağı "ratsiya"dakı qızlar ağlayaraq Xocalıya kömək istəyirdilər. Buna kömək istəmək demək də olmaz, onlar fəryad edirdi...
Qulağımdan getmir o qızların səsləri...
- Nə olar, bizə
kömək edin! Allah
xatirinə, bizi tək qoymayın, qıracaqlar bizi...
...Bizim batalyonun qızları da qoşulmuşdu onlara. Aidə, Xalidə, Nüşabə, Sima, Diləfruz, Raisə... hamısı ağlayırdı.
Əslində, bunu sözlə
ifadə etmək mümkün deyil, indi xatırladıqca yenidən yaşayıram
o anları. Çox çətindi
mənə o anları
xatırlamaq, o səhnəni
təsvir etmək.
Əsəblərim tab gətirmədi, dözə
bilmədim, "ratsiya"
otağını dərk
etdim. Bayırda həzin qar
yağırdı, atəş
səsləri eşidilmirdi.
Bir siqaret yandırdım, tüstünü ciyərlərimə
çəkdim. Hələ məni,
eləcə də Azərbaycanımızı gözləyən
sabahdan xəbərim yoxdur.
"Ratsiya" otağından
qızlar məni çağırdı:
- Rey, ay
Rey! Xocalıdakı qızların
səsi kəsildi!
Üstündən 25 il keçib,
amma hələ də ratsiyada imdad diləyən Xocalı qızlarının
səsi qulağımdan
getmir..."
Səhər xanım Əhmədin
"Redaktordan" qeydlərində
vurğuladığı kimi,
Rey yazıçı deyil:
"Amma onun yazıları hansısa romançının Qarabağ
müharibəsi haqda nə vaxtsa uyduracağı əsərlərdən
daha gərəklidi. Çünki həqiqətdi. Nə saxta pafos
var orda, nə yalançı laqeydlik..."
Döyüşçü və jurnalist kimi yaxşı tanıdığımız
Rey Kərimoğlu bu
ilk kitabını Qarabağ
uğrunda savaş meydanlarında canlarını
qurban verən nakam və bakirə
gənclərimizin- Sənanların,
Qırımxanların, Fərmanların,
Teymurların... və
digərlərinin ruhuna
həsr edib.
Ədalət 2017.- 2 dekabr.-
S.10.