CANLI TARİX
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Əslində bu yazını içimdə çox yazmışam. Özü də hər dəfə fərqli-fərqli üslublarda, fərqli-fərqli fikirlərlə, sözlərlə. Düzünə qalsa, bu cür yazmağımın, yazıya bu yanaşmağımın səbəbini heç fikirləşməmişəm də. Eləcə içimdən keçib... ilk cümləsindən başlayıb sonuncu nöqtəsində bir də görmüşəm ki, yazını bitirmişəm. Bütün o yazdıqlarımın təkcə ikisini yəqin ki, oxucular yadlarında saxlayıblar və yaxud da xatırlayırlar. Onlardan biri mənim tələblik illərimə təsadüf edir...
Dövlət Universitetində oxuyurdum. O vaxtlar "Lenin tərbiyəsi
uğrunda" adlı universitet qəzeti var idi. Qəzetdə işləyirdim. Bu
mənə həm maddi cəhətdən köməklik idi, həm
universitetin, eləcə də universitetin məzunları ilə
əlaqələr qurmaqda, həm də ürəyimdəkiləri
yazmaqda. Bax, həmin günlərin birində qəzetin
redaktoru, çox hörmətli Ağamusa Zeynalov mənə
tapşırıq verdi:
- Dədə,
Cəmil müəllimlə əlaqə saxla, qəzetimizin
yubileyi ilə bağlı ürək sözlərini öyrən.
Adətən
işçilərinə "dədə" deyə
müraciət edən Ağamusa müəllim
sözünü başa çatdırmamış hiss etdi ki,
ona maraqla baxıram. Açığını deyim ki, onun
söylədiyi ad mənə tanış,
doğma olsa da, ancaq hansı Cəmil müəllimdən
söhbət getdiyini bilmirdim. Deyəsən, Ağamusa müəllim
ürəyimdən keçənləri hiss etdi və bir az qınaq dolu təbəssümlə dedi:
- Dədə,
bizim Cəmil müəllim deyirəm. Sənin də kəndçin,
həmyerlindi!..
Artıq söhbətin kimdən getdiyi mənə bəlli
oldu. Bildim ki, Cəmil Əlibəyovun telefonunu axtarıb
tapmalıyam, onunla görüşməliyəm. Dostların, tanışların vasitəsi ilə
kinostudiyanın nömərsini tapdım. Onda Cəmil
Əlibəyov Azərbaycanın bu möhtəşəm
ünvanına, Cəfər Cabbarılının adını
daşıyan kinostudiyaya rəhbərlik edirdi...
Mən Cəmil müəllimlə görüşə
tələsdim. Cəmi beş dəqiqə
vaxtını aldım. Amma bu beş dəqiqə
ömrümə, yaddaşıma yazıldı. Onun səmimiyyəti,
qarşısındakı şəxsin kimliyindən
asılı olmayaraq, göstərdiyi mehribanlıq, hətta
bir tələbəni çaya qonaq etməsi yenicə
böyük söz dünyasına qədəm qoyan, daha
doğrusu, bu istəkdə olan mənim üçün
çox böyük diqqət, çox böyük ehtiram
idi...
İkinci dəfə mən Cəmil müəllim haqqında
"Ədalət" qəzetində yazı yazdım. Onda da elə
indi olduğu kimi, yazını yazmağımın təşəbbüsçüsü
millət vəkili Aqil Abbas oldu. Sözarası mənə
dedi ki, Cəmil müəllimin 75 yaşı olur... Bu sözlər mənə bəs etdi və mən Cəmil
Əlibəyov haqqında bildiklərimi, eşitdiklərimi,
ondan oxuduqlarımı gözümün önünə gətirdim,
yenidən təkrarladım, xatirələrə daldım.
Hətta Cəmil müəllimin doğulduğu
kəndi, lap elə onun dünyaya gəldiyi evi, ocağı
yaddaşımda təkrar ziyarət elədim. Həmin arada Füzuli rayonunun qaim-qədim kəndlərindən
olan Dədəlini bir kino lenti kimi gözümün
önündən keçirdim. Bu kənddə
Əlibəyovlara aid o mülkün həyət-bacasını
gəzib dolaşdım. O mühitdə mənə
süfrə açan, məni qonaq kimi əzizləyən mərhum
Ayaz müəllimi xatırladım. Yeri gəlmişkən
deyim ki, zamanında sözünün kəsəri ilə,
şəxsiyyəti ilə çoxlarımızın
öyündüyü Ayaz Əlibəyov əsl bəy
oğlu bəy, əsl kişi oğlu
kişi idi. Çünki o, "ot kökü
üstə bitər" atalar sözünün canlı
nümunələrindən biri idi. Mən
bu həyətdə gördüyüm gülləri,
çiçəkləri kom halında başqa həyət-bacada
görməmişdim və bu gün də görməmişəm.
Cəmil müəllimin bu ata ocağında yüz illiklərin
oturuşmuş bir adəti, bir qayda-qanunu heç bir diqtəsiz,
heç bir təsirsiz, özü öz axarı ilə davam
edirdi...
Mənim Cəmil müəllimin yubileyi ilə
bağlı yazdığım o ikinci yazı bilmirəm necə
alındı, amma onun oxucusu, onun həmyerlisi, onun
soydaşı kimi çalışdım ki, əsərlərinin
içərisindən baxıb Cəmil müəllimə
öz oxucu sevgimi çatdırım. Yenə səmimi etiraf
edim ki, o yazının necə alındığını
heç indi də xatırlamıram. Bircə
yaddaşımda o qalıb ki, həmin vaxt, daha doğrusu,
yazı çap olunandan sonra o illərdə baş redaktorluq
edən Aqil Abbas mənə Cəmil Əlibəyovun təşəkkürünü
çatdırdı. Təbii ki. bu Cəmil müəllimin soyundan, kökündən
gələn bir ağayanalıq, bir diqqət idi. Ola bilsin ki, mənim yazım bəlkə də həmin
günlərdə yubilyara ünvanlanmış təbriklərin
sırasında ən sonuncu yerdə dayanmışdı.
Amma buna baxmayaraq, Cəmil müəllim öz
böyüklüyünü ortaya qoymuşdu və bu mənim
üçün çox böyük qiymət idig
Bugünün
oxucusu, daha doğrusu, bu günün gəncliyi ola
bilsin ki, Cəmil Əlibəyovu o qədər də
yaxşı tanımır. Ona görə də
mən bir balaca keçmişə. Cəmil
müəllimin tərcümeyi-halına üz tuturam.
Xatırlatmaq istəyirəm ki, Cəmil Ədil oğlu
Əlibəyov 1927-ci il dekabr ayının
5-də Füzuli rayonunun Dədəli kəndində
doğulub. Çox qədim bir nəslin, bir
kökün davamçısı olan Cəmil müəllim
ağır uşaqlıq, çətin yeniyetməlik
dövrü yaşayıb. Atası
bolşeviklərin represiya maşınından canını
qurtarmaq üçün Araz çayının o biri
tayına keçməyə məcbur olub. Anası Ziba xanım övladlarını
böyük çətinliklərlə böyütməyə
məcbur olub. Kulak uşaqları olan Cəmil
müəllim, eləcə də onun digər ailə üzvləri
dövrün ən sərt sınaqları ilə
qarşılaşıblar. Təsəvvür
edin ki, bolşeviklər Cəmil müəllimin ata
mülkünü məktəb ediblər, amma bu məktəbdə
Cəmil müəllimə oxumağa imkan verməyiblər.
Çünki o, qolçomaq övladı idi, bəy
oğlu idi. Buna baxmayararq, Allah Cəmil
müəllimə fitri bir istedad, qabiliyyət vermişdi, onu
bolşeviklər Cəmil müəllimn əlindən almaq
gücündə deyildilər. Bu
haqsızlığın qarşılığı olaraq Cəmil
müəllim dayılarının yardımı ilə elə
evdəcə təhsil aldı, yazdı, oxudu, öyrəndi.
Onun hazırlıq səviyyəsini görüb ali məktəbə qəbul etdilər. Burada da bədxahlar dinc dayanmadı, burda da
yazıb-pozdular. Dövlət universitetinin
sonuncu kursunda, şərqşünaslüq fakültəsində
oxuyan Cəmil müəllimi universitetdən kənralaşdırdılar.
O dözdü, o mübarizə apardı və nəticədə
qalib gəldi və universitetə bərpa olndu. Təhsilini
başa vurandan sonra onu "Azərbaycan gəncləri" qəzetinə
işə qəbul etdilər. Bu, 1949-cu il
idi. Çox qısa müddət işlədi.
Yenə yazdılar, yenə Moskvanı,
Bakını qarışdırdılar və yenə də Cəmil
müəllimi işdən uzaqlaşdırdılar. Çünki o, bəy oğlu idi. Stalinin ölümündən sonra Cəmil müəllim
yenidən "Azərbaycan gəncləri" qəzetindəki
işinə qayıtdı. Qısa bir
müddətdə kiçik ədəbi işçidən
baş redaktor vəzifəsinə yüksəldi. Məhz
Cəmil Əlibəyovun dövründə onun
istedadının, rəhbərlik məharətinin nəticəsində
20 min tirajla çıxan "Azərbaycan gəncləri"
qəzeti artıq 450 min tirajla çap olunurdu. Azərbaycan
kimi balaca bir respublikada gənclərə aid 450 min tirajlı qəzetin
çap olunması elə-belə asan məsələ deyildi.
Bu məsələni Cəmil Əlibəyov həll
etmişdi, bu qabiliyyəti Cəmil Əlibəyov ortaya
qoymuşdu!
Burda bir məqamı da xatırladım. Cəmil
Əlibəyovun baş redaktor olduğu illərin qəzetlərini
paytaxtımızın ən böyük kitabxanası olan
Axundov kitabxanasında dəfələrlə vərəqləmişəm.
Mətbuatdakı rəngarəngiliyin, mətbuatın
oxucu ilə təmasını, əlaqələrini onun səhifələrində
rahatca görmüşəm, izləmişəm. Bir
oxucu kimi, bir yazı-pozuya meylli adam kimi
görmüşəm ki, Azərbaycanın ən ucqar kəndlərindən
də "Azərbaycan gəncləri" qəzetinin
ünvanına məktublar gəlib, oxucu arzuları, oxucu istəkləri
çatdılıb. Bu qəzet-oxucu
körpüsünü məhz Cəmil Əlibəyov
yaratmışdı. Ona görə də Cəmil
Əlibəyov məktəbini keçənlər, tez-tez
deyldiyi kimi, Cəmil Əlibəyov "şinelindən"
çıxanlar qəzeti də, qəzetçiliyi də,
jurnalistikanı da uca tutublar, həmişə seviblər, həmişə
sevdiriblər. Bu gün də "Azərbaycan gəncləri"
qəzetinin adı gələndə ilk xatırlanan imza sahibi
kimi Cəmil Əlibəyovun adı yada düşür.
Cəmil müəllim Azərbaycan ictimaiyyətinə təkcə jurnalist, qəzetçi, publisist kimi deyil, həm də yazıçı, dramaturq, ssenarist kimi də çox yaxşı tanışdır. Onun 50-yə yaxın kitabı ölkə daxilində, sovetlər dönəmində Azərbaycanın hüdudlarından kənarda böyük tirajla çap olunub. Bir oxucu kimi onun sevə-sevə oxuduğum "Mənim analı dünyam", "Sınaq", "Həyatın özü", "İlk məhəbbət", "Qış məcarası" romanları, çoxlu sayda hekayə və povestləri bu gün də mənim oxucu yaddaşımda dərin iz buraxıb. Burda bir məqamı xüsusi qeyd etməliyəm ki, Cəmil müəllim öz yaşadıqlarını, öz müşahidələrini yazan yazıçıdır. Ona görə də əsərləri maraqla qarşılanıb, maraqla da oxunubdu. Üstəlik, onun kinostudiyaya rəhbərlik etdiyi illərdə Azərbaycan kinosunun çox byöük sıçrayışlar etməsi danılmaz bir faktdır. Məhz həmin illərdə dalbadal, bu gün də maraqla izlədiyimiz bədii filmlər çəkilib. Onların arasında "Dədə Qorqud", "Babək", "Tütək səsi", "Dərviş Parisi partladır", "Qaynana", "Ad günü", "İstintaq", "Papaq" və digər filmlər on minlərlə tamaşaçının sevgisini və rəğbətini qazanıbdır.
Ümumiyyətlə, Cəmil Əlibəyov istər qəzetdə, istər kinostudiyada, istər Azərbaycan Televiziyası və Radiosu Komitəsində sədr müavini işləyəndə, istər "Kommunist" qəzetinə rəhbərlik edəndə öz böyük potensialını xalq üçün sərf etməkdən çəkinməmişdir. Bu gün də Azərbaycan radiosunun bazar günləri səslənən "Bulaq" verilişi də məhz Cəmil Əlibəyovun xidmətlərinin nəticəsidir.
Bəli, mən Azərbaycanın çox dəyərli bir ziyalısı, necə deyərlər, öz böyüklüyünü böyüklük səviyyəsində saxlamağı bacaran Cəmil Ədil oğlu Əlibəyov haqqında ürəyimdən gəlib keçənlərin bir qismini onun 90 illik yubileyinə hədiyyə edirəm. Bilmirəm, bu hədiyyə layiqli alındı, yoxsa yox, bir onu bilirəm ki, Cəmil müəllim böyük ziyalı, dəyərli kişi, böyük qəzetçi, böyük söz adamı idi. Böyüklük Allahdan verilən paydır. Zənnimcə, Allahın verdiyi bu böyüklük Cəmil Əlibəyovun halal tituludur. Mən onun 90 illik yubileyində ruhu qarşısında baş əyir və doğum günün mübarək deyirəm.
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında kütlƏvi informasiya
vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi
fondunun maliyyƏ yardımı ilƏ
Ədalət 2017.- 5 dekabr.- S.7.