"SÖZÜMDƏ VƏTƏN ƏTRİ VAR"

 

Əvəz Mahmud Lələdağın söz dünyasına atüstü baxış

 

Oxuculara xatırlatmaq istəyirəm ki, Əvəz müəllimlə şəxsi tanışlığımın tarixi yaxın vaxtlara təsadüf edir. Amma üzünü ilk dəfə gördüyüm bu nurlu insanın sözünü çoxdan tanıyırdım. Hətta onun yaradıcılığı barəsində "Ədalət"də çap olunmuş yazılardan başqa digər mətbu orqanlarda da sözünə verilən qiymətlərdən xəbərim var idi. Ona görə üz-üzə gəlib bir-birimizin əlini sıxanda könüldən-könülə olan bağlılıq özünü dərhal büruzə verdi. Hiss etdim ki, sözü kimi özü sadə səmimi olan Əvəz müəllim bu dünyanın sinəsində iz açmağı bacaran ağırtaxtalı kişilərdəndi. Yəni onun çöhrəsindəki nur qəlbindəki nurun ifadəsi olmaqla həm sözündəki nurun oxucu qəlbinə sızması deməkdir. Bax, qəlbdən, çöhrədən sözə axan bu işıq onun səmimiyyətini elə kökləyib ki, illər onu dəyişə bilməyib.

İllərin dəyişə bilmədiyi ürək, söz əxlaq sahibi olan Əvəz müəllim heç təsadüfi deyil ki, hər şeirində, hər misrasında dünyanı, dünyada baş verənləri bu baş verənlərdə dəyişənləri gördüyünü kifayət qədər bildiyindən biz oxuculara dəyişməməyinin səbəbini bir növü ismarıc edir. Vurğulayır ki:

 

Ölkələr gəzmişəm cavan çağımda,

Bağça da görmüşəm, bağ da görmüşəm.

Yolum dağa düşüb, arana düşüb,

Aran da görmüşəm, dağ da görmüşəm.

 

... Əyrini düz görüb düzü əyənlər,

Halaldan dəm vurub haram yeyənlər,

Gözləri qızanlar, mənəm deyənlər,

Öləndə beş arşın ağda görmüşəm.

 

 

 

Bəli, "Görmüşəm" şeirindən gətirdiyim bu nümunə artıq özü-özlüyündə Əvəz müəllimin dünyasını açıb qoyur oxucu qarşısında. Dəyərli oxucu da həmin anda öncədən söylədiyim o saflığın, o səmimiyyətin, o işığın kökünü görür. Hardan qaynaqlandığını göz könül lövhəsinə köçürür, Üstəlik, bu görmə anında onun qulağına Əvəz müəllim həzin bir şəkildə pıçıldayır:

 

Yaşıl yaylaq, sərin bulaq, göy çəmən,

Qismət ola gəlib sizə baxam mən.

Ömür keçdi, həsrət qaldı Göyçəmə,

Buzovyala çətin bir çıxam mən.

 

... Yazıq Əvəz çeşmələrin acıdı,

Leyliqaçan yaylaqların tacıdır.

Sackağası nənələrin saçıdı,

Unutmaram, qədər ki, sağam mən.

 

Zənnimcə, bu, təkcə doğulduğun, tanıdığın yerə, yurda bağlılığın ifadəsi deyil. Bu həm yeri, yurdu tanıtmağın, onun coğrafiyasını yaddaşlara hopdurmağın bir nələri itirdiyimizi təkrar-təkrar diqtə etməyin bir formasıdı. Əvəz müəllim könül yanğısıyla bizim Göyçə həsrətimizi, torpaq itkimizi bir növü sarı simdə pıçıldayır. Özü ruhu ayağa qaldıracaq bir şəkildə. Zənnimcə, sözün gücü onda təsirini göstərir ki, o söz həm yerinə düşsün, həm anlayan qarşısına çıxsın. Bax, bu mənada Əvəz müəllimin söylədikləri bugünün oxucusunu silkələyir. Çünki itirdiklərimiz hər kəsə məlumdur. Hər kəsə məlum olan dərdi ayaqda saxlamaq, onun unudulmasına imkan verməmək isə təbii ki, söz adamının missiyalarından biridir. Bax, bu mənada Əvəz müəllimin "Qalıbdı" şeirində dedikləri dərhal diqqəti çəkir.

 

Xəzan yeli divan tutub budağa,

Dəymişi tökülüb kalı qalıbdı.

Oğul gərək tab gətirə bu dağa,

Diri yoxa çıxıb, ölü qalıbdı.

 

Keçdi o zamanlar, keçdi o çağlar,

Mənim bu dərdimə dərd bilən ağlar.

Sizdə əmanətim, ay qoca dağlar,

Ələsgər qalıbdı, Alı qalıbdı.

 

Çırpıldı min qapı, söndü min ocaq,

Talan-taraş oldu o bağça, o bağ.

İçindən əriyir Əvəz Lələdağ,

Onun yad əllərdə eli qalıbdı.

 

Elə bu yerdəcə onu da vurğulayım ki, Əvəz Lələdağın həyat eşqi təkcə doğulduğu torpaqla, gəzib-dolaşdığı dağla, çəmənlə, suyunu içdiyi bulaqlarla bir çevrədə bitib dayanmır. Onun duyğuları sevginin həmişəyaşarlığına, əbədiliyinə sanki bir nümunədir. Hətta bəzən mənə elə gəlir ki, biz sevginin ölümsüzlüyünə məhz bu cür ovqatla, bu cür şövqlə yazılmış misraların içindən baxanda onu daha yaxşı duyuruq, daha yaxşı özümüzünküləşdiririk. Çünki sevginin yaşa, yaşın da sevgiyə dəxli olmadığı bir aksiomadı. Necə deyərlər, insanın ürəyi döyünürsə, ruhu dunyanın bütün gözəlliklərini dəyərləndirə bilirsə, onda onun qarşısına sevgi səddi qoymaq özü günahdı. elə buradaca Əvəz müəllimin təbirincə desək:

 

Ömür təzələnir, gün təzələnir,

Gülüm, küçəmizdə səni görəndə.

Üstümə nur yağır, sevinc ələnir,

Gülüm, küçəmizdə səni görəndə.

 

... Eşqinin oduyla yanıram şam tək,

Hicran yanğısına tab etmir ürək.

Gül açır içimdə min arzu, dilək,

Gülüm, küçəmizdə səni görəndə.

 

yaxud:

Sürünə-sürünə qapına gəlim,

Gəlim ayağının tozuna dönüm.

Zimistan adlayıb, tufan yatıbdı,

Gəlim, göz oxşayan yazına dönüm.

 

... Sən niyə verirsən Əvəzə cəfa,

Bu fani dünyada gəl sürək səfa.

Dərdimə məhəbbət eyləsin dəva,

Bir qəlbdə yaşayaq, gözünə dönüm.

 

Mən Əvəz müəllimin tam səmimi bir avtoqrafla bağışladığı kitabını gözdən keçirdikcə özümdən xəbərsiz həsrətini çəkdiyim, nisgilini yaşadığım yerlərə baş çəkib qayıtdım. Necə deyərlər, Əvəz Lələdağ sözünün çiçək kimi açıldığı dağ yamaclarını, ormanları, çeşmə kənarlarını dizin-dizin sürünüb hər yarpağı, hər budağı nəfəsimlə oxşayıb həsrətimin üstünə bir damcı göz yaşı çilədim. Və dəyərli qələm dostuma, ağsaqqal həmkarıma bu misralara görə, təşəkkür etməklə oxucuları da uğurlu misraları, fikir yüklü poeziya çələngini arayıb-axtarmağa səslədim. Və sonda elə onun öz misralarıyla fikrimi tamamladım.

 

Gicitkanın, quzqulağın,

Torpaqdan çıxan vaxtıdı.

Bənövşənin kol dibindən,

Boylanıb baxan vaxtıdı.

 

Yağış yağır narın-narın,

Kefi kökdü qulançarın.

Dağ döşündə yatan qarın,

Əriyib axan vaxtıdı.

 

Ay gözəllər, seyrə çıxın,

Gözəllik açıb qucağın.

Əvəzi yandırıb-yaxın,

Onun gül yığan vaxtıdı.

 

Bəli, düşünürəm ki, həqiqətən Əvəz Mahmud Lələdağın sözümüzə, şeirimizə gül səpən, gül əkən vaxtıdı. Onun bu ətirli güllərini qoxlamaq isə biz oxucuların halal haqqıdı.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2017.- 5 dekabr.- S.7.